Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-305/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1130/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, tərəflər İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsi bağlanmış, müqavilə əsasənda cavabdehə 12 ay müddətinə illik 18%-lə 500.000 manat kredit verilmişdir.
2. xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli RBLLF- 371 saylı zaminlik müqaviləsi bağlanılmışdır.
3. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh3 məxsus ünvan 1 ünvanındakı ev xx.xx.2018-ci il tarixli, RBLLF-371 saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmişdir.
4. Tərəflər arasında bağlanılan “Baş kredit müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması” haqqında xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etmişlər ki, xx.xx.2018-ci il tarixli, RBLLF-371 nömrəli kredit müqaviləsinin müddəti 12 aprel 2019-cu il tarixindən 12 (on iki) ay müddətinə uzadılsın.
5. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişlə xx.xx.2018-ci il tarixli, RBLLF-371 saylı ipoteka müqaviləsinin müvafiq bəndlərinə dəyişikliklər (kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2020-ci il tarixədək uzadılır) edilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər. Eyni zamanda ipoteka müqaviləsi üzrə tərəflər xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsinə edilmiş əlavələrlə tanış olmuş və razılığını bildirmişlər.
6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 075/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Kaspiyskiy küçəsi ünvanında yerləşən 13 nömrəli evin bazar dəyəri 1.100.000 manat, likvid dəyəri isə 935.000 manat müəyyən edilmişdir.
7. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 12 aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsi, ona əlavələr və razılaşmalar üzrə xx.xx.2022-ci il tarixə 305.279,5 manat əsas, illik 18 faizlə faiz borcuna görə 208.417,6 manat, cərimə borcuna görə 100.000 manat, borcun cəmi məbləği 613.697,10 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 457,68 manat məbləğində pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Lənkəran Mexanikləşdirmə MMC-nin 12 aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsi və ona əlavələr üzrə cəmi 613.697,10 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 897,68 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 12 aprel 2018-ci il tarixli, RBLLF371saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Lənkəran Mexanikləşdirmə MMCdən və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin “Lənkəran” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 12 aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 500 000 manat məbləği limitində kredit xətti ayrılmışdır (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 12 Aprel 2018-ci il tarixdə İddiaçı ASC-nin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 12 Aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Daha sonra İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdeh Lənkəran Mexanikləşdirmə MMC arasında 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinə 12 Aprel 2019-cu il tarixli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə müqaviləyə əsasən müqavilənin müddəti xx.xx.2019-ci il tarixindən 12 ay müddətinə xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Daha sonra İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdehlər Lənkəran Mexanikləşdirmə MMC, Cavabdeh1 və Cavabdeh3 arasında 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinə 21 Avqust 2020-ci il tarixli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə müqaviləyə əsasən müqavilənin müddəti sonuncu ödəniş tarixindən 6 ay müddətinə uzadılmışdır. 12 aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Lənkəran Mexanikləşdirmə MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 12 aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evi İddiaçı ASC qarşısında 12 aprel 2018-ci il tarixli, RBLLF-371 nömrəli ipoteka müqaviləsi və xx.xx.2019cu il tarixli ipoteka müqaviləsinə Əlavə Saziş ilə yüklü edilmişdir. İpoteka müqaviləsi və Əlavə Saziş notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 12 aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1130/2022 saylı qətnaməsi ilə (Kənan Hüseynov) iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 12 aprel 2018-ci il tarixli RBLLF-371 saylı kredit müqaviləsi üzrə 217.041 manat 50 qəpik əsas borc və 10.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 227.041 manat 50 qəpik məbləğində pulun, əsas borca illik 5 faiz hesablanmaqla 37.646 manat 29 qəpik məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
11. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iş üzrə ekspertizalar keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1926 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 458.159,71 manat, faiz borcu 0,0 manat, xx.xx.2021-ci il tarixə əsas borcu 404.552,13 manat, faiz borcu 11.459,74 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 242.623,37 manat, faiz borcu 0,0 manat müəyyən edilmişdir.
10. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4603 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 500.000 manat, faiz borcu 22.250 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 217.041,5 manat, faiz borcu 0,0, faiz borcu 5% ilə 37.646,29 manat müəyyən edilmişdir.
11. Təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6859 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 500.000 manat, faiz borcu 22.250 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 217.041,5 manat, kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixdən illik 5% hesablanmaqla faiz borcu 37.646,29 manat müəyyən edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, təyin edilmiş ekspert rəylərindən də göründüyü kimi, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə əsas borcu 217.041,5 manat təşkil edir. İddiaçı tərəf isə qeyd edilən borcun əsassız olmasına dair hər hansı bir dəlil təqdim edə bilmədiyindən 217.041,5 manat məbləğində əsas borc və 10.000 manat dəbbə pulu "xxxx" MMC-dən tutularaq iddiaçıya verilməlidir.
13. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli RBLLF-371 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə razılaşma etibarsız əqddir. Belə ki, nəzərə alınmalıdır ki, müqaviləyə əlavə və dəyişiklik müqavilə müddəti ərzində edilməlidir. Hazırkı halda isə, müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli əlavənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq ondan təxmini 4 ay keçdikdən sonra müqaviləyə əlavə imzalanmışdır. Qeyd edilən əlavə isə nə müstəqil müqavilənin, nə də müqaviləyə əlavənin şərtlərinə cavab vermədiyindən etibarsız əqddir.
14. Zaminə qarşı hissədə məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə RBLLF- 371 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə bağlanarkən, zamin Cavabdeh1 razılığı alınmadığından zaminliyə xitam verildiyi üçün borc məbləği ancaq "xxxx" MMC-dən tutulmalıdır.
15. Məhkəmə müəyyən etmişdir ki, ekspert rəyinə əsasən "xxxx" MMC-nin kredit müqaviləsinin bitdiyi tarixdən () xx.xx.2022-ci il tarixə (iddianın dəyişdirildiyi tarix) əsas borca illik 5% hesablanmaqla faiz borcu 37.646,29 manat təşkil edir. Ona görə də, məhkəmə xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün tələb edilən faiz tələbini qismən təmin etməklə "xxxx" MMC-dən iddiaçının xeyrinə əsas borca illik 5% hesablanmaqla 37.646,29 manat faiz tutmuşdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1130/2022 saylı qətnaməsinin əsas borca illik 5 faiz hesablanmaqla 37.646 (otuz yeddi min altı yüz qırx altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pulun və 10.000 (on min) manat məbləğində cərimənin tutulması hissəsində ləğv edilməsini, həmin hissələrdə iddia tələbinin rədd edilməsini, 897.68 (səkkiz yüz doxsan yeddi manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilərək 317.42 (üç yüz on yeddi manat qırx iki qəpik) manat dövlət rüsumunun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia irəli sürülərkən kredit müqaviləsinin müddəti bitmiş, Bankın illik beş faizlə faizlərin tutulması barədə tələbi olmamışdır. Belə olan halda isə məhkəmə qərar çıxararkən qanunsuz və əsassız olaraq əsas borca illik 5 faiz hesablanmaqla 37.646 (otuz yeddi min altı yüz qırx altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qərar vermişdir. İddiaçı tərəfindən iddia irəli sürülərkən kredit müqaviləsinin müddətinin bitmiş, bitmə tarixinə Bank qarşısında faiz borcu olmamışdır. Bununla yanaşı bütün dünyada “COVİD-19” virusunun yayılması ilə bağlı pandemiya elan edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bütün banklara bu dövr ərzində müştərilərə dəbbə pulunun və gecikmə günlərinin hesablanmaması barədə tövsiyələr olmuşdur. Bununla yanaşı məhkəmə qərarı elan olunarkən məhkəmə tərəfindən dəbbə pulu tutulmamışdır. Məhz iddiaçının nümayəndəsinin “bəs dəbbə pulu təmin olunmadı” sualına cavab olaraq məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq dəbbə pulunun 10.000 manat təmin edildiyini bildirmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq
Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə cavabdeh "xxxx" MMC tərəfindən qismənyalnız cərimə və illik 5 faizlə faiz tutulması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1130/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizlə faiz tutulmasını tələb etmədiyi halda məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehdən 37.646 (otuz yeddi min altı yüz qırx altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutulmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına uyğundur.
25. Sözügedən qərarda qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
26. Hazırkı halda bank borcludan öhdəliyin icra müddəti bitdikdən sonra da faiz tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq öhdəliyin icra müddəti bitdikdən sonra əsas borc məbləğinə faizləri MM-nin 445.7-ci maddəsinə əsasən hesablamaqla illik 5%-lə təmin etmişdir.
27. Hakimin qətnaməni elan edərkən dəbbə pulu tutulması barədə hissəni elan etməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı araşdırma aparılaraq (sonuncu məhkəmə iclasının audio-vido yazısına baxış keçirilərək) müəyyən edilmişdir ki, hakim qətnamənin “qət etdi”hissəsini oxuyarkən tutulmuş dəbbə pulunun məbləği ilə bağlı hissəni unutsa da, iclas bağlı elan edilmədən dəbbə pulu ilə bağlı hissəni çıxarışdan oxumadığı üçün tərflərdən üzr istəyərək cavabdehdən eyni zamanda 10.000 manat dəbbə pulu tutulduğunu elan edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilmiş bu hal cərimə hissəsində iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normanın tələbinə əsasən məhkəmə hesab edir ki, mübahisə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması ilə bağlı yarandığından cavabdehdən tutulmuş dövlət rüsumunun məbləği dəyişdirilmədən saxlanılmalıdır.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1130/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1130/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.