Məhkəmə qərarları › İş №2-2(103)-317/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-317/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-317/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh fərdi sahibkar Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-57/2019 saylı qətnaməsindən (hakim Etibar Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-57/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddiası təmin edilərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 042 saylı kredit müqaviləsi üzrə 2.100.000 manat əsas borcun, 478.333,34 manat faiz borcunun, 472.500 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz məbləğinin, cəmi 2.620.333,34 manat borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, borc düzgün hesablanmaqla yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ekspert rəyi ilə tanış edilməmiş, ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də sübut sayıla bilməz. Məhkəmə ekspert rəyini sübut saymaqla MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-2(103)-764/2019 saylı qətnaməsi ilə ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 58/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-2(103)-764/2019 saylı qətnaməsi faiz borcu və faiz məbləğinin tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə 2.100.000 manat əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti baxılan hissədə təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-57/2019 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcu və illik 5 %-lə faiz məbləği tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia cavabdehdən iddia həmin hissədə rədd edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə illik 10% olmaqla 6 ay müddətində qaytarmaq şərti ilə qeyri yaşayış sahəsinin təmiri üçün 2.100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində ödənişlər qrafik üzrə həyata keçiriləcəyi təqdirdə cəmi 61.673,57 manat faiz borcu ödənilməli olduğu müəyyən edilmişdir. Müqavilənin 2.5-ci bəndində qeyd edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) ona hesablanmış faizlərin ödənilməsini ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 0% cərimə və vaxtı keçmiş kredit borcu üzrə 20 %-i ödəyir. Kredit müqaviləsində dəbbə pulu ödənilməsi nəzərdə tutulmadığı halda iddia ərizəsinə əlavə edilmiş x xxxxxx 2017-ci il tarixli maliyyə arayışında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin borcunun 2.357.250,01 manat (əsas borc-2.100.000 manat, faiz borcu 204.166,67 manat, dəbbə pulu-53.083,34 manat) olduğu göstərilmişdir. İddiaçı tərəfindən verilmiş x xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehə xx.xx.2014-xx.xx.2015-ci il müddətə 42 nömrəli kredit müqaviləsinə əsasən 2.100.000 AZN kredit verilmiş, xx.xx.2016-cı il tarixdə kredit üzrə 312.084 AZN son ödəniş edilmişdir. Cavabdehin müddətin sonuna əsas məbləğ olaraq 2.100.000 AZN, faiz borcu olaraq 105.000 AZN borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 25233 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 042 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya x xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan borcu 2,305.000,00 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 2.100.000,00 manat, faiz borcu üzrə 205.000 manat. İşin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi icra etməmiş, kredit götürdüyü əsas borc məbləğini 2.100.000,00 manat öhdəliyin icra müddəti bitdiyi halda qaytarmamışdır. Cavabdehdən 2.100.000,00 manat əsas kredit borcunun tutulması hissəsində məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Cavabdeh apellyasiya şikayətində faiz borcunun yenidən araşdırılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehdən həmin tarixə hesablanmış 478.333,34 manat faiz borcunun tutulmasını tələb etsə də bu məbləğin hansı qaydada hesablanmasını əsaslandırmamış, kredit müqaviləsində kreditin illik faizi 10 faiz olsa da, xx.xx.2019-cu il tarixli maliyyə arayışında kredit faizinin 6 % olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə iddiaçının tələb etdiyi 478.333,34 manat faiz məbləğinin cavabdehdən tutulmalı olduğunu qeyd etməklə kifayətlənmiş, faiz borcunun 478.333,34 manat olması barədə iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur ...Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən bankdan götürülmüş 2.100.000 manat kredit məbləği öhdəliyin icra müddəti ərzində ödəniş qrafikində nəzərdə tutulmuş qaydada hissə-hissə qaytarılması təmin edilmədiyindən cavabdeh banka ödəniş qrafikində nəzərdə tutulmuş 61.673,57 manat faiz borcu deyil, müqavilənin 2.5-ci bəndinə müvafiq olaraq kredit məbləğinə vaxtı keçmiş kredit üzrə illik 20 faiz (6 ay üçün isə 10 faiz) faiz hesablanmalı və cəmi 210.000 manat faiz tutulmalı idi. Cavabdeh tərəfindən banka ödənilmiş 312084 manat vəsait ödənildiyi işin mübahisəsiz halı olduğundan müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyin icra müddəti bitdiyi tarixədək banka ödənilməli olan 210.000 manat faiz borcunu tam ödəmiş, hətta faiz borcu üzrə 102.084 manat artıq ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdehdən 478.333,34 manat faiz borcu tutulması hissəsində əsassız hesab edilərək rədd edilməlidir. İddia tələbinin bir hissəsi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına və Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun 472.500 manat pulun tutulmasıdır. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iddiaçının tələb etdiyi 472.500 manat cərimənin yaranma əsasları, cərimənin Mülki Məcəllənin 449.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına və müqavilə tələbinə uyğun müəyyən edilməsi ilə bağlı məsələlər araşdırılmadan həmin tələbin təmin edilməsi barədə məhkəmənin mövqeyi düzgün olmamışdır. İddiaçının nümayəndəsi işə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak etmədiyindən və iddiaçının Ali Məhkəmənin qərarına müvafiq olaraq 472.500 manat faiz məbləğinin hansı qaydada hesablanması barədə yazılı izahatı daxil olmadığından işin qeyd edilən halını araşdırmaq mümkün olmadığı üçün məhkəmə hesab edir ki, iddia 472.500 manat faiz tələbi hissəsində də rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayəti baxılan hissədə təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 2(82)-57/2019 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcu və illik 5 %-lə faiz məbləği tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti baxılan hissədə təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-57/2019 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcu və illik 5 %-lə faiz məbləği tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi üzrə 478.333,34 manat faiz borcu, 472.500 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz məbləği tutulması hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar