Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-311/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4939/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. 29 noyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən məhsul sifariş edilərək 1700 ABŞ dolları ödəniş edilmiş və məhsulun daşınması üçün "xxxx" MMC-yə 40 ABŞ dolları ödəniş edilməklə daşınması həvalə edilmişdir.
2. Həmin məhsul cavabdehin Çin Xalq Respublikasındakı anbarına daxil olmuş, lakin çatdırılma baş tutmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən manat məzənnəsinə uyğun 1740 ABŞ dollarının və 60 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, sifariş verilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu müddət ərzində məhsul Azərbaycana çatdırılmamış və çatdırılmamasının səbəbləri barədə ətraflı məlumat verilməmişdir. Halbuki müvafiq dövrdə dəfələrlə elektron poçt vasitəsilə cavabdehin əməkdaşları ilə əlaqə yaradılmış, hər dəfə sifariş verilən məhsulun Azərbaycana yola düşməsi, yolda olması, Azərbaycanda gömrük yoxlanışında olması barədə məlumatlar verilmişdir. Məhsul vaxtında çatdırılmadığı üçün iddiaçıya 1740 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun maddi ziyan dəymişdir. Hətta dəfələrlə cavabdehin *8000 müştəri xidməti və ***-***- **-** nömrəli telefon nömrələrinə zəng edilib, yuxarıda qeyd edilən bağlamanın gecikmə səbəbləri barədə məlumat verilməsi xahiş olunmasına baxmayaraq, cavabdehin əməkdaşları hər dəfə qısa müddətə səbəbləri barədə cavab veriləcək deyərək, əsl səbəbi deməkdən yayınmışlar.
5. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirir ki, cavabdeh müştərilərə iki növ xidmət göstərir: 1) “həvalə et” xidməti ilə sifariş vermə – müştəri məhsulun dəyərini, xarici ölkədəki daxili karqo haqqını və cavabdehin xarici anbarından Azərbaycan Respublikasına çatdırma haqqını cavabdehə ödəyir və cavabdeh məhsulu satıcı mağazadan alıb müştəriyə çatdırır; 2) xarici anbarı qeyd etməklə sifariş vermə – müştəri özü birbaşa ölkə xaricində yerləşən satıcı mağazaya ödəniş edərək məhsulu alır, məhsul satıcı mağazanın öz hesabına cavabdehin xaricdəki anbarına çatdırılır, cavabdeh isə həmin məhsulu Azərbaycan Respublikasında müştəriyə çatdırır və bu zaman müştəri yalnız daşıma xidmətinə görə cavabdehə ödəniş edir. İddiaçı, iddia ərizəsində də qeyd etdiyi kimi, cavabdehin xarici anbarını qeyd etməklə sifariş vermə xidmətindən istifadə etmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi məhsulun dəyərini, yəni 1700 dollar pulu Çin Xalq Respublikasında yerləşən satıcı mağazaya özü birbaşa ödəyərək almış, həmin məhsulun Azərbaycan Respublikasına çatdırılması üçün isə cavabdehə 40 ABŞ dolları ödəniş etmişdir. Yəni məhsulun dəyəri olan 1700 ABŞ dolları cavabdehə ödənilməmişdir. Bundan sonra həmin məhsullar cavabdehin Çin Xalq Respublikasındakı anbarına daxil olmuş və Azərbaycan Respublikasına çatdırılması üçün həmin anbardan yola salınmışdır. X3 Respublikasının Honkonq şəhərinin gömrük orqanları məhsulların gömrük sərhədindən buraxılması üçün satıcı şirkət tərəfindən tərtib edilən və həmin məhsulları müşayiət etməli olan sənədləri tələb etmişdir. Cavabdeh isə sözügedən sənədləri satıcı mağazadan alaraq ona təqdim etməsi üçün iddiaçıya bildiriş göndərmiş, lakin iddiaçı tələb olunan sənədləri cavabdehə təqdim etməmişdir. Buna görə də, mübahisələndirilən məhsullar Honkonq şəhərinin gömrük orqanları tərəfindən müsadirə edilmişdir. Cavabdehin öhdəliyi ancaq ona təhvil verilən məhsulu daşımaqdan ibarət olmuşdur. Lakin mübahisələndirilən məhsulların iddiaçıya çatdırılmaması cavabdehin təqsirindən baş verməmişdir. Çünki məhsulun alışı birbaşa iddiaçı tərəfindən həyata keçirilmiş, amma satıcı şirkət məhsulların tamlığını təmin etməmiş və zəruri sənədləri təqdim etməmişdir. Bu hal isə tərəflər arasında razılaşdırılmış daşıma şərtlərinə və qanunvericiliyə əsasən cavabdehin məsuliyyətini istisna edir. Belə ki, “Daşıma şərtəri”nin 2.6-cı bəndində qeyd edilmişdir ki, xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman "xxxx" MMC göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmamasına görə məsuliyyət daşımır. Həmçinin qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi məhsulları 2021-ci ilin noyabr ayında sifariş etmişdir. 2022-ci ilin yanvar ayının 5-də cavabdeh iddiaçıya məhsullarla bağlı sənədlərin təqdim edilməsi üçün bildiriş göndərmişdir. İddiaçı həmin tarixdən 2 il 9 ay keçdikdən sonra cavabdehə qarşı belə bir tələb irəli sürməklə iddia müddətini ötürmüşdür.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4939/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında yükün çatdırılması vaxtı barədə tarix müəyyən edilməyib və həmçinin, STAREX MMC-nin əməkdaşları tərəfindən 2022-ci ilin yay aylarınadək məhsulun çatdırılacağı barədə vədlər verilmiş, votsap yazışmaları aparılmışdır. Lakin, 2022-ci ilin avqust ayında danışıqların mediasiya prosesi ilə nəticələnəcəyini düşünüb mediasiya təklifi göndərilib. xx.xx.2022-ci il tarixdə mediasiya iclasına cavabdeh tərəfindən gələn olmadığını görəndən sonra məhkəməyə müraciət etmək üçün hazırlıq işlərinə başlanmış, 2023-cü ilin mart ayında cavabdehə pretenziya məktubu göndərilib. 2023-cü ilin mart ayından əvvəl cavabdehə pretenziya məktubu göndərilməyib. Mediasiya iclasının baş tutmaması barədə Arayış alandan sonra isə 1 illik iddia müddəti ötürülmədən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə yalnız öz mülahizəsinə əsasən xx.xx.2022-ci il tarixdə göndərilmiş mediasiya təklifini pretenziya məktubu kimi qiymətləndirmiş və pretenziyanın göndərilməsini həmin tarixdən hesablamışdır. Halbuki, həmin dövrün təcrübəsinə əsasən mediasiya təklifi həmin formada göndərilməli idi. Əgər məhkəmənin məntiqi ilə yanaşılsa onda mediasiya təklifini göndərildiyi zaman pretenziya məktubunun göndərilməsinə zərurət yaranmazdı. Eyni zamanda cavabdehin nümayəndəsi etirazında və proseslər zamanı MM-nin 859.1-ci maddəsinə istinad etməməsinə baxmayaraq, məhsulun itirilmiş statusu verilməsinin tərəfdarı olmamasına baxmayaraq məhkəmə öz mülahizəsinə əsasən çatdırılmamış məhsulu itirilmiş hesab etmişdir. Daha sonra məhkəmə mediasiya təklifinin məhkəməyə təqdim edilməsini tələb edərək onu məzmun baxımından təhrif etmiş, onu əsassız olaraq pretenziya kimi qiymətləndirmiş və mübahisənin nəticəsinə birbaşa təsir edən sübut kimi qəbul edərək, əsaslandırmağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
13. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
14. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
15. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.
16. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
17. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
19. Həmin Məcəllənin 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 20.Həmin Məcəllənin 852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.
21. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
22. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən çundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir (859.3): risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır (859.4).
24. Həmin Məcəllənin 861.2-ci maddəsinə əsasən ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
27. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
28. Həmin Qanunun 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
31. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 1700 ABŞ dolları məbləğində pulu Çin Xalq Respublikasında yerləşən satıcıya ödəməklə məhsul almış, həmin məhsulun Azərbaycan Respublikasına çatdırılması üçün cavabdehin xidmətlərindən istifadə edərək sonuncunun Çin Xalq Respublikasında yerləşən xarici anbarını qeyd etmiş, cavabdehə 40 ABŞ dolları məbləğində haqq ödəmişdir. Həmin məhsul cavabdehin Çin Xalq Respublikasındakı anbarına daxil olmuş, lakin çatdırılma baş tutmamışdır.
32. İddiaçı cavabdehin təqsiri nəticəsində məhsulun çatdırılmadığına, bu səbəbdən iddiaçıya 1740 ABŞ dolları zərər dəydiyinə istinad edərək dəymiş zərəri tələb edir.
33. Cavabdeh iddiaya etiraz edərək, məhsulun xarici anbardan Azərbaycana göndərilərkən Honkonq gömrük orqanları tərəfindən saxlanıldığını və müəyyən sənədlərin tələb edildiyini, bu barədə dərhal iddiaçıya bildiriş verildiyini, lakin iddiaçı tərəfindən həmin sənədlər təqdim edilmədiyindən məhsulun gömrük orqanları tərəfindən müsadirə edildiyini və iddia müddətinin keçdiyini bildirərək iddianın rədd olunmasını xahiş edir.
34. Göründüyü kimi cavabdeh yükün çatdırılmamasını qeyd olunan sənədlərin təqdim olunmaması ilə əlaqələndirmiş, iddiaçı isə qeyd edilən sənədlərin həqiqətən də Honkonq gömrük orqanları tərəfindən tələb edilməsini mübahisələndirmişdir.
35. İşin hallarını və Mülki Məcəllənin 859.1-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya qeyd edir ki, bu halı sübut etmək vəzifəsi cavabdehin üərinə düşür.
36. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəf 27 dekabr 2021-ci il tarixdə məhsulun harada olması ilə bağlı cavabdehdən məlumat tələb etmiş, cavabdeh isə əvvəlcə məhsulun Honkonq gömrüyü tərəfindən müsadirə olunduğunu bildirmiş, daha sonra isə məhsulun cavabdeh tərəfindən gömrük orqanlarından götürülə bilinməsi üçün “brand company authorized sales certificate” və “letter of authorization” sənədlərinin satıcı mağazadan istənilməsi tövsiyə olunmuşdur.
37. Mülki Məcəllənin 859.1-ci maddəsinin yükün daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılması ilə bağlı tələbini və cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyinə görə sübutetmə vəzifəsinin yerinə yetirilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, müvafiq məhsul cavabdehin xarici anbarına daxil olduqdan sonra üç ay ərzində çatdırılmadığından və əksi sübuta yetirilmədiyindən itirilmiş sayılır və ekspeditor kimi cavabdeh çatdırmanın itirilməsi ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
38. Odur ki, iddiaçı 1740 ABŞ dolları məbləğində maddi zərərin cavabdeh tərəfindən ödənilməsini tələb edə blər.
39. Lakin kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.
40. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.
42. Belə ki, iddiaçının qəbul etdiyi və tərəflərin təqdim etdiyi və mübahisələndirmədiyi yazışmalardan (xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə aparılan) görünür ki, iddiaçının sifariş etdiyi məhsul cavabdehin Çin Xalq Respublikasındakı xarici anbarına 03 dekabr 2021-ci il tarixdə daxil olmuşdur.
43. 03 dekabr 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətin başa çatdığı an çatdırmanın itirilmiş hesab olunduğu an olduğundan, iddiaçının iddia qaldırmaq hüququ da məhz 04 mart 2022-cü il tarixdə yaranmışdır və Mülki Məcəllənin 861.2-ci maddəsinə əsasən bir il təşkil etməklə 2023-cü ilin mart ayının 4-ü başa çatırdı.
44. Eyni zamanda mediasiya prosesinin tətbiqi barədə 20 avqust 2022-ci il tarixli təklifdən görünür ki, iddiaçı yükün çatdırılmaması barədə maddi ziyanı tələb etmiş, həmin təklif xx.xx.2022-ci il tarixdə poçt rabitəsi vasitəsilə cavabdehə göndərilmiş və çatdırılmışdır.
45. Beləliklə, tərəflər arasında mediasiya prosesi məhz mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2022-ci il tarixdən başlanmış hesab olunmuşdur.
46. İş materiallarında əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-5708 nömrəli arayış xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir.
47. Beləliklə, tərəflər arasında mediasiya prosesi xx.xx.2022-xx.xx.2022-ci il dövrlərini əhatə etmişdir.
48. İşin hallarını və Mülki Məcəllənin 379.3 və 379.4-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddia müddətinin axımı 04 mart 2022-ci il tarixdə başlamış, iddia müddətinin axımının dayandırılması üçün əsas iddia müddətinin son altı ayında mövcud olmaqda davam etdiyindən (mediasiya prosesinin xx.xx.2022-xx.xx.2022-ci il dövrlərini əhatə etdiyi nəzərə alındıqda) iddia müddətinin axımı dayandırılmış, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verildiyi 23 sentyabr 2022-ci il tarixdən müddətin axımı davam etmiş və müddətin qalan hissəsi altı aya qədər uzanaraq 23 mart 2023-cü il tarixdə başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə müraciət edərək, iddia müddətini ötürmüşdür.
49. İddiaçının Mülki Məcəllənin 861.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4939/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Vahid Sadıqov