Məhkəmə qərarları › İş №2-2(103)-297/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-297/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-297/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2135/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 saylı versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/11038 saylı razışlaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir.

2. İddiaçı ilə cavabdeh arasında K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək nominal illik faiz dərəcəsi 16%, kreditin illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, cəmi 50000 (əlli min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit ayrılmışdır.

3. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SİF105 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 20 oktyabr 2021-ci il tarixli ZM2071/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir.

4. Müqavilənin 7.1-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 % faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.

5. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00061-2024/6 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,37 manat əsas borc, 4826,09 manat faiz borcu, 1562,15 manat cərimə borcu olmaqla, cəmi 62028,61 manat, K5591 saylı kredit müqaviləsinə əsasən 37604,26 manat əsas borc, 3327,87 manat faiz borcu, 1047,82 manat cərimə borcu olmaqla, cəmi 41979,95 manat təşkil edir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3411 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 56406,24 manat, faiz borcu üzrə 5075,75 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat, xx.xx.2024-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 4352.10 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsi və K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi əlaqədar məlumat olmadığı üçün Cavabdeh2 cərimə hesablanmadı.

7. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7781 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 55640,27 manat, faiz borcu üzrə 3616,26 manat, xx.xx.2023-cü il tarixə olan əsas borcu 55649,27 manat, faiz borcu 3824,91 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat, xx.xx.2024-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 4352.10 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,37 (əlli beş min altı yüz qırx manat otuz yeddi qəpik) manat əsas borc, 4826,09 (dörd min səkkiz yüz iyirmi altı manat doqquz qəpik) manat hesablanmış faiz borcu, 1562,15 (bir min beş yüz altmış iki manat on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 62028,61 (altmış iki min iyirmi səkkiz manat altmış bir qəpik) manat, K5591 saylı kredit müqaviləsinə əsasən 37,604,26 (otuz yeddi min altı yüz dörd manat iyirmi altı qəpik) manat əsas borc, 3327,87 (üç min üç yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat hesablanmış faiz borcu, 1047,82 (bir min qırx yeddi manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 41979,95 (qırx bir min doqquz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat məbləğində borcun və 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixli SİF105 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra – Fond) 20 oktyabr 2021-ci il tarixli ZM-2071/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 saylı versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/11038 saylı razışlaşma imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmin ümumi şərtlər toplusunun çərçivəsində K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək nominal illik faiz dərəcəsi 16%, kreditin illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, cəmi 50000 (əlli min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit ayrılmışdır. Lakin borcalan müqavilə üzrə öhdəliklərini 236 və 274 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,37 (əlli beş min altı yüz qırx manat otuz yeddi qəpik) manat əsas borc, 4826,09 (dörd min səkkiz yüz iyirmi altı manat doqquz qəpik) manat hesablanmış faiz borcu, 1562,15 (bir min beş yüz altmış iki manat on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 62028,61 (altmış iki min iyirmi səkkiz manat altmış bir qəpik) manat, gecikmə günü: 236 -K5591 saylı kredit müqaviləsinə əsasən 37604,26 (otuz yeddi min altı yüz dörd manat iyirmi altı qəpik) manat əsas borc, 3327,87 (üç min üç yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat hesablanmış faiz borcu, 1047,82 (bir min qırx yeddi manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 41979,95 (qırx bir min doqquz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat təşkil edir. Gecikmə günü: 274. Ümumi şərtlər toplusuna 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. SİF105 saylı kredit müqaviləsinin 3.1.5.1-ci bəndinə əsasən borclu davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2135/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,27 manat əsas borc, 3616,26 manat faiz borcu, 1562,15 manat cərimə borcu; K5591 saylı kredit müqaviləsinə əsasən 36674,98 manat əsas borc, 2445 manat faiz borcu, 1047,82 manat cərimə borcu, 391 manat dövlət rüsumu, ümumilikdə 101377,48 (bir yüz bir min üç yüz yetmiş yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 4 (dörd) manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 150000 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə isə 50000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmiş, kredit müqavilələri üzrə əsas borc və faiz borcu iddiaçıya ödənilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin kredit müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7781 nömrəli ekspert rəyi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 55640,27 manat, faiz borcu üzrə 3616,26 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulacaq əsas borc və faiz borcunun məbləğləri göstərilən ekspert rəyinə uyğun müəyyən edilməli, cavabdehdən SİF105 saylı kredit müqaviləsinə əsasən 55,640.27 manat əsas borc, 3616,26 manat hesablanmış faiz borcu; K5591 saylı kredit müqaviləsinə əsasən 36674,98 manat əsas borc, 2445 manat hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış cərimə məbləğlərinin tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 391 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 4 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 739.1, 739.2, 741-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2135/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin SİF105 və K5591 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və əsas borcun, faizlərin və cərimənin düzgün hesablanaraq yeni qətnamənin qəbul edilməsisini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Prosessual Məcəllənin 220.1 və 220.4-cü maddəsinə əsasən Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı və qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlarırədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə iş məhkəmənin icraatında olduğu dövrdə iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. İlkin rəy tərəfimizdən məqbul hesab edilmədiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair tərəfimizdən vəsatət verilmişdir. Müvafiq vəsatətə uyğun olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və yeni rəy təqdim edilmişdir. Son rəy də tərəfimizdən nəzərdən keçirilmişdir. Bildirmək istəyirik ki, Ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Belə ki, ekspert rəyində xx.xx.2023-cü il tarixinədək SİF105 saylımüqavilə üzrə əsas borca ümumilikdə 118 423.46 AZN, faiz borcuna isə ümumilikdə 94 359.73 AZN məbləğində ödəniş edildiyi qeyd edilmi, K5591 saylımüqavilə üzrə isə xx.xx.2023-cü il tarixinədək 13 325,02 AZN məbləğində əsas borca, 5 166.75 AZN məbləğində ödənişin faiz borcuna silindiyi öz əksini tapır. Təqdim edilən hesabdan çıxarışla uyğun olaraq ekspertin rəyindəki cədvəl nəzərdən keçirildikdə məlum olur ki, ekspert müştərinin ödənişlərini düzgün ardıcıllıqla silməmiş və fərqlər yaranmışdır. Əlavə olaraq hesabdan çıxarışla birgə ekspertin rəyində əlavə etdiyi cədvəli uyğunlaşdırdıqda faizə və cəriməyə silinmiş məbləğlərin müəyyən hissəsini əsas borca yönləndirilmişdir. K5591 saylımüqavilə üzrə hesabdan çıxarışda xx.xx.2022-ci il tarixli ödənişdən faiz borcuna 663.51 AZN silinməsinə baxmayaraq ekspert 711.11 AZN, xx.xx.2022-ci il tarixli ödənişdən əsas borca 2551.52 AZN, faiz borcuna 530.32 AZN silinməsinə baxayaraq ekspert 2475.74 AZN əsas borca, 614.89 AZN faiz borcuna, xx.xx.2022-ci il tarixli ödənişdən 1404.25 AZN əsas borca, 600.21 AZN faiz borcuna silinməsinə baxmayaraq ekspert 1465.55 AZN əsas borca 541.10 AZN məbləği faiz borcuna silmiş və oxşar olaraq digər tarixlərdəki bütün ödənişləri fərqli ardıcıllıqla silinmələrini aparmışdır. Ekspert SİF105 saylı maliyyələşdirmə üçün ərizədə də ödənişlərin silinmə ardıcıllığını Bankla müştəri arasında bağlanmış razılaşmaya uyğun olmayan qaydada aparmışdır. Bu isə özlüyündə qanunvericiliyin tələbinə ziddir. Məhkəmə müqavilə şərtlərinə uyğun olmayan düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş ekspert rəyinə əaslanaraq qətnamə qəbul etmişdir. Halbuki İddiaçı ASC-nin nümayəndəsi ekspert rəyi ilə razılaşmamış, Bu səbəbdən ekspertin fərqin yaranma səbəblərinə dair ətraflı məlumat verməsi üçün hazırlıq iclasına ekspertin dəvət edilməsini xahiş etmişdir, lakin məlum olmayan səbəblərdən ekspert iş üzrə məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, ekspert özü təqdim etdiyi rəyi müdafiə etmədiyi halda məhkəmə ekspert rəyini əsas sübut kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsaəsn hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2135/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin SİF105 və K5591 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcunun tutulması hissəsində əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas və faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Əlavə olaraq məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan əsas və faiz məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə təyin edilmiş ekspert rəyi tərəfimizdən məqbul hesab edilməmişdir. Belə ki, ekspert tərəfindən Mülki Məcəllənin və tərəflər arasında əldə edilmiş razılığın şərtləri pozulmaqla rəy verilmişdir. Verilmiş rəyə dair məhkəmədə izahat verilmiş və ekspert rəyi ilə hesabdan çıxarışda öz əksini tapan ödənişlər arasındakı fərqlər müəyyən edilmişdir. Bununla belə məhkəmə tərəfindən ekspertin müvafiq rəyi məqbul hesab edilmişdir. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsimühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki hallarıaraşdırılmadan ekspertin rəyi mötəbər hesab edilmiş və əsas və faiz borcu məbləğləri əsassız surətdə azaldılmışdır. Məhkəmə faiz məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, 02 noyabr 2023-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı SİF105 saylı maliyyələşdirmə üçün ərizə üzrə 236, K5591 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 274 gündən çox olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə əsas və faiz borcu məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, qət edilən əsas və faiz məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas və faiz məbləğiəsaslı hesab edilə bilməz. Əlavə olaraq tərəfimizdən məqbul hesab edilməyən ekspert rəyinə uyğun olaraq məhkəmə tərəfindən cavabdehin əsas və faiz borcu müəyyən edilmişdir. Belə ki, ekspert cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin silinmə ardıcıllığını tərəflər arasında əldə edilmiş razılığa uyğun olmadan aparmışdır. Ekspert rəyi məhkəmə üçün məcburi olmadığı üçün,əsas və faiz borcu hissəsində də tam təmin etməlidir. Yəni Bankın məhkəməyə təqdim etdiyimaliyyə arayışına əsasən borc rəqəmləri xx.xx.2023-cü il tarixinə aramızda bağlanmış kredit müqavilələrinə əsasən yaranmış və hesablanmışdır.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ekspert tərəfindən kredit müqaviləsinə əsasən əsas borc, faiz borcu və cərimə borcu düzgün hesablanmamışdır, yəni artıq məbləğ hesablanmışdır. Bu isə qətnamənin kredit üzrə hesablanmış faiz, komissiya və cərimə məblələğlərınə aid olan hissəsində ləğv edilməsi üçün əsasdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MPM-nin 385.1.1-ci maddəsinin tələbinə görə, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə maddi hüquq normalarını sadalamqla kifayətlənib və istinad etdiyi maddi hüquq normalarının hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. MPM-nin 386-cı maddəsinin tələbinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməmli olan qanunu və ya digər normativ hüquqiaktıtətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməyib. MPM-nin 14.2-cimaddəsinin tələbinə görə, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı ASC tərəfindən SİF105 və K5591 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcunun tutulması hissəsində və Cavabdeh2 tərəfindən əsas borcun, faizlərin və cərimənin hesablanması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2135/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021- ci il tarixli, SİF 105 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 150000 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə isə 50000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmiş, kredit müqavilələri üzrə əsas borc və faiz borcu iddiaçıya ödənilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2135/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin SİF105 və K5591 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və əsas borcun, faizlərin və cərimənin düzgün hesablanaraq yeni qətnamənin qəbul edilməsisini xahiş etmişdir.

27. Hər iki tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kredit müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7781 nömrəli ekspert rəyi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 55640,27 manat, faiz borcu üzrə 3616,26 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq əsas borc və faiz borcunun məbləğləri göstərilən ekspert rəyinə uyğun müəyyən edilməli, cavabdehdən SİF105 saylı kredit müqaviləsinə əsasən 55,640.27 manat əsas borc, 3616,26 manat hesablanmış faiz borcu; K5591 saylı kredit müqaviləsinə əsasən 36674,98 manat əsas borc, 2445 manat hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2135/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorlar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən onun Cavabdeh2 rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar