Məhkəmə qərarları › İş №2-2(103)-295/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-295/2022

21.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-295/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və pul tələblərinə dair ilk, cavabdehin iddiaçıya qarşı yük avtomobillərinin qaytarılması və pul tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2021 nömrəli iş üzrə 05 yanvar 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında “KAMAZ” markalı yük avtomaşınlarına dair bağlanılmış 31.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin maşınlara görə ona ödənilməli 196.270 manat haqqın, 2012-ci il buraxılışlı “KOMATSU PC 220-8” markalı ekskavatorun cavabdehdən alınaraq ona qaytarılması və həmin ekskavatora görə 30.670 manat haqqın, cəmi 216.940 pulun, AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən (216.940 (5%/28)) 38.739,29 manat məbləğdə əldə çıxmış faydanın, cavabdehin qanunsuz əməlləri nəticəsində 8 ədəd “KAMAZ” markalı maşının və 1 ədəd “KOMATSU PC 220-8” markalı ekskavatorun 28 ay dayanmasına və saxlamasına görə 1.036.000 manat real zərərin, AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən cəmi 223.739,29 manat məbləğdə əldə çıxmış faydanın, Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazinin söküntüsünə görə ödənilməmiş 1.700.000 manat pulun və həmin məbləğə görə AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən, cəmi 303.571,43 manat məbləğdə əldə çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 1.020 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun, ümumilikdə 3.520.041,01 manat məbləğdə pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 2011-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buralxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı 8 ədəd yük avtomaşının iddiaçıdan alınaraq ona qaytarılması, həmin avtomaşınların 2019-cu ilin may ayından indiyədək iddiaçı tərəfindən istifadəsinə görə 608.000 manat pulun, 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (halhazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2011-ci il buraxılışlı "KAMAZ" markalı 90- ZC-513 dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buralxılışlı "KAMAZ" markalı **- ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı) yük avtomobillərinin iddiaçıdan alınaraq cavabdehə qaytarılması, iddiaçıdan dövlət rüsumuna görə 10 manatın tutularaq cavabdehə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... hazırkı apellyasiya şikayəti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verilmişdir.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.01.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, qətnamə iddiaçının özünə təqdim olunmadığına görə, apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət ötürülməmişdir. Bu baxımdan məhkəmənin yuxarıda adıçəkilən qərardadı nəticə etibarilə iddiaçının psosessual hüquqlarının pozulmasına dəlalət edir. Məhkəmə qətnaməsinin iddiaçının birinci instansiya məhkəməsində nümayəndələri olmuş Nümayəndə1 və Vəkil1 e-kabinetinə yerləşdirilməsinə gəldikdə isə, iddiaçı hüquqlarının apellyasiya instansiyası məhkəməsində müdafiəsi məqsədilə adıçəkilən şəxslərlə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır; 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər; 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır;

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsinin onun vəkilləri Nümayəndə1 və Vəkil1 elektron kabinetlərinə 30.07.2021-ci il tarixdə yerləşdirildiyini mübahisə etməyib, adıçəkilən şəxslərlə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamadığını bildirsə də, onun bu dəlilləri əsassızdır. Belə ki, işdə olan 17.09.2020-ci il tarixli orderlərdən göründüyü kimi, iddiaçı ilə 4 saylı Vəkil Bürosunun vəkilləri Nümayəndə1 və Vəkil1 arasında 526 və 527 nömrəli müqavilələr bağlanmış, onun iddia ərizəsi 07.10.2020-ci il tarixdə həmin vəkillər tərəfindən imzalanmış, iddiaçının adından prosessual hərəkətlər qeyd olunan şəxslər tərəfindən həyata keçirilmiş, 18.12.2020-ci il tarixdə isə vəkil Nümayəndə1 etibarnamə verilmişdir. Şikayətin qətnamənin iddiaçının özünə təqdim olunmaması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, MPM-in 10-1.3 və 135.8-ci maddələri anlamında məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə və vəkil orderi əsasında məhkəmədə çıxış edən şəxsləri də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətsizliyi demək olardı. Digər tərəfdən, 30.06.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti də iddiaçının özü tərəfindən deyil, onun vəkili və nümayəndəsi tərəfindən verilmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2021 nömrəli iş üzrə 05 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar