Məhkəmə qərarları › İş №2-2(103)-317/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-317/2023

26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-317/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı X3 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4364/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, X4 məxsus abonent kodu 053768 olan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev 35-də yerləşən mehmanxananın 14100,60 manat məbləğində sudan istifadəyə görə borcu mövcuddur. Saldodan görünür ki, borc 2012-ci ildən yaranmış, illər üzrə artaraq xx.xx.2021-ci il tarixə borcun məbləği 14100,60 manat olmuşdur..

2. İddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1.

3. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC ilə X5 arasında xx.xx.2011-ci il tarixdə müqavilə bağlanmış, su xətti üzərində xx.xx.2014-cü il tarixdə smart tipli sayğac quraşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə qapı-1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsi (“Otel Eqosit”) ilə bağlı əvvəlki mülkiyyətçi X4 hesablanmış 14100,6 manat borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nə həvalə edilməsi və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, fərdi sahibkar X5 28 yanvar 2019-cu il tarixdə ünvan 2A, 1- ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini X1. Bir müddət sonra cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları həmin qeyri-yaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi X3 2011-2014-cü illər üzrə 14100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini kəsmişlər. X10 tərəfindən 1200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və 12900,6 manat borcunun olduğu bildirilmişdir. Halbuki, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X4 məxsus ünvan 2 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 8604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmənin 27 oktyabr 2016-cı il tarixli, 2-2(102)-310/16 saylı Qərarı ilə, yuxarıda göstərilən qətnamə qüvvədə saxlanılmışdır. 27 yanvar 2020-ci il tarixdə isə "Azərsu” ASC tərəfindən 8619 manat məbləğində pul vəsaiti M.Qibləliyevaya ödənilmişdir. Belə olan halda hansı borc məbləğindən söhbət getdiyi anlaşılan deyildir. Digər tərəfdən Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə şərh edilənlərdən də göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə qapı – 1,2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (Otel Eqosit) dair X4 hesablanmış 14100,6 manat məbləğində borc qanunsuz və əsassızdır. Eyni zamanda borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməlidir. Qeyd edək ki, ünvan 2 A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-cimərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin (Otel Eqosit) hazırki mülkiyyətçisi X8 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci və apellyasiya instansiyaları məhkəmələrində borcun silinməsinə nail olmuşdur. Lakin, Ali Məhkəmənin 2(102)- 1900/2022 saylı, 26 aprel 2022-ci il tarixli Qərarı ilə borc məbləği X4 yazıldığından və Aygün Məmmədovanın həmin borcun silinməsini tələb etməyə subyektiv hüququ olmadığından qətnamələr ləğv edilərək, Aygün Məmmədovanın iddiası təmin edilməmişdir. Bu səbəbdən M.Qibləliyeva hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4364/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı X3 iddiası əsaslı olduğundan təmin edilməlidir, belə ki, Cavabdeh ASC 14100,60 manat məbləğində borcun yaranmasının səbəbləri və dövrü ilə bağlı heç bir sübut təqdim etməməklə yanaşı, məhkəmə qeyd edir ki, yeni nəsil smart kart tipli sayğaclara əvvəl pul yüklənir, daha sonra həmin vəsaitə uyğun həcmdə su abonentə verilir, həmin sayğacda pul balansı “0” olduğu təqdirdə suyun verilməsi dayandırılır, yalnız əlavə vəsait yüklənəndən sonra suyun verilişi bərpa edilir, bu isə o, deməkdir ki, bu qayda ilə işləyən sayğacda 2014-cü ilin noyabr ayından (sayğacın quraşdırıldığı vaxt) sonra hər hansı borcun yaranması mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, hətta sözügedən borc 2014-cü ilin noyabr ayından qabaq yaransa belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulan beş il müddət keçdiyindən Cavabdeh ASC-nin sözügedən borc məbləği ilə bağlı tələb təmin edilə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4364/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66,15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını tələb etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni mülkiyyətçi əvvəlki mülkiyyətçi olan iddiaçıdıan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməmişdir. Digər tərəfdən X5 Cavabdeh ASC-yə qarşı 2015-ci ildə “1568 manat borcun silinməsi və 14851 manat pul vəsaitinin cavabdehdən tutulması “tələbi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilərək 1568 manat borc məbləğin iddiaçının hesabından silinməsi və 8604 manat məbləğin qaytarılması müəyyən edilmişdir. Bundan sonra yəni, xx.xx.2019-cu il tarixdə həmin obyekti digər şəxsə satmaqla, onun mülkiyyət hüququna xitam verilmişdir. Artıq 4 ilə yaxın müddət ərzində iddiaçı həmin obyektə sahiblik, istifadə və sərəncam vermək hüququnu itrimiş, bu səbəbdən də tərəflər arasında artıq “su və kanalizasiya xidmətlərinə dair” müqavilə mövcud deyildir. Göründüyü kimi,Cavabdeh ASC tərəfindən iddiaçının hüquq və mənafelərinə toxunan heç bir hərəkətə yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin gedişi zamanı Cavabdeh ASC tərəfindən iddiaçının “hansı hüquq və mənafelərinə toxunan hərəkətləredilməsi sualını” vəkil/nümayəndə cavablandıra bilməmişdir. 053768 №-li abonent kodu iddiaçı X3 adında formal olaraq qalmasına səbəb həmin hesabda olan və tələbetmə müddəti ötürülmüş borc məbləği ilə əlaqədardır. Belə ki, Sudan istifadə Qaydalarının tələbinə əsaən su təchizatı müəssisəsi hesabda olan məbləğ sıfırlanmayana qədər, abonent digər şəxsin adına keçirməkdə haqlı deyil. Məhkəmə qərarında sudan istifadə edən istehlakçı ilə su təchizatı müəssisə arasında yaranana münasibətləri tənzimləyən Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanuna və AR Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında Qərara ümumiyyətlə toxunulmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

11. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 551.2.1-ci maddə- kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddə- Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 12.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4364/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

14. İşdəki saldodan və maliyyə arayışından görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2012-ci ildən 2018-ci ilədək yaranmış və illər üzrə artmış borcdan ibarətdir.

15. İddiaçı MM-nin 551-ci maddəsinə tələbetmə müddəti bitdiyi üçün həmin borcun silinməsini tələb edir.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.

17. Qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə MM-nin 551.2.1-ci maddədə nəzərdə tutulmuş müddət kəsici müddət deyil, iddia müddəti olduğu üçün bu müddətin keçməsi öhdəliyin xitam olunmasına əsas vermir. Buna görə də, öhdəliyin xitam olunması əsası ilə borcun silinməsi barədə iddiaçının tələbi təmin edilə bilməz.

18. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi 66,5 manat dövlət rüsumu MPM-nin 119, 124-cü maddələrinə əsasən iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4364/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 124, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4364/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İddiaçı X2 Cavabdeh ASC-nin xeyrinə 66,5 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar