Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-32/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi üzrə Açar söz: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2- 2(113)- 208/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC (borc verən) ilə Cavabdeh2 (kredit alan) arasında 21 oktyabr 2020-ci il tarixli, L031/2020/3 saylı kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən bank kredit alana 100.000 manat və ya Azərbaycan manatının kreditin rəsmiləşdirildiyi tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, ABŞ dolları, Avro, Rusiya rublu, Böyük Britaniya sterlinqinə olan ekvivalenti məbləğində 84 ay müddətinə illik maksimum 30% dərəcəsi ilə kredit limiti ayırmişdir.
2. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli, L031/2020/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2020-ci il tarixli EF/51476/77/3 nömrəli kredit sazişi bağlanmışdır. Həmin sazişə görə veriləcək kreditin məbləği - 30.000 manat, kreditin müddəti - 24 ay, kreditin faizi - iliik 19% (FİFD 20,1%), kreditin məqsədi - daşınmaz əmlakın təmir-tikintisi, dəbbə pulu - xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% olaraq müəyyən edilmişdir. Xidmət şərtlərin müqavilənin tərkib hissəsi olaraq müəyyən edilmişdir.
3. xx.xx.2020-ci il tarixli EF/51476/77/3 nömrəli kredit sazişinə (müqaviləsinə) 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 30.000 manat, hesablanan faiz məbləği 6.304,39 manat olmaqla cəmi ödəniləcək məbləğ 36.304,39 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2( borc alan) arasında bağlanmış 22 oktyabr 2020- ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, bu müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüquqları ilə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı fərdi yaşayış evi (ipoteka predmeti) 21 oktyabr 2020-ci il tarixli, L031/2020/3 saylı kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilir.
5. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməyə əsasən 48.000 manat təşkil edir. Tərəflər həmin məbləğin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. 3.1.16-cı bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi nəticəsində ipoteka predmetinin özgəninkiləşdirilməsi baş verdikdə, ipoteka predmetində qeydiyyatda olan şəxslərin çıxarılmasını və ipoteka predmetinin boşaldılmasını təmin edir. 4.1.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə ipoteka saxlayanın Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq ipoteka predmetinə tutma hüququ yaranır. 6.4-ci bəndinə əsasən bu müqavilə əsas öhdəliyə xitam verilən müddətədək qüvvədədir. Müqavilə ipoteka qoyan, ipoteka saxlayan və borc alan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.
6. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən ümumi sahəsi 66,10 kv.m olan 99Q saylı fərdi yaşayış evinin üzərində Şərifzadə (nikahdan sonra Hüseyinova - bax.nikah haqqında şəhadətnamə) Lalə Kamran qızı mülkiyyət hüququ İddiaçı ASC qarşısında 84 ay müddətinə xx.xx.2020-ci il tarixli L031/2020/3 saylı kredit limitinin ayrılması haqqında müqaviləsi üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir.
7. Bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci tarixli məktubu ilə təsdiq edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı fərdi yaşayış evinə dair tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
8. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MXD-1157/2022 nömrəli maliyyə arayışında qeyd edilir ki, Cavabdeh2 ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə Cavabdeh2 İddiaçı ASCyə 16.426,39 manat məbləğində əsas, 3.268,59 manat məbləğində faiz borcu və 2.236,20 manat məbləğində cərimə borcu vardır.
9. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1007/22CSD nömrəli sonuncu maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh2 ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022- ci il tarixinə Cavabdeh2 İddiaçı ASC-yə 16.426,39 manat məbləğində əsas, 2861,10 manat məbləğində faiz, 2236,2 manat məbləğində cərimə borcu vardır.
10. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli /22CSD nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh2 ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2020ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh2 İddiaçı ASC-yə 16.426,39 manat məbləğində əsas, 2.657,31 manat məbləğində faiz borcu vardır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/87 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli EF/51476/77/3 saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə xx.xx.2022-ci il tarixinə Cavabdeh2 İddiaçı ASC-yə olan əsas kredit borcu 15.668,75 manat, faiz borcu 2.728,97 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
12. "xxxx" MMC-nin 27 fevral 2023-cü il tarixli, LP-025/2023 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı fərdi yaşayış evinin hazırki bazar qiyməti 59.000 manat, likvid qiyməti 54.000 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 300 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış EF/51476/77/3 saylı, xx.xx.2020ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin Kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 16.426,39 manat əsas, 2.657,31 manat faiz borcunun tutulması, vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh2 banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, L031/2020/3 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2020 tarixli, EF/51476/77/3 saylı kredit sazişinə əsasən 24 ay müddətinə, illik 19 faiz olmaqla 30.000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat N-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəh, Yasamal rayonu, 2-ci Alatava küç, 99 q saylı fərdi yaşayış evi Cavabdeh1 ilə “Bank” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh2 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2020 tarixli, EF/51476/77/3 saylı kredit müqaviləsi üzrə «Bank»a 16.426,39 manat əsas, 2.861,10 manat faiz və 2.236,2 manat cərimə borcu yaranmışdır.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2- 2(113)-208/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, EF/51476/77/3 saylı kredit müqaviləsi üzrə 13.718,16 manat məbləğində əsas borc, eləcə də cavabdehlərdən müştərək qaydada mediasiya xərclərinin əvəzi olaraq 160 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 99Q saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 54.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC - nin tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 ümumi qaydada tutulması qət edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh2 (kredit alan) arasında imzalanmış 21 oktyabr 2020-ci il tarixli, L031/2020/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə çərçivəsində xx.xx.2020-ci il tarixli EF/51476/77/3 nömrəli kredit sazişi bağlanmışdır. 18.Həmin sazişə əsasən İddiaçı ASC Cavabdeh2 30.000 manat məbləğində illik 19 faiz (%) dərəcəsi ilə 24 ay müddətinə kredit verilməsini, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. 19.Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə kredit verilsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
20. İddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli EF/51476/77/3 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi dövrə yəni xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 15.668,75 manat, faiz borcunun 2.728,97 manat təşkil etməsi müəyyən edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
22. Məhkəmə müqavilənin ləğvi ilə əlaqədar qeyd etmişdir ki, İddiaçı ASC xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi Cavabdeh2 çatdırmaqla mübahisəli kredit sazişinin öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə əlaqədar ləğv edilməsi barədə iradə ifadəsini borc alana bildirmiş, bununla da həmin saziş ləğv edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC yalnız mübahisəli kredit müqavilənin ləğv edildiyi tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan müddət üçün kredit məbləğindən istifadəyə görə müqavilədə nəzərdə tutulmuş faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş 2.728,97 faiz borcundan son 58 gün üçün (xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövr üçün) hesablanmış faiz borcunu (58 x8,27 (bir gün üçün cədvəldə müəyyən edilmiş faiz borcu məbləği)=479,66 manat) çıxmaqla xx.xx.2022-ci il tarixə olan faiz borcunun 2249,31 (2.728,97-479,66) manat təşkil etməsi müəyyən edilir.
24. Bundan əlavə məhkəmə onu da qeyd etmişdir ki, dəbbə pulunun məbləğinin azaldılaraq işin hallarına və tərəflərin mənafelərinə mütənasib şəkildə müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aid məsələ olduğu halda mübahisənin məhkəmədə baxıldığı müddətdə aparılmış ödənişin bank tərəfindən hesablanmış dəbbə pulu borcunun tam olaraq bağlanmasına yönəldilməsi mülki dövriyyə iştirakçılarının vicdanlı davranış tələblərinə cavab verməməklə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
25. Məhkəmə Cavabdeh2 xx.xx.2020- ci il tarixli EF/51476/77/3 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC Cavabdeh2 xx.xx.2020-ci il tarixli EF/51476/77/3 saylı kredit müqaviləsi üzrə 13.718,16 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.
26. İddianın borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2 (borc alan) arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli EF/51476/77/3 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
27. Məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, kredit müqaviləsindən irəli gələn tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
28. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-208/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-208/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, borcun tutulması hissəsində iddianın qismən təmin edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində isə iddia tələbinin rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
30. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankla cavabdeh arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə tam şəkildə uyğun olmuşdur və tərəflərin könüllü razılıq prinsipi əsasında bağlanmışdır. Cavabdeh iş məhkəmədə olan zaman ödədiyi məbləğ kredit borcu üzrə qanunvericiliyin tələbinə uyğun olaraq öhdəliyin icra edilməməsi anından yaranmış dəbbə puluna hesablanmışdır və cərimə borcundan silinmişdir. Hakim isə bu hissədə haqsız mövqedə olaraq, qanunvericiliyin tələbini pozmuş və ödənilən məbləğin dəbbə puluna yönəldilməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Halbuki, tərəfimizdən borcun silinməsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilmişdir. Cavabdeh iş məhkəmədə olan dövrdə cavabdeh kredit borcu üzrə ümumilikdə 4200 manat ödəniş etmiş, həmin ödənişlər Mülki Məcəllədə qeyd olunan qaydada ardıcıllıqla cərimə və faiz üzrə borcun silinməsinə yönəlmişdir. İddia tələbi üzrə məbləğ azalması həmin anda baş verdiyindən bu barədə dərhal məhkəmə müraciət edərək iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmişik. Lakin məhkəmə işin bu hissəsinə də düzgün hüquqi qiymət verməmiş və hesablanmanı düzgün qəbul etməmişdir. Halbuki aparılan əməliyyat qanunvericiliyin tələbinə tam uyğun olmuşdur.
31. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən görünür ki, işə baxılan müddətdə banka olan borcundan ayrı-ayrı vaxtlarda 3000 manat və 1200 manat olmaqla, cəmi 4200 manat ödəniş etmişdir. Göründüyü kimi banka olan borcu ödəməkdən yayınmır və məhkəmə iclasında iştirak edərək izahatında banka olan qalıq borcun yaxın zamanlarda tam qaytaracağını bildirmişdir. Lakin işə baxmış məhkəmə onun məhkəmə prosesi gedişində ödədiyi 4200 manat məbləğində pulun 50 faizindən çox hissəsini faiz borcuna silmiş, bu da onsuz da çətin olan maddi vəziyyətimi daha da ağırlaşdırmaqla yanaşı, banka olan əsas borcunun məbləğinin də azalmasına mənfi təsir göstərmişdir. Bundan başqa, işə baxmış birinci instansiya məhkəməsi 13.718,16 manat məbləğində əsas borca görə tutmanın həyat yoldaşı, iş üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 99Q saylı fərdi yaşayış evinə yönəldilməsini, evin açıq hərracda satılaraq əmlakın ilkin satış qiymətinin 54.000 manat məbləğində müəyyən edilməsini və satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin tələbinin ödənilməsini qət etmişdir. Apellyasiya instansiyasının diqqətinə çatdırır ki, onun banka olan borcunun məbləği ipoteka predmetinin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiymətindən 4 dəfə azdır. Belə olan halda, cəmi 13.718,16 manat məbləğində borca görə ailəsinin yeganə yaşayış sahəsi olan və banka ödəməli olduğu pul vəsaitindən azı 4 dəfə baha olan yaşayış evinə tutmanın yönəldilməsi qanunsuz və ədalətsiz olmuşdur. Məhkəmənin istinad etdiyi "xxxx" MMC tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, LP-025/2023 saylı qiymətləndirmə rəyindəki əmlakın dəyəri bu günkü likvid qiymətini əks etdirmir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş rəydə tədqiqat obyekti olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99 Q saylı fərdi yaşayış evinin otaqlarının sayı, sahəsi, otaqlardakı əşyaların istifadəyə yararlılıq dərəcəsi, otaqların yaxşı təmirli vəziyyəti, yaşayış üçün şərait səviyyəsi nəzərə alınmamışdır. Halbuki həmin əmlak daşınmaz əmlakların qiymətinin yüksək olduğu olduğu ərazidə yerləşir. Məhkəmə tərəfindən əmlakın dəyəri müəyyənləşdirilərkən yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmamış, rəydə əmlak dəyərindən çox aşağı qiymətləndirilmişdir. Belə ki,alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarına baxış keçirilərkən (linklər yuxarıda qeyd edilmişdir) ipoteka predmeti olan fərdi yaşayış evi ilə oxşar meyarlı fərdi yaşayış evlərinin qiymətinin "xxxx" MMC tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, LP-025/2023 saylı qiymətləndirmə rəyində müəyyən edilmiş məbləğdən kifayət qədər yüksək olduğu aydın olur. İşə baxmış məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, LP025/2023 saylı qiymətləndirmə rəyinə mötəbər sübut kimi hüquqi qiymət verərək, həmin rəy əsasında ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən etmişdir. Halbuki, həmin rəydə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı fərdi yaşayış evinin otaqlarının sayı, sahəsi, otaqlardakı əşyaların istifadəyə yararlılıq dərəcəsi, otaqların yaxşı təmirli vəziyyəti, yaşayış üçün şərait səviyyəsi nəzərə alınmamış, rəydə əmlakın real bazar dəyəri əks olunmamışdır. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi ilə eyni ərazidə yerləşən oxşar sahəli evlərin hazırkı bazar qiymətləri 65.000 manat, 76.000 manat, 80.000 manat və 65.000 manat arasında dəyişir. Lakin qeyd olunan ziddiyyətli məqamlar məhkəmə tərəfindən araşdırılmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
33. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdirlər.
34. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.2-ci maddə-müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 432.4-cü maddə- əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublakası Qanunu 1.0.9-ci maddə- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddə- ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-ci maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddə- ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddə- ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddə-tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
35. Qətnamə iddiaçı və Cavabdeh2 tərəfindən mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti edilməməli, iddiaçının apellyasiya şikayəti qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-208/2023 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16425,40 manat əsas borc, 577,10 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Mübahisə tərəflər arasında kredit müqaviləsi üzrə hüquq münasibətindən yaranmışdır. İşin mübahisəsiz halıdır ki, Cavabdeh2 ilə iddiaçı bank arasında 24 ay müddətinə xx.xx.2020-ci il tarixli EF/51476/77/3 nömrəli kredit sazişi bağlanmış və 30.000 manat kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, kredit vəsaiti və illik 19 faizlə ödənilməli olan 6304,39 manat faiz məbləği hər ay 1512,26 manat olmaqla banka xx.xx.2022-ci il tarixədək tam ödənilməli idi.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İşə birinci instansiya qaydasında baxan məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, borcalan tərəfindən kredit ödənişləri razılaşdırılmış qrafik üzrə həyata keçirilmədiyindən bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qarşı tərəfə çatdırıldığı xx.xx.2022-ci il tarixdən müqavilə ləğv edilmişdir hesab edilir.
39. Eyni zamanda işdən görünür ki, kredit müqaviləsi bank tərəfindən birtərəfli iradə ifadəsi ilə ləğv edildikdən sonra borcalan tərəfindən xx.xx.2023-cü il tarixdə 1200, xx.xx.2023-cü il tarixdə 3000 manat olmaqla 4200 manat ödəniş edilmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, birinci instansiya məhkəməsi borclu tərəfindən ödənilmiş bu məbləği əsas və faiz borcu üzrə silmiş, həmin tarixə cavabdehin cərimə borcu olduğu nəzərə almamışdır.
40. İddiaçının cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişində həmin tarixə borcalanın 2236,20 manat cərimə borcu olduğu qeyd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlərin iddia qaldırılan tarixə yaranmış cərimə məbləğinin hesablanması üçün iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının məhkəmə mühasibatlıq ekseprtizasının 9/7334 saylı xx.xx.2023-cü il tarixli rəyində borclanın cərimə borcunun iddia qaldırılan tarixə 2236,20 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda həmin rəyə əsasən müəyyən edilmişdir ki, bütün ödənişlər nəzərə alınmaqla qalıq əsas borc 16425,04 manat təşkil edir.
41. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, tərəflər arasında bağlanmış kredit sazişində öhdəliyin icrasının gecikdirilməsinə görə xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% faiz dəbbə ödənilməli olduğu nəzərdə tutulduğundan cavabdehin müqavilə ləğv edildikdən sonra ödədiyi 4200 manat məbləğin 2236,20 manat hissəsinin bank tərəfindən cərimə üzrə silinməsi qanuni və əsaslı hesab edilir. Qalan 1763,80 manat (4200-2236,20) müqavilə ləğv edildiyi tarixə bank tərəfindən hesablanmış (xx.xx.2022-ci il tarixli bildirişdə qeyd edilmiş) 2340,90 manat faiz borcundan çıxıldıqda cavabdehin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildiyi tarixə 577,10 manat müqavilə üzrə faiz borcunun, 16425,04 manat əsas borcunun qaldığı müəyyən olunur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindəki günlük faiz məbləği əsas götürülməklə hesablandıqda xx.xx.2022-ci il tarixə cavabdehin qalıq faiz borcunun məbləği daha yüksək olduğu üçün məhkəmə hesab edir ki, müqavilə ləğv edildiyi tarixə bank tərəfindən hesablanmış faiz borcu əsas götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində cavabdehin əsas və faiz borcu hesablanarkən öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə şərtlərinə əsasən banka ödənilməli cərimə məbləğləri nəzərə alınmadığından borcun məbləği müəyyənlşdirilərkən xx.xx.2023-cü il tarixli ekspert rəyi əsas götürülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək qətnamə əsas və faiz borcu hissəsində dəyişdirilməli, cavabdehdən 16425,04 manat əsas borc, 577,10 manat faiz borcu tutulmalıdır.
42. Kredit sazişində istinad edilən və müqavilənin tərkib hissəsi olan “İddiaçı ASCnin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 3.8-ci bəndində qeyd edilir ki, müştəri tərəfindən ödənilən məbləğ əgər bu şərtlərin xüsusi hissəsində hər hansı kredit məhsulu üzrə fərqli qayda müəyyən edilməmişdirsə ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimənin, komisyon haqların, kredit üzrə hesablanmış faizlərin, ən nəhayət kreditin ödənilməsinə yönəldilir. Qeyd edilən müqavilə şərtinə və MM-nin 432.4-cü maddəsinə əsasən cərimə və faiz borcu ödənilmədən müqavilə ləğv edildikdən sonra ödənilmiş 4200 manat vəsaitin çox hissəsinin faizdən silinməsinin düzgün olmadığına dair hissədə cavabdehin apellyasiya şikayəti əsassızdır.
43. Borc məbləğinin azalması bankın ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəltmək hüququnu aradan qaldırmadığından cavabdehin apellyasiya şikayəti borcun azalması əsası ilə ipoteka predmetinə tutma yönəldilməsi barədə tələbin rədd edilmıli olduğuna dair hissədə də əsassız hesab edilir.
44. Cavabdeh apellyasiya şikayətində ipoteka ilə yüklü edilmiş əmlakın birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətini mübahisələndirildiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə təkrar məhkəmə əmttəşünaslıq ekspertizası təyin edilmiş, lakin tərəflər ekspert tərəfindən əmlaka baxış keçirilməsi barədə vəsatət verilsə də, baxışın keçirildiyi gün iştirak etmədiklərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli məktubu ilə ekspertizanın həyata keçirilməsindən imtina edilmişdir. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən aparılmış qiymətləndirməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ünvanında yerləşən 99Q saylı sahəsi 66,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 48.000 manat müəyyən edilmiş, ipoteka qoyan bu dəyərlə razılaşaraq müqaviləni imzalamışdır. Məhkəmə hesab edir ki, iki il sonra "xxxx" MMC tərəfindən 27 fevral 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən həmin əmlakın bazar qiymətinin 59.000 manat, likvid qiymətinin 54.000 manat qiymətləndirilməsi reallığa uyğundur. Nəzərə alınmalıdır ki, ipotekaqoyan Cavabdeh1 özü məhkəmə qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Borcalan Cavabdeh2 ipoteka qoyan Cavabdeh1 həyat yoldaşı olduğunu qeyd edərək qətnaməni əmlakın likvid dəyəri ilə bağlı hissədə də mübahisələndirmiş, əmlakın dəyəri müəyyən edilərkən otaqlardakı əşyaların istifadəyə yararlılıq dərəcəsinin, təmirinin, otaq sayı və sahəsinin nəzərə alınmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" MMC-nin qiymətləndirmə rəyində qiymətləndirilən əmlakın sahəsi, otaq sayı nəzərə alındığından apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Legal Prime” MMC-nin qiymətləndirmə rəyində də qeyd edilir ki, cavabdeh tərəfindən əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Belə olan halda məhkəmə MPM-nin 97.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehin qiymtləndirici tərəfindən mənzilin təmir vəziyyətinin düzgün qiymətləndirilmədiyinə istinad etməsi əsassızdır. Mənzildəki əşyaların dəyərinin nəzərə alınmaması ilə bağlı məhkəmə qeyd edir ki, həmin əşyalar ipoteka predmeti olmadığından apellyasiya şikayəti bu hissədə də əsassızdır.
45. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti edilməməli, iddiaçının apellyasiya şikayəti qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-208/2023 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16425,40 manat əsas borc, 577,10 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-208/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16425,04 manat əsas borc, 577,10 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.