Məhkəmə qərarları › İş №2-2(103)-31/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-31/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-31/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, sonradan xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681.159,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 15590,95 manat faiz borcu, 115797,07 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87230,42 manat borc olmaqla, cəmi 899777,53 manat məbləğində borcun, xx.xx.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 351405,16 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14827,28 manat borc olmaqla, cəmi 2419232,44 manat məbləğində borc və odənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(103)-30/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1ndən xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 681001,42 manat əsas borc, 15436,03 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87230,42 manat borc, 20000 manat cərimə borcu olmaqla, cəmi 803667,87 manat, xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2052999,97 manat əsas borc, 351405,16 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14827,28 manat borc olmaqla, cəmi 2419232,41 manat məbləğində pulun və 29 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3222929,28 manat məbləğində pulun ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı1 ASC-yə olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğin Cavabdeh2 qaytarılması, əmlakın ilkin satış qiymətinin 7.020.000 manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun Cavabdeh1 MMC-dən tutulması, ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən apelyasiya şikayətləri verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kredit borcunu ekspert rəyini əsas tutaraq müəyyən etmişdir. Ekspert tərəfindən ödənilmiş məbləğlər üzrə silinmələr düzgün həyata keçirilməmişdir. Borclu kredit ödənişlərində gecikmələrə yol verdiyi üçün faizlər müqavilə şərtlərinə uyğun olaraq ikiqat hesablanmışdır. Kreditorla borclu arasında münasibətlər müqavilə ilə tənzimləndiyindən faizlər hesablanarkən müqavilənin şərtləri nəzərə alınmalı idi. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin qismən-kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2016-ci il tarixli sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş, dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də, məhkəmə kredit borcu üzrə tutmanın mülkiyyətində olan əmlaka yönəldilməsi hissəsində iddianı təmin etməklə qanun pozuntusuna yol vermişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh1 MMC-nin hüquqi ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda yerləşmədiyindən geri qaytarılmış, işdə cavabdehin faktiki ünvanı olmadığından məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırda iddianın əsası kimi Cavabdeh1 MMC ilə bağlanmış iki kredit müqaviləsinə istinad edilmişdir. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən bank borc alana 48 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 700.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan banka xx.xx.2016-cı il tarixədək 224.000 manat faiz ödəməli idi. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 3.200.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan xx.xx.2019-cu il tarixədək banka 576.000 manat faiz ödəməli idi. İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış xx xxx 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən hər iki kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən sonrakı ipoteka predmeti Azərbaycan Respublikası Mərkəzi Bank ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri- yaşayış binasıdır 22 fevral 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 23 aprel 2018-ci il tarixli, **********492 saylı pretenziya məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli, 04 saylı və xx.xx.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətində LPO İddiaçı1 ASC-yə tam ödənilməsi tələb olunmuşdur. xx.xx.2012-ci il tarixli, 04 saylı Kredit müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh1 MMC xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əsas borc ******* manat, faiz borcu 576000 manat olmaqla, cəmi ******* manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli, 04/2 saylı Kredit müqaviləsinə Əlavədən (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, Cavabdeh1 MMC xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək əsas borc 700000 manat, faiz borcu 224000 manat olmaqla, cəmi 924000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5504 saylı ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış 04 saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə xx.xx.2016-cı il tarixə olan cəmi borcu 696437,46 manat (əsas borc 681001,42 manat, faiz borcu 15436,03 manat) məbləğində, xx xxxxxxxx 2018-ci il tarixə (qərardadın tarixinə) olan cəmi borcu isə 757349,25 manat (əsas borc 681001,42 manat, faiz borcu 76347,83 manat) məbləğində müəyyən olunmuşdur. Həmin müqavilə üzrə borclu tərəfindən iddiaçıya 226974,47 manat pul vəsaiti ödənilmiş, həmin məbləğin 18998,58 manatı əsas borc üzrə, 207975,89 manatı faiz borcu üzrə silinmişdir. 04/2 saylı, xx xxx 2016-cı il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə xx.xx.2019-cu il tarixə olan cəmi borcu 2404405,13 manat (əsas borc 2052999,97 manat, faiz borcu 351405,16 manat) məbləğində müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, sözügedən müqavilə üzrə cəmi 14589,70 manat pul ödənilmiş, həmin məbləğin 0,03 manatı əsas borca, 14589,67 manatı faiz borcuna silinmişdir. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə A- 04/341 saylı, xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına baxış keçirilməsi üçün şərait yaradılmadığından və dəfələrlə baxış keçirilməsi üçün sahibkara müraciətlər olunsa da, müraciətlər rədd olunduğundan əmlak müqayisəli şəkildə qiymətləndirilmiş və daşınmaz əmlakın xx xxx 2020-ci il tarixə ilkin satış (likvid) qiyməti 7.020.000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları və ekspert rəyini əsas götürərək və MM-nin 385.1, 386, 442, 443.1, 448.1, 467-ci, 739.1, 739.2, 467-ci maddələrinə istinad edərək iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən 115797,07 manat cərimə borcunu MM-nin 467-ci maddəsinə əsasən azaldaraq 20.000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən müqavilə üzrə tutulmuş cərimə məbləği ağlabatan məbləğ olduğundan qətnamənin həmin hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. İddiaçı apelyasiya şikayətində xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun, xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə əsas borcun ekspert tərəfindən müqavilə şərtləri nəzərə alınmadan hesablandığını göstərmişdir. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən 681.159,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 15590,95 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun tutulmasını xahiş etmiş, məhkəmə ekspert rəyini əsas götürərək xx.xx.2012-ci il tarixli, 04 saylı müqavilə üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixə 681001,42 manat əsas borc, 15436,03 manat faiz borcunun, xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2052999,97 manat borcun tutulması barədə nəticəyə gəlmişdir. Ekspert rəyinin təsviri və nəticə hissəsindən, rəydə ekspert tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, kredit borcunun hesablanması zamanı tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmışdır. İddiaçının nümayəndəsi ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissəsində səhv olduğunu izah edə bilmədiyindən, apelyasiya şikayəti yalnız ümumi sözlərlə əsaslandırıldığından məhkəmə iddiaçının apelyasiya şikayətini əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə hesab edir ki, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilə bilməz. İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış xx xxx 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək ipoteka qoyanın, yəni Cavabdeh2 vəzifələrinə aid edilmişdir. Müqavilənin 8.4-cü bəndində nəzərdə tutulmuşdur ki, ipoteka qoyan və borcalan bu müqavilənin vaxtında və düzgün qeydiyyatdan keçirilməsinə görə məsuliyyət daşıyır. İpoteka müqaviləsi ipoteka qoyanın və ya borcalanın təqsiri üzündan vaxtında və düzgün dövlət qeydiyyatına alınmadığı halda ipotekasaxlayan vaxtından əvvəl kredit müqaviləsinə xitam verə bilər. İşin araşdırılan hallarından görünür ki, İddiaçı1 ASC-nin təsisçilərindən biri olmuş Cavabdeh2 sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin tələblərinə əməl etməmiş, müqavilənin notarial qaydada rəsmiləşdirilməsini və dövlət qeydiyyatına alınmasını təmin etməmiş, lakin buna baxmayaraq bank tərəfindən kredit vəsaiti borcalan Cavabdeh1 MMC-yə təqdim edilmişdir. Cavabdeh2 hazırda apelyasiya şikayətində sonrakı ipoteka müqaviləsinin lazımı qaydada rəsmiləşdirilməməsi əsası ilə əmlaka tələb yönəldilməsi barədə iddianın rədd edilməsini, dolayısı ilə əqdin bağlanması üçün qanunla nəzərdə tutulmuş məcburi formaya riayət edilməməsi ilə bağlanmış əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqini xahiş edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, 10.4-cü maddələrində ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğu və dövlət qeydiyyatına alınmalı olduğu nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Qeyd edilən normadan aydın olur ki, dövlət qeydiyyatına alınmalı olan hüququn qeydiyyata alınmaması özlüyündə əqdin etibarsızlığı ilə bağlı hüquqi nəticə doğurmur, lakin əqdin qanunla müəyyən edilmiş formada bağlanmaması onun etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunla müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanmış əqd əhəmiyyətsiz əqddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilən normadakı müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Cavabdeh2 xx xxx 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə müqavilənin bağlandığı tarixdən bir il ərzində iddia qaldırmamışdır. Buna görə də məhkəmə cavabdehin apelyasiya şikayətini əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar