Məhkəmə qərarları › İş №2-2(103)-298/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-298/2023

14.03.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-298/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair Açar söz: maneələrin yaradılmasının qadağan edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5383/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5.097,6 kv.m olan daşınmaz əmlak xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780- 12301 reyestr nömrəli çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətindədir. Əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla 0,3893 kv.m hissəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflər arasında mübahisə iddiaçının daşınmaz əmlakının texniki pasportunda iddiaçının istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmiş, N.Rəfiyev küçəsinə çıxışı olan iddiaçının mülkiyyətində olan inzibati binasına piyadaların və nəqliyyat vasitələrinin gediş-gəliş yolu kimi nəzərdə tutulmuş yoldan istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrlə bağlı yaranmışdır.

2. Daşınmaz əmlakın 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, daşınmaz əmlakın yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 16351,1 kv.m, ümumi tikinti altı sahə 4097,8 kv.m, əsas tikinti altı sahə 3893,4 kv.m təşkil edir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 171 saylı sərəncamı ilə Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefin” institutunun bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2022-ci il tarixdə 100 faiz özəlləşdirilmişdir. Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda ASC-nin yerləşdiyi sahənin hüdudları 16351,1 kv.m müəyyən edilmiş, məktubda qeyd edilmiş mübahisəli sahənin ASC-nin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin istifadəsində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hüdudları daxilindəki yoldan istifadəyə maneələrin yaradılması, həmçinin həmin yolun zəbt edilməsində ifadə olunan hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"MMC heç bir qanuni əsas olmadan institutun yeganə giriş və çıxış yolundan istifadəsinə maneələr yaradır. Yaranmış maneələrin nəticəsində müəssisənin iş fəaliyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Bunula bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən müraciətimizə verilmiş cavabda "xxxx" MMC tərəfindən istifadəsinə maneələr yaradılmış yolun ASC-nin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir. Mübahisə predmeti olan yol dövlət tərəfindən “Ofelin X1” ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir. Hesab edirk ki, cavabdeh MMC qanunsuz və əsassız şəkildə iddiaçı ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində olan yolu zəbt etmiş və nəticədə iddiaçı ASC-nin normal fəaliyyətinə çətinliklər yaranmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5383/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir.

8. İşin mübahisələndirilməyən halı kimi qeyd edilmişdir ki, "xxxx" ASC ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan, sonuncunun istifadəsinə verilmiş 0,389340 hektar sahədə yerləşən ümumi sahəsi 5.097,6 kv.m təşkil edən daşınmaz əmlakın mülkiyyətçisidir.

9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780-12301 reyestr nömrəli Çıxarışda ancaq xx.xx.2019-cu il tarixli texniki pasportda qeyd edilmiş əsas tikinti altı sahə olan 3893,4 kv.m sahənin İddiaçı ASC-nin istifadəsində olması öz əksini tapmışdır. Həmçinin də, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780-12301 reyestr nömrəli Çıxarışa dair də, yeni texniki pasport tərtib edilməmişdir.

10. Məhkəmə belə nəticəyə gəlmidir ki, mübahisəli yolun iddiaçının istifadəsinə verildiyinə dair daşınmaz əmlakın çıxarışında qeyd olmadığından və mübahisəli yol dövlət mülkiyyətində olduğundan, yəni iddiaçı eni 11,3 metr olan yolun onun qanuni sahibliyində olduğunu sübut edə bilmədiyindən iddia təmin edilə bilməz.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, neqator iddianın təmin edilməsi üçün zəruri olan 2-ci şərt yəni “əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli” şərti də hazırkı halda mövcud deyildir. Belə ki, qeyd edilən yolda cavabdeh tərəfindən avtomobillər saxlanılması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5383/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli çıxarışda yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın və həmin daşınmaz əmlakın bilavasitə yerləşdiyi dövlət mülkiyyətində olan və iddiaçının istifadəmizə verilmiş torpaq sahəsinin ölçüləri qeyd olunmuşdur. Adıçəkilən çıxarışda konkret olaraq mübahisə predmeti olan eni 11.3 metr təşkil edən yolun qeyd olunması mümkünsüzdür. Belə ki, çıxarışda yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlak və həmin daşınmaz əmlakın altında yerləşən torpaq sahəsi qeyd olunur. ASC-nin hüdudları daxilində olan və onun istifadə etdiyi torpaq sahələrinin ölçüsü isə xx.xx.2019-cu il tarixli texniki pasportda göstərilmişdir. Həmin texniki pasporta nəzər yetirdikdə eni 11.3 metr olan yolun iddiaçının istifadəsində olan sahənin hüdudlarında yerləşməsi öz təsdiqini tapmışdır. Məhkəmə isə öz qətnaməsində hər dəfə israrla ASC-nin istifadəsində yalnız ümumi sahəsi 3893.4 kv.m olan torpaq sahəsinin mövcud olduğunu qeyd etmişdir. Halbuki qeyd edilən sahə ASC-nin xüsusi mülkiyyətində olan əsas tikintilərin altındakı sahələrdir. Bu halı nədənsə məhkəmə görməzdən gəlmişdir. Qeyd olunmalıdır ki, adıçəkilən texniki pasport səlahiyyətli dövlət orqanı tərəfindən 275 nəfər səhmdara malik “X8 və İstehsalat Mərkəzi” ASC-yə verilmişdir. Həmin texniki pasportun yenisi ilə əvəz edilməsinə zərurət olmamışdr. Belə ki, həmin texniki pasport tərtib edildiyi tarixdən hazırkı vaxta qədər ASC-nin istifadəsində olan torpaq sahəsinin ölçülərində hər hansı bir dəyişiklik baş verməmişdir. Məhkəmə Əmlak Məsələləri Dövlət Xidmətinin ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna istinad etsə də, həmin məktubun 4-cü abzasını görməzdən gəlmiş və həmin abzasda qeyd olunan hala hüquqi qiymət verməmişdir. Belə ki, həmin məktubdan da görünür ki, ASC-nin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən 16351.1 kv.m müəyyən edilmişdir və mübahisə predmeti olan eni 11.3 metr təşkil edən yol həmin ərazinin hüdudları daxilindədir. Bu hal özü adıçəkilən mübahisəli ərazinin bizim istifadəmizdə olmasını təsdiq edir. Bundan başqa tərəfimizdən məhkəməyə Əmlak Məsələləri Dövlət Xidmətinin tərəflərə ünvanladığı xx.xx.2020-ci il tarixli **********73 saylı məktubu Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 saylı və xx.xx.2022-ci il tarixli **********87 №-li məktublarını eləcə də tərəflər arasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli 1 № -li razılaşma protokoluna hüquqi qiymət verilməmişdir. Həmin sübutlara məhkəmə tərəfindən lazımi şəkildə hüquqi qiymət verilsə idi, ASC-nin haqlı tələbini təmin olunması öz təsdiqini tapmış olardı. Məktubdan görünür ki, cavabdeh MMC tərəfindən ASC-nin qanuni istifadəsində olan yola müdaxilə həyata keçirilmiş və törədilmiş hüquqa zidd əməllərə son qoyulması məqsədi ilə ƏMDX tərəfindən MMC-yə göstəriş verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubuna diqqət yetirdikdə isə ASC-nin istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsünün 16351.1 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubuna baxdıqda isə MMC tərəfindən iddiaçının istifadəsində olan yol sahəsinin 371 kv.m hissəsinin zəbt edildiyi müəyyən edilir. Bu məktub tərəfimizdən baş vermiş hüquqazidd əməllərin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarına müraciətimiz zamanı aparılan araşdırmada təqdim olunmuşdur. Xətai RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdeh MMC-nin direktoru X5 öz izahatında dolayı yolla qeyd etmişdir ki, mübahisə predmeti olan yol yaşayış binasının tikintisi üçün onlara verilmiş torpaq sahəsinin ayrıc aktında və tikinti işlərinin aparılması ilə bağlı icazə sənədlərində öz əksini tapmışdır. Bu hal özü-özlüyündə cavabdeh MMC tərəfindən istifadəsində olan yol sahəsinin zəbt edilməsini sübut edir. Bundan başqa tərəflər arasında bağlanmış 1 №-li xx.xx.2017-ci il tarixli razılaşma protokolunun 1.4-cü bəndində faktiki olaraq cavabdeh MMC mübahisəli yolun iddiaçıya məxsus olmasını etiraf etmişdir. Məhkəmə bu hissədə belə bir qənaətə gəlmişdir ki, mübahisə predmeti olan yolda saxlanılan avtomobillərin cavabdehə məxsus olmasını sübut edən hər hansı bir fakt mövcud deyildir. Halbuki ƏMDX-nin yuxarıda qeyd etdiyimiz xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdeh tərəfindən ASC-nin istifadəsində olan yolda hüquqazidd hərəkətlər edilməklə həmin yoldan normal şəkildə istifadə etmək imkanımızı itirmişik. Həmçinin məhkəməyə təqdim edilmiş fotoşəkildən də görünür ki, mübahisəli yola girişin sağ tərəfi divar, sol tərəfi isə cavabdeh MMC-nin inşa etdiyi hündürmərtəbəli bina təşkil edir. Həmin ərazidə park halında olan avtomobillər məhz cavabdeh tərəfindən inşa edilmiş binanın qeyri-yaşayış sahələrinə gələn şəxslərdir. Bundan başqa məhkəmə tərəfindən bu halın araşdırılması üçün sübutların olduğu yerdə müayinə tədqiqi barədə iclas təyin edilməli, məhkəmə və tərəflərin iştirakı ilə adıçəkilən əraziyə baxış keçirilməli idi. Əfsuslar olsun ki, işə baxan hakim bu prosessual hərəkətin həyata keçirilməsində maraqlı olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının qanuni nümayəndəsi X4, iddiaçının nümayəndə və vəkilləri Vəkil2, Nümayəndə2, Nümayəndə3 məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.

15. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddə- mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddə-əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.1.1-ci maddə-maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddə-maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5383/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-yə İddiaçı ASC-yə mülkiyyət hüquqi ilə məxsus olan, ünvan 2 ünvanında yerləşən inzibati binasının texniki pasportunda nəzərdə tutulmuş N.Rəfiyev küçəsinə çıxan eni 11.3 metr olan yoldan istifadəyə maneələrin yaradılmasında ifadə olunan hərəkətlər (avtomobillərin park edilməsi, köşk və digər maneələr qoyulması) qadağan edilməlidir.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hüdudları daxilindəki yoldan istifadəyə maneələrin yaradılması, həmçinin həmin yolun zəbt edilməsində ifadə olunan hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qeyri-dəqiq iddia tələbi irəli sürdüyündən məhkəmənin vəzifəsi ilk növbədə maneə dedikdə, iddiaçının hansı hərəkətləri nəzərdə tutduğunu dəqiqləşdirilməli idi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıya bu barədə məhkəməyə yazılı izah verilməsi təklif edilmiş, iddiaçının təqdim etdiyi ərizəyə əsasən müəyyən edilmişdir ki, maneələr dedikdə “Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi “ ASC-nin texniki pasportunda göstərilən və ünvan 3 ünvanda yerləşən eni 11,3 metr olan torpaq sahəsinin (N.Rəfiyev küçəsinə çıxan yolun) zəbt edilməsinin , həmin sahədən avtomobil dayanacağı kimi istifadə edilməsinin, köşk və digər maneələr qoyulmasının cavabdehə qadağan edilməsi, yol üzərində olan bütün maneələrin aradan qaldırılması, 11,3 metr enində yolun hərəkət hissəsinin daim işlək vəziyyətdə saxlanılması, cavabdehin inşa etdiyi bina boyunca yolun bir hissəsində bordurun çəkilməsinə, piyadalar üçün səki salınmasına və velosiped zolağının çəkilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan olunması eləcə də “Olefin ElmiTədqiqat və İstehsalat Mərkəzi “ ASC-nin həmin yoldan istifadə etməsinə mane olan hər cür müdaxilə nəzərdə tutulur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın qanuni əsasını (MM-nin 157.4cü maddəsi) düzgün müəyyən etsə də, həmin normanı düzgün təfsir etməmiş və nəticədə mübahisə üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

21. Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş iddia növü- neqator iddia mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri olmaqla mülkiyyətçinin (o cümlədən MM-nin 157.8-ci maddəsində qeyd edilmiş şəxslərin) ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuları törədən şəxslərə qarşı bu pozuntuların aradan qaldırılması məqsədi ilə qaldırılır. Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsi açıq aşkar olduğu halda bu təhlükənin qarşısını almaq və gələcəkdə maneələr yaradılmasının qadağan edilməsi məqsədi ilə də qaldırıla bilər. Neqator iddianın əsaslı olduğu o zaman təsdiq edilmiş olur ki, mülkiyyətçinin mülkiyyətdə olan əmlakından istifadəsinə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə maneə olsun və bu maneələr cavabdeh tərəfindən yaradılmış olsun.

22. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, iddiaçının qanuni istifadəsində olduğunu iddia etdiyi mübahisəli yol dövlət mülkiyyətində olduğundan və həmin yol üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından yolun iddiaçının qanuni sahibliyində olması təsdiq edilmir.

23. Məhkəmə kollegiyası bununla bağlı qeyd ki, mübahisəli yolun 2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda ştrixlə giriş-çıxış yolu kimi göstərildiyi nəzərə alınarsa iddiaçının həmin yoldan istifadəyə maneələrin aradan qaldırılmasını tələb etməyə subyektiv hüququ olduğu müəyyən olunur. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak özəlləşdirilərkən onun texniki pasportunda öz əksini tapmış gediş-gəliş yolunun dövlət mülkiyyətində saxlanılması həmin yoldan iddiaçının istifadə hüququnu və istifadəyə yaranan maneələrin aradan qaldırılmasını tələb etmək hüququnu istisna etmir.

24. Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən qeyd etdiyi ikinci əsas ondan ibarətdir ki, ümumiyyətlə cavabdeh tərəfindən mübahisəli yoldan istifadə edildiyinə və iddiaçının istifadəsinə cavabdeh tərəfindən maneə yaradıldığına dair sübutlar işdə mövcud deyil. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara, nümayəndələrin izahatlarına və işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, cavabdehin inşa etdiyi 20 mərtəbəli yaşayış binasının ünvan 4 ünvanında yerləşdiyi işin mübahisəsiz halıdır. Binanın mübahisəli yola paralel inşa edildiyi həm iddiaçının texniki pasportundan, həm də cavabdehin təqdim etdiyi cizgidən aydın görünür.

25. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 1 saylı razılaşma protokolunun 1.4-cü bəndində qeyd edilmişdir ki, Cavabdeh MMCiddiaçıya məxsus yeganə giriş çıxış yolundan (çıxılmaz vəziyyətdə olduğundan) müvəqqəti istifadə etdiyindən, ağırtonnajlı maşınlar yolu dağıtdığından ASC-yə narahatlıq yaratdığını qəbul edərək 2017-ci ilin noyabr ayınadək beton örtüyü örtülməsini və gələcəkdə asfalt örtüyü çəkilməsini öz öhdəsinə götürmüşdür. Bu protokolu imzalamaqla cavabdeh mübahisəli yolun iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yeganə giriş çıxış yolu olduğunu, həmin yoldan tikinti zamanı istifadə edərkən yola ziyan vurduğunu qəbul edərək yolu bərpa etməyi üzərinə öhdəlik götürmüşdür.

26. “ Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xətai rayon PİİŞ-nin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilənlərə əsasən "xxxx" MMC-nin icraçı direktoru E.Aslanov izahatında göstərmişdir ki, İddiaçı ASC-nin qanuni istifadəsində olan eni 11,3 metr yolda piyada səkisinin düzəldilməsinə maneçilik törədilməsi barədə qeyd edilənlər həqiqətə uyğun deyil. ASC-nin qanuni istifadəsində ola yolun eni 11,3 metr deyil, 7,25 metrdir. ASC-nin piyada səkisi çəkmək istədiyi ərazi Cavabdeh MMC-yə tikinti işləri aparılması üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd edilən ərazidə piyada səkisinin düzəldilməsi mövcud şəhərsalma normalarına ziddir və binanın həyətinə köməkçi avtomobil giriş yolunu bağlayır.

27. Cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, tikinti zamanı yola daş və başqa materialların tökülməsi mümkün olsa da, hazırda istifadəyə tərəflərindən hər hansı maneə yaradılmır. İddiaçı əvvəllər yola hasar çəkmək istəmiş, cavabdeh buna etiraz etmişdir.

28. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdə 1 saylı razılaşma protokolu imzalanarkən cavabdeh mübahisəli eni 11,3 metr olan yolun iddiaçının istifadəsində olan ərazi olduğunu qəbul etsə də, direktorun Xətai rayon PİİŞ-nə verdiyi izahatda 7,25 m hissənin iddiaçıya məxsus olduğu, qalan hissənin isə cavabdehə ayrıc aktı ilə ayrılmış sahənin hüdudları daxilində yerləşdiyi iddia edilərək iddiaçının yolda piyada səkisi salmağa təşəbbüs etməsi ilə bağlı mübahisə yaranmışdır. Salınmış piyada səkisinin dağıdıldığı və yola sonradan asfalt örtüyü çəkildiyi, avtomobillərin park edildiyi iş materiallarındakı fotoşəkilərdən də aydın görünür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus əmlak kompleksinin 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportunda yol kimi qeyd edilən eni 11,3 metr təşkil edən sahə "xxxx" MMC-yə verilən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş ayrıc aktındakı sahənin hüdudlarından kənardır.

29. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli çıxarış və texniki pasportun tərtib edilməsi üçün əsas olan sənədlər tələb edilmiş, müəyyən edilmişdir ki, ASC-nin özəlləşmə planına (emissiya prospekti) Əlavə 18-də Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefin” İnstitutunun yerləşdiyi torpaq sahəsinin ölçüsü 15404,2 kv.m qeyd edilmişdir.

30. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələrinin və vəkillərinin iştirakı ilə yerində müayinə həyata keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yeganə girişi N.Rəfiyev küçəsinə çıxan eni 11.3 metr olan yoldur və əgər həmin yolda avtomobillər park edilərsə iddiaçının ərazisinə nəqliyyat vasitələrinin giriş-çıxışı və piyadaların gediş-gəlişi məhdudlaşmış olur. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin inşa etdiyi binanın qarşısındakı 4 metr məsafə cavabdehə məxsusdur. Lakin yolun 11,3 metr hissəsindən iddiaçının istifadə hüququna hər hansı maneə yaradılmamalıdır.

31. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsaslı olduğu məhkəmə araşdırması nəticəsində sübutlarla təsdiq edildiyindən mübahisələndirilən qətnamə ləğv edilməklə iddia təmin edilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5383/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-yə İddiaçı ASC-yə mülkiyyət hüquqi ilə məxsus olan, ünvan 2 ünvanında yerləşən inzibati binasının texniki pasportunda nəzərdə tutulmuş N.Rəfiyev küçəsinə çıxan eni 11.3 metr olan yoldan istifadəyə maneələrin yaradılmasında ifadə olunan hərəkətlər (avtomobillərin park edilməsi, köşk və digər maneələr qoyulması) qadağan edilməlidir.

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5383/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh MMC-yə İddiaçı ASC-yə mülkiyyət hüquqi ilə məxsus olan, ünvan 2 ünvanında yerləşən inzibati binasının texniki pasportunda nəzərdə tutulmuş N.Rəfiyev küçəsinə çıxan eni 11.3 metr olan yoldan istifadəyə maneələrin yaradılmasında ifadə olunan hərəkətlər (avtomobillərin park edilməsi, köşk və digər maneələr qoyulması) qadağan edilsin. 150 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı “X9 və İstehsalat Mərkəzi” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar