Məhkəmə qərarları › İş №2-2(103)-315/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-315/2021

17.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-315/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı lisenziya mükafatının, öhdəliyin icrasının gecikdirilməsinə görə zərərin tutulmasına dair ilkin və Cavabdeh MMC-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1801/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) hər iki tərəfin apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh MMC-dən, “xxxx” MMC ilə onun arasında bağlanılmış xx.xx.2014-cü il tarixli lisenziya müqaviləsi üzrə ödəməli olduğu 3.600.000 manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216.000 manat məbləğin və dəymiş 600.000 manat məbləğində zərərin tutularaq ona ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İdeal parfumery & cosmetics” əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdrıma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2005 0372-35-ci sinif “İDEAL” təsvir və 2009 0846 -35, 39- cu siniflər “ideal” təsvir kimi onun adına qeydə alınmışdır. Göründüyü kimi əmtəə nişanı aşağıdakı 2 sinif üçün qeydiyyata alınmışdır: 35-Reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər); 39-Mallann qablaşdırılması və saxlanılması. Bu əmtəə nişanı ilə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi yaratdığı “İdeal parfumery & cosmetics” mağazalar şəbəkəsində fəaliyyət göstərmiş və bu mağazalar şəbəkəsi Azərbaycanda tanınmış brendə çevrilmişdir. xx xxxxxx 2007-ci il tarixdə isə 100% təsisçi payı ona məxsus olan “xxxx” MMC-ni təsis etmişdir. (Hüquqi varisi Cavabdeh MMC) xx.xx.2014-cü il tarixdə onunla “Lisenziat” - yəni “xxxx” MMC ( hüquqi varisiCavabdeh MMC) arasında 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İDEAL perfumery & cosmetics” əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında “xxxx” MMC-yə (Hüquqi varisi Cavabdeh MMC) istifadəyə dair hüquq verilməsi ilə bağlı müqavilə imzalandı. Müqavilənin 8-ci bəndinə əsasən həmin müqavilə imzalandığı tarixdən əmtəə nişanın qüvvədə olma tarixinin bitməsi müddətinə kimi bağlanırdı. Bu müqavilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 01 nömrəsi ilə qeydə alındı və bu barədə bizə bildiriş təqdim edildi. Onun yuxarıda göstərilən 2009 0846 nömrəli, xx.xx.2009-cu il tarixli əmtəə nişanına 35, 39-cu siniflər üzrə hüququ xx.xx.2019-cu il tarixə qədər qüvvədə idi. Yəni “xxxx” MMCnin ( hüquqi varisi“ Cavabdeh” MMC) də bu əmtəə nişanına dair “lisenziat” hüququ həmin tarixədək qüvvədə idi. “xxxx” MMC bu günə qədər həmin müqavilə əsasında göstərilən əmtəə nişanından istifadə edir və fayda götürür. Müqavilənin 5-ci bəndinə əsasən lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən həyata keçirilir. Saziş həmin müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu məxfi sənəd kimi qiymətləndirirlər. Həmin sazişə əsasən göstərilən əmtəə nişanından istifadə üçün lisenziat, yəni “xxxx” MMC tərəfindən ona illik 600.000 manat ödənilməli idi. Göstərilən müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Həmin tarixdən bu günə qədər ona göstərilən lisenziya müqaviləsi əsasında ödənilməli olan mükafat ödənilməmişdir. 2017-ci ildə “xxxx” MMC-nin şikayəti əsasında əsassız olaraq həbs olunmuşdur. Cavabdeh ona 6 il üçün ******* pul mükafatı ödəməlidir. Bu mükafatı dəfələrlə tələb etsə də hər dəfə mükafatın ona ödənilməsi üçün heç bir tədbir görülməmişdir. MM-nin 449.1-ci maddəsinə əsasən bu məbləğə bank uçot dərəcəsi ilə illik 6 %-lə faiz hesablanaraq tutulmalıdır. İddiaçı ona ödənilməli mükafatdan bir il üçün 100.000 manat, 6 il üçün 600.000 gəlir əldə edə bilərdi. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən müqavilənin mövcudluğu barədə MMC-də ümumiyyətlə məlumat olmamış, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu barədə məlumatlı olmuşlar. Hesab edir ki, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə etibarsızdır. Qeyd edir ki, əqdin təmsilçi vasitəsi ilə bağlanması üçün əsas şərt qanunla müəyyənləşdirilmiş qaydada verilmiş etibarnamənin mövcud olmasıdır. Hüquqi şəxsin adından verilən etibarnamədə isə şirkətin adından onun rəhbərinin və ya nizamnamə ilə buna vəkil edilmiş digər şəxsin imzası olmalı və həmin təşkilatın möhürü vurulmalıdır. İş materiallarına əlavə edilmiş X6 verilmiş xx.xx.2014-cü il tarixli etibarnamə isə notarial qaydada şirkətin möhürü olmadan tərtib edilmişdir. Göründüyü kimi X5 “xxxx” MMC-nin adından hər-hansı əqd bağlamağa hüququ olmamışdır. Bundan başqa hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması üçün, müvafiq auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qərarı zəruridir. Nəzərə almaq lazımdır ki, iddiaçı lisenziya müqaviləsinin hər 1 ili üçün 600.000 manat, ümumilikdə isə 3.600.000 manat pul vəsaitinin tutulmasını tələb edir. Hazırkı halda isə nə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı, nə də ki, auditor rəyi mövcuddur. Hesab edir ki, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı, “xxxx” MMC-nin (Cavabdeh MMC)-nin həmin müqavilənin bağlanması barədə iradə ifadəsi mövcud olmadığından həmin müqavilə etibarsız hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, “xxxx” MMC (Cavabdeh MMC) xx.xx.2007-cu il tarixdən fəaliyyət göstərir. 2009 0846 nömrəli, xx.xx.2009-cu il tarixli əmtəə nişanı isə MMC-nin təsisçisi olmuş İddiaçı mülkiyyətində olmuşdur. Əmtəə nişanı dövlət qeydiyyatına alındığı andan, o cümlədən iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarixli müqavilə bağlananadək MMC-nin istifadəsində olmuşdur. Qanunvericilik isə təsisçinin öz mülkiyyətindən istifadə etməsini hər-hansı qaydada məhdudlaşdırmır. İddiaçı xx.xx.2017-ci il tarixdə “xxxx” MMC-də olan təsis paylarını satmış və MMC-nin təsisçiliyindən çıxmış, xx.xx.2017-ci il tarixli əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə isə qeyd olunan əmtəə nişanı “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi İddiaçı MMC-nin təsisçisi olduğu zaman mülkiyyətçi kimi əmtəə nişanından istifadə etmiş, MMCnin təsisçiliyindən çıxarkən isə əmtəə nişanını “xxxx” MMC-nin adına özgəninkiləşdirmişdir. Bundan başqa hesab edir ki, iddiaçının mübahisəli müqavilənin MMC-nin məlumatı olmadan bağlaması, hazırda həmin müqaviləyə görə 3.200.000 manat məbləğində pul vəsaitini tələb etməsi və həmin müqavilə bağlanan zaman MMC-yə məxsus möhürü səlahiyyəti olmayan şəxsə verməsi İddiaçı əməllərində cinayət tərkibinin əlamətlərinin olmasına dəlalət edir. Mübahisəli saxta əqdin bağlanması zamanı qeyd olunan qaydaların pozulması və həmin əqddən istifadə edərək, Cavabdeh MMC-dən külli miqdarda pul vəsaitinin tələb etməsi halı iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, İddiaçı əməllərində həm Azərbaycan Respublikası CM-nin 201-1.2-ci maddəsinin tərkib əlamətləri, həm də, 320.1 və 320.2-ci maddələrinin cinayət tərkib əlamətləri öz əksini tapır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1801/2020 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilənin etibarsız hesab edilməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh MMC apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, İddiaçı əməllərində Azərbaycan Respublikası CM-nin 201 və 320-ci maddələrinin cinayət tərkibi olması faktının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə ilkin iddiaya münasibət bildirilməmişdir. Qarşı tərəf 2014-2019-cu ilin sentyabr ayınadək “İdeal” əmtəə nişanından istifadə etməklə gəlir əldə etməsini təkzib etmir. İddiaçı “xxxx” MMC-nin təsisçisi olsa da fiziki şəxs kimi ona məxsus əmtəə nişanının əvəzsiz olaraq MMC-nin istifadəsinə verilməsi barədə hər hansı razılaşma mövcud deyil. Əmtəə nişanından istifadə hüququ yalnız müqavilə əsasında verilə bilərdi. Məhkəmə qeyd edir ki, H.Qarayevin müqaviləni “xxxx” MMC-nin adından imzalamaq səlahiyyəti olmamışdır. Halbuki ona İddiaçı tərəfindən bu səlahiyyət verilmişdir. Cavabdehin lisenziya müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinə müraciət etməsi təsdiq edir ki, onun bu müqavilə barədə məlumatı olmuşdur və müqaviləni bəyənmişdir. Lisenziya müqaviləsinin 5-ci bəndinə əsasən lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən həyata keçirilir. Həmin razılaşma müqaviləyə əlavə saziş formasında bağlanmış, 2017-ci ilin fevral ayında İddiaçı həbs olunduğu, saziş isə MMc-də seyfdə saxlandığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Müqavilənin qiyməti barədə sazişi məhkəməyə təqdim edə bilməməsi MM-nin 398-ci maddəsinə əsasən iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Qarşılıqlı iddianın təmin edilməsi üçün iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə vermədiyimi qeyd etsə də qarşılıqlı iddia ərizəsinə etirazda iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Qarşılıqlı iddia mübahisələndirilən əqdin bağlanmasından 6 il sonra qaldırılmışdır. Cavabdeh MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qarşılıqlı iddia ərizəsini qismən təmin edərək, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqaviləni etibarsız hesab etsə də, xüsusi qərardadın qəbul edilməsi hissəsində təmin etməmişdir. Hesab edir ki, qətnamə həmin hissədə əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçının xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilənin MMC-nin məlumatı olmadan bağlaması, hazırda həmin müqaviləyə görə 3.200.000 manat məbləğində pul vəsaitini tələb etməsi və həmin müqavilə bağlanan zaman MMC-yə məxsus möhürü səlahiyyəti olmayan şəxsə verməsi İddiaçı əməllərində cinayət tərkibinin əlamətlərinin olmasına dəlalət edir. Bundan başqa məhkəmə qətnaməsində qeyd etmişdir ki, mübahisəli müqavilə bağlanan zaman MMC-nin direktoru və qanuni təmsilçisi ilkin iddia üzrə İddiaçı olmuşdur. Həmin müqavilə bağlanan zaman nə təsisçilərin ümumi yığıncağı keçirilmiş nə də, MMC-nin digər təsisçisinə bu barədə məlumat verilməmişdir. Bu hallardan yayınmaq üçün İddiaçı notarial qaydada saxta etibarnamə verməklə, mübahisəli saxta müqavilənin bağlanmasına nail olmuşdur. Məhkəmənin iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı tərəf qeyd olunan halları təkzib edə bilməmiş, eyni zamanda həmin halların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, xüsusi qərardadın qəbul edilməməsi nəticəsində gəlmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil digər vəkilin prosesdə iştirak edə bilməməsi səbəbindən prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə vəkillərdən birinin prosesdə iştirak etməməsini iclasın təxirə salınması üçün üzürlü səbəb kimi qəbul etməyərək MPMin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir Məhkəmə izahatı apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1801/2020 saylı qətnaməsi qismən qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, N 2009 0846 saylı “İdeal perfumery & cosmetics” adlı əmtəə nişanı üzərində İddiaçı hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən İddiaçı və X7 tərəfindən imzalanmış “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”nin işdəki surətindən görünür ki, İddiaçı “xxxx” MMC-yə xx.xx.2009-cu il tarixli N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İdeal perfumery & cosmetics” əmtəə nişanınından istifadəyə qeyri-müstəsna lizenziya müqaviləsi əsasında istifadəyə dair hüquq vermişdir. Müqavilədə onun hansı tarixdə tərtib edildiyi və ya imzalandığı qeyd edilməmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, lisenziarın lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən, həyata keçirilir. Saziş hazırkı müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu məxfi sənəd kimi qiymətləndirilir. Qeyd edilən saziş iddiaçı tərəfindən təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 3 saylı Notariat X2 3 ay müddətinə-xx.xx.2015-ci il tarixədək notariat kontorunda nümayəndəsi olmaq, Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının verilməsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan sənədləri toplamaq və təqdim etmək, lazımı sənədlərdə imza etmək və digər zəruri hərəkətləri etməyə dair etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müəssisədəki payın alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı nizamnamə kapitalındakı dəyəri 800.000 manat olan “xxxx” MMC-dəki 25% payını MMC-nin digər təsisçisi X1. Məhkəmə kollegiyası ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İlkin iddia tələbində İddiaçı “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə” bağlandığı vaxtdan (iddiaçı bu tarixi xx.xx.2014-cü il qəbul edir) iddia qaldırıldığı xx.xx.2020-ci il tarixədək 6 il üçün lisenziya mükafatının tutulmasını xahiş edir. İddia ərizəsində qeyd edilir ki, İddiaçı əmtəə nişanı üzərində hüququ xx.xx.2019cu il tarixədək qüvvədə olmuşdur. “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqavilə”nin 8.1-ci bəndində onun səlahiyyətli orqanda qeydiyyata alındıqdan sonra qüvvəyə mindiyi qeyd edilmişdir. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydə alınması barədə iş materiallarına bildiriş əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilədən görünür ki, İddiaçı N 2005 0372 – 35-ci sinif “İDEAL” təsvirinə və N 2009 0846 – 35, 39-cu siniflər “İDEAL” təsvirinə olan müstəsna hüququnu “xxxx” MMC-yə vermişdir. Qeyd edilən müqaviləyə əsasən İddiaçı “İdeal” əmtəə nişanı üzərində hüququ xx.xx.2017-ci il tarixdən “xxxx” MMC-yə keçdiyindən qeyd edilən tarixdən sonra həmin əmtəə nişanından istifadə ilə bağlı qarşı tərəfdən ödəniş tələb etməyə subyektiv hüququ yoxdur. Əmtəə nişanından istifadə üçün hüququn verilməsi barədə mübahisəli lisenziya müqaviləsinin qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən nişan üzərində müstəsna hüququn cavabdehə keçdiyi xx.xx.2017-ci il tarixədək isə “İdeal” əmtəə nişanından istifadəyə görə ildə 600.000 manat mükafat ödəmək öhdəliyi olduğuna dair iş materiallarında hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mübahisəli “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”nin 5-ci bəndinin tələbinə uyğun olaraq illik lisenziya mükafatının məbləğinin 600.000 manat olması barədə tərəflər arasında saziş bağlandığını iddia etsə də, həmin sazişi sübut qismində məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı apelyasiya şikayətində qeyd edilir ki, lisenziya mükafatının məbləği barədə sübut məhkəməyə təqdim edilməsə də, məhkəmə MM-nin 398-ci maddəni tətbiq etməklə qiyməti özü müəyyən edərək iddianı təmin etməli idi. MM-nin 398.1-ci maddəsində qeyd edilir ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə qeyd edilir ki, əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əmtəə nişanı üzərində müstəsna hüququn verilməsi üçün mükafat dəyəri MM-nin 398-ci maddəsi tətbiq edilərək müəyyən edilə bilməz. Əmtəə nişanının anlayışı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarların əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Anlayışdan göründüyü kimi, hər bir əmtəə nişanı fərqlilik xüsusiyyətinə malik olduğundan və əmtəə nişanlarından istifadə ilə bağlı haqqın məbləği müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmədiyindən MM-nin 398-ci maddəsinin hazırkı mübahisə üzrə tətbiq edilməli olduğuna dair iddiaçının mülahizələri əsassızdır. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir. Məhkəmə kollegiyası eyni zamanda qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Mülki Məcəllənin 362.5-ci maddəsinə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Mübahisələndirilən əqdi “xxxx” MMC-nin adından imzalamış şəxsə verilən etibarnamə mülki qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmiş, hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin məcəllənin 91-2.3-cü maddəsinə əsasən, cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Həmin məcəllənin 91-2.4-cü maddəsinə əsasən, cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Hazırkı halda mübahisələndirilən müqavilə bağlanarkən MMC-nin icra orqanının səlahiyyətlərinin həyata keçirilməsinin X6 həvalə edilməsi ilə bağlı MMC- nin təsisçilərin ümumi yığıncağı keçirilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Direktorun isə öz səlahiyyətlərini ümumi yığıncağın qərarı olmadan başqa şəxsə ötürmək hüququ olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki, H.Qarayevin “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”ni hüquqi şəxsin adından imzalamaq səlahiyyəti olmadığından müqavilə qanunvericiliyin tələblərinə uyğun olmadan bağlandığı üçün etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən qarşılıqlı iddiaya verilmiş etiraz ərizəsində müqavilənin etibarsızlığı barədə iddia irəli sürmək üçün bir illik iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh MMC qarşılıqlı iddiaya etirazla bağlı yazılı ərizəsində göstərmişdir ki, mübahisəli müqavilədən ilkin iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra xəbər tutduqlarından iddia müddəti ötürülməmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydə alınması həmin müqavilə barədə hüquqi şəxsin məlumatı olduğunu təsdiq edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, müqavilənin qeydə alınması üçün ərizənin hüquqi şəxsin adından səlahiyyətli şəxs tərəfindən verildiyi barədə işdə sübut olmadığından iddia müddətinin başlanğıcının həmin tarixdən hesablanmalı olduğuna dair mülahizələr əsassızdır. Cavabdeh MMC-nin apelyasiya şikayəti ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri olması ilə bağlı iş üzrə xüsusi qərardad çıxarılması qarşılıqlı iddia ərizəsində qeyd edilmiş vəsatət barədə cavabdehə qarşı yönəlmiş iddia tələbi olmadığından birinci instansiya məhkəməsi həmin vəsatəti qarşılıqlı iddia tələbi kimi qəbul edərək tələbin rədd edilməsi barədə qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiası yalnız müqavilənin etibarsız hesab edilməsi barədə olduğundan və həmin tələb məhkəmə tərəfindən təmin edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Cavabdeh MMC-nin apelyasiya şikayətində İddiaçı əməllərində CM-nin 201-1.1ci maddəsinin əlamətləri olduğunu qeyd edərək iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən normanın Cinayət Məcəlləsinə 2017-ci ildə (etibarsız hesab edilməsi tələb olunan müqavilə bağlandıqdan sonra) əlavə edildiyini və CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi olmadığını nəzərə alaraq iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatəti əsassız hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1801/2020 saylı qətnaməsi qismən- qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və Cavabdeh MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1801/2020 saylı qətnaməsi qismən- qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilsin, Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar