Məhkəmə qərarları › İş №2-2(103)-317/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-317/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-317/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2058/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat sığorta ödənişi, xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0,1 faizi olmaqla hesablanmış 2838,50 manat dəbbə pulu, cəmi 6338,50 manat və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2058/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” ASC-dən sığorta ödənişi üzrə 3500 manat və 350 manat dəbbə pulu, habelə 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli AL304 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxx 2017-ci il tarixdə X3 idarə etdiyi “Mercedes-Benz E-220” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və İddiaçı MMC-yə məxsus olan “Daewoo Gentra” markalı avtomobilə zərər dəymişdir. “Mercedes-Benz E- 220” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada sığorta olunduğu üçün “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3500 manat pul ayrılmışdır. Qeyd edilən məbləğ xx.xx.2017-ci il tarixdə “xxxx” ASC tərəfindən maddi zərər dəymiş avtomobili hadisə vaxtı etibarnamə əsasında idarə edən X4 ödənilmişdir. İddiaçı bildirir ki, avtomobilin mülkiyyətçisi İddiaçı MMC olduğu üçün sığorta ödənişi də ona ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya dəymiş zərər X5 tərəfindən aradan qaldırılmış və bu barədə “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 256881 saylı kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. Ona görə də, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.9-cu maddəsi və Mülki Məcəllənin 927.4-cü maddəsinə əsasən sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi sığorta qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı bununla bağlı bildirir ki, “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil hazıra kimi təmir edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığortalanan nəqliyyat vasitəsi ilə onun mülkiyyətində olan avtomobilə dəymiş maddi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, hazırki mübahisə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 15.3.1, 24.1.5-ci maddələrinə uyğun həll olunmalıdır. Həmin maddələrə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır (13.1). Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır (13.2). Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir (15.3.1). Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır (24.1.5). Hazırkı iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi də yuxarıda qeyd olunan normalara əsasən sığorta hadisəsi hesab olunur. Çünki həmin hadisə ilə icbari sığorta edilən avtomobil ilə iddiaçının mülkiyyətində olan avtomobil toqquşmuş və həmin toqquşma nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Ona görə də, iddiaçının cavabdehdən sığorta ödənişi almaq hüquqları əmələ gəlmişdir. Eyni zamanda avtomobilə dəymiş zərərin məbləği 3500 manat təşkil etmişdir. Cavabdeh də qeyd olunan halları qəbul edir, lakin yuxarıda göstərilən əsaslara görə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edir. Kollegiya həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçının mülkiyyətində olan “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi sübut olunmur. Cavabdehin istinad etdiyi “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 256881 saylı kassa mədaxil orderinin qəbzində və görülmüş işlərlə bağlı siyahıda isə konkret hansı avtomobilin təmir edilməsi göstərilməmişdir. Bundan başqa iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan müəyyən olunur ki, həmin avtomobil yararsız vəziyyətdə iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir. Həmçinin cavabdehin istinad etdiyi “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər göstərilmişdir. Həmin Qanunun 17.1.9-cu maddəsində isə həmin sənədlərdən biri kimi göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti. Göründüyü kimi həmin maddədə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzinin ödənildiyi hallara aiddir. X1 cavabdehin bağladığı sığorta müqaviləsi (“Mercedes-Benz E-220” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası) üzrə sığortalı və ya sığorta olunan deyildir. Mülki Məcəllənin 927-ci maddəsi isə icbari sığorta deyil, əmlak sığortası üzrə münasibətləri tənzimləyir. Bundan başqa “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.10-cu maddəsinə əsasən faydalanan şəxs hüquqi şəxs olduqda onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə əsasında sığorta ödənişi verilə bilər. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi sığorta ödənişi zərərçəkən əmlak sahibinə ödənilməlidir. Lakin hazırki işdə sığorta ödənişi avtomobilin mülkiyyətçisi olan iddiaçıya deyil, avtomobili daxili lizinq müqaviləsi əsasında müvəqqəti idarə etmiş X4 verilmişdir. Halbuki iddiaçı tərəfindən X4 verilmiş etibarnamənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, sığorta ödənişi isə həmin müddətdən sonra xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin icbari sığorta ödənişi olan 3500 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə düzgündür. Dəbbə pulunun tutulmasına dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırki işdə də cavabdehin sığorta ödənişini vermək öhdəliyi xx.xx.2017-ci il tarixdə yaranmışdır. Həmin tarixdən (xx.xx.2017) iddiaçının məhkəməyə müraciət etdiyi tarixə (xx.xx.2019) qədər olan müddət 2 il 2 ay 21 gün (811 gün), ödəməli olan dəbbə pulu 2838,50 manat təşkil edir (3500 x 01 % = 3,5 x 811 gün = 2838,50). Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə 350 manat məbləğinə qədər azaldılmış (halbuki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş dəbbə pulu azaldıla bilməz), iddiaçı tərəfindən isə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Ona görə də, dəbbə pulunu ödənilməsi barədə tələblərin təmin edilmədiyi hissə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2058/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar