Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-301/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə. İddiaçı «xxxx» bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2942/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xxxx» BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tarixli, 2018/00396-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; -Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması; - tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına həmin borcun və dövlət rüsumunun iddiaçıya ödənilməsi; - ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması - barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tarixli, 2018/00396-01 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzili ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə xx xxxxxxx 2018-cı il tarixli, 2018/00396-01İP saylı İpoteka müqaviləsi bağlanmışdır. İpoteka xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış (RX № 1393784) verilmişdir. Əmlakın likvid dəyəri “FM Consulting” tərəfindən xx.xx.2018-ci il tarixinə 70000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh kredit alan tərəfindən ödənişlər aparılmamış, ona göndərilmiş pretenziya məktubları nəticəsiz qalmışdır. Beləliklə də onun xx xxxxxxxx 2020-ci il tarixinə iddiaçıya qeyd olunan borcları yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2942/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: « İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tarixli, 2018/00396-01 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində dəbbə pulu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulsun. Ödənilmiş 30,40 manat dövlət rüsumunun 23,70 manat hissəsi Cavabdeh2 tutulsun, qalan 6,3 manat hissəsi "İddiaçı" Bank Olmayan Kredit X3 Cəmiyyətinə aid edilsin. Tələb ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində dəbbə pulu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 23,70 manat dövlət rüsumu "İddiaçı" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə rədd edilsin.» Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. 1.Cavabdeh2 (kredit alan) şikayətində bildirmişdir ki, qətnamə qanunsuz və əsassızdır. hüquqlarmının pozulması ilə çıxarılmışdır. Belə ki, o, xx xxxxxx 2018-ci ildən başlayaraq xx xxxxxx 2020-ci il tarixə kimi iddiaçı təşkilata 3700 ABŞ dolları pul ödənilib. Lakin bütün dünyada və ölkədə məlum COVİD-19 pandemiyasının elan edilməsi, iş yerlərinin bağlanması və ölkələrarası gediş-gəlişə məhdudiyyət qoyulduğu səbəbindən təkrar Rusiyaya gedib işləyə bilmədim. Başqa heç bir yerdən gəliri olmamış, buna görə də maliyyə vəziyyəti pisləşmiş və kredit borcunu ödəmək imkanı olmamışdır. Hələ bu günə qədər də heç bir işin sahibi deyil və işsiz vəziyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsində deyilir ki,Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə kredit müqaviləsi bağlayarkən hesab edirdim ki, ticarət dövriyyəmi genişləndirəcəm və işləyib bankın krediti borcunu qaytaracam. Lakin qəfildən dünyada və ölkəmizdə COVİD-19 infeksiyasının yayılması və bunun nəticəsində bütün həyatın- ticarətin, xidmətin, idarəetmənin və s fəaliyətin hökumət qərarı ilə dayandırılması mənim də işimin, ticarət fəaliyətimin daynmasına səbəb olmuş və mən öz üzərimə götürdüyüm öhdəliyi icra etmək qabiliyyətindən məhrum olmuşam. Hesab edirəm ki, yuxarıda qeyd etdiyim hallar əzərə alınmalı və məndən iddiaçı təşkilatın iddia qaldırdığı günə qədər olan borcumun ödənilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.
2. Cavabdeh1 (ipoteka qoyan) isə bildirmişdir ki, məhkəmə qətnamə çıxarararkən, kreditlə bağlı tutmanın ona məxsus ipoteka predmeti olan evin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsində və onların mənzildən ən geci 1 ay ərzində əşyalarımla birlikdə çıxarılması hissəsində haqlı olmamış və bu onun mülkiyyət hüquqlarımın kobud surətdə pozulması deməkdir. Belə ki, hal-hazırda isə mənə məxsus mənzilin bazar dəyəri 85.000 manatdır. Məhkəmə işə baxarkən mənzilin mövcud bazar qiymətinin müəyyən edilməsi üçün qiymət təyin edilməsi ilə bağlı qərarda qəbul etməli və işi qiymətləndiriciyə göndərməli idi. Lakin məhkəmə prosessual hüquq normalarının tələlərini pozaraq bunları etməmişdir. Bundan başqa 10.594 ABŞ dolları kredit borca görə 70.000 manat dəyər qoyulmuş evin satılmasından sonra, onun da həmin evdən çıxarılması iddiaçının hüququ deyil və onun həmin evdə qalması iddiaçının hüquqların pozmur. Belə olduğu təqdirdə qətnamə bu hissədə də qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X2 cavabdehlərin apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlərin apellyasiya şikayətlərinin qeyd olunan dəlillərindən göründüyü kimi, onlar tərəfindən xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi və və həmin müqaviləyə əsasən 60 ay müddətinə, illik 24% faiz olmaqla, 10.000 ABŞ dolları məbləğində kreditin verildiyi və kreditin və ona hesablanacaq faizləri təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5057/68, ev 9 ünvanında yerləşən 67 saylı mənzilin iddiaçının xeyrinə yüklü edildiyi işin mübahisələndirilməyən halıdır. Apellyasiya şikayətində cavabdeh ilk öncə Cavabdeh2 tərəfindən mübahisələndirilir ki, xx xxxxxx 2020-ci il tarixə kimi tərəfindən iddiaçı təşkilata 3700 ABŞ dolları pul ödəyib, lakin bütün dünyada və ölkədə məlum COVİD-19 pandemiyasının elan edilməsi, iş yerlərinin bağlanması və ölkələrarası gediş-gəlişə məhdudiyyət qoyulduğu səbəbindən təkrar Rusiyaya gedib işləyə bilməmiş, hal-hazırda da işsiz olması ticarət fəaliyyətinin dayandırılmasına və üzərinə götürdüyü müqavilə öhdəliyinin yerinə ytirilməməsinə səbəb olmuşdur. Cavabdehin qeyd olunan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, onun tərəfindən xx xxxxxx 2020-ci il tarixə kimi ödənilmiş 3700 ABŞ dolları məbləğində ödəniş iddiaçı tərəfindən nəzərə alınaraq borcundan silinmişdir. Pandemiya ilə əlaqədar işləmədiyinə görə qalan borcunu ödəyə bilməməsinə gəldikdə isə hər bir halda, kredit müqaviləsinin 2.2.2-ci bəndinə əsasən bütün ödənişləri vaxtında həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Onu da qeyd etməklazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun mənafeyi və maddi vəziyyəti nəzərə alınaraq, iddiaçının 1331,36 ABŞ dolları məbləğində cərimə tələbi hissəsində,Mülki Məcəllənin 467-ci tətbiq olunmaqla, 400 ABŞ dolları səviyyəsinə qədər azaldılmışdır. Əslində, cavabdehin qeyd olunan dəlillərindən göründüyü kimi, borcunu etiraf da edir və işsizliyi üzündən onu ödəmək imkanı olmadığını bildirir. Lakin aldığı krediti faizləri ilə birlikdə işləyib-işləməməsindən asılı olmayaraq öz seçimi üzrə istədiyi vaxt deyil, ödəniş qrafikinə uyğun iddiaçıya qaytarmaq onun borcu idi. Belə ki, Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Cavabdeh isə qanunu qeyd olunan göstərişindən irəli gələn vəzifələrini yerinə yetirməmişdir. Belə olan halda, Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsi isə nəzərdə tutur ki, əgər bu Məcəllə və müqavilə ilə ayrı- qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 apellyasiya şikayətində qeyd olunan dəlillərindən isə görünür ki, ipoteka predmeti olan ona məxsus mənzilin hal-hazırda bazar qiymətinin 85.000 manat dəyərində olduğunu mübahisələndirərək, mənzilə70.000,00 manat likvid dəyərində olan ilkin satış qiyməti qoyulması ilə razılaşmır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi baxımından, məhkəmə praktikasında həmin qanunun 39.3.3-cü maddəsinə əsasən qətnamədə göstəilməli olan ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti onun likvid qiyməti ilə müəyyən edilir . Ona görə də cavabdehin ona məxsus mənzilin mövcud bazar qiyməti ilə qiymətləndirilməli olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Onun evin satılmasından sonra, evdən çıxarılmasının iddiaçıya aid hüquq olmadığını və evdə qalmasının iddiaçının hüquqların pozmadığını mübahisələndirən dəlilləri ilədə razılaqmaq mümkün deyil. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İpoteka müqaviləsindən də görünür ki, cavabdeh ipoteka qoyan kreditin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus mənzili (likvid dəyəri 70.000 manat olmaqla) ipoteka ilə yüklü etmiş və ipoteka ilə təmin edilmiş öhdəlik yerinə yetirilmədikdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə razılaşmışdır (1-ci və 9.1-ci bəndləri). Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2942/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2942/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Raqib Qurbanov
Vüsalə Baxışova