Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-297/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Nümayəndə1 qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Nümayəndə1, "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3071/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.
2. "xxxx" MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) DCL00218713- 08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri "xxxx" MMC-yə illlik 17%-lə xx.xx.2023cü il tarixədək müddətə 150000 manat məbləğində kredit xətti açılmışdır. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə müştərinin qanuni təmsiçisi Nümayəndə1 elektron imzası ilə təsdiq edilmişdir.
3. Kredit öhdəliyinin icrasının təmin edilməsi üçün İddiaçı ASC (bank) ilə Nümayəndə1 (zamin) arasında müvafiq olaraq 11 yanvar 2022-ci il tarixli, DG**********865 saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə DG00218713- 08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 149700 manat, faiz borcu 8.407,27 manat, 19.513,62 manat cərimə borcu olmaqla, cəmi borcu 177.620,89 manat (gecikmə günü: 240) təşkil edir.
5. İddiaçı ASC tərəfindən cavabdehlər "xxxx" MMC-yə və Nümayəndə1 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər "xxxx" MMC və Nümayəndə1 birgə qaydada DCL00218713- 08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 149.700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 19.513,62 manat cərimə borcu olmaqla, cəmi 177,620.89 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 68 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01631LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında X6 çərçivəsində xx.xx.2022-ci il tarixli DCL00218713-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Bundan başqa bank ilə borc alan "xxxx" MMC arasında bağlanmış DCL00218713-08 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Nümayəndə1 arasında xx.xx.2022-ci il tarixli DG**********865 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 135 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borc alanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00218713-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 149700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 19.513,62 manat cərimə borcu olmaqla, cəmi 177,620.89 manat təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X6nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3071/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən və Nümayəndə1 müştərək qaydada DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 149.700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 7.500 manat dəbbə pulu olmaqla, cəmi 165.607,27 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 350 manat və dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC -yə ödənilməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5866 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il tarixə (sualda göstərilən (kredit müddətinin bitdiyi) tarixə) DCL00218713- 08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 149.702,76 manat, faiz borcu 8.407,66 manat məbləğində müəyyən olunur.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdeh "xxxx" MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən "xxxx" MMC-yə illlik 17%-lə xx.xx.2023-cü il tarixədək müddətə 150000 manat məbləğində kredit xətti açılmışdır. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
11. İddianın kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, kredit razılaşması üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il (kredit müddətinin bitdiyi) tarixə DCL00218713- 08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 149.702,76 manat, faiz borcu 8.407,66 manat məbləğində müəyyən edilmişdir.
12. Kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz borc məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, ekspert rəyində cavabdehin xx.xx.2023-ci il (kredit müddətinin bitdiyi) tarixə DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas borc məbləğinin 149.702,76 manat, faiz borcunun isə 8.407,66 manat təşkil etdiyini müəyyən edildiyi halda, bank tərəfindən iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizəyə əsasən DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 149.700 manat əsas və 8.407,27 manat faiz borcunun tutulması tələb edilir. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində iddia təmin edilməli, DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 149.700 manat məbləğində əsas və 8.407,27 manat məbləğində faiz borcu cavabdehdən bankın xeyrinə tutulmalıdır.
13. İddiaçı ASC-nin iddiasının dəbbə pulunun (cərimənin) tutulması tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda "xxxx" MMC tərəfindən cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizələr üzrə maliyyələşdirilmiş pul məbləğlərinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizələr üzrə əsas borc məbləğlərinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Məbləğlərinə gəldikdə məhkəmə tutulması tələb olunan dəbbə pulu məbləğlərinin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 7.500 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin kredit xətinin ayrılmasına dair DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Nümayəndə1 (zamin) arasında 11 yanvar 2022-ci il tarixli, DG**********865 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Nümayəndə1 "xxxx" MMC-nin DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərinə zamin durduğundan borc eyni zamanda zamindən müştərək qaydada tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3071/2023 nömrəli qətnaməsinin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh Nümayəndə1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı ASC-nin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsinin müddətlərini nəzərə almamışdır. Belə ki, krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 240 gün olduğundan cərimə məbləğinin DCL00218713- 08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7500 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
18. Cavabdeh Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehdən borc, faiz borcu və cərimə borcu şəklində olmaqla iddiaçının tələb etdiyi məbləğin tələb edilməsi hüququnun əmələ gəlməsi əsası və onun miqdarının formalaşması ilə bağlı məhkəmə tərəfindən heç bir əsaslandırılma aparılmamış, tələb edilən məbləğlərin, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliliyi sual altında qalmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının tələb etdiyi məbləğlərin hesablanması məqsədilə ekspertiza təyin edilsə də, bununla bağlı kifayət qədər ciddi prosessual pozuntulara yol verilmişdir. Bundan əlavə əsas borc, faiz borcu və cərimə borcu olmaqla ödənilməsi tələb olunan məbləğin hesablanması tarixi ilə bağlı məhkəmə düzgün mövqe nümayiş etdirməmiş və məbləğlərin hesablanması tarixinin yanlış müəyyən edilməsi cavabdehin üzərinə əsassız olaraq əlavə öhdəlik qoyulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələrində pulun qaytarılmalı olduğu son müddət dəqiq müəyyən edildiyi halda müqavilənin ləğv edilməsi barədə borcluya bildiriş göndərilmədən və ya müqavilənin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmadan həmin müddət başa çatanadək bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasının tələb edilməsi istisna edilir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələb etdiyi məbləğlərin hesablanması zamanı qanunvericilik və bununla bağlı formalaşdırılmış məhkəmə praktikasına riayət edilməmiş, buna görə də əsassız olaraq cavabdehin hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə qəbul edilmişdir. Məhkəmə iddia tələbinin həcminin artırırlması barədə ərizəni icraata götürməməli idi. Çünki cavabdeh bir tərəfli qaydada müqavilənin icrasını dayandırmışdı. Bu müddətdə cavabdeh "xxxx" MMC tərəfindən müxtəlif vaxtlarda15059,79 manat məbləğində ödəniş edilmişdir. İddiaçı məhkəməyə müraciət edərkən 5,721.87 (beş min yeddi yüz iyirmi bir manat səksən yeddi qəpik) manat cərimə (dəbbə) borcunun ödənilməsini tələb etmişdir. Daha sonra məhkəmə araşdırması davam edərkən bu hissədə iddia tələbinin həcmini artırmaqla 19513,62 manat cərimə borcu tələb etmişdir. Bu hal hüquqdan sui-istifadə kimi qiymətləndirilməldir. İddiaçı tərəfindən tələb edilən əsas borc, fazi borcu və cərimə borcunun öz əksini tapdığı sənədlərdə qeyd olunan məbləğlərin həqiqəti əks etdirməsi məhkəmə tərəfindən də dəqiqləşdirilməsi vacib olan təhqiqat obyekti hesab edilərək bununla bağlı ekspertiza təyin olunsa da, ekspertizanın nəticəsində hazırlanmış ekspert rəyində aparılmış təhqiqatın natamamlığı və təhqiqat materiallarının mötəbərliliyinin naməlumluğu təsdiq olunmuşdur. Lakin ekspertizanı həyata keçirən orqan tərəfindən məhkəməyə qeyd edilən nöqsanların arada qaldırılması ilə bağlı müraciət edilsə də, bu xüsuslarla bağlı müvafiq tədbirlər görülməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 tərəfindən xx.xx.2022-ci il, tarixli 9/5866 nömrəli ekspert rəyi verilimişdir. Ekspert rəyində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixəbanka olan əsas borc və faiz borcu hesablanaraq göstərilsə də, eskpert rəyində də göstərildiyi kimi tədqiqat möhürsüz və imzasız müqavilə və cari hesabdan çıxarışlar əsasında aparılmış, ssuda, faiz, cərimə hesabından çıxarışlar və kassa mədaxil orderləri ekspertiza aparan orqana təqdim edilməmiş və buna görə də ekspertiza tam aparılmamışdır. Ekspert rəyində də göstərildiyi kimi xx.xx.2022-ci il tarixli, DCL00218713-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə hesabından çıxarış təqdim edilmədiyindən cərimə borcunun müəyyən edilə bilinməmişdir. Sadalananlar əsasən tədqiqat materialları natamam olduğu üçün ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməsi mümkün olmamış və iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi və mübahisə predmeti üzrə tədqiqatın tam, dəqiq və ətraflı aparılmasının təmin edilməsi üçün əlavə ekspertizanın həyata keçirilməsi zərurəti yaranmış, bununla bağlı məhkəməyə əlavə ekspertizanın təyin edilməsi barədə vəsatətlə müraciət edilmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən heç bir əsaslandırma göstərilmədən vəsatət təmin edilməmiş və iddiaçının borc, faiz borcu və dəbbə pulu formasında olan tələbinin əsası qismində çıxış edən sənədlərin mötəbərliliyi və həqiqəti əks etdirməsi, həmçinin bu tələbin məbləğinin müəyyən olunması ilə bağlı mövcud olan qeyri-müəyyənlik aradan qaldırılmamış, bunun üçün məhkəməyə ətrafı şəkildə şərh olunaraq edilmiş xahiş nəzərə alınmamış, bunun nəticəsində məhkəmə iddia tələbinin əsasını təşkil edən sübutların düzgünlüyü sual altında olduğu halda, bunların əsasında həyata keçirilməsi nəzərdə tutulan ekspertiza da onu yerinə yetirən orqanın xahişinə baxmayaraq lazımi tədqiqat materialları ilə təmin edilməmiş və bunun nəticəsində borc, faiz borcu və cərimə məbləği ilə bağlı qəti olaraq nəticə göstərilməmiş rəy əsasında qətnamə qəbul edilmişdir ki, bu da cavabdehin qanunla qorunan hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının nümayəndəsi X5 oğlu məhkəmə iclasında tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Nümayəndə1 nümayndəsi və vəkili Nümayəndə2 məhkəməyə vəsatətlə müraciət edərək banka ödənişlər edilməsi və borcun ödənilməsi ilə bağlı ödəniş cədvəli tərtib edilməsi ilə bağlı danışıqlar getdiyini göstərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçının nümayəndəsi belə bir razılaşma olmadığını bildirərək vəsatətə etiraz etdiyindən məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir.
21. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə- borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddə- əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələn hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3071/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edildiyi halda cavabdeh tərəfindən həmin tarixdə kredit borcu banka tam qaytarılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5866 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il tarixə DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 149.702,76 manat, faiz borcu 8.407,66 manat məbləğində müəyyən olunmuşdur. Ekspert rəyindən görünür ki, 2022-ci ilin oktyabr ayından sonra kredit öhdəliyi üzrə ödəniş edilməmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əsas və faiz borcu hissəsində qətnaməni mübahisələndirsə də, ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas göstərə bilmədiyindən qətnamə həmin hissədə qanuni və əsaslıdır.
26. Məhkəmə qətnaməni cavabdehlərdən cərimə tutulması hissəsində də qanuni və əsaslı hesab edilir. Belə ki, maliyyələşdirmə üçün ərizədən görünür ki, öhdəliyin icra müddəti bitənədək ödənişlərin gecikdirilməsi üçün cərimə faizi illik 15 faiz, öhdəliyin icra müddəti bitdikdən sonra illik 32 faizlə hesablanmalı idi. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehlərdən öhdəliyin icrasının 240 gün gecikdirilməsi üçün 19.513,62 manat manat cərimə tələb etmiş, məhkəmə MM-nin 467-ci maddəsinin tələbini nəzərə alaraq cərimə məbləğini azaltmaqla 7500 manat məbləğində müəyyən etmişdir. Məhkəmə hesab edir ki, bu məbləğ əsas borca mütənasib olduğundan iddiaçının apellyasiya şikayətinin təmin edilərək cərimə borcunun tam tutulması üçün əsaslar müəyyən edilmir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3071/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ASC və cavabdeh Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3071/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.