Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-313/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh1 Firmasına qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 13.01.2022-ci il tarixli 2-2(113)-314/2022 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh1 firmasının 26.08.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 10.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh1 firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləğini yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 26.08.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26.08.2021-ci il tarixə yaranan 29918,99 manat borcuna görə 10.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 03.09.2021-ci il tarixli, **********8 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 07.09.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26 avqust 2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 10.000 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 13.01.2022-ci il tarixli 2-2(113)-314/2022 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 13.01.2022-ci il tarixli 2-2(113)-314/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" firması tərəfindən 02 noyabr 2021-ci il tarixdə 7660,29 manat, 30 noyabr 2021-ci il tarixdə 5252,89 pul vəsaitinin ödənilməsi səbəbilə iddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, vergi ödəyicisinin yaranmış borc məbləği vergi ödəyicisinin yerinə yetirmədiyi vergi öhdəliklərinə görə hesablanmış faiz məbləğidir. Məhkəmə tərəfindən icraat aparılan vaxta vergi ödəyicisinin digər vergi öhdəliklərinə görə borcu olduğu səbəbindən müvafiq tarixlərdə ödənilmiş pul vəsaitləri qanunvericiliyin tələblərinə uyğun olaraq həmin borc məbləğlərindən tutulmuşdur. Buna görə də vergi ödəyicisinin **********91 saylı icraat vərəqəsi üzrə ödənilməmiş 10000 manat vergi borcu mövcud olaraq qalır. Məhkəmə qətnamə çıxaran zaman vergi ödəyicisi tərəfindən ödənilmiş pul vəsaitinin hansı borc məbləğindən tutulması araşdırılmamışdır. Buna görə də iddianın təmin edilməməsi tamamilə əsassızdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 20.04.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13.01.2022-ci il tarixli 2-2(113)-314/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh1 firmasına göndərilmiş 08 iyun 2021-ci il tarixli, **********9 saylı bildirişdən görünür ki, dövlət büdcəsinə olan 31.189,34 borcun (12705,17 manat vergilər üzrə, 140 manat maliyyə sanksiyası üzrə, 18344,17 manat faizlər üzrə) 5 gün müddətində ödənilməsi tələbi edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 26.08.2021-ci il tarixli, **********8 nömrəli qərardan görünür ki, Cavabdeh1 firmasının vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh1 Firmasının dövlət büdcəsinə iddia qaldırılan 14.10.2021-ci il tarixə 30501,41 manat vergilər üzrə, 19960,95 manat faiz üzrə borcu olmuşdur. Vergi borcu ödənilmədiyindən vergi orqanı 14.10.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26.08.2021-ci il tarixədək yaranmış vergi borcunun 10.000 manat hissəsinin tutulması üçün cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın qanuni əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. İşdəki şəxsi vərəqədən görünür ki, iddia qaldırıldıqdan sonra 02.11.2021-ci il tarixdə dövlət büdcəsinə vergi borcu üzrə 7660,29 manat, 30.11.2021-ci il tarixdə 5252,89 manat, cəmi 12913,18 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında ödənilən məbləğlərin cəmi 26 avqust 2021-ci il tarixə kimi yaranmış və mübahisənin əsasını təşkil edən 10000 manat borcun məbləğindən çox olduğundan mübahisənin əsasını təşkil edən borc məbləği ödənildiyi üçün iddia rədd edilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir. 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin iddia qaldırılan tarixə mövcud olan 50462,36 manat vergi borcunun yalnız 12913,18 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən, iddiaçının tələb etdiyi 10.000 manat vergi borcu hal-hazırda da mövcud olduğundan məhkəmə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, vergi orqanının iddiası o vaxt rədd oluna bilərdi ki, cavabdeh iddia qaldırılan tarixə mövcud olan vergi borcunu tam ödəmiş olsun. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-592/2020 saylı, 24.08.2020-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-592/2020 saylı, 24.08.2020-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilərək Cavabdeh1 firmasının 26.08.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 10.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-313/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-313/2022
20.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver