Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-315/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-401/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m olan restorandan istifadə hüququnun bərpa edilməsi, 3000 manat icarə haqqı, 50000 manat əldən çıxmış fayda, 3670 manat işçilərə ödənilmiş əmək haqqı, 51 manat mediasiya haqqı və 214 manat dövlət rüsumu olmaqla, cəmi 56935 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən onun xeyrinə 54272 manat pul vəsaitinin və ödənilmiş 133 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Cavabdehnə geri qaytarılmışdır. Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında deyilir ki, Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Bu səbəbdən hesab edir ki, məhkəmə qərardadı ləğv olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 155.3-cü, 4.6-cı maddələrinə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə bütün mübahisələr üzrə məhkəməyə müraciət olunmazdan əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Bununla yanaşı kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsi icraata götürülə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 155.1-ci maddəsində isə təsbit olunmuşdur ki, qarşılıqlı iddia iddiaçıya verilməlidir. Lakin cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi təkcə iddiaçıya deyil, hazırkı iş üzrə tərəf olmayan "xxxx" MMC-yə qarşı verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual baxımdan düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardadı düzgün qaydada əsaslandırmasa da, gəldiyi nəticə yuxarıda qeyd olunanlara əsasən qanuni olmuşdur. Belə ki, hazırki şikayətə münasibət bildirən birinci instansiya məhkəməsi məhz cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin təkcə iddiaçıya deyil, hazırkı iş üzrə tərəf olmayan "xxxx" MMC-yə qarşı verilməsi əsasına görə xx.xx.2023-cü il tarixli qərardadını ləğv etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-401/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-315/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-315/2023
21.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver