Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-308/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-1267/2019 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 37542,50 manat məbləğində borcun, 12.689,36 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumu kimi 30 manat, ümumilikdə 50.261,86 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə Cavabdeh tərəfindən ödənilməli olan 37542,50 manat məbləğində borcu ödənilməmiş, qeyd edilən borcun ödənilməsi məqsədi ilə cavabdehə xx.xx.2019-cu il tarixdə pretenziya göndərilərək yaranmış 37542,50 manat pulun ödənilməsi tələb edilmiş, lakin bu günə qədər ödəniş təmin edilməmişdir. xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 6.1.3-cü maddəsinin tələblərinə əsasən, alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə, hər gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 0,1 faiz həcmində dəbbə pulu ödəməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-6382/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 1267/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-1267/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarına, 4 ədəd qaiməyə sübut kimi qiymət verilməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallar araşdırılmamışdır. Cavabdeh ilə aralarında bağlanmış distribüter müqaviləsinin 9.1.2-ci bəndinə əsasən yaranmış borc məbləğinin təqvim ili başa çatmadan ödənilməli olması göstərlimişdir. Lakin Cavabdeh öhdəsinə düşən öhdəlikləri yerinə yetirməkdən bilərək yayınmış, borcunu ödəməmişdir. Halbuki həmin müqavilənin 13.1-ci bəndində müqavilə şərtlərini yerinə yetirməməklə Azərbaycan Respublikası qanunları qarşısında məsuliyyət daşıması qeyd olunmuşdur. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlu apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-1267/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “X6” MMC (Baş distribüter) və Cavabdeh (Distribüter) arasında bağlanan Malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair CPSD 005/16 nömrəli xx xxxxxx 2016-cı il tarixli müqavilədən görünür ki, “Baş distributor” satdığı və bu müqavilənin ayılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarının satış hüququnu “Distribüter”ə verir. Müqaviləyə Əlavə 1-də “Distribüter”ə satış hüququ verilən mallar (sement məhsulları), onların qiymətləri və satış hüququ verilən ərazi (Göyçay rayonu) qeyd edilmişdir. Müqaviləyə Əlavə-2-də 2016-cı il üzrə satış planı nəzərdə tutulmuşdur. İddia ərizəsində qeyd edilən müqavilənin malların alqı-satqı müqaviləsi olduğu qeyd edilsə də, müqavilənin məzmunundan və işin araşdırılan hallarından aydın olur ki, müqavilə tərəflər arasında “distribüterlik”, yəni satış hüququ verilməsi ilə bağlı hüquq münasibətlərini tənzimləmişdir. Qeyd edilən müqaviləyə əsasən iddiaçı cavabdehə özünün “Baş Distribüter” kimi satış hüququna malik olduğu X4 istehsal edilən sement məhsullarına satış hüququ verilmişdir. İddiaçı cavabdehin sifarişi əsasında ayrı-ayrı hüquqi şəxslərə təhvil verilmiş mallara görə 37.542,50 manat məbləğində pul vəsaitinin qeyd edilən müqaviləyə əsasən cavabdeh tərəfindən ödənilməli olduğunu iddia edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı iddianın əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandıqdan sonra 10 gün müddətində “Distribüter” (cavabdeh) tərəfindən malların təchiz olunması üçün “Baş Distribüterə” (iddiaçıya) yazılı sifariş verilməli və “Distribüter” tərəfindən verilmiş sifarişin dəyəri Baş Distribüterə əvvəlcədən ödənildikdən sonra malların təchizinə başlanılmalı idi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya dəyəri tələb edilən malın təchizatı ilə bağlı yazılı sifariş verməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən izahatında həmin mallarla bağlı sifarişin şifahi olaraq verildiyini bildirmişdir. Cavabdehin iddiaya yazılı etirazında, birinci instansiya və apellyasiya instansiyası məhkəməsində vəkili tərəfindən verilən izahatlarda bildirilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli müqavilə əsasında iddiaçıdan mal almamışdır. Belə olan halda, malın əvvəlcədən dəyəri ödənilmədən cavabdehə və ya onun səlahiyyət verdiyi şəxsə təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli əmtəə nəqliyyat qaimələrinə əsasən cəmi 400 kisə sement məhsulunun, xx.xx.2016-cı il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən 400 kisə sement məhsulunun yük göndərən X5 tərəfindən iddiaçıya təhvil verildiyi müəyyən olunur. İş materiallarına surətləri əlavə edilmiş xx.xx.2016-cı il tarixli 006015 saylı, xx.xx.2016-cı il tarixli 006221 saylı yol vərəqələri isə sement məhsulunun iddiaçının öz sürücüləri tərəfindən Qazax marşrutu üzrə daşındığını təsdiq edir. Qeyd edilən sənədlərdə cavabdehin imzası olmadığından və həmin malların təchizatının cavabdeh tərəfindən sifariş verildiyi təsdiq edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ayrı-ayrı müştərilərə təhvil verilmiş sement məhsullarının dəyəri “Distribüter”dən, yəni cavabdehdən deyil, malları faktiki əldə etmiş müştərilərdən tələb edilməlidir. İşə baxmış məhkəmə işin faktiki hallarına, o cümlədən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verdiyindən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-1267/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 1267/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-308/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-308/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver