Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-305/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və.s” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, CA seriyalı, 112356 nömrəli sığorta şəhadətnaməsi blankı ilə təsdiq edilmiş sığorta müqaviləsinin etibarsız sayılması, 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktını araşdırmaq üçün Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" ASC-yə şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi ilə sığortalıya istifadə hüququ verən “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” Şəhadətnaməsinə əsasən, 04 iyul 2020-ci il tarixində sonuncuya məxsus boya fabrikində baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən xitam edilmiş cinayət işi üzrə istintaqda zərərçəkmiş şəxslərin əmlakına dəymiş zərər üçün ödənilmiş 45381 manat sığorta ödənişi və 27047,08 manat dəbbə pulu olmaqla, ümumilikdə 72428,08 manat məbləğin "xxxx" ASC-dən tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. "xxxx" ASC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin, məhkəmə iş üzrə ekspertiza təyin edilməsi zamanı tərəfə münasibət bildirməsi üçün şərait yaratmamışdır. Habelə, Mülki Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Lakin, məhkəmə tərəfə ekspertiza zamanı baxılması zəruri olan sualları məhkəməyə təqdim etməsinə şərait yaratmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-101/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 2819/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. Prosessual qanunvericilikdə iş üzrə ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, eyni qərardadla iş üzrə icraat dayandırıldığından məhkəmə şikayəti mümkün hesab edərkən cavabdehin qərardadı bu hissədə mübahisələndirmək hüququnu nəzərə almışdır. MPM-nin 255.0.5-ci maddəsi iş üzrə ekspertiza təyin edərkən məhkəməyə icraatı dayandırmaq hüququ verdiyindən mübahisələndirilən qərardad qanuni və əsaslıdır. İddiaçıya izah edilmişdir ki, 395.2-ci maddəyə əsasən iş üzrə ekspertiza təyin edilməsinə, o cümlədən ekspertiza qarşısında qoyulmuş suallara etirazını yekun məhkəmə aktından apellyasiya şikayəti verəcəyi halda şikayətdə qeyd edə bilər. İstinad edilən normalara əsasən ekspertiza təyin edildiyi halda iş üzrə icraatı dayandırmaq hakimin hüququ olduğundan mübahisələndirilən qərardadların ləğvi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-305/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-305/2024
06.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver