Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-312/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-940/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən avtonəqliyyat qəzası nəticəsində vurulmuş 22.406,2 manat məbləğdə zərər, 30 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 160 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 22.326 manat məbləğdə zərər, 160 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 22.516 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin edilən hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məkhəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin məbləğini aydınlaşdırmamışdır. Belə ki, dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən iki dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İlk dəfə keçirilmiş ekspertiza zamanı ekspert iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş vurulmuş ziyanın miqdarı barədə 2020-ci il tarixli (tarix hissəsində gün və ay qeyd edilməmişdir. Bu da həmin arayışın mötəbər sübut kimi qiymətləndirilməsinə əsaslı şübhələr yaradır) arayışa istinad edərək dəymiş zərərin məbləği müəyyən edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 03.08.2021-ci il tarixli 10/1123 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən smeta tərtib olunmuş və aparılmış hesablamalar nəticəsində həmin smetanın göstəricilərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspert həm iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və heç bir hüquqi və faktiki əsası olmayan arayışa istinad etmiş, həm də həmin arayışın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olduğunu qeyd etsə də, bazar qiymətləri ilə bağlı apardığı araşdırmalar ekspert rəyində öz əksini tapmamışdır. Eyni zamanda, ekspert öz rəyində smetanın göstəricilərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olduğunu qeyd etmişdir ki, bu da ekspert rəyinin mötəbərliyinə əsaslı şübhələr yaradır. Məhkəmə qətnamənin nəticə hissəsində 22.326 manat məbləğdə zərərin cavabdehdən tutulmasını qət etsə də, həmin zərər məbləği işin hallarına uyğun deyildir. İşin hallarından görünür ki, tunelin bərpa edilməsi və monitorun təmir edilməsi xərcləri həmin məbləğdən qat-qat aşağıdır. Həmin məbləğ tunelin təmir edilməsi və zərər görmüş monitorun bərpası üçün kifayət edəcək məbləğdən çoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlamadan hərəkətlə işin mübahisəsiz hallarına görə, cavabdehə məxsus “Karsan” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 29.03.2020-ci il tarixdə inzibati xəta törətmiş, həmin yol-nəqliyyat hadisəsi nəticəsində dövlət vəsaiti hesabına inşa edilmiş, iddiaçının balansında olan tunel və tuneldəki avadanlıqlara, o cümlədən monitora zərər vurulmuşdur. İşin mübahisəli halı yalnız vurulmuş zərərin məbləği ilə bağlıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə iddiaçıya ümumilikdə 27.326 manat məbləğdə zərər dəydiyi müəyyən edilmiş, hadisəni avtomobilin icbari qaydada sığortalandığı "xxxx" ASC tərəfindən dəymiş zərərin bir qismi, yəni 5.000 manat məbləğdə pul iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097. Mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MPM-in: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, öz işçisinin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçının balansında olan dövlət əmlakına vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, ağlabatan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh delikt üzrə yaranmış borclarını iddiaçıya ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, birincisi, Məhkəmə Ekspertizası Mərkəzinin 03.08.2021-ci il tarixli 10/1123 nömrəli və 12.11.2021-ci il tarixli 9/7139 nömrəli ekspert rəylərinin, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, mötəbər sayılmaması üçün əsaslar iş üzrə müəyyən edilmir. Bu səbəbdən, apellyasiya şikayətinin qətnamə qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin məbləğinin məhkəmə tərəfindən aydınlaşdırılmaması barədə dəlili əsassızdır. İkincisi, cavabdeh həmin dəlilində ekspert rəyinin mötəbərliyinə əsaslı şübhələr yarandığını bildirsə də, həmin şübhələrin nədən ibarət olmasını açıqlamamışdır. Digər tərəfdən, cavabdehin tarixi olmayan arayış kimi istinad etdiyi iddiaçının direktorunun imzası və möhürü ilə təsdiq olunan sənəddə 30.03.2020-ci il tarixi əks olunmuşdur və işdə mövcuddur (iş vərəqi-90-91). Cavabdeh zərərin məbləğinin işin hallarına uyğun olmadığını, bunun işin hallarından göründüyünü, tunelin bərpa edilməsi və monitorun təmir edilməsi xərclərinin həmin məbləğdən qat-qat aşağı olduğunu ümumi ifadələrlə irəli sürsə də, bu dəlillərlə də bağlı heç bir dəqiqləşdirmə aparmamış, mülahizələrində konkret fakt və sübutlara istinad etməmiş, zərərin məbləğinin daha aşağı olmasının işin hansı hallarından məlum olduğunu da aydınlaşdırmamışdır, iş materiallarından da belə hallar müəyyən edilmir. İşdə olan fotolardan və iddiaçının nümayəndəsinin izahatlarından isə aşkar edilir ki, həmin zədələnmiş monitor hazırda iddiaçının anbarında yararsız vəziyyətdə saxlanılmaqdadır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-940/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-312/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-312/2022
06.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver