Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-309/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5682/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci maddəsinə əsasən müqavilə və onun ayrılmaz hissəsi sayılan X3 qeyd olunanlara uyğun olaraq icarəyə verənin ona məxsus texnikaları icarəçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində icarəçi icarəyə verənə xidmət haqqı ödəyir; -2.2-ci bəndinə əsasən icarəçi iş günləri iş vaxtından artıq və istirahət günləri icarə predmetini və işçiləri işlədərsə, işçilərə əmək qanunvericiliyilə müəyyən edilmiş qaydada və hədlərdə əmək haqqı ödənilməsi üçün texnikanın işə artıq işlədilməsinə görə bu müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqından əlavə hər artıq işlədilmiş saata görə icarəyə verənə əlavə vəsait ödəməlidir; -2.5-ci bəndinə əsasən icarəçi müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ay üçün növbəti ayın 5-dən gec olmamaq şərtilə icarəyə verənin hesabına köçürməlidir. Bu ödənişlərə müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş əlavə ödənişlər də daxil edilir; -2.7-ci bəndinə əsasən müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş hallarda, eləcə də icarəçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində (texnikanın yanacaqla təmin edilməməsi, texnikanı idarə edən işçilərin vaxtında iş yerinə gətirilməməsi və s.), habelə texnikanın istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri üçün ödəməyə borcludur. Gündəlik və aylıq görülmüş işləri əks etdirən sənədlər icarəçiyə təqdim edildikdə, o, sənədləri bir gün ərzində təsdiq etməlidir. Təqdim edilmiş sənədləri bu və ya digər səbəbdən icarəçi beş gün ərzində təsdiq etmədikdə, bu müddətdən sonra sənədlər təsdiq edilmiş sayılır və ödənişə yönəldilir. İcarəyə verilmiş texnika gündəlik 10 saatdan əlavə işləyərsə, həmçinin bazar, bayram, dövlətin təyin etdiyi qeyri-iş günləri həmin saatlar məsai (overtime) hesablanacaq; -2.9-cu bəndinə əsasən icarəçi ödənişi gecikdirərərsə, gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində "İcarəyə verən"ə peniya ödəyir; -2.10-cu bəndinə əsasən bayram, dövlətin təyin etdiyi qeyri-iş günləri, bazar günlərində texnikalar xidmət göstərməsələr (İstirahət günü olarsa), həmin gün üçün icarə haqqı tam ayın icarəsi kimi hesablanacaq; -2.13-cü bəndinə əsasən icarə müddəti "Texnika" İcarəyə verən"in qarajından çıxan gündən və "İcarəyə verən"in qarajına qayıdanadək hesablanır; -2.14-cü bəndinə əsasən icarə müddəti 1 aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablanır, "İcarəçi" tərəfindən "İcarəyə verənə ödənilir; -2.15-ci maddəsinə əsasən icarə haqqı "Texnikaların" "İcarəyə verən"in Suraxanıdakı qarajından çıxan tarixdən həmin qaraja qayıdanadək hesablanır; 4.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin icrası tərəflər üçün məcburidir; -4.2-ci bəndinə əsasən müqavilənin şərtlərinin tərəflərin, habelə qeyrilərinin mülahizəsi ilə təfsirinə (kommentariya) yol verilmir. Onları yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə qanunları tətbiq edərkən təfsir edə bilər.
2. xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 saylı “Qiymət razılaşdırma protokolu”ndan məlum olur ki, İddiaçı MMC Cavabdeh MMC-yə hər birinin qiyməti 8200 manat (ƏDV xaric, 1 ayda 26 iş günü/10 saat) olan 3 ədəd texnika icarəyə vermişdir (overtime hər biri üzrə qiyməti 47 manat). Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 4-cü bəndinə əsasən icarə qiymətinə yanacaq, operatorun yeməyi, qalmaq üçün yer və iş yerinə aparıbgətirilməsi daxil deyil; 5-ci bəndinə əsasən icarə müddəti texnikaların icarəyə verənin Suraxanı qarajından çıxan və həmin qaraja qayıdanadək sayılır; 6-cı bəndinə əsasən texnikaların istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, o cümlədən natamam iş günü icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri kimi ödəməyə borcludur.
3. xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 2 saylı “Qiymət razılaşdırma protokolu”ndan məlum olur ki, İddiaçı MMC Cavabdeh MMC-yə qiyməti 5000 manat (ƏDV xaric, 1 ayda 26 iş günü/10 saat) olan 1 ədəd texnika icarəyə vermişdir (overtime qiyməti 29 manat). Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 10-cu bəndinə əsasən icarə qiymətinə yanacaq, operatorun yeməyi, qalmaq üçün yer və iş yerinə aparıb-gətirilməsi daxil deyil; 11-ci bəndinə əsasən icarə müddəti texnikaların icarəyə verənin Suraxanı qarajından çıxan və həmin qaraja qayıdanadək sayılır; 12-ci bəndinə əsasən texnikaların istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, o cümlədən natamam iş günü icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri kimi ödəməyə borcludur.
4. xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən “Texnikaların icarəsinin qəbulu haqqında” 1 nömrəli aktda müqavilə üzrə texnikaların iyul 2023-cü il müddətində icarəyə verildiyi və tərəflərin bir- birlərinə qarşı heç bir iradının olmaması qeyd olunur və göstərilmiş xidmətin ümumi dəyərinin ƏDV daxil 12075,30 manat olmasını tərəflər təsdiq edirlər. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
5. xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən “Texnikaların icarəsinin qəbulu haqqında” 2 nömrəli aktda müqavilə üzrə texnikaların avqust 2023-cü il müddətində icarəyə verildiyi və tərəflərin bir-birlərinə qarşı heç bir iradının olmaması və göstərilmiş xidmətin ümumi dəyərinin ƏDV daxil 29338,98 manat olması qeyd olunur. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapır. Akt İddiaçı MMC tərəfindən imza və möhür ilə təsdiqlənsə də, Cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir.
6. xx.xx.2023-cü il tarixli EBDL seriyalı, 816633 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12075,30 (ƏDV daxil) manat təşkil edir. Əsas kimi 2023-cü ilin iyul ayının icarə haqqı qeyd olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli EBDO seriyalı, 086507 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29338,97 (ƏDV daxil) manat təşkil edir. Əsas kimi 2023-cü ilin avqust ayının icarə haqqı qeyd olunmuşdur.
8. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 7380 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsas qrafasında “xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən əvvəlcədən ödəniş qeydi” edilmişdir.
9. Köçürmənin aparılması haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV subuçot hesabına xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən 1328,4 manat ƏDV məbləği ödənilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli 316 saylı dəbbə pulunun hesablanması qaydasına dair arayışda qeyd olunur ki, Cavabdeh MMC-nin ödəməli olduğu dəbbə pulu ƏDV daxil 83260,64 manatdır.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 150 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) bank günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
12. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, əsas məbləği 27716,85 manat, ƏDV-si 4989,04 manat olmaqla, ümumilikdə 32705,89 manat borc, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 83260,64 dəbbə pulu və ödənilmiş 339,78 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcarəyə verən”) və Cavabdeh MMC arasında (“İcarəçi”) icarəyə verənə məxsus texniki avadanlıqların icarəyə verilməsinə dair 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi bağlanılmışdır. İcarə haqqı, icarəyə verilən avadanlıqların siyahısı, icarə müddəti 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi hesab edilən X1 əsasən müəyyən edilib. Qeyd edilən müqavilənin 1 və 2 saylı X1 əsasən icarəyə verən icarəçiyə 4 texnikanı icarəyə verir. Texnikaların icarə məbləği ƏDV xaric 35096,85 manat, ƏDV məbləği 6317,44 manat olmaqla, cəmi 41414.27 manat təşkil edib. Qeyd edilən məbləğə uyğun icarəyə verən tərəfindən icarəçiyə xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 816633 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 086507 nömrəli elektron qaimə faktura və təhviltəslim aktı göndərilmişdir. İcarəçi tərəfindən müqavilənin ayrılmaz hissəsi hesab edilən X1 əsasən məbləğin 30%-i, yəni ƏDV xaric 7380 manat əvvəlcədən ödənilir. Lakin qalan məbləğlər bu günə kimi ödənilməyib. Hal-hazırda ödənilməmiş icarə haqqından borc məbləği ƏDV xaric 27716,85 manat təşkil edir. Müqavilənin 2.9-cu bəndinə əsasən icarəçi ödənişi gecikdirdiyi təqdirdə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində icarəyə verənə penya ödəyir. xx.xx.2024-cü il tarixinə dəbbə pulu 83260,64 manat təşkil edir. Bu isə cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi deməkdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə istinad olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il e-2-2(113)-5682/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 04 iyul 2023-cü il tarixli, xxxx/2023 saylı icarə müqaviləsi üzrə 27716,85 manat əsas, 4989,04 manat ƏDV məbləği olmaqla, cəmi 32705,89 manat, 1000 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,76 manat olmaqla, ümumilikdə 33804,65 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023cü il tarixli, xx-xx/2023 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin şərtlərinə əsasən müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan X2 qeyd olunanlara uyğun olaraq icarəyə verənə məxsus texnikalar cavabdehin verdiyi sifarişlər əsasında xidmət edir və bunun müqabilində iddiaçıya haqqı ödənilir. Aktlar və elektron qaimələrlə bağlı ilk öncə qeyd olunmalıdır ki, əvvəla, həmin sənədlərdə xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı müqaviləyə istinad olunur, halbuki tərəflər arasında qeyd olunan tarixli müqavilənin bağlanması müəyyən olunmur. Tərəflər arasında bağlanan müqavilənin tarixi xx.xx.2023-cü il, nömrəsi xx-xx/2023-dür. Məhkəmə işdə olan sənədləri, orada olan məlumatları qarşılaşdıraraq hesab etmişdir ki, akt və qaimələrdə xx.xx.2023-cü il tarixi səhvən xx.xx.2023-cü il kimi göstərilmişdir və bu texniki səhv kimi qəbul edilməli, əslində xx.xx.2023-cü il tarixli müqavilənin nəzərdə tutulduğu diqqətə alınmalıdır. xx.xx.2023-cü il tarixli “Texnikaların icarəsinin qəbulu haqqında” 1 nömrəli akt və müvafiq elektron qaiməni (məbləğ ƏDV daxil 12075,30 manat təşkil edir), yəni müvafiq xidmətin göstərilməsi və həmin məbləğin ödənilməli olmasını cavabdeh mübahisələndirməmişdir. Mübahisəli hal xx.xx.2023-cü il tarixli “Texnikaların icarəsinin qəbulu haqqında” 2 nömrəli akt (ümumi məbləğ ƏDV daxil 29338,98 manat) və müvafiq elektron qaimə ilə bağlı olmuşdur. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapmışdır. Həmin akt İddiaçı MMC tərəfindən təsdiqlənsə də, cavabdeh tərəfindən təsdiq edilməmişdir. Məhkəmənin qənaətinə əsasən həmin akt və akta əsasən müvafiq olaraq göndərilmiş elektron qaimə sübut kimi qəbul olunmalıdır. Belə ki, məhkəmə nəzərə almışdır ki, müqavilə şərtlərinə əsasən gündəlik və aylıq görülmüş işləri əks etdirən sənədlər icarəçiyə təqdim edildikdə, icarəçinin sənədləri bir gün ərzində təsdiq etmək, təqdim edilmiş sənədləri bu və ya digər səbəbdən icarəçi beş gün ərzində təsdiq etmədikdə, bu müddətdən sonra sənədlərin təsdiq edilmiş sayılması və ödənişə yönəldilməsi barədə şərtlər mövcuddur. İkinci akt cavabdeh tərəfindən təsdiq edilməmiş, iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimə göndərilmişdir. Elektron qaimə geri qaytarılmamış, keçən müddət ərzində iddiaçıya bununla bağlı hər hansı etiraz bildirilməmiş, həmin hala dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də qeyd olunan akt və elektron qaimə sübut qismində qəbul olunur. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi üzrə 27716,85 manat borc, 4989,04 manat ƏDV məbləği tutularaq İddiaçınə ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları üzrə öz təsdiqini tapır. Belə ki, iki elektron qaimə üzrə əsas məbləğ 35096,83 manat (24863,54+10233,31=35096,83) olmuş, həmin məbləğdən 7380 manat ödənilmiş, qalıq məbləğ 27716,85 manat (35096,83- 7380=27716,85), ƏDV məbləği 6317,44 manat (1842+4475,44=6317,44) olmuş, həmin məbləğdən 1328,4 manat ödənilmiş, qalıq ƏDV məbləği 4989,04 manat (6317,44- 1328,4=4989,04 manat təşkil etmişdir. Bundan əlavə, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 83260,64 dəbbə pulunun tutulmasını xahiş etmişdir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Müqavilə şərtlərinə əsasən icarəçi ödənişi gecikdirərsə, gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində "İcarəyə verən"ə peniya ödəyir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 1000 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir. Eləcə də, iddiaçı 339,78 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 98,76 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5682/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə bağlayarkən öhdəliyin icrasının gecikdirdiyi halda hər gün üçün borcun 1%-i həcmində peniya ödəniləcəyini bilirdi. Müqavilə üzrə cavabdehin iddiaçıya borcu ədv daxil olmaqla 32 705,89 manat təşkil edir. xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 83 260,64 manat dəbbə pulu təşkil edir. Əslində cavabdeh müqavilə üzrə öhdəliyini hələ də yerinə yetirmədiyindən dəbbə pulunun məbləği də daha artıb. Məhkəmə prossesi müddət alacağını nəzərə alsaq hesab edir ki, dəbbə pulunun cəmi 1000 manat məbləğində tutulması ədalətsizdir. “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” Hesab edir ki, məhkəmə 1000 manat məbləğində dəbbə pulunun tutulmasını qət etməklə, cavabdehin əmlak, həm də əsaslı mənafeyini nəzərə almayıb. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi.
20. Cavabdehin qanuni təmsilçisi apellyasiya şikayətinə etiraz edərək iddianın təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən təmin edilməyən hissədə, yəni 82260,64 manat məbləğində dəbbə pulunun tutulması tələbinə dair iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir.
27. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin icarə müqaviləsi üzrə ƏDV daxil 32705,89 manat məbləğində icarə haqqı borcunun ödənilməsinin gecikdirilməsinə görə tələb etdiyi 83260,64 manat məbləğində dəbbə pulunu tənasüb surətdə yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaltmaqda haqlı olsa da, tutulmalı olan dəbbə pulunun məbləğini 1000 manat məbləğində müəyyənləşdirərkən cavabdehin icarə müqaviləsi üzrə icarə haqqı ödəmək öhdəliklərini 1 ildən artıq müddət ərzində gecikdirməsini, nəticədə kreditorun həmin müddət ərzində sözügedən pul vəsaitindən dövriyyədə istifadə etmək imkanından məhrum olmasını, yəni kreditorun əmlak mənafelərini nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə qətnamə dəyişdirilərək cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməlidir.
28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin cüzi hissəsi (tələb edilən 82260,64 dəbbə pulu məbləğinin 1000 manat hissəsi (təxminən 1 %) təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5682/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı olan dəbbə pulu 2000 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov