Məhkəmə qərarları › İş №2-2(103)-314/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-314/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-314/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliyi üzrə yaranmış pul tələbi”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “İddiaçı.” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, A/005-18 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 141.842 (bir yüz qırx bir min səkkiz yüz qırx iki) manat məbləğində borc pulun, 104.108,80 (bir yüz dör min yüz səkkiz manat 80 qəpik) manat cərimə məbləğinin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 141.842 manat məbləğində borc, 14.184 manat məbləğində cərimə, ümumilikdə 156.026 manatın tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, cavabdeh qismində X4 cəlb edilməsini, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən deyil, onun keçmiş həyat yoldaşı X7 tərəfindən imzalanmışdır. Onun belə bir səlahiyyəti olmadığından müqavilə etibarsızdır. Direktorun bağlanan müqavilə barədə məlumatı olmamış, 2019-cu ildə ölkə xaricinə getmək istəyərkən məlum olmuşdur ki, borcla əlaqədar ölkədən çıxışına qadağa qoyulmuşdur. Həyat yoldaşının bir çox şirkətlərə borcu olmuş, onunla ailə münasibətləri pozulandan sonra həyat yoldaşının adına verilmiş etibarnamələri ləğv etmişdir. Buna görə də, iş üzrə əsl cavabdeh qismində T.Cabarov cəlb edilməli idi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etirazını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı MMC (“Alıcı”) ilə Cavabdeh MMC (“Satıcı”) arasında A/005-18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının YDM-lərinin, Motellərinin və Təhlükəsizlik Xidməti və Nəzarəti İdarəsinin əməkdaşları üçün yay və qış geyim mallarını dəyəri 260.272 manat olmaqla müqavilənin 2.1-ci bəndində göstərilmiş müddətdə Alıcının mərkəzi anbarına çatdırmağı və təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları müqavilənin 3.2-ci bəndində göstərilən avans ödənildiyi tarixdən etibarən xx.xx.2018-ci il tarixədək yay geyimləri ilə, xx.xx.2018-ci il tarixədək qış geyimləri ilə alıcının təyin etdiyi ünvana çatdırmalı idi. Müqavilənin 3-ci bəndinə əsasən malların ümumi dəyəri 260.272 manat təşkil edir. Satıcı ƏDV ödəyicisi olmadığından malların ümumi dəyərinə ƏDV daxil edilməyib.(3.1-ci bənd). Malların ümumi dəyərinin 50% həcmində hissəsi müqavilə imzalandıqdan sonra avans şəklində ödəniləcəkdir.(3.2-ci bənd). Avans ödənildikdən sonra Malların ümumi dəyərinin qalan 50% həcmində hissəsi onlar Müqavilənin 2.2 bəndində göstərilən qaydada təhvil alındıqdan sonra təqdim olunacaq hesab əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 iş günü ərzində ödənilməlidir.(3.3-cü bənd). Ödəniş gününə qədər manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsində 7%-dən artıq artma və ya azalma olarsa tərəflərin razılığı ilə qiymətlərə yenidən baxıla bilər.(3.4-cü bənd). Müqavilənin 5.5-ci bəndinə əsasən satıcı malları müqavilənin 2.1-ci bəndində göstərilən müddət ərzində təhvil vermədikdə, hər ay yubadılan gün üçün müqavilənin ümumi dəyərinin 0,5% həcmində cərimə ödəməlidir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə alqı-satqı müqaviləsi adı altında müqavilə bağlansa da, faktiki olaraq bağlanmış müqavilə podrat müqaviləsi olmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, həmin müqavilə üzrə iddiaçı cavabdehə ümumilikdə avansla birgə 247136 manat pul ödəmişdir. İşdəki elektron qaimələrdən görünür ki, cavabdeh 105294 manat dəyərində geyimləri hazırlayaraq iddiaçıya təhvil vermişdir. İddiaçı 141842 manat dəyərində geyimlərin cavabdeh tərəfindən təhvil verilmədiyini iddia etmiş, cavabdeh tərəfindən öhdəliyin tam icra edildiyinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə MM-nin 385.1-ci maddəsinə və digər normalara istinad etməklə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edərək tam təmin etmiş, dəbbə pulu hissəsində MM-nin 467-ci maddəsini tətbiq etməklə qismən təmin etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda fəaliyyət göstərmədiyindən çatdırılmamışdır. Cavabdehin apellyasiya şikayətində irəli sürülmüş xx xxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən həmin tələb qarşılıqlı iddia qaldırılmaqla irəli sürülməli olduğundan və cavabdeh tərəfindən iş üzrə qarşılıqlı iddia qaldırmadığından məhkəmə tərəfindən həmin tələbə baxıla və hüquqi qiymət verilə bilməz. xx xxxxxx 2018-ci il tarixli müqavilə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edildiyindən müəyyən olunur ki, müqavilə qanuni təmsilçi və ya onun etibarnamə əsasında səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi barədə tərəflərin iradə ifadəsi və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından məhkəmə tərəfindən etibarlı əqd olaraq qəbul edilir. Cavabdeh MMC-nin apellyasiya şikayətinin məzmununda iddiaçı ilə müqavilə münasibətlərinə daxil olmuş şəxsin X8 olduğu və buna görə də iddia üzrə cavabdeh qismində həmin şəxsin cəlb edilməli olduğu qeyd olunur. Eyni zamanda şikayətin məzmunundan aydın olur ki, həmin şəxs direktorun həyat yoldaşı olmuş, onun adından etibarnamə əsasında sənədlər imzalamış, ailə münasibətləri pozulduqdan sonra həmin şəxsin adına verilmiş etibarnamələr ləğv edilmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hazırkı halda xx xxxxxx 2018-ci il tarixli müqavilə hüquqi şəxslər arasında bağlanmış, müqavilə üzrə ödənilmiş məbləğlər Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Hüquqi şəxsin direktoru ilə onun digər təmsilçiləri arasındakı münasibətlərin pozulması və ya hüquqi şəxsin adından çıxış edən şəxsin onun maraqlarına zidd hərəkət edərək ziyan vurması hüquqi şəxsi kreditorları qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar