Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-311/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)- 4277/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.06.2021-ci tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 37.680,47 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 38.900 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4277/2021 saylı 13.09.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası təmin edilmişdir. 30.12.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəmə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)-4277/2021 saylı qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə rədd edilmiş və Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e- 2-2(113)-4277/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)-4277/2021 saylı qərardadının ləğv edilərək, müddətin bərpası barədə ərizənin təmin olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın 2-ci səhifəsində göstərilir ki, həqiqətən də cavabdeh tərəfindən qətnamənin əldə olunması üçün 13 dekabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edilmiş və qətnamə məlumat üçün ünvan 1 ünvanına göndərilərək 24.12.2021-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır. Lakin göstərilən hal cavabdehin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən buraxması və yaxud da həmin müddətin cavabdeh tərəfindən buraxılmaması barədə nəticəyə gəlməyə əsas vermir. Hesab edirlər ki, bu hissədə məhkəmənin mövqeyi qüsurludur. Qətnamənin başqa ünvandan alması müddətin bərpası üçün kifayət qədər üzrlü səbəbdir. Hazırki texniki məsələyə görə müddətin bərpası barəsində ərizənin təmin olunmaması cavabdeh tərəfin məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, e-2-2(113)-4277/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)- 4277/2021 saylı qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən ona əsaslanmışdır ki, 13.09.2021-ci il tarixli, e-2-2(113)- 4277/2021 saylı qətnamə 14.09.2021-ci il tarixində Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilməklə cavabdehə rəsmi qaydada verilmiş, cavabdeh hazırkı apellyasiya şikayətini qətnamədən qətnaməni rəsmi qaydada aldıqdan 3 ay 16 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən apelyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Müddətin bərpa edilməsi üçün cavabdehin istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amil olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Kağız daşıyıcıda olan iş materiallarından görünür ki, məhkəmə tərəfindən qətnamə 14.09.2021-ci il tarixli məktubla kağız daşıyıcıda poçt vasitəsi ilə cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş, cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyi üçün zərf məhkəməyə geri qaytarılmışdır. Cavabdeh 13.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etmiş, iş materiallarının 75-ci vərəqinə əlavə edilmiş poçt xəbərnaməsinə əsasən qətnamə 25.12.2021-ci il tarixdə kağız daşıyıcıda cavabdehə təqdim edilmişdir. Məhkəmə kollegiyası elektron iş materialları əsasında müəyyən etmişdir ki, 13.09.2021ci il tarixli, e-2-2(113)- 4277/2021 saylı qətnamə 14.09.2021-ci il tarixində Cavabdeh MMCnin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh tərəfin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vəkilə məxsus olmuş və həmin kabinet elektron işə 30.12.2021-ci il tarixdə əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 150.2.-ci maddəsinə əsasən sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Həmin Məcəllənin 227.4.-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin istinad edilən normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, işdə iştirak edən şəxslərə məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılmış hesab olunması üçün həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”də yerləşdirilməsi tələb olunur. Qeyd olunan qaydadan istisna hal MPM-nin 150.2.-ci maddəsində nəzərdə tutulmuşdur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetə sənəd yerləşdirilməsi yalnız həmin normada nəzərdə tutulan məhkəmə sənədlərinə (iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat) aiddir. Hazırki halda cavabdehə çatdırılması tələb olunan məhkəmə sənədi qətnamə olduğundan qanunun tələbinə əsasən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirildiyi halda rəsmi qaydada çatdırılmış hesab oluna bilərdi. Cavabdeh tərəfin elektron kabineti 30.12.2021-ci il tarixdə əlavə olunduğundan, məhkəmə qətnaməsi “Elektron Məhkəmə” İnformasiya sisteminə yerləşdirildiyi zaman cavabdehin nümayəndəsinin kabinetinə yerləşdirilməmişdir. Bundan əlavə qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı rəsmi qaydada təqdim edildiyi tarixdən hesablanmalı olduğundan (hazırkı halda başqa sübut yoxdursa rəsmi təqdimetmə 24.12.2021-ci il tarix hesab olunmalıdır) cavabdehin 30.12.2021-ci il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürüb-ötürmədiyinə də məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)-4277/2021 saylı qərardadı ləğv edilərək yuxarıda qeyd olunan halların araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(113)-4277/2021 saylı qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-311/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-311/2022
03.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver