Məhkəmə qərarları › İş №2-2(103)-299/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-299/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-299/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Əliyevanın sədrliyi və məruzəsi ilə, Zamin Vəliyəddin oğlu İbrahimovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3136/2024-033 saylı qətnaməsindən cavabdeh “X5” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinin: - 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 100000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən kredit xətti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək açılır. - 2.3-cü bəndinə əsasən kreditin istifadəsinə görə illik 29% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 29% təşkil edir. - 2.14.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır. - 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu, girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

2. 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 İyul 2022-ci il tarixdə İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh1 Əbülfət oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır.

3. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-721 saylı arayışına əsasən “X4” MMC-nin 20 iyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 70994,81 manat əsas borc, 4070,33 manat faiz borcu, cəmi 75065,14 manat borcu vardır.

4. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-4693 saylı arayışına əsasən “X4” MMC-nin 20 iyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 70994,81 manat əsas borc, 18472,46 manat faiz borcu və illik 5 faizlə 709,95 manat olmaqla, cəmi 90177,22 manat manat borcu vardır.

5. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-6060 saylı arayışına əsasən “X4” MMC-nin 20 iyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 70994,81 manat əsas borc, 18472,46 manat faiz borcu və illik 5 faizlə 1291,72 manat olmaqla, cəmi 90758,99 manat manat borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əbülfət oğlundan və “X7” MMC-dən 20 İyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 70994,81 manat, faiz borcuna görə 4070,33 manat, cəmi 75065,14 manat məbləğində pulun və 315,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Xətai filialı ilə cavabdeh – “X4” MMC arasında bağlanmış 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinə əsasən illik 29% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 100000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 İyul 2022-ci il tarixdə İddiaçı ASC-nin Xətai filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 Əbülfət oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan “X4” MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 iyul 2022-ci il tarixli, RB/XT0003 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dan gec olmayaraq hər ay 5539,94 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh “X4” MMC-nin 20 İyul 2022-ci il tarixli, RB/XT0003 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 70994,81 manat, faiz borcuna görə 4070,33 manat, dəbbə pulu üzrə 0 manat, borcun cəmi məbləği 75065,14 manat təşkil edir.

8. Daha sonra xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər “X4” MMC və Cavabdeh1 xx.xx.2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 70994,81 manat, müqavilənin bitmə tarixinə - xx.xx.2024-cü il tarixinə hesablanmış qalıq faiz borcuna görə 18472,46 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5 % faizlə hesablanan əldən çıxmış fayda borcuna görə 709,95 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 90177,22 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 369 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər “X4” MMC və Cavabdeh1 xx.xx.2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 70994,81 manat, müqavilənin bitmə tarixinə - xx.xx.2024-cü il tarixinə hesablanmış qalıq faiz borcuna görə 18472,46 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5 % faizlə hesablanan əldən çıxmış fayda borcuna görə 1291,72 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 90758,99 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 369 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3136/2024 saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, cavabdehlər Cavabdeh1 və “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada xx.xx.2022-ci il tarixli RB/XT0003 saylı kredit müqaviləsi üzrə 70.994,81 manat əsas borc məbləği, 7044,22 manat faiz borcu, illik 5% ilə hesablanan müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 1264 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 323 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk olaraq məhkəmə yaranmış əsas və müqavilə üzrə faiz borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Və həmin məktubda bütün borcun ödənişini deyil, yalnız gecikdirilmiş borcun ödənilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə iddia tələbinin artırılması barədə ərizədə göstərilən tarixə deyil, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə mövcud borc cavabdehlərdən tutulmalıdır. Məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/4149 saylı rəyində cavabdehin xx.xx.2024-cü il (maliyyə arayışı tarixinə) borcu 75065,14 manat (əsas borc-70994,81 manat, faiz borcu 4070,33 manat və cərimə borcu 00), xx.xx.2024-cü il tarixinə (iddia ərizəsinin tarixinə) borcu 78039,03 manat (əsas borc 70994,81 manat, faiz borcu 7044,22 və cərimə borcu 00 manat) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində iddia etdiyi əsas borc məbləği ilə ekspert rəyində göstərilən əsas borc eynilik təşkil etdiyindən ekspert rəyi əsas götürülməli, ekspert rəyində faiz borcu (iddianın məhkəməyə verildiyi tarixə) isə sonuncu iddia tələbində olan məbləğdən daha az olduğu üçün ekspert rəyində qeyd olunan məbləğdə - 7044,22 manat müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecikdilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 1291,72 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrinə əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab etmişdir.

12. Həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərdən əsas borca görə 70.994,81 manat və faiz borcuna görə 7044,22 manat pulun tutulmasını qərara almışdır. Məhkəmə bu məbləğləri ekspert rəyi əsasında müəyyən etmişdir. Halbuki, iş materiallarında olan ekspert rəyi yekun məhkəmə aktının qəbul edilməsi üçün mötəbər sübut deyil. Belə ki, rəy əsaslandırılmamışdır. Ekspert rəydə sadəcə kart vasitəsi ilə nə qədər vəsaitdən istifadə olunması, nə qədər vəsaitin karta daxil olması, daxil olan həmin vəsaitin hansı hissəsinin bank tərəfindən əsas borca, hansı hissəsinin isə faiz borca silinməsi barədə məlumatları qeyd etmiş, silinmə ardıcıllığına bank tərəfindən riayət edilibedilməməsini, mənfi halda bunun qalıq borca hansı formada təsir etdiyini yoxlamamışdır. Elə buna görə də ekspert qalıq borcunu iddia ərizəsində göstərilən məbləğlərə uyğun hesablamışdır. Ona görə də hesab edir ki, iş materiallarında olan ekspert rəyi əsasında gəlinən nəticə əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən borcun çox hissəsi geri qaytarılmışdır. Həmçinin ekspert rəyindəki bu nöqsanlara görə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətin verilməsi və bu məsələnin məhkəmə iclasında iştirak edərək müzakirə olunması üçün cavabdehə şərait yaradılmamışdır. Mülki İş materiallarından görünür ki, iddiaçı xx.xx.22024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlərdən əsas borca görə 70994,81 manat, müqavilənin bitmə tarixinə hesablanmış qalıq faiz borcuna görə 18472,46 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5 % faizlə hesablanan əldən çıxmış fayda olaraq 1291,72 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı həmin ərizəni həftəsonu məhkəməyə təqdim etdiyi üçün cavabdeh bu ərizədən növbəti həftənin ilk iş günü, yəni sonuncu məhkəmə iclasının keçirildiyi xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Buna görə də cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olub ona münasibət bildirilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə cavabdehin həmin ərizəsini nəzərə almadan, onun iddia tələbinin həcminin artırılmasına münasibətini öyrənmədən, tələb edilən əsas, faiz və illik 5 faiz zərərlə bağlı məbləğləri cavabdehin nümayəndəsinin iştirakı ilə müzakirə etmədən tələsik şəkildə məhkəmə iclasını yekunlaşdırmışdır. Bu isə mahiyyəti üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə yanaşı, çəkişmə prinsipinin pozulmasına, işə cavabdehin nümayəndəsi dindilmədən baxılmasına, iddiaçı tərəfindən təqdim edilən iddia tələbinin həcminin artırılması barədə ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olub onlara münasibət bildirilməsinə, beləliklə də cavabdehin öz müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmamasına və onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə cavabdeh tərəfindən kreditə görə qaytarılan borcun bank tərəfindən ardıcıllığa əməl edərək silinib-silinməməsi, əməl edilmədiyi halda bunun qalıq borcuna hansı formada təsir etməsi və bu kimi iş üçün əhəmiyyətli olan halları araşdırmamış, ekspert rəyində bu məsələlərə aydınlıq gətirilmədiyi və rəy ekspert tərəfindən əsaslandırılmadığı halda həmin rəyə əsasən, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən yekun məhkəmə aktı qəbul etmişdir. Cavabdehin bank tərəfindən tələb olunan məbləğdə qalıq borcunun olması ilə bağlı iş üçün əhəmiyyətli olan hal sübuta yetirilmir. Belə ki, cavabdeh tərəfindən borcun çox hissəsi geri qaytarıldığı halda bank hələ də onun barəsində yüksək məbləğlərdə qalıq borcu hesablamış, məhkəmə isə əsaslandırılmamış ekspert rəyinə istinad edərək qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında “X5” MMC-nin verdiyi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh “X6" MMC-nin nümayəndəsi və vəkili məhkəməyə hava şəraiti ilə əlaqədar ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi halı məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbi kimi qəbul etməmiş və MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya illik 29 faiz hesablanmaqla 24 ay müddətinə 100000 manat məbləğdə məbləğində krеdit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq digər cavabdeh X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı ASC mübahisəli kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün illik 5%-lə faizlərin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

25. İş birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 9/4149 saylı ekspert rəyi ilə cavabdehin xx.xx.2024-cü il tarixə(maliyyə arayışı tarixinə) borcu 75065,14 manat (əsas borc-70994,81 manat, faiz borcu 4070,33 manat və cərimə borcu 00), xx.xx.2024-cü il tarixinə (iddia ərizəsinin tarixinə) borcu 78039,03 manat (əsas borc 70994,81 manat, faiz borcu 7044,22 və cərimə borcu 00 manat) məbləğində müəyyən edilmişdir.

26. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret hallara (məs: bəzi ödənişlərin ekspert tərəfindən nəzərə alınmamasına və s.) istinad etməmişdir.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğlərini həmin rəyə əsasən müəyyənləşdirməkdə haqlı olmuşdur.

28. Digər tərəfdən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edənədək cavabdehlərə ünvanladıqları və xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmış xəbərdarlıq məktubunda yalnız gecikdirmədə olan borcun ödənilməsini tələb etdiyindən həmin xəbərdarlıq məktubunun müqavilənin ləğv edilməsinə yönəldilmiş iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

29. İddiaçının hazırkı iddianı qaldırmaqla kredit müqaviləsinin ləğv edilməsi barədə iradəsini ifadə etməsi və belə olan halda mübahisəli kredit müqaviləsi üzrə yalnız xx.xx.2024-cü il tarixinə (iddia ərizəsinin verildiyi tarixinə) olan müddət üçün olan faiz borcunun cavabdehlərdən tutulmalı olması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticəyə münasibətdə kollegiya qeyd edir ki, bank qətnamədən apellyasiya şikayəti verməməklə həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, odur ki, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya baxışının predmeti deyildir.

30. Beləliklə, kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 70.994,81 manat əsas borcun, 7044,22 manat faiz borcunun tutulması hissəsində iddianın iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Bundan əlavə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, kreditin verilməsi müddəti bitdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi illik 5 % olmaqla 1264 (70.994x5%/365x130 gün) manat məbləğində faizlərin tutulması hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

32. Bundan əlavə kollegiya iddia tələbinin həcminin artırılması barədə ərizəyə münasibət bildirmək üçün imkan verilməməsi barədə apellyasiya şikayətində istinad edilən dəlillərə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasından əvvəl elektron sistemə yerləşdirilmiş, yəni cavabdehin iclasdan əvvəl həmin ərizə ilə tanış olmaq və məhkəmə iclasında iştirak etməklə ərizəyə münasibət bildirmək imkanı olmuşdur. Məhkəmə kollegiyası həmçinin onu nəzərə alır ki, sözügedən ərizədə iddiaçı tərəfindən iddianın predmeti və ya əsası dəyişdirilməmiş, yeni dəlillər irəli sürülməmiş, yəni həmin ərizənin verilməsi üçün cavabdehin yeni irəli sürülmüş arqumentlərə əks arqumentlər gətirmək zərurəti yaranmamışdır. Ərizədə yalnız tutulması tələb olunan əsas borc məbləğinə 5%-lə əldən çıxmış faydanın hesablanmasının vaxt aralığı dəyişdirilmiş (xx.xx.2024-cü il tarixinədək müəyyən edilmiş) və ona uyğun olaraq həmin əldən çıxmış faydanın həcmi artırılmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi halın cavabdehin müdafiə hüququnun və tərəflərin çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

33. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

34. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 MMC-yə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “X5” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3136/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdeh “X5” MMCyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Zamin İbrahimov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar