Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-307/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4847/2022 nömrəli 13 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 13706 manat (on üç min yeddi yüz altı manat) pul məbləği, 200 manat (iki yüz manat) mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və artıq ödənilmiş 131,12 manat (yüz otuz bir manat on iki qəpik) məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçının hesabına geri qaytarılmasının yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(113)-4847/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət vermişdir. Şikayətdə Mülki Məcəllənin 21.1, 21.2, 1114.1-ci maddələri, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 4.1.4-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələblərinin pozulmasına istinad edilərək qeyd edilmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hərrac xərcinin ödənilməsi ipoteka saxlayandan tələb olunduğu üçün hərrac təşkilatına ödənilmişdir. Odur ki, bankın ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hazırkı iddia məhkəmə predmeti olmaqla, icra mərhələsində həllini tapa bilməz və məhkəmədə baxılmalıdır. Belə ki, qanunvericilik bu kimi hallarda ipoteka saxlayanın hüquqlarını ön planda saxlayır. Həmçinin analoji iddia tələbi ilə (ödənilmiş hərrac xərci və vergilər) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş və iddia tələbimiz tam şəkildə təmin edilmişdir. Bundan başqa məhkəmə öz qərardadında işin icra mərhələsində həll edilməli olduğunu göstərsə də, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(103)-1570/2019 saylı qətnaməsindən yalnız kredit borcu və ekspertiza xərclərinə münasibət bildirilmiş, digər xərclər çıxıldıqdan sonra artıq qalan məbləğin Cavabdeh3 qaytarılmalı olması ilə bağlı göstəriş əks edilməmişdir. Odur ki, ödənilmiş həmin xərcin icra mərhələsində alınması mümkünsüzdür. Bundan əlavə, icra sənədi üzrə icraata artıq icra məmuru tərəfindən xitam verilmiş və qalıq məbləğ cavabdehə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(103)-1570/2019 saylı qətnaməsinə əsasən kredit müqaviləs üzrə 160483,81 (yüz altmış min dörd yüz səksən üç manat səksən bir qəpik) manat əsas, 57912,49 (əlli yeddi min doqquz yüz on iki manat qırx doqquz qəpik) manat faiz, 2000 (iki min) manat dəbbə pulu məbləğində, cəmi 220396,3 (iki yüz iyirmi min üç yüz doxsan altı manat otuz qəpik) manat borcun cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Şam oğlundan müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 75,7 kv.m, yaşayış sahəsi 39,7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı 109 saylı mənzilin ilkin satış qiymətinin 125000 manat və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 183,2 kv.m, yaşayış sahəsi 115,4 kv.m, yardımçı sahəsi 67,8 kv.m olan 3 otaqlı 12 saylı mənzilin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 75,7 kv.m, yaşayış sahəsi 39,7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı 109 saylı və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 183,2 kv.m, yaşayış sahəsi 115,4 kv.m, yardımçı sahəsi 67,8 kv.m olan 3 otaqlı 12 saylı mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə satılmasından əldə olunmuş pul vəsaiti hesabına borclu "xxxx" ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pulun cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, keçirilən hərraclarda iştirakçı olmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakların əldə edilməsinə razılıq vermiş və “X1 Mərkəzi” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YP-06 saylı və xx.xx.2021-ci il tarixli, YP-070 saylı “Hərracın nəticələri haqqında protokollar” və həmin tarixli “Hərracın yekunları üzrə alqısatq müqavilələri”nə əsasən ünvan 1 ünvanında yerləşən 109 saylı mənzil 79688 manat və ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil 194438 manat dəyərində "xxxx" ASC-yə satılmış, Bank tərəfindən fərq məbləği 62460 manat Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən 13706,00 manat hərracın keçirilməsi üçün xidmət haqqı “X1 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru X2 23 dekabr 2022-ci il tarixli qərarı ilə icra icraatına xitam verilmşdir. Həmin qərarda Bank tərəfindən Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülmüş 62460 manat fərq məbləğindən ekspertiza xərci və 7% icra ödənişi çıxıldıqdan sonra qalan 47114,76 manat məbləğin Cavabdeh3 bank hesabına köçürüldüyü və icra sənədinə “İcra haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.1.5-ci maddəsinə əsasən xitam verildiyi göstərilmişdir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia qaldıraraq, həmin xidmət haqqı kimi ödədiyi 13706 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Həmin Qanunun 74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə, ipoteka saxlayanın tələbi tam həcmdə təmin edilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1 ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2 bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İcra haqqında” Qanunun qeyd olunan müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir. Ona görə də, hərracın keçirilməsi ilə əlaqədar xidmət haqqının icra işi üzrə borclulardn tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizərə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əlavə olaraq kollegiya qeyd edir ki, digər məhkəmə tərəfindən analoji mübahisəyə mahiyyəti üzrə baxılması və ya icra məmuru tərəfindən icra icraatına xitam verilməsi “İcra haqqında” Qanunun, “İpoteka haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan müddəalarının tələblərini aradan qaldırmır və ya onların pozulmasına əsas vermir. Eyni zamanda, hazırki işin hallarından müəyyən edilir ki, icra məmuru onun depozitinə köçürülmüş pul vəsaitindən hərrac xərclərini çıxmadan icra ödənişi ilə bağlı məbləği çıxmış və icra icraatına xitam vermişdir. “İcra haqqında” Qanunun 20.5 və 20.6-cı maddələrində isə göstərilmişdir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4847/2022 nömrəli 13 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-307/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-307/2023
24.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver