Məhkəmə qərarları › İş №2-2(103)-306/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-306/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-306/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndələri X2, X1, Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4724/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı mülkiyyətində olan Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx" MMCyə məxsus ticarət mərkəzində yerləşən mağazadakı qadın geyim malları "xxxx" ASC tərəfindən 069292 saylı sığorta şəhadətnaməsi əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmlakın yanğından və digər risklərdən sığortalanmışdır. Cəmi sığorta məbləği 50.000 manat müəyyən edilmişdir. 26 may 2021-ci il tarixdə həmin ticarət mərkəzində yanğın - sığorta hadisəsi baş vermiş və nəticədə ümumi sahəsi 13 ha olan ticarət mərkəzinin təxminən 2100 kv.metr sahəsində yerləşən geyim və digər malların satıldığı ticarət sahələri, eləcə də satış üçün nəzərdə tutulmuş sənaye, geyim və s. mallar yanğının təsirindən yanaraq məhv olmuşdur. Həmin yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinə baxmayaraq həmin cinayət törətmiş şəxsi müəyyən etmək mümkün olmamış və 02 oktyabr 2021-ci il tarixli qərara əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2021-ci il tarixində sığortaçı yanğın hadisəsi ilə bağlı mağazada yerləşən əmtəə mallarına dəymiş zərəri 9000 manat dəyərində qiymətləndirmiş, lakin sığortalı bu məbləğlə razı olmamışdır. xx.xx.2021-ci il tarixdə 1000 manat azadolma məbləği zərər məbləğindən çıxılmaqla 8000 manat sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi haqqında "xxxx" ASC tərəfindən bildiriş göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 may 2021-ci il tarixdə Bərdə rayonu, Güloğlular kəndində yerləşən ticarət mərkəzində yerləşən ona məxsus mağazanın yanması nəticəsində ona dəymiş olan 87001 manat ziyandan cavabdehlə arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən ödəməli olan 49800 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, yanğın nəticəsində digər mağazalar kimi, eynilə onun mağazasına da maddi ziyan dəymiş və faktiki olaraq mağazada olan bütün əmlakı məhv olmuşdur. Mağazada olan əmlakın ümumi dəyəri 87001 manat təşkil etmişdir. Qeyd olunan yanğından sonra müvafiq olaraq hazırkı iş üzrə cavabdehə tərəfindən müraciət edilmiş, lakin sığorta şirkəti dəymiş ziyana görə ödənişi etməkdən imtina etmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı zədələnmiş əmtəə mallarını fiziki olaraq sığortaçıya təqdim etməmişdir. O cümlədən, zədələnmiş əmtəə mallarına dair mülkiyyət hüququnu təsdiq edən sənədləri və s. sənədləri təqdim etməmişdir. xx.xx.2021-ci il tarixində sığortaçı yanğın hadisəsi ilə bağlı mağazada yerləşən əmtəə mallarına dəymiş zərəri 9000 manat dəyərində qiymətləndirmiş, lakin sığortalı bu məbləğlə razı olmamışdır. Müstəqil ekspert "xxxx" MMC-nin məlumatına əsasən sığortalı İddiaçı ekspertiza tədqiqatına tələb olunan sənədləri, yəni VÖEN-in surəti, 2021-ci il üzrə mühasibat kitabları, 2021-ci il üzrə vergi hesabatları, bəyənnamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan sənədlər, 2021-ci il üzrə əmtəə mallarına aid gömrük bəyənnamələri, 2021-ci il üzrə mallara dair elektron qaimə-fakturalar, 2021-ci il üzrə idxal gömrük bəyənnaməsi və bu bəyənnamə ilə bağlı hesab-faktura (invoys) və s. sənədləri ekspertizaya təqdim etməmişdir. Ona görə də ekspertizanın keçirilməsindən imtina edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4724/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndələri X5, X4, Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

11. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

12. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

13. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

17. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 934.1-ci maddəsi təşkil edir.

18. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

19. Belə ki, 26 may 2021-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində yerləşən mağazada baş vermiş yanğın sığorta hadisəsi hesab edildiyindən və həmin hadisə nəticəsində iddiaçıya məxsus sığortalanmış əmlaklar (geyim paltarları) yanaraq məhv edildiyindən, bununla da, cavabdehin Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən sığorta ödənişinin verməsi öhdəliyi yarandığından iddiaçı sığorta ödənişinin ödənilməsi tələb etməkdə haqlıdır.

20. Kollegiya qeyd edir ki, göstərilən hallar işin mübahisəsiz hallarını təşkil edir, tərəflərin mübahisələndirdiyi hal isə sığorta ödənişinin məbləği ilə bağlıdır.

21. İddiaçı bildirir ki, baş vermiş yanğın nəticəsində ona məxsus mağazada ümumi dəyəri 87001 manat məbləğində əmlaklar yanaraq məhv olmuşdur.

22. Cavabdeh isə bu hala etiraz edir və bildirir ki, qeyd olunan məbləğdə əmlakların mağazada mövcüd olması sübut olunmur və özlərinin hesablanmasına görə dəymiş zərər 9000 manat təşkil edir.

23. Kollegiya hesab edir ki, iddiaçı istinad etdiyi halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

24. Belə ki, işin 1-ci cildinin 8-11-ci vərəqəlrində olan ziyan aktı iddiaçının özü tərəfindən tərtib edilmişdir.

25. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qaimə fakturalar isə imzalanmadığına və lazımi qaydada təsdiq edilmədiyinə görə onların həqiqiliyini müəyyən etmək mümkün deyil.

26. Eyni zamanda iş materiallarında olan fotoşəkillərdən də mağazada olan malların qiymətləndirilməsi qeyri-mümkündür.

27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********555300 nömrəli məlumatların təqdim olunması haqqında məktuba əsasən də iddiaçının istinad etdiyi halların təsdiq olunduğu nəticəsinə gəlmək olmur.

28. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, fərdi sahibkar İddiaçı vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyənnaməsi məlumatlarına əsasən 2017-ci ildə 18000 manat, 2019-cu ildə 18000 manat, 2020-ci ildə 18300 manat, 2021-ci ildə 4000 manat, 2022-ci ilin doqquz ayı ərzində isə 4000 manat vergitutulan dövriyyəsi olmuşdur.

29. Bununla yanaşı işin hallarından müəyyən olunur ki, tərəflər arasında sığorta müqaviləsi bağlanarkən sığortaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən sığortalanan predmetə (əmtəə mallarına) baxış keçirmiş, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etmiş, sxem və cizgilər tərtib etməklə, foto çəkilişlər aparmaqla 10169 manat dəyərində qiymətləndirmişdir.

30. Belə olan halda isə qəbul edilməlidir ki, yanğın hadisəsi baş verən vaxt mağazada həmin məbləğdə əmlaklar olmuşdur.

31. Tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə şərtsiz azadolma məbləği isə 1000 manat təşkil edir (50000 manat məbləğində sığorta məbləğinin 2% miqdarında).

32. Bu baxımdan kollegiya hesab edir ki, baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 10169 manat, ödənilməli olan sığorta ödənişi isə tərəflərin razılaşdığı 1000 manat azadolma məbləği çıxılmaqla 9169 manat təşkil edir.

33. Ona görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə 9169 manat məbləğində pul vəsaiti tutulmalıdır.

34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, cavabdeh "xxxx" ASC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4724/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 9169 manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Cavabdeh "xxxx" ASC qətnamədən kassasiya şikayəti verə bilməz.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar