Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-316/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-302/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 17247,60 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli e-2-2(113)-302/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MTK-dan 16260,72 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi və iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh MTK apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, elektrik enerjisinin istehlakına görə cavabdehin 17247,60 manat borcu mövcuddur. Lakin sonuncu həmin borcu ödəməkdən yayınır. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, hazırkı borcun əsaslılığı məsələsinə əvvəllər məhkəmədə baxılmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin buraxılmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndində təsbit olunmuşdur ki, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli maliyyə arayışından və abonent saldosundan da görünür ki, cavabdehin 10.03.2021-ci il tarixinə sayğac göstəricilərinə görə ümumilikdə 16260,72 manat borcu mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 16260,72 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2- (81)-1024/2-241 saylı, 10 iyun 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı 20.11.2007-ci ildən 23.02.2008-ilədək olan dövrdə istifadə olunmuş elektrik enerjisi üçün məcburi qaydada artıq ödənilmiş pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi, "xxxx" ASC və "xxxx" ASC-nin Nəsimi rayonu Enerji təchizatı və Satışı İdarəsinə Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 302-ci məhəllə Ş.Əzizbəyov küçəsində inşa etdiyi 88, 88a, 88b hündür mərtəbəli binaların su nasoslarına, liftlərinə və həyətin işıqlandırılmasına görə hesablamaların transformatordan çıxan enerjiyə görə yox, uçot cihazının (sayğacların) hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanması barədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MTK-nın istifadə edilmiş elektrik enerjisinə görə hesablanmanın uçot cihazının (sayğacların) hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanması qət edilmişdir. Həmin qətnaməyə əsasən artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair hissədə iddia rədd edilmiş, eləcə də həmin qətnaməyə əsasən hər hansı məbləğdə borcun silinməsi qət edilməmişdir. Bundan əlavə iş materiallarında olan maliyyə arayışlarından da görünür ki 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, 10 iyun 2008-ci il tarixli qətnaməsi qəbul edilərkən iddiaçının göstərilən məbləğdə borcu mövcud olmamışdır. Belə ki, 2008-ci il üçün Cavabdeh MTK-ya istifadə olunan elektrik enerjisinin hesablaşmasına dair arayışa əsasən müəyyən edilir ki, MTK-nın 31.12.2007-ci il tarixə qalıq borc 1675,07 manat təşkil etmiş, 2008-ci il yanvar-may aylarında abonentə 6284,52 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda 2008-ci il yanvar-may aylarında abonent tərəfindən 7950,6 manat məbləğində pul ödənilməklə elektrik enerjisindən istifadəyə görə borc tam bağlanmışdır. Göründüyü kimi, 01.06.2008-ci il tarixə Cavabdeh MTK-nın elektrik enerjisindən istifadəyə görə ümumiyyətlə borcu olmamışdır. Belə olan halda iddiaçının hal-hazırda ödənilməsini tələb etdiyi borc məbləği 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, 10 iyun 2008-ci il tarixli qətnaməsi qəbul edilərkən mövcud olmadığından həmin qətnaməyə əsasən silinə də bilməzdi. İddiaçının istinad etdiyi hallar isə təkcə maliyyə arayışı ilə deyil, abonent saldosunda olan məlumatlarla da təsdiq olunur. İddia müddətinin ötürülməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki işdə də iddiaçı tərəfindən ödənilməsi tələb edilən borc məbləği 2009-cu ildən başlayaraq hesablanmışdır. Abonentin saldosundan isə görünür ki, Cavabdeh MTK tərəfindən hər ay istifadə edilmiş elektrik enerjisinə görə borcun müəyyən hissəsi ödənilmiş, bununla da iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etiraf etməsini göstərən hərəkətlər edilmişdir. Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrində isə təsbit edilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-302/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-316/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-316/2022
15.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver