Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-311/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı icarəsi müqaviləsinə xitam verilməsi, icarə haqqı borcunun, cərimənin, elektrik borcunun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2885/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməsi və cavabdehdən 7500 manat ödənilməmiş icarə haqqı borcunun, 1350 manat ƏDV borcunun, 2655 manat gecikdirilmiş günlər üçün cərimə borcunun, 131.74 manat elektrik borcunun, cəmi 11636.74 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2019cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən "Caspian Plaza”da 75 kv.metr ofis sahəsi icarəyə verilmişdir. İcarəçi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 1500+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Hazırki müqavilə üzrə cavabdeh mart ayından etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 7500 manat ödənilməmiş icarə haqqı borcu, 1350 manat ƏDV borcu, 2655 manat gecikdirilmiş günlər üçün cərimə borcu və 131.74 manat elektrik borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. Eyni zamanda xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, müqaviləyə xitam verilməsi barədə iddiaçı tərəfindən müqavilənin 7.3-cü maddəsinə əsasən, xx xxxxxx 2020-ci il tarixində xitam bildirişi göndərilmişdir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, İcarəçi Kommunal Xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. Hazırki müqavilə üzrə cavabdehin 131.74 manat ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1(bir) faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 17.70 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 150 gün üçün 2655 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2885/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləsinə xitam verilməsi və Cavabdehndən 3628,5 manat ödənilməmiş icarə haqqı borcu, 796,5 manat ƏDV borcu, 200 manat cərimə, 40,44 manat elektrik borcunun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini 2020-ci ilin mart ayına kimi lazımı qaydada yerinə yetirmiş, 2020-ci ilin mart ayından Azərbaycan Respublikası ərazisində Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə karantin rejimi tətbiq olunduqdan sonra cavabdeh icarə haqqını ödəyə bilməmişdir. Məhkəmənin koronovirusun yaratmış olduğu vəziyyətin şəraitin əhəmiyyətli dəyişməsi halı olması barədə yanaşması ilə cavabdeh tam razıdır və hesab edir ki, məhkəmə bu hissədə düzgün hüquqi mövqe tutmuşdur. Lakin, məhkəmənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi müqavilə üzrə öhdəliyin icra edilməməsi üçün əsas olub-olmaması ilə bağlı qeyd etdiyi dəyərləndirməsi Mülki Məcəllənin müddəalarının tələblərinə uyğun deyildir. Belə ki, məhkəmənin karantin rejimin tətbiqi ilə yaranmış vəziyyətin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı olduğunu qəbul etməklə Mülki Məcəllənin 422.2-ci maddəsinin aşağıdakı şərtlərinin bu işdə mövcud olduğunu təsdiq etmiş sayılır. Müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər (maddə 422.2.1); b. Şəraitin dəyişməsini doğuran səbəblər maraqlı tərəf tərəfindən müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz (maddə 422.2.2); c. Müqavilənin icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətən o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurar ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun (maddə 422.2.3); d. Şəraitin dəyişməsi riskini maraqlı tərəf daşımır (maddə 422.2.4) Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu aşağıdakı şərtlərin mövcudluğunu sübuta yetirərsə, öhdəliyin pozulmasına görə məsuliyyət daşımır: a. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini; b. müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını. Hazırkı işdə isə, öhdəliklərin icra edilməməsi səbəbi məhkəmənin də qəbul etdiyi kimi karantin rejimin yaratmış olduğu vəziyyət nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halıdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının nə “fərddən asılı olan səbəb”, nə də “fərd ilə əlaqədar olan səbəb” olmadığını nəzərə aldıqda Mülki Məcəllənin 684.2-ci maddəsi hazırkı işdəki iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə tətbiq olunmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2885/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildyi hissədə mübahisələndirildiyindən apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan (elektron qaydada yüklənmiş) tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinin surətindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC, "Caspian Plaza”nın 8-ci mərtəbəsində yerləşən 75 kv.metr sahəsi olan ofisi xx.xx.2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək ƏDV-siz 1500 AZN aylıq icarə haqqı qarşılığında Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsinin 4.2-ci bəndində icarəyə götürülmüş sahədə kommunal xidmətlərə görə ödənişlərin həyata keçirilməsi icarəçinin vəzifəsinə aid edilmişdir. İcarə müqaviləsinin 7.3-cü bəndində nəzərdə tutulmuşdur ki, icarəçi 4.2-ci bənddə nəzərdə tutulmuş öhdəliklərini icra etmədikdə həmin öhdəlikləri icrası ilə bağlı yazılı bildiriş göndərilir, yazılı bildirişi qəbul etdiyi tarixdən 10 gün ərzində öhdəliklər icarə edilməzsə icarəyəverən müqaviləyə xitam vermək hüququna malikdir. İcarə müqaviləsinin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizi məbləgində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 2020-ci ilin mart, aprel, may¸ iyun və iyul ayları üçün icarə haqqı borcunun ödənilməsi tələb edilmiş, əks halda müqavilənin 7.3-cü bəndinə əsasən müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilmiş bildirişlə icarə müqaviləsinə 0.08.2020-ci il tarixdən xitam verildiyi bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsində 2020-ci ilin mart ayından cavabdeh tərəfindən icarə haqqının ödənilmədiyini göstərərək 7500 manat icarə haqqı borcunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığı ilə cavabdeh iddiaçının hesabına mart, may, iyun ayı üçün 4425 manat icarə haqqı ödəmişdir. Eyni zamanda xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar –may ayı üzrə 91 manat 30 qəpik işıq pulu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında cavabdeh 2020-ci ilin mart-iyul ayları üçün icarə haqqı borcu ƏDV daxil 8850 manat təşkil etdiyi halda cavabdeh həmin borcu iddia qaldırıldıqdan sonra qismən- 4425 manat məbləğində ödəmiş, 4425 manat borcu (3628,5 manat+796,5 manat ƏDV), o cümlədən 40,44 manat elektrik borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.1-ci, 421.2-ci, 422.1, 422.2, 423.2-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci, 467-ci, 684.2-ci, 700.1-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən istinad edərək iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etmədiyi işin mübahisəsiz halı olduğundan müqavilənin ləğv edilərək, icarə müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulması barədə iddiaçının tələbi əsaslıdır. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, Azərbaycan Respublikasında koronovirusun yaratmış olduğu vəziyyət məhkəmə tərəfindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilərək cavabdeh MM-nin 422.2-ci, 448.4-cü maddələrinə əsasən sərtləşdirilmiş xüsusi karantin dövrü üçün icarə haqqı ödənişinin həyata keçirilməməsinə görə məsuliyyətdən azad edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi MM-nin 422.2-ci maddəsində qeyd edilmiş əsaslar mülki qanunvericilikdə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi əsasları kimi təsbit edildiyindən cavabdehin icarə haqqı borcunun silinməsi və ya ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməz. Cavabdeh həmin əsaslara istinad edərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etmək hüququna malik olduğu halda bu hüququndan istifadə etməmişdir. Cavabdehin istinad etdiyi pandemiya (kütləvi epidemiya) ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi fors major hal hesab oluna bilər. Tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndində tərəfləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edən fors major halların dairəsi konkret nəzərdə tutulmuşdur. Bu hallara təbii fəlakət, yanğın, müharibə vəziyyəti daxil edilmiş, kütləvi epidemiya nəzərdə tutulmamışdır. Cavabdehin icarə müqaviləsinin qüvvə olduğu müddət ərzində icarə haqqı ödənişindən azad edilməsi üçün əsaslar olmadığından məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2885/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2885/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-311/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-311/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver