Məhkəmə qərarları › İş №2-2(103)-303/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-303/2022

06.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-303/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2919/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsindən tərəflərin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Amerika mənşəli “X1” şirkətinin məhsulu olan bir ədəd 9914-9015-4065 nömrəli “Gentlelase PRO” aparatının, həmin şirkətin məhsulu olan bir ədəd 9914-9015-1128 nömrəli “Gentlelase PRO” aparatının və eyni şirkətə aid bir ədəd 9914-9030-5488 nömrəli “Gentlelase PRO U” aparatının 01.01.2019-cu il tarixdən başlayaraq əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 nömrəli iş üzrə 26.12.2019-cu il tarixli qətnaməsinin icra olunduğu 16.07.2020-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olduğu bütün müddət ərzində mülkiyyət hüququ ilə özünə məxsus olan həmin əmlakından məhrum olması nəticəsində ona dəymiş real zərərə görə orta hesabla 541.343,75 manat və əldən çıxmış faydaya görə təqribi 270.394,86 manat, ümumilikdə isə 811.738,82 manat məbləğdə pul vəsaitinin, həmçinin dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş zərər kimi 7.419,48 manat, hüquqi yardıma görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 0,28 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, iddia əldən çıxmış fayda kimi 270.394,86 manat məbləğdə pul tələbi hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan hər iki tərəf ondan apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilərək, iddianın tam həcmdə təmin edilməsini, cavabdeh iddia təmin olunan hissədə ləğv edilərək, iddianın tamamilə rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddianı qismən təmin edərkən istinad etdiyi konkret qanunu göstərməmişdir. Bu cür yanaşma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Tərəflər arasında zərərin əvəzinin daha az miqdarda ödənilməsini nəzərdə tutan konkret müqavilə mövcud deyil. Cavabdeh tərəf isə iddiaçının irəli sürdüyü dəlillərin əksini sübut edə bilməmiş, o cümlədən iddia edilən real zərərin məbləğinin minimallaşdırılmasına yönəlik sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçıya vurulan real zərərin əvəzinin daha az miqdarda ödənilməsini nəzərdə tutan konkret qanuna istinad etməli idi. Birinci instansiya məhkəməsi iddiaçı ilə vəkil arasında “Hüquqi yardımın göstərilməsi haqqında” bağlanılmış müqavilə əsasında vəkilə ödənilmiş qonorarın məbləğini azaldaraq onu 2.000 manatdan 400 manata endirmişdir. Bu da iddiaçıya vurulan real zərərin ümumən azaldılması deməkdir. Bu anlamda vəkilə ödənilmiş qonorarın məbləği hüququ pozulmuş şəxsin (şikayəti verən şəxsin) pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc kimi vurulan real zərərin tərkib hissəsidir. Qətnamədə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin rədd edilmə əsasları onunla izah olunur ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı mötəbər sübut təqdim etməməklə yanaşı 3 ədəd tibbi lazer cihazlarının istifadəsi 26.12.2019-cu il tarixli məhkəmə qərardadına əsasən qadağan edilmiş və sözügedən qərardad 09.01.2020-ci il tarixdə icra edilmişdir. Məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin rədd edilməsini əvvəlki iş üzrə mübahisə predmetinə aid olan 3 ədəd tibb cihazlarının yekun məhkəmə aktının icrası nəticəsində iddiaçıya qaytarılmasından sonrakı müddətdə iddiaçının özünün onlardan təyinatı üzrə istifadə etməməsi və gəlir əldə etməməsi ilə əlaqələndirir. Lakin, iddiaçı tərəf məhkəmənin bu mövqeyi ilə razı deyil. Ona görə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranma tarixi sözügedən cihazların iddiaçıya qaytarılmasından əvvəlki, yəni həmin avadanlıqların cavabdehin qanunsuz sahibliyində olduğu dövrə aiddir. Bundan sonrakı dövr isə mübahisələndirilmir. Həmin dövr bütövlükdə tərəflərin ortaq sahibkarlıq fəaliyyətindən imtina etdiyi 01.01.2019-cu il tarixdən başlayaraq əvvəlki iş üzrə məhkəmə aktının icra olunduğu 16.07.2020-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı məhz bu dövrdə mülkiyyət hüququ ilə ona mənsub olan həmin əmlaklardan məhrum olunmuşdur. Cavabdeh 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək avadanlıqlardan aktiv şəkildə istifadə etmiş və gəlir götürmüşdür. İddiaçı həmin dövrdə 187 gün ərzində bu avadanlıqlardan istifadə etməmiş və gəlir götürməmişdir. İddiaçı isə əldən çıxmış fayda ilə bağlı tələb irəli sürərkən onu əsas götürmüşdür ki, əgər onun sözügedən daşınar əşyalar üzərində mülkiyyət hüququ pozulmasaydı, o, özü həmin zaman kəsiyində avadanlıqları özgəsinə kirayə vermək və ya digər qanuni üsullarla adi mülki dövriyyə şəraitində onların istifadəsindən cavabdehin bir günlük gəlirini hesablayaraq 270.394,86 manat gəlir əldə edə bilərdi. Qətnamədə göstərilir ki, iddiaçı dəymiş zərər və əldən çıxmış faydanı məhkəməyə təqdim etdiyi 3 ədəd tibbi lazer cihazlarının təmirini həyata keçirən “Araş” firmasının məktubuna, həkim-kosmetoloqun mütəxəssis rəyinə və gözəllik salonlarının səlahiyyətli şəxslərinin yazdıqları məktublara istinadən hesablasa da, məhkəmə sənədləri mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bunun səbəbini tibbi lazer cihazlarında istifadə olunan lampanın maksimal atış imkanlarının məhz 2.000.000 olması, həmçinin, hər bir növ kosmetoloji əməliyyata görə müəyyən edilmiş qiymət və atışların sayı ilə bağlı məktublardan başqa heç bir rəsmi sübut təqdim edilməməsi ilə izah edir. Qanunun yol verdiyi üsullarla əldə olunaraq məhkəməyə təqdim edilən, iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, saxtalığı məhkəmə qaydasında müəyyən edilməyən, formal müəyyənliyi şübhə doğurmayan, hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq edilən, bəzi hallarda isə fərdi sahibkarların imzaları ilə təsdiq edilən, mütəxəssis tərəfindən verilən və yazılı sübutlar hesab olunan sənədlərin qeyri-mötəbərliyinin məhkəmə tərəfindən verilən izahı heç bir məntiqə sığmır. Həm də, ona görə ki, əlavə sübut təqdim etmək mütləq deyil. İddiaçının təqdim etdiyi sübutlar isə iddia tələblərinin əsaslandırılması üçün yetərli olmuşdur. Qətnamədə həmçinin qeyd edilir ki, “Araş” firması məktubunda lampaların dəyişdirilməsinin səbəbinin onların uzun müddət işlənməsi nəticəsində sıradan çıxmasına istinad etsə də, hamıya bəlli olan hal odur ki, hər bir cihaz (lampa) qısa zamanda (hətta zəmanət dövrü) sıradan çıxa bilər. Bu isə o deməkdir ki, lampanın məhz 2.000.000 atışdan sonra dəyişdirilməsi mübahisəlidir. Lakin, iddiaçı tərəf məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, “Araş” firmasının yazdığı 26.03.2021-ci il tarixli məktubda mübahisəsiz olaraq göstərilən həmin lampaların dəyişdirilməsinin texniki səbəbi onların uzun müddət işlənməsi nəticəsində istismara yararsız olması (sıradan çıxması) olmuşdur. Bu isə o deməkdir ki, həmin elektron detallar hər hansı texniki nasazlıq üzündən deyil, məhz uzun müddət işlənmə nəticəsində istifadəyə yararsız olduqları üçün dəyişdirilmişdir. Məktubda qeyd olunur ki, kosmetologiyada istifadə olunan həmin aparatlar tibbi təyinatlı lazer cihazlarıdır. Bu cihazların üzərində quraşdırılmış lampa 1 cüt olmaqla komplekt təşkil edir. Lampa kristal işığı qəbul edib, 755 nanometr dalğa uzunluğunda şüa yaratmaq funksiyasını yerinə yetirir və istifadə qaydalarına olaraq sayca 2.000.000 atışdan sonra mütləq yenisi ilə əvəz olunur. Sözügedən sənəd iddiaçının təqdim etdiyi digər yazılı sübutlarla birlikdə məhkəmə iclaslarında araşdırılmışdır. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən müxtəlif ehtimallar irəli sürərək araşdırdığı həmin sənədin həqiqi məzmununu təhrif etmişdir. Qətnamədə göstərilir ki, iddiaçı atışların sayına və kosmetoloji əməliyyatların növünə görə müştərilərin ümumi sayının 17.259 olduğunu qeyd etsə də, məhkəmə hesab edir ki, həmin rəqəm mübahisəlidir. Belə ki, iddiaçı pasientlərin sayını təsdiq edən heç bir sənəd təqdim etməmiş, cababdeh isə gəlir əldə etmək məqsədi olmadan da tibbi lazer cihazlarını istifadə edə bilər (şəxsi və ya yaxınların tələbatı üçün). Daha sonra göstərilir ki, iddiaçı 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixə dəymiş zərərin 539.343,75 manat məbləğdə olduğunu qeyd etsə də, bununla bağlı mötəbər sübut təqdim etməmiş, təqdim edilən sənədlər isə mübahisə doğurur. Lakin, iddiaçı tərəf məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır. Digər tərəfdən, iddiaçı sübut etmişdir ki, həmin tibbi cihazların vasitəsilə iaşə xidməti göstərilən müştərilərin ümumi sayı 17.259 nəfər olmuşdur. Cavab ofislərində bu qədər sayda müştəriyə qarşılığı ödənilmədən iaşə xidməti göstərilməsi isə inandırıcı deyil. Bu həm də iqtisadi cəhətdən sahibkarlıq fəaliyyəti üçün deyil. Hətta cavabdeh bu cihazlardan nadir hallarda özünün yaxınlarının tələbatları üçün istifadə etmiş olsaydı belə, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən həmin hallarda onun götürməli olduğu gəliri götürməməsi onu iddiaçı qarşısında mülki məsuliyyətdən azad etmir. Bundan başqa, müştərilərin ümumi sayını müəyyən edən ayrıca sənədin məhkəməyə təqdim edilməməsi iddianın bu hissədə sübut olunmaması mənasına gəlmir. Çünki, mülki-prosessual mənada sübut yalnız fakt təsdiqləyici rəsmi sənədlərdən ibarət deyil. Belə ki, Avropa Şurasına üzv dövlətlərin məhkəmələri presedent yaradan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26.07.2007ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə “sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.” Bütün bunlardan savayı, məhkəmə gəldiyi yanlış nəticələri əsaslandırmaq üçün qətnamədə qeyd edir ki, iddiaçı cababdehlə birgə fəaliyyət göstərdiyi zaman ərzində, davam edən əvvəlki şərikli fəaliyyət dövrü nəzərdə tutulur, 6 ədəd tibbi lazer cihazlarının istifadəsindən həmin dövr üçün özünün əldə etdiyi gəliri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla bağlı onu qeyd edir ki, məhkəmə qaydasında belə bir sübut iddiaçıdan yalnız o halda tələb edilə bilər ki, ona qarşı qarşılıqlı iddia qaldırılmış olsun. Cavabdeh isə bu hüququndan istifadə etməmişdir. Tərəflərin birgə fəaliyyət göstərdiyi zaman əldə etdikləri gəlirlər bu gəlirlərin onların pay nisbəti və sair kimi məsələlər aparılmış məhkəmə araşdırmasının predmetinə aid deyil. Təkrarən qeyd edir ki, tərəflər arasında zərərin əvəzinin daha az miqdarda ödənilməsini nəzərdə tutan konkret müqavilə mövcud deyil. Cavabdeh tərəf iddiaçının irəli sürdüyü dəlillərin əksini sübut edə bilməmiş, o cümlədən iddia edilən zərərin məbləğinin minimallaşdırılmasına yönəlik sübutlar təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissələrinə münasibətdə Mülki Məcəllənin normalarını düzgün tətbiq etməmişdir. Bununla bağlı məhkəmə qətnaməsində belə əsaslandırma verilir ki: “... iddiaçı məhkəməyə tələbi ilə bağlı mötəbər sübut təqdim etməsə də, cavabdeh 2019-cu ildə 24.731,61 manat məbləğdə mənfəətin əldə etdiyi və həmin mənfəətin 3 ədəd tibbi lazer cihazlarının istifadəsi ilə bağlı xüsusi çəkisinin 30%-dən artıq olmadığını etiraf etdiyinə görə məhkəmə hesab edir ki, iddia 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək dəymiş zərərə görə 539.343,75 manat məbləğdə pulun tələbi hissəsində qismən təmin edilməli və etiraf edilmiş 7.419,48 manat (24731,61x30%) məbləğdə vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.” Tətbiq edilən maddənin dispozisiyasından da göründüyü kimi, özünü “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs” kimi təqdim edən iddiaçı ilk növbədə ona zərər vurulmasını, həmçinin pozulduğunu iddia etdiyi “hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu” xərcləri, “adi mülki dövriyyə şəraitində əldə edəcəyi” gəlirləri barədə sübutlar təqdim etməli idi. Lakin belə sübutlar mövcud olmadığı halda, həmin maddi normalara istinad edilməklə, iddianın qismən də olsa, təmin edilməsi mümkün deyildi. Digər tərəfdən, məhkəmə, cavabdehin fəaliyyəti ilə bağlı mənfəətini əks etdirən şəxsi hesab vərəqəsindən çıxarışlara istinadən müəyyən miqdar mənfəətinin olması barədə məlumatları “iddianın qismən etiraf edilməsi” kimi qiymətləndirməsi də düzgün olmamışdır. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini qeyd etsə də, cavabdehin müxtəlif xidmətlər göstərməsi nəticəsində əldə etdiyi mənfəətin bir hissəsinin iddiaçıya verilməli olması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən vəkil və nümayəndələr öz şikayətlərini müdafiə edərək, ona uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, tərəflər 01.01.2019-cu il tarixədək birgə fəaliyyət göstərərək, 6 ədəd tibbi lazer cihazından istifadə etmiş, 01.01.2019-cu il tarixdə birgə fəaliyyəti dayandırmış, iddiaçıya məxsus 6 ədəd tibbi lazer cihazından 3 ədədi geri qaytarılmış, digər 3 ədədi isə cavabdehdə qalmış, həmin 3 ədəd cihaz məhkəmə qətnaməsinə əsasən 16.07.2020-ci il tarixdə iddiaçıya təhvil verilmiş, daha əvvəl isə onların istifadəsinə 26.12.2019-cu il tarixli qərardada əsasən qadağa qoyulmuş, qərardad 09.01.2020-ci il tarixdə icra edilmişdir. İddiaçı ona məxsus olan və vaxtında geri qaytarılmayan 3 ədəd tibbi lazer cihazının cavabdehin istifadəsində qalan dövr üçün dəymiş zərər və əldən çıxmış fayda kimi cəmi 811.738,82 manat məbləğdə pulu sonuncudan tələb edir. Həmin məbləğin 539.343,75 manatı 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək olan dövr üçün zərər, 270.394,86 manatı 09.01.2020-ci il tarixdən 16.07.2020-ci il tarixədək olan dövr üçün əldən çıxmış fayda, 2.000 manatı isə hüquqi yardım üçün çəkilən xərcdir. Cavabdehin iddiaya qarşı birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında göstərilmişdir ki, “Tərəfimizdən təqdim edilmiş sənədlərlə sübuta yetirilir ki, iddia tələbinin istinad etdiyi illər üzrə cavabdehin mənfəəti 2019-cu ildə 24.731,61 manat; 2020ci ilin 7 ayında isə 8.739,71 manat; həmin dövrlər üzrə cəmi 33.471,32 manat olmuşdur. Həmin məlumatlar cavabdehin gəlirləri və müvafiq sənədlərlə təsdiq edilən gəlirdən çıxılan xərcləri (əmək haqqı, icarə haqqı, vergi, məcburi sosial sığorta, kommunal xərclər) nəzərə alınmaqla hesablanmışdır və mübahisə mövzusu ola bilməz. Bundan əlavə nəzərə alınmalıdır ki, həmin mənfəətin tərkibinə cavabdehin digər xidmət növlərindən əldə etdiyi mənfəət də daxildir. Avadanlıqların istifadəsindən mənfəətin ümumi mənfəətdə xüsusi çəkisi isə 30%-dən artıq deyildir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097. Mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus avadanlıqların cavabdehin qanunsuz sahibliyində qalması iş materialları və tərəflərin izahatları təsdiqini tapsa da, avadanlıqların cavabdehdə qaldığı dövr ərzində iddiaçıya vurulan zərərin məbləği barədə mötəbər sübutlar Məhkəməyə təqdim olunmamışdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, dəlilləri iddia ərizəsinin əsasları ilə eyni olan şikayətdə iddiaçı birinci instansiya məhkəməsinin iddianın rədd edilən hissəsinə dair mövqeyi ilə bağlı hər hansı yeni tutarlı arqument irəli sürməmişdir. Bu baxımdan, iddiaçı dəymiş zərər və əldən çıxmış faydanı Məhkəməyə təqdim etdiyi 3 ədəd tibbi lazer cihazının təmirini həyata keçirən “Araş“ firmasının məktubuna, həkim-kosmetoloqun mütəxəssis rəyinə və gözəllik salonlarının məktublarına istinadən hesablasa da, həmin sənədlər mötəbər sübut əhəmiyyətinə malik olmamaqla, lampaların dəyişməsinin səbəbinin onların uzun müddət işləməsi nəticəsində istismara yararsız olması mübahisəlidir. Çünki, hər bir cihaz, o cümlədən lampa qısa zamanda, hətta zəmanət dövründə sıradan çıxa bilər. Bunun nəticəsi olaraq da atışların və kosmetoloji əməliyyatların növünə görə pasiyentlərin sayını göstərən 17.259 rəqəmi də mübahisəsiz deyil. Həmçinin, iddiaçı, tərəflərin 7 il ərzində 6 ədəd tibbi lazer cihazının istifadəsi ilə bağlı qeyri-rəsmi birgə fəaliyyəti dövründə əldə edilmiş gəlirlə bağlı Məhkəməyə heç bir sübut təqdim etməmiş, başqa sözlə, ona dəymiş zərəri həmin dövrdə əldə edilmiş illik gəlirə uyğun hesablanması qaydasında deyil, hazırkı mübahisəli qaydada hesablamışdır. Məhz bu qaydada hesablamalara görə tərəflərin qeyri-rəsmi birgə fəaliyyəti dövründə 6 ədəd tibbi lazer cihazının istifadəsi ilə bağlı onların illik gəliri təxminən 1.000.000 manatdan çox olmalı idi ki, hazırkı iddia ilə tələb olunan cavabdehin götürdüyü və ya götürməli olduğu gəlirlərin məbləği də 3 cihaza görə 539.343,75 manat təşkil etmiş olsun. Əldən çıxmış fayda kimi 270.394,86 manat məbləğdə pul tələbi hissəsinə dair dəlillərə gəldikdə isə, iddiaçının 01.01.2019-cu il tarixdə ona qaytarılan 3 ədəd tibbi lazer cihazını təyinatı üzrə ümumiyyətlə istifadə etməməsi və onlardan gəlir əldə etməməsi işin mübahisəsiz halıdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, 16.07.2020-ci il tarixdə qaytarılan 3 ədəd tibbi lazer cihazı da 01.01.2019-cu il tarixdə ona qaytarılsaydı, digər 3 cihaz kimi təyinatı üzrə istifadə edilməyəcəkdi, bu qənaətin əksi də iddiaçı tərəfindən sübuta yetirilmir. 400 manat məbləğdə hüquqi yardıma görə çəkilən xərc də ağlabatan məbləğdə olmuşdur. Cavabdehin də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh 2019cu ildə mənfəətinin 24.731,61 manat, mübahisəli avadanlıqların istifadəsindən mənfəətin isə ümumi mənfəətin 30%-dən artıq olmaması faktını yazılı qaydada etiraf etmişdir və bu hal iddiaçını həmin faktı sübutetmə vəzifəsindən azad edir. MPM-in: Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2919/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən cavabdeh kassasiya şikayəti verə bilməz, iddiaçı qətnamə rəsmi qaydada ona verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar