Məhkəmə qərarları › İş №2-2(103)-312/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-312/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-312/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Eldar qızına, Cavabdeh2, "xxxx" MMC-yə və Cavabdeh4 qarşı kommersiya işi Açar söz: kredit borcu, tələbin girov predmetinə yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Eldar qızına, Cavabdeh2, "xxxx" MMC-yə və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimələrin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-84/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2020-ci il tarixli, 6215975/KXM nömrəli iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış kredit xətti müqaviləsindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 12 ay müddətində 100.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, "xxxx" MMC isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirilən kredit limitinin məbləğini aşa bilməz.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə 23 iyul 2020-ci il tarixdə 29760 manat məbləğində kredit verilmiş, 07 avqust 2020-ci il tarixdə 760 manat məbləğində əsas borc ödənilmiş, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə isə 24 fevral 2020-ci il tarixdə 62000 manat məbləğində kredit verilmiş, 207PVSL202590001 nömrəli tranş üzrə isə 15 sentyabr 2020- ci il tarixdə 9000 manat məbləğində kredit verilmişdir.

3. xx.xx.2020-ci il tarixli 6215975/GM nömrəli iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış girov müqaviləsindən görünür ki, bu müqavilənin predmetini müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə spesifikasıyası bu müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların girov saxlayana girov qoyulması olmuşdur. Girov müqaviləsinin 3.2.1 və 3.2.2-ci maddəsinə əsasən girov qoyan kredit xətti müqaviləsi üzrə öhdəliklərini vaxtından və lazımınca icra etmədikdə və ya girov qoyan bu müqavilədə göstərimiş öhdəliklərini icra etmədikdə, kredit xətti müqaviləsinə əsasən verilmiş kreditin 5 təqvim günü ərzində vaxtından əvvəl geri qaytarılmasının ondan tələb emək və tələb qeyd olunmuş müddətə icra edilmədikdə girov predmetinə tutma yönəldə bilər.

4. xx.xx.2020-ci il tarixli 6215975/ZM1 nömrəli iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Cavabdeh2 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün "xxxx" MMC ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

5. xx.xx.2020-ci il tarixli 6215975/ZM2 nömrəli iddiaçı "xxxx" ASC ilə cavabdeh X2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq X2 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün "xxxx" MMC ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

6. xx.xx.2020-ci il tarixli 6215975/ZM3 nömrəli iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 Mişkin oğlu arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Cavabdeh4 Mişkin oğlu 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün "xxxx" MMC ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir.

7. 16 mart 2023-cü il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan 207PVSL202050001 referensli tranşı üzrə əsas borc 29000 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 3008,75 manat, cərimə borcu üzrə 5722,67 manat olmaqla, cəmi 38118,09 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 1511,56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 110,64 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 1919,51 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 62000 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 6073,02 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 80307,69 manat borcu vardır.

8. 17 yanvar 2022-ci il tarixli 2021-003245 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci ödəmişdir.

9. 06 aprel 2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 19,34 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti MMC iddia ərizəsi və iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2dan, X1 və Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan 207PVSL202050001 referensli tranşı üzrə əsas borc 29.000 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 3008,75 manat, cərimə borcu üzrə 5722,67 manat olmaqla, cəmi 38118,09 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 1511.56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 110,64 manat, cərimə borcu üzrə 297.61 manat olmaqla, cəmi 1919,51 manat; 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 62.000 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 6073,02 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 80307,69 manat, olmaqla, ümumilikdə 120345,29 manat borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 19.34 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının, 400 (dörd yüz) manat mediasiya xərcinin tutulmasını, tutmanın "xxxx" MMC-yə məxsus, xx.xx.2020-ci il tarixli 6215975/GM saylı Girov müqaviləsinə əsasən, qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Bridge Company” MMC-dən, Cavabdeh2dan, X1 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə "xxxx" MMC arasında bağlanmış 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC–yə dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 16 faiz olmaqla, 12 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə əsasən borc verən borc alana 12 ay müddətində 100.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kredit xətt müqaviləsinin təminatı kimi bankla Cavabdeh2, X2 və Cavabdeh4 arasında bağlanmış 6215975/ZM1, 6215975/ZM2 və 6215975/ZM3 nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Kredit öhdəliyinin təminatı olaraq "xxxx" MMC-nin baş direktoru Cavabdeh2 ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 6215975/GM saylı Girov müqaviləsinə əsasən bu Müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların girov saxlayana girov qoyulmuşdur. Girov müqaviləsinin 3.2.1 və 3.2.2-ci maddəsinə əsasən Girov qoyan Kredit xətti müqaviləsi üzrə öhdəliklərini vaxtından və lazımınca icra etmədikdə və ya girov qoyan bu Müqavilədə göstərimiş öhdəliklərini icra etmədikdə, Kredit xətti müqaviləsinə əsasən verilmiş kreditin 5 təqvim günü ərzində vaxtından əvvəl geri qaytarılmasının ondan tələb emək və tələb qeyd olunmuş müddətə icra edilmədikdə girov predmetinə tutma yönəldə bilər. 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli1000000 AZN-lik kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 62000 AZN, 2- ci tranş üzrə 29000 AZN, 3-cü tranş üzrə isə 9000AZN məbləğində vəsaitlər "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bununla yanaşı, cavabdehlər, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit tranşı üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə Bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Cavabdehlər kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasına dəvət edilmiş, lakin "xxxx" MMC, Cavabdeh2, X2 və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır.

12. Eyni zamanda Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmiş, iddialar bir icraatda birləşdirilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-84/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə 61999,96 manat əsas borc, 6073,02 manat illik 5% borcu 2927,02 manat cərimə, cəmi 71000 manat, xx.xx.2020ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə 28999,98 manat əsas borc, 386,67 manat faiz borcu, 3008,75 manat illik 5 % borcu, 1604,60 manat cərimə, cəmi 34000 manat, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə isə 606,02 manat əsas, 62,87 manat illik 5% borcu, 31,11 manat cərimə, cəmi 700 manat, ümumilikdə 105700 manat məbləğində pul həmçinin 400 manat mediasiya xərci, 16,98 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girov müqaviləsinin 1 saylı əlavəsində göstərilən avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 borcunun ödənilməsi, girov predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada tutulması qət edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 9/6503 nömrəli 10 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan 207PVSL202050001 referensli tranşı üzrə əsas borc 28999,98 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, xx.xx.2022-ci il tarixədək hesablanmış müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu isə 2299,86 manat, 207PVSL202590001 referensli tranşı üzrə xx.xx.2022-ci il tarixə əsas borc 606,02 manat, xx.xx.2022-ci il tarixə müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu 21,55 manat, 207PVSL202590001 referensli tranşı üzrə əsas borc 61999,96 manat, xx.xx.2022-ci il tarixə müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu isə 3730,79 manatdır.

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit, zaminlik və girov müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

16. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə əsas borcu ekspert rəyinə uyğun olaraq 28999,98 manat, faiz borcları tam, yəni müqavilə müddəti ərzində hesablanmış faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu isə 3008,75 manat hissədə təmin edilməlidir. 207PVSL202590001 referensli tranş üzrə isə əsas borc ekspert rəyinə uyğun olaraq 61999,96 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu isə tam, yəni 6073,02 manat hissədə təmin edilməlidir. Məhkəmə digər 207PVSL202590001 referensli tranş üzrə isə qeyd edir ki, həmin tranş üzrə əsas borc ekspert rəyinin hesablandığı xx.xx.2022-ci il tarixə qeyd edilən 606,02 manat hissədə, buna uyğun olaraq 5 % isə 62,87 manat hissədə, həmçinin 400 manat mediasiya xərci və 0,40 manat bank xidmət haqqı hissədə təmin edilməlidir.

17. Məhkəmə cərimə tələbləri ilə bağlı isə qeyd etmişdir ki, tənasübsüz surətdə yüksək hesablanmış cərimə azaldılaraq 207PVSL202050001 referensli tranş üzrə 1604,6 manat, 207PVSL202590001 referensli tranş üzrə isə 31,11 manat, digər 207PVSL202590001 referensli tranş üzrə isə 2927,02 manat hissədə təmin edilməlidir.

18. Məhkəmə iddia tələbinin tutmanın "xxxx" MMC-yə məxsus, xx.xx.2020- ci il tarixli 6215975/GM saylı girov müqaviləsinə əsasən, qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Bridge Company” MMC-dən, Cavabdeh2dan, X1 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsi ilə bağlı isə hesab etmişdir ki, həmin tələb qismən təmin edilməli, girov müqaviləsinin 1 saylı əlavəsində avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməsi hissədə iddia rədd edilməlidir, belə ki, girov avadanlıqları daşınar əşya olduğu üçün amortizasiyaya uğraya bilər və qiyməti kəskin dəyişə bilər. Bu səbəbdən həmin avadanlıqlar hərracdan satıldığı anda qiymətləndirilməlidir. Digər hissələrdə isə iddia tələbi təmin edilməlidir.

19. İddia tələbinin 87,83 %-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, ödənilmiş 19,34 manat məbləğində dövlət rüsumunun 16,98 manatı müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməli, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin isə 127,35 manatı cavabdehlər Cavabdeh1 Eldar qızı, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada, qalan 17,65 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

20. Məhkəmə Cavabdeh4 nümayəndəsi, Vəkil izahatında qeyd etdikləri ilə bağlı isə bildirmişdir ki, kredit xətti müqaviləsi bərpa olunan kredit xətti müqaviləsi olmuşdur, belə ki, xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə 24 fevral 2020-ci il tarixdə cavabdehə 62000 manat məbləğində kredit verilmiş, daha sonra xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə "xxxx" MMC-yə 23 iyul 2020-ci il tarixdə 29760 manat məbləğində kredit verilmiş, 07 avqust 2020-ci il tarixə həmin tranş üzrə 760 manat məbləğində əsas borc ödənilmiş, yalnız həmin borc ödənildikdən sonra 15 sentyabr 2020ci il tarixdə 207PVSL202590001 referensli tranş üzrə 9000 manat məbləğində kredit verilmişdir, yəni ümumilikdə 100.760 manat məbləğində kredit cavabdehə verilsə də, ilk iki tranş üzrə 91760 manat verildikdən sonra, ikinci tranş üzrə verilən 29760 manat məbləğində əsas borcdan 760 manat əsas borc ödənilmiş və həmin ödəniş həyata keçirildikdən sonra 91000 manat məbləğində tranş vəsaiti bərpa olunduğuna görə üçüncü tranş üzrə 9000 manat məbləğində kredit verilmiş, yəni 100000 manat məbləğində limit ötürülməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-84/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın 207PVSL202590001 referensli tranş üzrə əsas borcun 1511.56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcunun 110.64 manat olmaqla tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert tərəfindən hesablamalar aparılarkən 207PVSL202590001 referensli tranş üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində aparılan ödənişlər ancaq əsas və faiz borcundan silinmişdir. Ekspert tərəfindən borc məbləği hesablanarkən silinmə ardıcıllığına riayət olunmamış, yəni gecikdirilmiş borc üçün hesablanan dəbbə pulu nəzərə alınmamışdır. Bank tərəfindən təqdim edilən maliyyə arayışında isə ödənilmiş məbləğin silinmə ardıcıllığına riayət olunmaqla dəbbə, faiz və əsas borcdan silinmələr göstərilmişdir. Dəbbə pulunun silinmə zamanı nəzərə alınmaması isə ekspert tərəfindən rəy verilərkən əsas borcun azalması ilə nəticələnmişdir. Həmçinin məhkəmədə qeyd olunanları nəzərə almamış, ekspert rəyini əsas götürərək iddianı təmin etmiş, nəticə olaraq əsas borcdan azalma olmuşdur. Məhkəmə işi araşdırarkən ekspert rəyinə əsaslanaraq cavabdehlər tərəfindən ödənilmiş borcun silinmə ardıcıllığını yəni dəbbə puluna silinməni nəzərə almamış nəticə etibarı ilə 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 207PVSL202590001 referensli tranş üzrə əsas borcun azaldılmasına səbəb olan səhv nəticəyə gəlinmişdir.

22. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-84/2023 nömrəli qətnaməsinin Cavabdeh4 aid hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, Cavabdeh4 iddiasının təmin edilməsi və Cavabdeh4 ilə Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 6215975/ZM3 nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli ******* AZN-lik kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 62000 AZN, 2- ci tranş üzrə 29760 AZN, 3-cü tranş üzrə isə 9000 AZN məbləğində vəsait "xxxx" MMCnin hesabına köçürülmüşdür. Cavabdeh Bank, əsas borc qalığının hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borcalandan və zamindən tələb edir. 6215975/KXM nömrəli xx.xx.2020-ci il tarixli ******* AZN-lik kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 62000 AZN, 2-ci tranş üzrə 29760 AZN, 3-cü tranş üzrə isə 9000 AZN məbləğində vəsaitlər "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Beləliklə cavabdeh Bank ümumilikdə "xxxx" MMC-nin hesabına kredit müqaviləsi üzrə müəyyən edilmiş 100.000 manat məbləği əvəzinə 100.760 manat məbləğində pul vəsaiti köçürmüşdür ki, bu da zaminlik müqaviləsi üzrə Cavabdeh4 üzərinə götürdüyü öhdəlikdən artıqdır. Bu hallar yuxarıda qeyd edilən məhkəmə prosesi zamanı təyin edilmiş mühasibatlıq ekspertizasının rəyində də öz əksini tapmışdır. Məhkəmə Cavabdeh4 iddiasında münasibət bildirməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdirlər. 24.İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

25. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

26. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddə-(tərəflər arasında müqavilə münasibətləri bağlanarkən qüvvədə olan redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 295-ci maddə-girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddə-girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddə-zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

27. Qətnamə iddiaçı və Cavabdeh4 tərəfindən mübahisələndirilən hissələrdə (207PVSL202590001 referensli tranş üzrə iddianın təmin edilmədiyi hissə və cavabdeh (zamin) Cavabdeh4 qarşı iddianın təmin edildiyi hissə) yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-84/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 ay müddətində illik 16 faiz ödəmək şərtilə 100.000 manat məbləğində kredit xətti açılmış, 3 tranş üzrə bu məbləğ borcalana verilmiş, kredit öhdəliyinin təminatı olaraq xx.xx.2020-ci il tarixli zaminlik və girov müqavilələri bağlanmışdır. Borcalan və zaminlər tərəfindən öhdəliyin icra müddətinin bitməsinə baxmayaraq kredit və faizlərin ödənilməsi təmin edilmədiyindən bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin rəy əsas götürülərək iddia qismən təmin edilmişdir.

30. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, ekspertiza tədqiqatı zamanı hesablamalar aparılarkən 207PVSL202590001 referensli tranş üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparılan ödənişlər ancaq əsas və faiz borcundan silindiyi halda ekspert tərəfindən borc məbləği hesablanarkən silinmə ardıcıllığına riayət olunmamış, yəni gecikdirilmiş borc üçün hesablanan dəbbə pulu nəzərə alınmamışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda bank tərəfindən cərimə üzrə silinmələr edildiyi müəyyən edilmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hesabdan çıxarışda faiz və cərimə üzrə silinmələrin hər ikisi “LOAN İNTEREST REPAYMENT” adı altında qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bank ödənişlərdən faizlə yanaşı eyni zamanda cərimə üzrə silinmələr edildiyini sübut edə bilmədiyindən iş üzrə verilmiş ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün əsaslar müəyyən edilmir.

31. Cavabdeh4 iddiaya etirazı və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, borcluya bank tərəfindən cəmi 100.000 manat kredit xətti açıldığı halda, ümumilikdə 100.760 manat məbləğində kredit verildiyindən, nəticədə zaminin məsuliyyəti artdığından MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Məhkəmə cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin tələb hissəsində Cavabdeh4 iddiasının təmin edilməsi xahiş olunsa da, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-84/2023 nömrəli qərardadı ilə bu iddia baxılmamış saxlanılmış və qeyd edilən qərardaddan şikayət verilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyi və Cavabdeh4 iddiasına hər hansı münasibət bildirilmədiyi barədə apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. 32.Bank tərəfindən borcluya 100.760 manat məbləğində kredit verildiyinə dair mülahizə isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşdən göründüyü kimi, kredit xətti müqavilə şərtlərinə əsasən bərpa olunan olmuş, borcalana xx.xx.2020-ci il tarixli 207PVSL202590001 referensli tranş üzrə 24 fevral 2020-ci il tarixdə cavabdehə 62000 manat məbləğində kredit verilmiş, daha sonra xx.xx.2020-ci il tarixli 207PVSL202050001 referensli tranş üzrə “23 iyul 2020-ci il tarixdə 29760 manat məbləğində kredit verilmiş, 07 avqust 2020-ci il tarixə həmin tranş üzrə 760 manat məbləğində əsas borc ödənilmiş (bərpa olunmuş), bundan sonra 15 sentyabr 2020- ci il tarixdə 207PVSL202590001 referensli tranş üzrə 9000 manat məbləğində kredit verilmişdir. Yəni borcalanın ümumilikdə istifadə etdiyi kreditin məbləği 100.000 manat təşkil etdiyindən zaminliyə xitam verilməsi üçün qanuni əsaslar müəyyən olunmur.

33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-84/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-84/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar