Məhkəmə qərarları › İş №2-2(103)-306/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-306/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-306/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2799/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.000.000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-2799/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə da apellyasiya şikayəti ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-yə 2.000.000 (iki milyon) manat məbləğində borc vermiş, MMC də həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh MMC-nin 100 % paya malik olan yeganə təsisçisidir. İddiaçı həmin borcun tutulması tələbini irəli sürmüşdür. Cavabdeh iddianı etiraf edir. Göründüyü kimi tərəflər arasında mübahisə mövcud deyildir. Eyni zamanda Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və ya təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.1-7-ci maddəsində isə təsbit olunmuşdur ki, bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Cavabdeh MMC-nin Nizamnaməsində də qeyd olunmuşdur ki, Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh MMC-nin maliyyə dövriyyəsi 82.000.000 (səksən iki) milyon manatdan artıqdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə olmadığı üçün borcverən X1 borcalan Cavabdeh MMC-nin yeganə təsisçisi kimi müvafiq qərar qəbul etməklə 2.000.000 manat məbləğində borcun qaytarılmasını təmin etmək imkanına malikdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin məhkəmədə baxılmalı olmadığını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2799/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar