Məhkəmə qərarları › İş №2-2(103)-312/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-312/2023

10.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-312/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “elektron qaimələrin verilməsi və təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-420/2023 qəraradından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin təsdiq edilməsinin vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və onun əsasında həyata keçirilən icra prosesinin qeyd edilməsinin vəzifə kimi Cavabdeh MMC-nin üzərinə qoyulması, İddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun və ilkin mediasiya sessiyasına görə ödənilmiş 20 (iyirmi) manat haqqın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC ödənilməsinə dair qətnamə qəbul edilməsini xahilş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı 28 fevral 2007-ci il tarixli müqavilə mövcud olmuşdur. Həmin müqaviləyə 21 yanvar 2015-ci il tarixdən etibarən xitam verilmişdir. Müvafiq müqaviləyə xitam verilsə də, tərəflər arasında faktiki olaraq arabağlantı trafiki mövcud olmuş, həmin trafikə hansı tarifin tətbiqinə dair isə tərəflər arasında mübahisələr olmuşdur. Rabitə (telekommunikasiya) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı (bundan sonra Qərar) ilə 2015-ci ildən etibarən Cavabdeh MMC tərəfindən əsasız və qanunsuzcasına aparılan mübahisəyə nəhayət ki, son qoymuş və 2015-ci ildən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə arabağlantı trafikinin mübadiləsinə görə münasibətlərin necə tənzimlənməli olduğu göstərilmiş, tərəflərin üzərinə icra etməli olduqları tələblər qoyulmuş, o cümlədən trafik mübadiləsinə görə qarşılıqlı ödənişlərin icrası cədvəl şəklində təsdiq edilmişdir. Qərar Cavabdeh MMC tərəfindən könüllü icra edilmədiyindən Qərarın məcburi icrası ilə bağlı, Nəsimi rayon İcra şöbəsinin icraatında 189204/2022-5-34 №-li icra işi vardır. Qərarın qərar hissəsinin 2-ci bəndinə əsasən EBBY seriyalı, 023725 nömrəli; EBCA seriyalı, 957448 nömrəli; EBCB seriyalı, 971363 nömrəli; EBCD seriyalı, 246695 nömrəli; EBCH seriyalı, 401319 nömrəli; EBCİ seriyalı, 730432 nömrəli elektron qaimələr Cavabdeh MMC-yə təqdim edilmiş, lakin EBBY seriyalı, 023725 nömrəli qaimə istisna olmaqla digər qaimələrin təsdiq edilməsindən imtina edilmişdir. Eyni zamanda həmin Qərarın icrası ilə əlaqədar nəzərdə tutulan ödənişlər həyata keçirilsə də, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə görə arabağlantı trafikinə görə Cavabdeh MMC-yə ödənişi nəzərdə tutulan məbləğlər ilə əlaqədar, hazırkı tarixədək İddiaçı MMC-yə elektron qaimələr təqdim edilməmişdir. Cavabdeh MMC tərəfindən müvafiq elektron qaimələrin təqdim edilməməsi qanun pozuntusu olmaqla yanaşı, icra icraatı çərçivəsində inzibati aktı icraya yönəltmiş orqan, icra sənədini icra edən icra qurumu və icraatın digər iştirakçıları üçün icraatın mahiyyəti, aparılması baxımından yetərsiz və qeyri-müəyyən olmaqla bərabər, ödənişi edən və qəbul edən tərəflər üçün də hesablaşma, vergi və uçot, o cümlədən dairəsi hal.hazırda məlum olmayan çoxsaylı məsələlər üzrə anlaşılmamazlıqlar və perspektiv çətinliklər yaradır. Son nəticədə təyinatı mövcud mübahisə üzrə aydınlıq və nizamın bərqərar edilməsi, tərəflərin hüquqlarının bərpası olan icra icraatı çərçivəsində icra sənədinin elektron qaimə verilmədən, o cümlədən ödənişin doğru təyinat və əsas göstərilmədən icrası nəticəsində əlavə problemlərin yaranması bu icraatın mahiyyətinə zidd olaraq onun icrasını əlverişsiz və zərərli edir. Bakı Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(113)-420/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(113)-420/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki hüquq münasibətləri baxımından elektron qaimələrin verilməməsi, eyni zamanda qarşı tərəfin verdiyi elektron qaimələrin təsdiq etməkdən imtina edilməsi ilə iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, Cavabdeh MMC tərəfindən müvafiq elektron qaimələrin təqdim edilməməsi qanun pozuntusu olmaqla yanaşı, icra icraatı çərçivəsində inzibati aktı icraya yönəltmiş orqan, icra sənədini icra edən icra qurumu və icraatın digər iştirakçıları üçün icraatın mahiyyəti, aparılması baxımından yetərsiz və qeyri-müəyyən olmaqla bərabər, ödənişi edən və qəbul edən tərəflər üçün də hesablaşma, vergi və uçot, o cümlədən dairəsi hal-hazırda məlum olmayan çoxsaylı məsələlər üzrə anlaşılmamazlıqlar və perspektiv çətinliklər yaradır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma, o cümlədən tərəflərin bir-birinə ödədiyi vəsaitlər məhz mülki hüquq münasibətləri çərçivəçindədir. Və müvafiq mülki hüquq münasibətləri çərçivəsində həyata keçirilən ödənişlər ilə əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən mal, iş və xidmətlərlə bağlı həmin Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi olduğundan, tərəflər icra etməlidir. Tərəflərdən hər hansı birinin hər hansı səbəbdən həmin bu vəzifəsini icra etməməsi, digər tərəfin hüququnun pozulması deməkdir. Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadında Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə istinad edilsə də icraata xitam verilməsi əsaslandırılmayıb və məhkəmənin gəldiyi qənaət qanuni və ədalətli deyil. Məhkəmənin qərardadında qeyd etdiyi 3-cü əsası (iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.) isə absurd və məhkəmənin şəxsi mülahizəsindən başqa cür adlandırmaq mümkün deyil. Məhkəmənin qərardadında qeyd etdiyi bu ifadələr hər hansı normativ aktda qeyd edilmədiyindən yalnız şəxsi mülahizə hesab etmək olar. Halbuki, MPM-nin 9.3.-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Həmçinin də Bakı Kommersiya Məhkəməsi müvafiq qərardadı qəbul edərkən “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və 4- cü maddələrinin tələblərini nəzərə almayıb. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadında qeyd edilmiş “Hazırkı işdə iddiaçının tələbi mülki hüquqi baxımından hər hansı hüququnun və qanunla qorunan mənafeyinin birbaşa və dolaylı pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) mübahisələndirilməsinə yönəldiyindən işə məhkəmədə baxılmamalıdır. Ona görə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir.” qənaəti əsassızdır, qanunsuzdur və ədalətsizdir. Məhkəmənin qərardadında qeyd etdiyi 1-ci əsas (1.işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda) da faktiki olaraq mövcud deyil. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasındakı münasibətlər mülki hüquq münasibətləridir və cavabdehin həm mülki, həm də vergi qanunvericiliyi baxımından öz vəzifələrini icra etməməsi nəticəsində iddiaçının hüquqlarını pozmaqdadır. Və bu iş cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraata aid olmadığından, məhz mülki hüqüq münasibətlərindən irəli gəldiyindən mülki icraat qaydasında baxılmaldır. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmənin qərardadında qeyd etdiyi 2-ci əsas (2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda;) mövcud deyil. Belə ki, müvafiq qərardadın 4-cü səhifəsində istinad edilmiş Vergi Məcəlləsinin 58.13-cü maddəsi məhz malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə yaranan pozuntular ilə bağlı maliyyə sanksiyası nəzərdə tutur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərəflərin şəbəkələri arasında arabağlantının təşkili ilə bağlı münasibətlər isə mallar adlandırıla bilməz, burada söhbət məhz xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri özündə ehtiva edir. Xidmətlərin göstərilməsi zamanı tərəflərin bir-birinə elektron qaimə verməməsinə görə isə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmayıb. Məhkəmə işə birtərəfli yanaşmış, işi ədalət ilə və hərtərəfli araşdırmamış, həmçinin qərəzli mövqe nümayiş etdirməsinə əsaslı şübhələr yaratmışdır. Belə ki, həmin iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəflərə xx.xx.2022-ci il tarixli Məhkəmə Bildirişi göndərərək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş, eyni zamanda Cavabdehə izah edilmişdir ki, bildirişin rəsmi qaydada alındığı gündən 20 (iyirmi) gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ vardır. xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında, cavabdeh tərəfin nümayəndəsinin şifahi olaraq bildirdiyi qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına ehtiyac yaranmışdır. Bu səbəbdən İddiaçı tərəf, iddia tələbinə dair, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan məlumatların məhkəməyə təqdim edilməsi məqsədi ilə, cavabdehə iddia üzrə sübutlarını və iddiaya qarşı yazılı etirazını təqdim etmək təklif edilməsi və cavabdehə, həyata keçirdiyi müvafiq ödənişlərin təyinatı barədə məhkəməyə yazılı rəsmi məlumat təqdim etməsi təklif edilməsinə dair vəsatət vermişdir. Lakin məhkəmə vəsatəti, əsaslı səbəb gətirmədən təmin etməmiş, bunu məhkəmənin tərəf üzərinə belə öhdəlik qoymaq vəzifəsi olmadığını bildirmişdir. Hansı ki, vəsatətdə tərəf üzərinə öhdəlik qoyulmasından deyil, bir daha öz mövqeyini əsaslandıran yazılı rəsmi məlumatın, etirazın təqdim edilməsinin təklif edilməsindən söhbət gedib. Bundan başqa MPM -nin 48.1.-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göstərilənlər ilə yanaşı cavabdehin yazılı etiraz təqdim etməməsi, iclaslarda iştirakdan yayınması, xüsusən də RİNN-nin müvafiq Qərarı ilə əlaqədar inzibati icraat zamanı, sonrakı icra icraatı və hazırkı məhkəmə icraatı zamanı davranışı yalnız hüquqdan suiistifadə kimi xarakterizə etmək mümkündür. Göründüyü kimi, Cavabdeh MMC-nin hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan suiistifadədir. Beləliklə, Cavabdeh MMC qeyri-konstruktiv yanaşmaqla, bilərəkdən vəziyyətdən və hüquqdan sui-istifadə etmək ilə məsələnin həllindən yayınmaq və uzatmaq ilə özünə sərf edən vəziyyətdən qanunsuz olaraq illər uzunu faydalanmağa və bunun davam etməsinə çalışır. Müvafiq olaraq da Cavabdeh MMC-nin məsələyə vicdanla yanaşdığını sübut edən hər hansı dəlil mövcud deyil. Beləliklə Bakı Kommersiya Məhkəməsi müvafiq qanunsuz və ədalətsiz qərardadı qəbul etmək ilə Cavabdeh MMC-yə hüquqdan sui istifadəni davam etməsi üçün, işi uzatmaq kimi davranışı üçün faydalı ola biləcək vəziyyət yaratmağa imkan vermişdir. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən şifahi formada bildirilmiş fikirlər faktiki və hüquqi baxımdan əsassız olsa da, üstəlik Cavabdeh tərəfindən yalnız ilkin hazırlıq iclası istisna olmaqla, digər məhkəmə iclasında iştirak edilməsə də, Bakı Kommersiya Məhkəməsi işi ədalət ilə və hərtərəfli araşdırmamış, həmçinin qərəzli mövqe nümayiş etdirməsinə əsaslı şübhələr yaratmışdır. Bütün yuxarıda sadalananlar ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 420/2023 saylı qərardadı ilə, qanunvericiliyin elektron qaimələr verilməsinin zəruri olması ilə əlaqədar tələblərini nəzərə almayan və hüquqdan sui-istifadə edən Cavabdeh MMC-yə belə davranışını bundan sonra da davam etməsinə şərait yaradır. Üstəlik belə qərardad ilə, digər istənilən vergi ödəyicisinin elektron qaimələri təqdim etmək ilə bağlı qanunvericiliyin tələblərinin icrasından yayınmağa və buna görə hər hansı cavabdehlik daşımaması imkanı yaradır. Eyni zamanda müvafiq qərardad ilə, belə suiistifadələrə yol verilməsindən bezən ölkə vətəndaşlarının məhkəməyə inamını azaltmaq, qanunvericiliyin tələblərinin icrasına məsuliyyətlə yanaşmamaq və vergi qanunvericiliyin tələblərinin icrasından yayınmağın mümkün olması ilə bağlı məqsədəuyğun olmayan təcrübə formalaşdırmamaq nəticələnəcəyini birmənalı söyləmək mümkündür. Hətta heç bir neqativ təsir altındaxx.xx.2023-cü il tarixli, e-2- 2(113)-420/2023 saylı qərardad qəbul edilməyibsə belə, onun yaratdığı nəticə ondan ibarətdir ki, hər hansı vergi ödəyici tərəfindən hüquqları pozulan digər şəxslər məhkəməyə getməkdən çəkindirmək xarakteri daşıyır. Belə ki, hüquqları pozulan şəxslər sübutları təqdim etməsinə, peşəkar hüquqşünas məsləhətləri almasına, vaxt itirməsinə, məhkəməyə müraciət etməsinə baxmayaraq son nəticədə çəkdiyi xərcləri geri qaytara bilməyəcək, tələbi müxtəlif bəhanələr ilə ümumiyyətlə rədd ediləcək və obyektiv həqiqətə əks etdirməyən şəkildə iddiasına baxılmasından imtina ediləcək. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə etməlidir. Amma Bakı Kommersiya Məhkəməsi müvafiq işə baxarkən ədalətsizlik göstərməsi, işi hərtərəfli araşdırmaması, qərəzli mövqe nümayiş etdirməsinə əsaslı şübhələr yaranması ilə yanaşı, hüquqdan sui-istifadə edən Cavabdeh MMC-yə köməklik göstərilməsi ilə Azərbaycan Respublikası qanunvericiliyinə zidd davranış nümayiş etdirmiş və ədalət mühakiməsi üzərinə kölgə salmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-420/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(103)-312/2023 nömrəli qərardadı ilə işə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır. İşə sonuncu dəfə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də iştirak etməmişdir. Cavabdehin nümayəndəsi N.Nəsibov əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında mübahisə ilə bağlı bildirmişdir ki, vergi ödəyicisi elektron qaimə olmadan ƏDV-nin əvəzləşdirilməsini həyata keçirə bilmir. Vergi orqanını vergi yoxlaması keçirdiyi zaman elektron qaimə təqdim etməmiş vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edə bilər. Başqa qaydada vergi ödəyicisinə təsir etmək imkanı olmadığından bu mübahisə vergi orqanı tərəfindən həll edilə bilməz. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-420/2023 saylı qərardadı ləğv edilərək iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə mövqeyini əsaslandırarkən MPM-nin 261.0.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya əsas ən iş məhkəmədə baxılmalı deyildirsə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Birinci instansiya məhkəməsinin qərardadında iddiaçının mülki hüquqi baxımdan hər hansı hüququnun və qanunla qorunan mənafeyinin birbaşa və ya dolayısı ilə pozuntusuna səbəb olmayan hərəkətlərin mübahisələndirilməsi ilə bağlı olduğundan işə məhkəmədə baxılmamalıdır. Məhkəmə öz qərardadında iddiaçının hansı orqana və ya hansı məhkəməyə müraciət etməli olduğunu qeyd etməmişdir. Şikayətə apellyasiya qaydasında tərəflərin iştirakı ilə şifahi icraat qaydasında baxılaraq iş materialları və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya elektron qaimələrin təqdim edilməməsi və elektron sistem vasitəsi ilə göndərilmiş elektron qaimələrin təsdiq edilməməsi nəticəsində iddiaçı 7909026,86 manat ƏDV məbləğini əvəzləşdirmək imkanından məhrum olduğundan hüquqları pozulmuş və ona maddi ziyan dəymiş olur. Belə olan halda hüquq pozuntusu mövcud olduğundan iddiaçının hüququnun bərpası üçün məhkəməyə müraciət etmək hüququ yaranır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin nümayəndəsinin izahatından görünür ki, Dövlət Vergi Xidməti vergi qanunvericiliyinə əsasən iki vergi ödəyicisi arasında yaranmış bu mübahisəyə baxmaq və vergi yoxlaması zamanı elektron qaimələr təqdim etməmiş vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etmək hüququ istisna olmaqla başqa səlahiyyətə malik deyil. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə vergi ödəyicisi ilə inzibati orqan arasında yaranmadığından bu mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə hüquqi şəxslər arasında yarandığından, tərəflərin şəbəkələri arasında arabağlantının təşkili ilə bağlı hüquq münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından və cavabdeh tərəfindən vergi qanunvericiliyindən irəli gələn öhdəliklərə riayət edilməməsi nəticəsində iddiaçıya maddi ziyan dəydiyi iddia edildiyindən mübahisəyə baxılması iddia tələbləri dəqiqləşdirilməklə kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. İşə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddiaçının iddia tələblərinin dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsı daxil olduğundan məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməsi barədə qərardad ləğv edilməli, iş iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-420/20223 saylı qərardadı ləğv edilərək iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-420/2023 nömrəli qərardadı ləğv edilsin. İş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan hüquqi qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar