Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-304/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 2-2(113)-2006/2021 nömrəli qətnaməsindən (hakim Emin Əliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının 30.10.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 33507,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Faiq-S firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 30/10/2019-cu il tarixə yaranan borcuna görə 37200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 12/11/2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 2-2(113)-2006/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Firmasının 30.10.2019-cu il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 3107,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılması, Cavabdeh Firmasından 10 manat məbləğində dövlət rüsumunun dövlət gəlirlərinə alınması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 2-2(113)-2006/2021 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunması hissəsində ləğv olunmasını, həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən 16.12.2021-ci il tarixli ödəniş qəbzi nəzərə alınmamışdır. Həmin qəbzlə 3500 manat plun köçürülməsi öz təsdiqini tapmışdır.Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. İşə baxılması 16.03.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 2-2(113)-2006/2021 nömrəli qətnaməsi qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə-cavabdehin dövlət büdcəsinə olan 3107,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İş materiallarında olan vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 06.11.2019-cu il tarixli **********1 saylı protokol və əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən “Təbrik” Şadlıq Sarayında cavabdehə məxsus 37200 manat məbləğində əmlak siyahıya alınmışdır. İş materiallarında olan məlumatın təqdim edilməsi barədə ərizədən görünür ki, qərar əsasında **********1 saylı protokol üzrə cavabdehin 02.12.2021-ci il tarixə 8107,93 manat, o cümlədən 5220,38 manat əsas, 2887,55 manat faiz borcu mövcuddur. İşə birinci instansiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, vergi orqanı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra (30.03.2021-ci il) cavabdeh tərəfindən borc üzrə ödənişlər edilmiş, iddiaçının təqdim etdiyi məlumata əsasən cavabdehin 02.12.2021-ci il tarixə 8107,93 manat ( 5220,38 manat əsas, 2887,55 manat faiz) borc qalığı olmuşdur. 10.12.2021-ci il tarixdə Cavabdeh X1 Xidmətinin hesabına 5000 manat, 16.12.2021ci il tarixdə isə 3500 manat, cəmi 8500 manat pul köçürmüşdür. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin bütün ödənişlərini nəzərə alsa da, 16.12.2021-ci il tarixdə 3500 manat ödəniş həyata keçirildiyinə dair elektron kabinet vasitəsi ilə 17.12.2021-ci il tarixdə təqdim edilmiş və iş materiallarının 142-ci vərəqinə əlavə edilmiş qəbzi sübut kimi nəzərə almamış, bu sübutun hansı səbəbdən nəzərə almadığını qətnamədə əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdehin 16.12.2021-ci il tarixdə "xxxx" ASC-nin ödəniş terminalı vasitəsi ilə həyata keçirdiyi 3500 manat ödəniş nəzərə alındıqda məhkəmə tərəfindən müəyyən olunur ki, Cavabdeh Firmasının hazırkı iddia ərizəsi üzrə dövlət büdcəsinə borcu qalmamışdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutu nəzərə almadan cavabdehin borc qalığı olduğuna dair nəticəyə gəldiyindən qətnamə ləğv edilməli, iddiaçının tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 2-2(113)-2006/2021 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə-cavabdehin dövlət büdcəsinə olan 3107,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Firmasının apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 2-2(113)-2006/2021 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə-cavabdehin dövlət büdcəsinə olan 3107,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində qanunla nəzərdə tutulmuş halda elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-304/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-304/2022
16.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver