Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-316/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-5563/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh İB ilə istehlakçı qismində fərdi sahibkar olan İddiaçı arasında xx.xx.2023-cü il tarixli, AMX-3173/23 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır.
2. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, sayğacın hesablayıcı mexanizmi yerindən qopmuş, rəqəmlər qarışmışdır.
4. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, şadlıq evinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edildiyi aşkar edilmişdir.
5. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 20602 m3 müəyyən edilmişdir.
6. xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00090) qeyd edilən tarixə ümumilikdə borcu 4675,50 manat (sayğac oxunması: 0 manat + aktlar: 5150,50 manat – ödəmələr: 475 manat = son borc: 4675,50 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2023-cü ilin iyul ayında akt üzrə 5150,50 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5150,50 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 150 manat məbləğində pulun, 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi şadlıq evi kimi fəaliyyət göstərir. Həmin yerdə təbii qazdan istifadə üzrə **********00090 saylı abonent istifadəçisidir. Karta pul köçürülməklə təbii qazdan istifadə edilir. 08 may 2023-cü il tarixdə sözügedən ünvana Zinner smart G6 markalı sayğac quraşdırılmışdır. Bununla bağlı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Bu yaxınlarda iddiaçı əsassız olaraq ona 5150,50 manat borc yazıldığını öyrənmişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etdikdə iddiaçıya müvafiq sənədlər təqdim edildi. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən guya qeyriyaşayış sahəsində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. Həmin akt əsasında xx.xx.2023-cü il tarixli tələbnamə ilə dəymiş ziyan hesablanmışdır. Lakin həmin akt tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər təbii qaz xəttinin talanmasını aşkar etmişdirsə, nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsini qoymuşdur. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Göründüyü kimi, istehlakçı kimi iddiaçının qaz paylayıcıya dəymiş zərərə görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımağı nə aralarında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlanmış normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. İddiaçıya yazılan 5150,50 manat məbləğində borc pulun silinməsi üçün pretenziya qaydasında Cavabdeh İB-yə rəsmi qaydada ərizə ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Qanuna, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5563/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilərək Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4675,50 manat məbləğində borcun İddiaçı **********00090 saylı abonent hesabından silinməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş reyestrdən çıxarışdan göründüyü kimi, cavabdeh yoxlamanı və yoxlamanın nəticələrinə dair aktların tərtibini 2023-cü ilin iyul ayının 10-da yekunlaşdırdıqdan sonra müraciət etmiş, çıxarışda yoxlamanın müddətinin xx.xx.2023xx.xx.2023 tarixləri aralığını əhatə edəcəyi qeyd edilmişdir.
11. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, iddiaçı tərəfindən bir sıra ödənişlər edildiyindən hazırda qalan borcun 4675,50 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4675,50 manat (dörd min altı yüz yetmiiş beş manat əlli qəpik) məbləğində borc İddiaçı **********00090 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5563/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birliyin əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilərkən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz istifadə edildiyi açkar edilmişdir. Bu barədə əməkdaşlarımız tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək, iddiaçıya 5150,50 manat vurulmuş zərərin məbləği hesablanmışdır. Hesablanmış məbləğ iddiaçı tərəfindən qəbul edilmiş və həmin borcun 475 manat hissəsi ödənilmişdir. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq hesablanmış 4675,50 manat borcun silinməsini qət etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçının təbii qazdan qanunsuz istifadə etməsi işin mübahisəsiz halıdır. Qanunsuz xətt sahibkarlıq subyektinin ərazisinə daxil olmadan müəyyən edilmişdir. Belə ki, qanunsuz qoşulma küçə qaz xəttinə qoşulma yolu ilə həyata keçirilir və belə olan halda sahibkarlıq subyektinin ərazisinə baxışın keçirilməsi zərurəti olmur. Bu hallar aydın göstərir ki, iddiaçı təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə etmişdir və bu azmış kimi məhkəmə bu halı nəzərə almamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 2.10-cu bənd- sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bənd- qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu 2.1-ci maddə-bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4-cü bəndi- qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bənd-sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5563/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilmədiyindən və aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi yoxdur. Buna görə də xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt əsasında iddiaçıya məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, borcun qismən ödənilməsi iddiaçını əsassız hesablanmış borcu mübahisələndirmək hüququndan məhrum etmədiyindən iddianın təmin edildiy hissədə qətnamə qanuni və əsaslıdır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5563/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5563/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.