Məhkəmə qərarları › İş №2-2(103)-316/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-316/2023

20.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-316/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və Cavabdeh2nə qarşı ziyanın ödənilməsi tələbinə dair Açar söz: ziyanın ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdeh X6 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2nə qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1064/2022 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz halarından göünür ki, “Sifarişçi” İddiaçı ilə “İcraçı” X6 arasında 02 avqust 2021-ci il tarixli, 01/2021 saylı podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən podratçı sifarişçinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən obyektinin dam örtüyünün vurulmasını üzərinə götürmüş, görülmüş işlərin dəyəri olaraq razılaşdırılmış 4300 manat məbləğində pul podratçıya ödənilmişdir.

2. Dam örtüyünün vurulması üçün zəruri olan materiallar İddiaçı ilə “Satıcı” Cavabdeh2 Məhdud Məhdud Cəmiyyəti arasında bağlanmış 27 may 2021-ci il tarixli, GMRKM-001 saylı müqavilə əsasında Cavabdeh2 Məhdud Məhdud Cəmiyyətindən alınmış, xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 050612 nömrəli elektron qaiməyə əsasən Cavabdeh2 Məhdud Məhdud Cəmiyyəti tərəfindən İddiaçınə satılmış malların ümumi məbləği 36744,01 manat (ƏDV daxil) təşkil etmişdir.

3. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli “X4”ninin mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçınə məxsus bir mərtəbəli anbar tikintisinin üzərinə döşənmiş dam örtüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2015-ci il tarixli 02 saylı qərarı ilə təsdiq olunmuş “Dam örtükləri. Layihələndirmə normaları”na uyğun quraşdırılmamışdır. Tədqiq olunan anbar tikilisinin üzərinə döşənmiş sendviç panelinin alt və üst hissəsində yapışdırılmış metal təbəqənin qalınlığı təqdim edilmiş xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst – 0,32mm, alt – 0,28mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2mm-dir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X6 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək 41263 (qırx bir min iki yüz altmış üç ) manat vurulmuş zərərə görə məbləğin, 200 (iki yüz) manat mediasiya xərcinin və 26 (iyirmi altı) manat dövlət rüsumunun, cəmi 41489 manat (qırx bir min dörd yüz səksən doqquz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanındakı anbar satış obyektininin dam örtüyünün vurulması və materialların alınması üçün fərdi sahibkar X6 və Cavabdeh2 MMC ilə materialların alınması ilə bağlı 27 may 2021-ci il tarixli müqavilə və usta xidmətlərinin göstərilməsi haqqında 02 avqust 2021-ci il tarixli müqavilə bağlanmışdır. Bundan sonra dam örtüyünü quraşdırmaq üçün Şəhriyar Əmrahov tərəfindən materiallar əraziyə gətirilmiş və öz ustaları tərəfindən qeyd olunan obyektin dam örtüyü vurulmuşdur. Eyni zamanda görülən işlərə zəmanət verilmişdir. Bu işlərin görülməsi üçün ümumilikdə Əmrahov Şəhriyara qəbzlərdə göründüyü kimi, 41000 (qırx bir min) manat pul ödənilmişdir. Lakin az müddət keçdikdən sonra yağış yağması nəticəsində vurulan dam örtüyünün 80 yerindən su damlamağa başlamışdır. Bununla bağlı Şəhriyara məlumat versə də, uzun sürən mübahisədən sonra o, öz işçilərini və 40 ədəd kley göndərmişdir. Lakin verilən kley çatmadığı üçün işçilər 300 manat dəyərində kleyi onun tərəfindən almağını və pulunu Şəhriyarın verəcəyini bildirmişdilər. Bundan sonra yağış yağması nəticəsində dam örtüyü yenidən təkrar damlamağa başlamışdır. Dam örtüyünün yenidən düzəldilməsini dəfələrlə Şəhriyara bildirsə də, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu günə kimi dam örtüyü düzəlməmiş, verilən 41000 manat pul geri qaytarılmamışdır. Başqa ustaları dəvət etmiş və onlar dam örtüyünün düzgün vurulmaması və materialların keyfiyyətsiz olması nəticəsində dam örtüyünün korlandığını, təzə materiallarla yenidən vurulmalı olduğunu bildirmişlər. Təqdim etdiyi sənədlərlə cavabdehin ona vurduğu maddi ziyan aşkardır, zərərin məbləği kifayət qədər yüksəkdir və buna görə də hesab edir ki, cavabdeh ona vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

6. Cavabdeh2 MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin hazırkı mübahisəyə hansı formada aidiyyətinin olması, onun tərəfindən hansı hüquq pozuntusuna yol verilməsi iddia tələbində qeyd olunmamış, yalnız iddianın bir hissəsində tərəf hansısa ustaları dəvət etdiyini və həmin ustaların materialların keyfiyyətsiz olmasını demələrini qeyd etmişdir. Cavabdeh2 MMC-nin tərəf olaraq hazırkı iddiaya cavabdeh kimi cəlb edilməsi və 44801 manat pulun müştərək qaydada ondan tələb olunması absurddur və heç bir hüquqi əsası yoxdur. Bunu təkcə iddiaçının özünün tərtib etdiyi iddia ərizəsinə əsaslanaraq belə söyləmək mümkündür. Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış GMRKM-001 saylı müqavilə əsasında nəzərdə tutulmuş məhsul qarşı tərəfə verilmişdir. Həmin müqavilənin 6-cı maddəsində satıcının malın keyfiyyətinə 1 il müddətinə zəmanət verilməsi qeyd olunmuşdur. Müqavilənin 8-ci maddəsində qeyd olunmuşdur ki, zəmanət müddəti ərzində təchiz olunmuş malların keyfiyyəti müqavilənin texniki şərtlərinə uyğun gəlmədikdə alıcı malın texniki göstəricilərinin tələblərinə uyğunsuzluğunun aşkar etdiyi tarixdən ən gec 15 gün ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Müqavilənin şərtlərində qeyd olunan müddət ərzində iddiaçı tərəfindən Cavabdeh2 MMCyə məhsulun keyfiyyətsiz olması ilə bağlı hər hansı irad və ya etiraz nə şifahi, nə də yazılı şəkildə bildirilməmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarında olan xx.xx.2021 -ci il tarixli, 596 saylı mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2021 -ci il tarixli qaimə fakturada qeyd olunan üst - 0.32 mm, alt - 0.28 mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqəsinin qalınlığı -0.2 mm-dir. Cavabdeh2 MMC tərəfindən müqavilə şərtlərində iddiaçıya satılmış sendviç panellərin ölçüləri ilə bağlı hər hansı şərtlər əvvəlcədən razılaşdırılmamış, bu barədə heç bir qaimə verilməmişdir. Qeyd olunan qaimə usta xidməti göstərən X6 tərəfindən iddiaçıya təqdim edilmişdir.

7. Digər cavabdeh Ş.Əmrahovun nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfə malları təhvil verməmişdən əvvəl yarım metrlik nümunə göndərmiş, həmin malların kustar üsulla hazırlandığını bildirmiş, iddiaçı maddi vəziyyətinə görə həmin malları almağa razılıq vermişdir. Onun tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamışdır. İddiaçıya məxsus obyektin dam örtüyündə ferma adlanan dəmirlər aralı olduğundan bildirmişdir ki, bu şəkildə dam örtüyü vurularsa qüsurlara səbəb ola bilər. İddiaçı təkidlə dam örtüyünün göstərilən formada vurulmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1064/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi qismən təmin edilərək cavabdeh X1 41263 (qırx bir min iki yüz altmış üç) manat məbləğində vurulmuş zərər, 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,79 manat (on üç manat yetmiş doqquz qəpik) olmaqla, cəmi 41476,79 manat (qırx bir min dörd yüz yetmiş altı manat yetmiş doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti texniki ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 10/4064 saylı ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeroportunun qərb hissəsində - Maştağa qəsəbəsi, Zabrat Maştağa yolu 3 ünvanında yerləşən İddiaçınə məxsus bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “dam örtükləri, layihələndirmə normaları”na uyğun quraşdırılmamışdır. Sözügedən dam örtüyündə aşkar olunmuş qüsurların dam örtüyü sökülmədən aradan qaldırılması mümkün deyildir. Aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı qeyd olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeroportunun qərb hissəsində - Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu 3 ünvanında yerləşən İddiaçınə məxsus bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyünün düzgün quraşdırılmadığını və qüsurlu vəziyyətdə olduğunu, həmin qüsurların dam örtüyü sökülmədən aradan qaldırılmasının mümkün olmadığını nəzərə alaraq, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41263 manat məbləğində olduğu müəyyən olunur. Tədqiq olunan anbar tikintisinin üzərinə döşənmiş sendviç panelin alt və üst hissəsində yapışdırılmış metal təbəqənin qalınlığı təqdim edilmiş xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst – 0,32mm, alt – 0,28mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2mm-dir.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı (alıcı) ilə Cavabdeh2 MMC (satıcı) arasında 27 may 2021-ci il tarixli, GMRKM-001 saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 02 avqust 2021-ci il tarixdə İddiaçı” (sifarişçi) ilə X6 (icraçı) arasında podrat müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

11. Cavabdeh2 MMC-yə qarşı iddia məhkəmə tərəfindən əsassız hesab edilmiş və məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlansa satılan malın markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri qeyd edilməmişdir. Görülən işlərdə istifadə olunan həmin mal-materialların təqdim olunmasına dair qaimə faktura xx.xx.2021-ci il tarixdə X6 və iddiaçı tərəfindən imzalanmışdır. Həmin qaimə fakturada sendviç panelin alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olaraq qeyd edilmişdir. Ekspert rəyinə əsasən anbar tikintisinin üzərinə döşənmiş sendviç panelin alt və üst hissəsində yapışdırılmış metal təbəqənin qalınlığının xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst – 0,32 mm, alt – 0,28 mm ölçülərlə üst-üstə düşmədiyi, sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığının 0,2 mm olduğu müəyyən olunmuşdur. Cavabdeh2 MMC-nin nümayəndəsi onlar tərəfindən məhz alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olan sendviç panellərin satıldığını bildirməmiş, qalınlığın 0,2 mm olduğunun müəyyən olunması halını mübahisələndirməmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaçı ilə metal təbəqənin qalınlığı ilə bağlı razılaşmalarının olmadığını qeyd etmişdir. Bundan başqa, Cavabdeh2 MMC-nin öz öhdəliklərini pozması nəticəsində iddiaçıya zərərin vurulması, məhz metal təbəqənin müəyyən olunan qalınlığının iddiaçıya zərər vurulmasına səbəb olduğu müəyyən olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia Cavabdeh2 MMC-yə münasibətdə təmin olunmamalıdır.

12. Məhkəmə digər cavabdehə münasibətdə qeyd etmişdir ki, ekspert rəyi ilə İddiaçınə məxsus göstərilən ünvanda yerləşən bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “dam örtükləri, layihələndirmə normaları”na uyğun quraşdırılmadığı, dam örtüyündə aşkar olunmuş qüsurların dam örtüyü sökülmədən aradan qaldırılmasının mümkün olmadığı, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41263 manat məbləğində olduğu müəyyən olunduğundan həmin məbləğ cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh X6 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1064/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki iş materialarından görünür ki, İddiaçı Kiçik müəssisə tərəfindən 27 may 2021-ci il tarixli müqaviləyə əsasən 36 744,01 manat iş üzrə Cavabdeh2 MMC hesabına pul ödənilmişdir. Göründüyü kimi 36744,01 manat iddiaçı Cavabdeh2 MMC-yə ödədiyindən həmin məbləği ondan tələb etməlidir. Lakin məhkəmə düzgün hüquqi qiymət verməyərək həmin məbləğin X1 tutulmasını qət etmişdir. Baxmayaraq ki, iddiaçı cavabdeh X3 xidmətə görə yalnız 4300 manat ödəmişdir. Bundan başqa, ekspert rəyində göstərilir ki, xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst- 0,32 mm, alt-0,28 mm ölçüləri üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2 mm-dir. Göründüyü kimi, ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən keyfiyyətsiz mal verilmişdir, düzgün gəlmir. Məhkəmə isə qətnaməsinin əsaslandırıcı hissəsində göstərmişdir ki, guya qalınlığı 0,2 mm olduğunun müəyyən olunması halını Cavabdeh2 MMC-nin nümayəndəsi mübahisələndirmir. Əlbətdə mübahisələndirməz çünki, ölçülərini düzgün verməmişdirlər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspert rəyindən göstərilir ki, xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst-0,32 mm, alt-0,28 mm ölçüləri üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2 mm-dir. Rəydə göstərilir ki, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmirptikinti və yenidən quraşdırılma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41 263 manat məbləğində olduğu müəyyən etmişdir. Lakin ekspert həmin 41 263 manatın smetasını və ya hansı xərclər hara getməsini konkret göstərməmişdir, sadəcə bazar dəyəri 41 263 manat göstərilməklə kifayətlənmişdir. Halbuki həmin materialları yenidən istifadəyə yararlı olduğu halda bunları göstərməmişdir. Hesab edirik ekspertin rəyi ziddiyətli və mötəbər olmadığından təkrar ekspertiza keçirilməlidir. Bundan başqa, hazırda həmin ərazi “Super market” kimi fəaliyyət göstərir, əgər dam örtüyü axıtsaydı həmin sahəni market kimi istifadə edilməsi mümkün olmazdı. Lakin məhkəmə yerli baxış keçirməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh X6 və onun nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişlər.

16. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1-ci maddəsinə əsasən sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2-ci maddəsinə əsasən sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3-cü maddəsinə əsasən podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələb və etirazlazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnamə cavabdeh X6 tərəfindən qismən- ona münasibətdə iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1064/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin mübahisəsiz hallarından göründüyü kimi, cavabdeh X6 İddiaçınə məxsus obyektin anbarının 02 avqust 2021-ci il tarixli, 01/2021 saylı müqavilə əsasında dam örtüyünü quraşdırmış, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli “X4”ninin mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti texniki ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 10/4064 saylı ekspert rəyi ilə dam örtüyünün qusurlu quraşdırıldığı (su sızması) təsdiq edilmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, qüsurların aradan qaldırılması üçün dam örtüyü sökülərək yenidən quraşdırılmalıdır və bunun üçün 41263 manat vəsai7 tələb olunur.

21. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, dam örtüyü üçün sifariş verilmiş mal satıcı Cavabdeh2 MMC tərəfindən tələb olunan ölçüdə verilmədiyindən malın dəyəri olaraq ödənilmiş 36744,01 manat Cavabdeh2 MMC-dən tutulmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçıya dəymiş ziyanın satıcı Cavabdeh2 MMC-dən tutulması üçün qanuni əsaslar yoxdur. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, iş materiallarının 115-ci vərəqinə əlavə edilmiş “X10 Örtükləri” blankında çap edilmiş, iddiaçıya məxsus obyektə dam örtüyünün quraşdırılması üçün zəruri olan mal-materialın smetası cavabdeh X6 tərəfindən tərtib edilmiş, həmin smetada dam örtüyü üçün tələb olunan sendviç panelin üst qalınlığı 0,32, alt qalınlığı 0,28 mm qeyd edilmişdir. Ekspert rəyinə əsasən quraşdırılmış, yəni Cavabdeh2 MMC tərəfindən satılmış sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığının 0,2 mm olmuşdur. Cavabdeh2 MMC-yə sifariş edilən malın məhz X6 tərəfindən tərtib edilmiş smetada qeyd edilmiş ölçüdə olduğu barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimədə isə satılmış dam örtüyünün metal panelinin qalınlığı qeyd edilməmişdir. Məhkəmə qeyd edilənləri, o cümlədən ekspert rəyində dam örtüyündən su sızmasının məhz örtüyün metal təbəqəsinin qalınlığının tələb ölunan ölçüdə və ya lazımı keyfiyyətdə olmaması ilə bağlı hər hansı qeyd olmadığından nəzərə alaraq hesab edir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya ziyan vurulduğu müəyyən edilmir.

23. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus obyektin (marketin) hazırda fəaliyyət göstərdiyini məhkəmə yerli baxış keçirməklə müəyyən etmək idə bilər və dam örtüyündə qüsur olmadığı müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, dam örtüyü obyektin anbarında quraşdırıldığından iddiaçıya məxsus marketin hazırdə fəaliyyət göstərib-göstərməməsinin araşdırılması mübahisənin həlli üçün əhəmiyyətli deyil. Bundan əlavə cavabdehin gördüyü işin qüsurlu olduğu iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiq edildiyi halda cavabdeh iddiaya etirazının əsaslı olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir.

24. Cavabdeh Ş.Əmrahov apellyasiya şikayətində dam örtüyü söküldükdən sonra materialların istifadəyə yararlı olub-olmasının müəyyənləşdirilməsi üçün iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir.

25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspert rəyindən görünür ki, rəy kifayət qədər əsaslandırılmış, ekspert tədqiqat obyektinə baxış keçirmiş, eksperiment keçirilərək iddiaçıya məxsus tikilinin dam örtüyünə su boruları vasitəsi ilə su axıdılmış, bir neçə dəqiqədən sonra tikilinin daxildən döşəməsinə və perimetr boyu daxili və fasad divarlarına suyun sızması müşahidə olunmuşdur. Rəydə qeyd edilmişdir ki, dam örtüyünün və suyun kənarlaşdırılması üçün novların düzgün quraşdırılmadığı, sendviç panel fermalar üzərinə döşənmiş tirlərə bərkitmə zamanı şurup yerlərini dəqiq seçmədikləri üçün müxtəlif yerlərdən dəliklər açılmış, həmin dəliklər müxtəlif yapışdırıcılar vasitəsi ilə doldurulsa da xeyri olmamışdır. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, anbar tikilisinin dam örtüyünün bərkidilməsi üçün istifadə olunmuş şurupların kənarından anbarın daxilinə bütün sahələrdən su sızması baş vermişdir. Ekspert rəyinə damdan su sızması zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Göründüyü kimi, ekspert rəyində dam örtüyündə şurup yerlərinin düzgün açılmadığı və həmin deşiklərdən su sızdığı qeyd edildiyindən müəyyən olunur ki, həmin örtüklər yenidən istifadə üçün yararlı deyil. Ekspert məhz bu səbəbdən dam örtüyünün sökülərək yeni materiallarla quraşdırılması üçün 41263 manat vəsait tələb olunduğunu qeyd etmişdir.

26. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 10/4064 saylı ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas göstərə bilməmişdir. İş üzrə verilmiş ekspert rəyinin tərəflərdən hər hansı birinin mənafeyinə uyğun olmaması isə təkrar ekspertiza təyin edilməsi üçün əsas ola bilməz.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1064/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1064/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar