Məhkəmə qərarları › İş №2-2(103)-313/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-313/2024

09.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-313/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “elektron qaimələrin verilməsi və təsdiq olunması vəzifəsinin qoyulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı xx.xx.2007ci il tarixli müqavilə bağlanmışdır.

2. “İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 24 may 2022-ci il tarixli G-4/22 saylı qərar qəbul edilmişdir. Həmin qərar ilə 2015-ci il tarixli 21 yanvar tarixindən 2022-ci il 01 yanvar tarixinədək olan münasibətlərin tənzimlənməsi üçün arabağlantı münasibətlərindən irəli gələrək tərəflər arasında cədvəl və dövr üzrə müəyyən olunmuş ödənişlər - 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illər üzrə xx.xx.2022-xx.xx.2022 dövr üzrə Cavabdeh MMC-nin arabağlantı trafikinə görə ödəyəcəyi məbləğ 75.655.000 manat, İddiaçı arabağlantı trafikinə görə ödəyəcəyi məbləğ 51.848.065 manat müəyyən edilmişdir.

3. Cavabdeh MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı, İddiaçı MMC üçüncü şəxs qismində cəlb edilməklə “AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-10060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

4. Həmin qərardan Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 1363/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qərardan Cavabdeh MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1849/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 1363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində həyata keçirilmiş ödənişlər üzrə Cavabdeh MMC tərəfindən elektron qaimələrin İddiaçı MMC-yə təqdim edilməməsi səbəbindən ümumilikdə 7.909.026,86 manat ƏDV məbləği əvəzləşdirilməsi mümkün olmadığına görə, Cavabdeh MMC-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və onun əsasında həyata keçirilən icra prosesinin qeyd edilməsi vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, İddiaçı MMC tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun və X2 görə ödənilmiş 20 manat haqqın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, Rabitə (telekommunikasiya) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G- 4/22 saylı Qərarı Cavabdeh MMC tərəfindən könüllü icra edilmədiyindən Qərarın məcburi icrası ilə bağlı, Nəsimi rayon İcra şöbəsinin icraatında 189204/2022-5-34 №li icra işi vardır. Qərarın qərar hissəsinin 2-ci bəndinə əsasən EBBY seriyalı, 023725 nömrəli; EBCA seriyalı, 957448 nömrəli; EBCB seriyalı, 971363 nömrəli; EBCD seriyalı, 246695 nömrəli; EBCH seriyalı, 401319 nömrəli; EBCİ seriyalı, 730432 nömrəli elektron qaimələr Cavabdeh MMC-yə təqdim edilmiş, lakin EBBY seriyalı, 023725 nömrəli qaimə istisna olmaqla digər qaimələrin təsdiq edilməsindən imtina edilmişdir. Eyni zamanda həmin Qərarın icrası ilə əlaqədar nəzərdə tutulan ödənişlər həyata keçirilsə də, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə görə arabağlantı trafikinə görə Cavabdeh MMC-yə ödənişi nəzərdə tutulan məbləğlər ilə əlaqədar, hazırkı tarixədək İddiaçı MMC-yə elektron qaimələr təqdim edilməmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-420/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı çərçivəsində edilmiş ödənişlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifə kimi Cavabdeh MMC-nin üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı çərçivəsində edilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək vəzifə Cavabdeh MMC-nin üzərinə qoyulmsı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı çərçivəsində edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G4/22 saylı Qərarına istinad edilməsi vəzifə Cavabdeh MMC üzərinə qoyulması, Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 20 manat manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx.xx.2014-cü il tarixli məktubla müraciət edərək, müraciətin cavabdehə daxil olduğu gündən 2 ay sonra Müqavilənin 16.1-ci bəndinə əsasən müqaviləyə xitam veriləcəyi barədə xəbərdar etmişdir. Sonradan iddiaçı həmin məktuba istinadən müqaviləni xx.xx.2015ci il tarixdən xitam verilmiş hesab etmiş və xx.xx.2015-ci il tarixdən hesablaşmalara dair üzləşdirmə aktının tərtib edilməsindən və qarşılıqlı ödənişlərin aparılmasından imtina etmişdir. Halbuki, şəbəkələr arasındakı mövcud birbaşa arabağlantı kanalları birtərəfli qaydada bağlanmamış və arabağlantı üzrə trafik mübadiləsi faktiki davam etdirilmişdir. Bu səbəbdən Cavabdeh şirkəti “Azercell” şirkətinə qarşı borcun ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Qeyd edilən iddiaya baxılması üzrə yekun olaraq Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(102)-210/18 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarla “Azercell” şirkətinin Cavabdeh şirkətinə 138.896,50 manat pulu ödəməsi, habelə Cavabdeh şirkətinin iddia tələbinin “Azercell” şirkətindən ƏDV daxil 7.338.115,05 manat borcun tutulması hissəsində təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Həmin qərarla həmçinin, xx.xx.2015-ci il tarixdən Müqavilə xitam verilmiş hesab edilmişdir. Cavabdeh şirkəti tərəfindən Ali Məhkəmənin qərarının Konstitusiya və qanunlara uyğun olmayan hesab edilməsi üçün Konstitusiya Məhkəməsinə şikayət edilmişdir. Şikayətin nəticəsi üzrə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki, prosessual qənaət prinsipi baxımından Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(102)-210/18 nömrəli qərarının Konstitusiya və qanunlara uyğunsuzluğuna dair Konstitusiya Məhkəməsi Plenumunun ayrıca qərarının qəbul edilməsinə ehtiyac duyulmur. Beləliklə, Konstitusiya Məhkəməsinin qərardadı ilə Ali Məhkəmənin qərarı Konstitusiya və qanunlara uyğunsuz hesab edildiyindən məhkəmənin qətnaməsində ifadə edilmiş “müqaviləyə xx.xx.2015-ci il tarixdən xitam verilməsi” barədə hüquqi mövqe də əhəmiyyətini itirmişdir. Bu onu göstərir ki, “Azercell” şirkəti ilə Cavabdeh şirkəti arasında Müqavilədən irəli gələn öhdəliklər xx.xx.2015-ci il tarixdən sonra təkcə faktiki deyil, həm də formal-hüquqi baxımından davam etmişdir. Bundan başqa işə baxan məhkəmə tərəfindən Vergi Məcəlləsinin 16, 71-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na istinad edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı üzrə həyata keçirilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək və İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Halbuki, Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinə görə işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim edilməlidir. Hazırki halda isə təqdim edilməsi vəzifə kimi qoyulmuş elektron qaiməfakturalardakı xidmətlər 2015-2021-ci il tarixlərində göstərilmişdir. Yəni məhkəmə tərəfindən vergi ödəyicisi olan Cavabdeh şirkətinin üzərinə Vergi Məcəlləsi ilə təsbit edilməmiş vəzifə qoyulmuşdur. Məhkəmə qətnamədə Nazirlər Kabinetinin 2021-ci il 02 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına istinad etmişdir. Halbuki, qeyd edilən Qaydalar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş, tərəflər arasındakı əməliyyatlar isə 2015-2021-ci illləri əhatə edir. Beləliklə, bu Qaydalara yalnız 2021-ci il üzrə aparılmış əməliyyatlara münasibətdə istinad edilə bilərdi.

Apellyasiya şikayətinə qarşı etiraz

12. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-420/2023 saylı qərarı qanuni və əsaslıdır, məhkəmə tərəfindən hüququn tətbiqi və təhlil düzgün aparılmışdır. Belə ki, çoxsaylı məhkəmə icraatlarında və RİNN tərəfindən aparılmış inzibati icraat çərçivəsində eyni mövqe nümayiş etdirmiş "xxxx" MMC xx.xx.2022-ci il tarixli, G-4/22 nömrəli Qərarın ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsində RİNN-ə qarşı iddia tələbi qaldırmaq, sonra isə apelyasiya və kasasiya şikayətləri verməklə yenə də məsələyə qeyri-konstruktiv yanaşmaqla, bilərəkdən vəziyyətdən və hüquqdan sui-istifadə etməklə xx.xx.2022-ci il tarixli, G-4/22 nömrəli Qərarın icrasından yayınmağa cəhd edir. "xxxx" MMC-nin hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış olmaqla, hüquqdan sui-istifadədir. "xxxx" MMC qeyrikonstruktiv yanaşmaqla, bilərəkdən vəziyyətdən və hüquqdan sui-istifadə etməklə məsələnin həllindən yayınmaq və uzatmaq ilə özünə sərf edən vəziyyətdən qanunsuz olaraq illər uzunu faydalanmağa və bunun davam etməsinə çalışır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

14. Məhkəmə iclasında üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarrəsinin nümayəndəsi X4 elektron qaimələrin təqdim edilməsi vəzifəsinin Vergi Məcəlləsinin 16-ci maddəsindən irəli gəldiyini qeyd etdi və iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsiə buraxdığını bildirdi.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsinin

17. Maddə 16. Vergi ödəyicisinin vəzifələri:

18. 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək;

19. 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

20. 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

21. 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;

22. 16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi;

23. 16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə;

24. 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

25. 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda və müddətlərdə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir.

26. 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

27. 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın:

29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

30. 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaiməfaktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı hazırlayır və təsdiq edir.

31. 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr, təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və ya saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məluat elektron qaiməfakturanın “əsas” sətrində qeyd olunur.

32. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

33. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

36. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC şəbəkələr arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşması haqqında xx.xx.2007-ci il tarixli müqavilə bağlanması, sonradan onlar arasında qarşılıqlı arabağlantı ilə əlaqədar mübahisənin yaranması, həmin mübahisəyə dair inzibati icraat üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 24 may 2022-ci il tarixli G-4/22 saylı qərarın qəbul edilməsi, Cavabdeh MMC tərəfindən həmin qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddianın rədd edilməsi işin mübahisəsiz hallarını təşkil edir.

37. Həmin 24 may 2022-ci il tarixli G-4/22 saylı qərar üzrə ödənişlər barədə cədvəlarayışdan isə görünür ki, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illər üzrə xx.xx.2022-xx.xx.2022 dövr üzrə Cavabdeh MMC-nin arabağlantı trafikinə görə ödədiyi ümumi məbləğ 75.660.000 (cədvəldə qeyd olunan məbləğdən 5000 artıq), İddiaçı MMC-nin ödədiyi ümumi məbləğ 51.848.066 manat təşkil edir.

38. Həmin qərar və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş elektron qaimələr barədə məlumat cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 07 e-qaimə təqdim olunmuş, onlardan biri EBBY seriyalı, 023725 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə Cavabdeh MMC tərəfindən təsdiq olunmuş və digər 06 e-qaimələrin (EBCA seriyalı, 957448 nömrəli; EBCB seriyalı, 971363 nömrəli; EBCD seriyalı, 246695 nömrəli; EBCH seriyalı, 401319 nömrəli; EBCİ seriyalı, 730432 nömrəli, EBCL seriyalı, 126159 nömrəli) təsdiq olunmasından imtina olunmuşdur.

39. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarına əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir. Qanunvericiliyin bu qaydası isə ölkə ərazisində malların verilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi sahəsində şəffaflığın artırılmasına yönəlmişdir. Həmçinin də, elektron qaimənin verilməsi gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir.

40. Beləliklə, tərəflər arasında olan mübahisənin inzibati orqanın qanuni qüvvədə olan qərarı ilə həll olunduğunu və Vergi Məcəlləsinin istinad olunan müddalarını nəzərə alaraq kollegiya hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı üzrə həyata keçirilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək və İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

41. Belə ki, elektron qaimənin verilməsi vergi ödəyicisinin vəzifəsi olmaqla yanaşı, qeyd edilmiş elekron qaimələrin təqdim və göndərilmiş elektron qaimələrin təsdiq edilməməsi elektron qaydada aparılan maliyyə hesabatında səhvə yol verilməsinə səbəb ola bilər. Həmçinin, qeyd edilmiş elektron qaimələr olmadan ƏDV məbləğinin də, əvəzləşdirilməsi mümkün deyildir.

42. Göründüyü kimi, elekron qaimələrin təqdim və göndərilmiş elektron qaimələrin təsdiq edilməsi öhdəliyi həm iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsinə həmçinin də, gələcəkdə hüquqlarının pozulmasının qarşısının alınmasına xidmət edir.

43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, təqdim edilməli və elektron qaimələr Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qanuni qüvvəyə minmiş 24 may 2022-ci il tarixli G-4/22 saylı qərarının icrası ilə bağlı olduğundan edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarına istinad edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

44. Apellyasiya şikayətinin tərəflər arasında olan mübahisə ilə bağlı dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Apellyasiya şikayətinin digər dəlilləri isə formal mülahizələrdən ibarət olduğuna görə əsassızdır.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar