Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-32/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı Nümayəndə1 MMC-nin cavabdeh X3 qarşı əsassız varlanma qaydasında əldə edilmiş pulun geri qaytarılması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(113)-1811/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35.376,40 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də 2020-ci ildə keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, cavabdeh fərdi sahibkar X2 bank hesabına 22.06.2019-cu il tarixdə cəmiyyətin ƏDV hesabından 5396,40 manat, 24.06.2019-cu il tarixdə bank hesabından 29.980 manat olmaqla, ümumilikdə 35.376,40 manat məbləğində vəsait köçürülmüşdur. Sözügedən 35.376,40 manat məbləğində vəsait cavabdehin hesabına köçürülsə də, tərəflər arasında hər hansı müqavilə imzalanmamış və xidmətlər göstərilməmişdir. Bundan sonra cavabdehə vəsaitin geri qaytarılması məqsədilə bildiriş göndərilsə də, nəticəsi olmamışdır. Cavabdeh hər hansı xidmət göstərilmədən iddiaçı tərəfindən köçürülmüş vəsait hesabına əsassız varlandığından həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e2-2(113)-1811/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e2-2(113)-1811/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səlimov Səlim Holcim Azərbaycan ASC-nin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir. Səlimov Səlim ilə Nümayəndə1 MMC arasında 17.06.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, 22.06.2019-cu il tarixdə təhvil-təslim aktı tərtib edilərək satıcı Səlimov Səlim müqavilə üzrə 35376.40 manat dəyərində sementi alıcı Nümayəndə1 MMC-yə təhvil vermiş, tərəflər bunu imza və möhürləri ilə təsdiqləmişlər. Bundan sonra Nümayəndə1 MMC tərəfindən Səlimov Səlimin bank hesabına 35376,40 manat məbləğində pul köçürülmüşdür. Səlimov Səlim müqavilə üzrə götürdüyü öhdəliyini lazımi qaydada yerinə yetirmiş və xidmətinin qarşılığında öz haqqını almışdır. Cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İşə baxılması sonuncu dəfə 06.05.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(113)-1811/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. İddia ərizəsində iddiaçı qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə münasibəti olmadan iddiaçının bank hesabından cavabdehin hesabına 35376.40 manat pul köçürülmüş və cavabdeh əsassız varlanmışdır. İşə birinci instansiya qaydasında baxılarkən təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə əsasında ƏDV daxil 35376.40 manat dəyərində sement məhsulunun təhvil verilməsi barədə 22.06.2019-cu il tarixli EAAW seriyalı 158960 nömrəli elektron qaimə göndərilmişdir. İş materiallarında olan köçürmənin aparılması haqqında 22.06.2019-cu il tarixli **********81122 nömrəli bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından cavabdehin (VÖEN:**********) hesabına 5396.40 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışdan görünür ki, 24 iyun 2019-cu il tarixdə 22.06.2019-cu il tarixli EAAW seriyalı 158960 nömrəli elektron qaimə əsasında cavabdehin hesabına 29980 manat pul köçürülmüşdür. İddiaçı 30.10.2020-ci il tarixdə cavabdehə 201030/1 nömrəli bildiriş göndərərək 35376,40 manat məbləğində əsassız köçürülmüş pulun qaytarılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC-nin 15.09.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, cavabdeh faktiki olaraq ünvan 1 ünvanda yaşadığından onun qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına göndərilmiş məhkəmə bildirişləri çatmamış, nəticədə cavabdeh məhkəmə prosesləri barədə xəbərsiz olmuş və iddiaya etirazının əsasları bağlı sübutlar təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Nümayəndə1 MMC-nin direktoru Nümayəndə2 adından imzalanmış və möhürlə təsdiq edilmiş, 9c saylı 17.06.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh sement növündə malı alıcıya satmağı, alıcı isə malı alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satılacaq malların dəyəri və çəkisi qiymət əlavəsində nəzərdə tutulmuşdur. İş materiallarında olan malların təhvil-qəbuluna dair 22.06.2019-cu il tarixli aktdan görünür ki, 35376,40 manat dəyərində mal alıcıya təhvil verilmiş, akt Nümayəndə1 MMCnin direktoru Nümayəndə2 adından imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə prosesləri barədə xəbərsiz olduğuna dair sübut təqdim etdiyindən onun apellyasiya şikayətinə əlavə etdiyi sənədlər sübut kimi qəbul edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-993/2021 saylı, 23.09.2021-ci il tarixli hökmündən görünür ki, Nümayəndə1 MMC-də 2016-cı ilin dekabr ayından 17 fevral 2020-ci il tarixədək mühasib vəzifəsini icra etmiş X4 həmin vəzifədə işləyərkən, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə Nümayəndə1 MMC-nin rəhbərliyi tərəfindən hər hansı sement alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 17 iyun 2019-cu il tarixdə Nümayəndə1 MMC-nin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan - guya həmin MMC tərəfindən sement satışı fəaliyyəti ilə məşğul olan X1 1 tonu 122,76 manatdan dəyəri 15.345 manat olan 125 ton “Holcim Optimal” markalı, 1 tonu tonu 135,47 manatdan dəyəri 10.837 manat olan 80 ton “Holcim Special” markalı, 1 tonu 143,95 manatdan dəyəri 3.797,4 manat olan 26,38 ton “Holcim Sprint” markalı olmaqla, ƏDV-siz ümumi dəyəri 29.979,4 manat olan sementin satın alınmasına dair məlumatlar daxil etməklə 17 iyun 2019-cu il tarixli, 9c saylı malların alqı-satqı müqaviləsini və həmin müqaviləyə “Qiymət əlavəsi”ni tərtib edib, həmin müqavilədə olan Nümayəndə1 MMC-nin direktoru Nümayəndə2 adının qarşısında olan imzanı özü oxşatmaqla imzalayıb, içərisində Nümayəndə1 yazısı olan möhürün surətini surətçıxaran qurğu vasitəsilə müqavilənin üzərinə köçürməklə təsdiq edib, Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz X2 "xxxx" ASC-də olan AZ51AZRT******************** nömrəli hesablaşma hesabına 22 iyun 2019-cu il tarixdə əlavə dəyər vergisi üzrə 5.396,4 manat (beş min üç yüz doxsan altı manat qırx qəpik) və əsas vəsait üzrə 29.980 (iyirmi doqquz min doqquz yüz səksən) manat olmaqla, cəmi 35.376,4 manat (otuz beş min üç yüz yetmiş altı manat qırx qəpik) məbləğində pul vəsaitini köçürüb, həmin müqavilənin şərtlərinə uyğun olaraq 22 iyun 2019-cu il tarixdə X1 231,38 ton sement məhsulunun cəmiyyətin direktoru Nümayəndə2 tərəfindən təhvil alınmasına dair həmin tarixli “Malların təhvil-qəbulu haqqında” aktını Nümayəndə1 MMC-nin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tamah niyyətilə qəsdən fərqli formada imzalayıb, elektron qaydada EAAW seriyalı, 158960 nömrəli “Elektron Qaimə”-ni cəmiyyətin direktoruna məxsus qeyd edilən “Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, 231,38 ton sement məhsulunu Səlim Səlimovdan təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Nümayəndə1 MMC-yə məxsus olmaqla ona etibar edilmiş 5.396,4 manat (beş min üç yüz doxsan altı manat qırx qəpik) məbləğində pul vəsaitini təkrarən israf etməklə, 29.980 (iyirmi doqquz min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə həmin Cəmiyyətə ümumilikdə 35.376,4 manat (otuz beş min üç yüz yetmiş altı manat qırx qəpik) məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə Nümayəndə1 MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. S.Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən eyni zamanda görünür ki, Nümayəndə1 MMC-nin direktoru Nümayəndə2 S.Hüseynovaya qarşı mülki iddia qaldırmış, zərərçəkmişə mülki iddianı mülki icraat qaydasında vermək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25.11.2021-ci il tarixli qərarı ilə hökmdən Nümayəndə1 MMC-nin direktoru Nümayəndə2 və S.Hüseynova tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1.-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3.-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-993/2021 saylı, 23.09.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş hallara əsasən məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh X5 ilə Nümayəndə1 MMC arasında bağlanmış 17.06.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız (əhəmiyyətsiz əqd) əqddir. Həmin əqdin bağlanmasında hüquqi şəxsin qanuni təmsilçisinin iradə ifadəsi olmamış, müqavilədəki imza və möhür hüquqi şəxsin öz işçisi tərəfindən saxtalaşdırılmışdır. Hökmə əsasən eyni zamanda müəyyən olunur ki, cavabdeh S.Səlimovun Nümayəndə1 MMC-nin mühasibi S.Hüseynovanın qanunsuz əməllərindən xəbəri olmamış, Nümayəndə1 MMC-nin adından bağlanmış alqı-satqı müqaviləsi əsasında müqavilə şərtlərinə uyğun olaraq malları hüquqi şəxsin adından çıxış edən şəxsə təhvil vermiş və bunun müqabilində malların dəyəri olan 35376,4 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4.-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə vəkommersiya mübahisəsinəbaxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçının iddianın hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olsa da, iddiaçı əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia deyil, əsassız varlanma nəticəsində əldə olunmuş pulun tutulması qaytarılması barədə iddia qaldırdığından bu iddia təmin edilə bilməz. Belə ki, Nümayəndə1 MMC-nin hesabından ödənilmiş pul vəsaiti qarşılığında cavabdeh mal təqdim etdiyindən X2 hazırkı halda əsassız varlanması faktı sübut edilmir. 17.06.2019-cu il tarixli alqı-satqı müqaviləsində hüquqi şəxsin direktorunun imzasını və möhürünü saxtalaşdırmış şəxs hüquqi şəxsin öz işçisi (mühasibi) olduğundan iddiaçı ona vurulmuş ziyanı cavabdehdən deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191,192, 194-cü maddələrinə əsasən işçisindən tələb etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Hökmdən görünür ki, Nümayəndə1 MMC-nin direktoru Nümayəndə2 cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış, MMC-nin baş direktoru olmuş S.Hüseynovaya qarşı mülki iddia qaldırmış, hökmün nəticə hissəsində ona mülki iddianı mülki icraat qaydasında qaldırmaq hüququ izah olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olduğundan mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6.-ci maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(113)-1811/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları ödəmiş tərəfin özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(113)-1811/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-32/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-32/2022
06.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver