Məhkəmə qərarları › İş №2-2(103)-320/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-320/2021

03.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-320/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndələri Nümayəndə2, X6 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “Azəriqaz" İB-ə qarşı “qaz sərfiyyatına dair yaranmış borc məbləğinin silinməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı şəhəri Kommersiya Məhkəməsinin 03.12.2020-ci il tarixli e-2-2(113)-1471/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “Azəriqaz İB-nə və Mənzil X2rşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan Mənzil X7ni cavabdehlər sırasından çıxararaq İddiaçı MMC olaraq istifadə edilən qaz sərfiyyatına dair yaranmış 27891,40 manat borc məbləğinin cəmiyyətə aid edilməməsi, cəmiyyətin inzibati ərazisindən 4 km kənarda yerləşən yeraltı qaz borusunun kəsilməsi ilə dəymiş ziyan və zərərin əvəzi olaraq 6065,80 manatın cəmiyyətə ödənilməsi, kəsilmiş qaz borusunun tapılması, yenidən bərpa olunması istiqamətində "xxxx" QSC-yə ödənilmiş olan 1298 manat və zədələnmiş borunun bərpasına dair fiziki şəxs X3 ödənilmiş 450 manat, cəmi 7813.80 manat xərclərin əvəzinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 İB arasında qaz alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Müqavilə bağlandığı tarixdən bu günə kimi iddiaçı tərəfindən qaz təchizatından irəli gələn ödənişlərlə bağlı heç bir narazılıqlar yaranmamış və Cavabdeh2 İB tərəfindən müəssisəyə qaz təchizatı ilə bağlı aylıq ortalama qaz sərfiyyatına dair kəsdiyi qaimə əsasında ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Lakin, son bir neçə ayda onlara kəsilmiş qaimələrdəki məbləğlərin sərfiyyata uyğun olmadığı və aşırı dərəcədə artıq olması iddiaçıda bir çox narahatlıqlar yaratmışdır. Bu səbəbdən "xxxx" QSC ilə Cəmiyyətin istifadəsində olan qaz xəttində sızmaların olubolmaması faktının müəyyən edilməsi üçün 20.02.2020-ci il tarixdə müqavilə bağlanılmışdır. Müqavilə əsasında "xxxx" QSC Cəmiyyətin inzibati ərazisindən 4 km kənarda yerləşən yeraltı qaz borusunun kəsilməsi, qaz çəkilişi qaydalarına və təlimatlarına uyğun olmadan yumşaq tərkibli rezin materiallardan (rezin su borusu ilə) istifadə etməklə birləşdirilməsi faktını müəyyən etmişdir. Araşdırmalar zamanı əlavə olaraq müəyyən olundu ki, kəsilmiş qaz borusunun aşağı hissəsindən torpaq daxili yüksək cərəyanlı elektrik naqilləri çəkilmişdir. İddiaçıda olan məlumata əsasən adı çəkilən ərazidə elektrik naqillərinin çəkilməsi işlərini “Azərbaycan Respublikası Mənzil X7” (MİDA) həyata keçirilmişdir. Bu faktla bağlı sızma olan ərazidə akt tərtib olunaraq sübutlar götürülmüşdür. Yaranmış qaz sızmasının qarşısının alınması və həmin hissənin qaz çəkilişi qaydalarına və təlimatlarına uyğun olması üçün "xxxx" QSC ilə əlavə müqavilə bağlanmışdır. Bundan sonra "xxxx" QSC sözügedən ərazidə sızma ilə bağlı təmir-bərpa işlərini həyata keçirərək istifadəçiyə yəni iddiaçıya təhvil vermişdir. Hal-hazırda qaz sərfiyyatı daha öncəki aylarda olduğu kimi bərpa edilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, son aylarla bağlı qaz sərfiyyatı Cəmiyyətimiz tərəfindən istifadə edilməmiş, bizə kəsilmiş qaimələrdə qeyd olunan məbləğlər qəzalı yerdə baş vermiş qaz sızmasının nəticəsidir. Bundan başqa 2019-cu ilin orta aylarından başlayaraq Cavabdeh2 iddiaçıya kəsdiyi qaimələrdən də görünür ki, qaz sərfiyyatı 472,61 manat və 1084,80 manat arası dəyişir. Qeyd olunanlarla bağlı Cavabdeh2nə dəfələrlə rəsmi və şifahi müraciət edilməsinə baxmayaraq istifadəçi hüquqlarının bərpası və dəymiş maddi ziyanla bağlı heç bir tədbirlər görülməmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-1471/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İB tərəfindən İddiaçı MMC-nin adına olan abunə hesabına əsassız hesablanmış 25891,40 manat məbləğində borcun abunə hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-1471/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və qətnamədən də göründüyü kimi məhz Mənzil X7 tərəfindən qazıntı işləri aparılarkən iddiaçının istismarında və balansında olan qaz xətti zədələnmişdir. Bunun nəticəsində təbii qaz sızması baş vermiş və iddiaçıya maddi ziyan dəymişdir. Digər tərəfdən qətnamədə məhkəmə tərəfindən cəmi 7813,80 manat məbləğində ziyanın tutulmasına münasibət bildirilərkən qeyd edilmişdir ki, Cavabdeh2 İB-nin hər hansı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən zərərin əvəzinin ödənilməsi üçün hər hansı öhdəlik daşımır. İş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi, 2020-ci ilin fevral ayında hesablanmış 27891,40 manat borc iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. Həmin qaz sayğacı bu gündə iddiaçının istifadəsindədir və sayğacda hər hansı qüsur yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 3.3-cü bəndinə əsasən Sənayeqaz qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları yerinə yetirməlidirlər: 3.3.1-ci bəndə əsasən qaz qurğularının istismarı prosesində 3 (üç) ildə bir dəfədən az olmayaraq, rejim-sazlama işləri aparmalıdırlar, 3.3.4cü bəndinə əsasən aparılan rejim-sazlama işlərinin nəticəsində rejim kartlarının tərtib edilməsini; 3.3.5-ci bəndinə əsasən rejim kartlarına əsasən qaz qurğularının istismarının təmin edilməsini; 3.3.6-cı bəndinə əsasən əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını; 3.3.7-ci bəndinə əsasən əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı; Göründüyü kimi məhs balans mənsubiyyəti sərhədində Elster G-650 tipli, 83045811 saylı qaz sayğacı quraşdırılmışdır. Belə olan halda aydın olur ki, qaz sayğacından sonra yerləşən qaz qurğuları hüquqi şəxsin balansındadır və həmin qurğuların saz vəziyyətdə saxlanılmasına görə hüquqi şəxs özü məsuliyyət daşıyır. Bu səbəbdən də iddiaçı təşkilat qanunvericiliklə nəzərdə tutulmuş qaydada "xxxx" QSC ilə müvafiq müqavilə bağlayaraq rejim-sazlama işlərinin həyata keçirilməsini və aşkar edilmiş sızmaların aradan qaldırılmasını təşkil etmişdir. Qanunvericiliklə isə bu növ işlər 3 ildə bir dəfədən az olmayaraq sənaye qaz qurğusundan istifadə edən (hazırda iddiaçı tərəfindən) istehlakçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə düzgün nəticəyə gələrək qeyd etmişdir ki, Cavabdeh2 İB-nin qaz xəttinin zədələnməsində və bunun nəticəsində iddiaçı təşkilata hər hansı zərərin vurulmasına görə təqsiri yoxdur və zərər vurulmuşsa belə onun əvəzinin ödənilməsinə görə öhdəlik daşımır. Lakin məhkəmə gəldiyi nəticəyə zidd olaraq, heç bir hüquqi, normativ akta əsaslanmadan qərar qəbul edərək sayğac göstəricisinə əsasən hesablanmış 25891,40 manat borcun silinməsini qət etmiş və bununla da hər hansı təqsiri olmayan hüquqi şəxsə zərərin vurulmasına səbəb olmuşdur. Göründüyü kimi iddiaçı faktiki ona zərər vuran təşkilat barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq həmin təşkilatın cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş edir və həmin təşkilatın qanuna zidd hərəkətlərinə görə məsuliyyəti heç bir təqsiri olmayan Cavabdeh2 İB-nin üzərinə qoyulmasını xahiş edir məhkəmə isə öz növbəsində əsassız və qanunsuz şəkildə bu xahişi qismən də olsa təmin edir. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2, X6 və Süleymanov Röyal oğlu apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə nümayəndələrin izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)- 1471/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İddiaçı MMC-nin saldosundan görünür ki, abonentə 2020-ci ilin fevral ayı üçün qazdan istifadəyə görə 27891,40 manat borc yazılmışdır. Abonent saldosundan eyni zamanda görünür ki, iddiaçının 2019-cu ildə və 2020-ci ilin digər aylarında qazdan istifadəyə görə aylıq borcunun məbləği 4021,60 manatdan artıq olmamışdır. İddiaçı 2020-ci ilin fevral ayında sərfiyyatdakı kəskin artımın iddiaçının sayğacından sonra qaz qurğularına gedən yeraltı və yerüstü qaz xətlərinin qəza nəticəsində zədələnməsi ilə əlaqədar qaz sızmasının baş verməsi ilə əlaqədar olduğunu iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. İddia ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahata əsasən iddiaçının qaz sayğacı inzibati ərazidən 3,5 - 4 km uzaqda yerləşdiyi üçün qaz xəttində zədələnmə olması barədə dərhal xəbər tutmaq və qaz xətlərinə nəzarət etmək mümkün deyil. 2020-ci ilin fevral ayında iddiaçının qaz xətlərində zədələnmə olduğu cavabdeh tərəfindən mübahisələndirilmir və bu hal eyni zamanda "xxxx" QSC-nin 02.03.2020-ci il tarixli aktı və işdəki fotoşəkillərlə təsdiq olunur. "xxxx" QSC-nin Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair 000026 nömrəli 02.03.2020-ci il tarixli aktdan görünür ki, Hövsan qəsəbəsində sifarişçi İddiaçı MMC-yə məxsus yeraltı və yerüstü qaz xətlərində aşkar olunmuş qaz sızmaları aradan qaldırılmışdır. Birinci instansiya məhkəməsi iddiaçının tələbini borcun silinməsi hissəsində qismən təmin edərək belə nəticəyə gəlmişdir ki, 2019-cu il üçün cəmi qaz sərfiyyatının məbləği 25441,20 manat təşkil etdiyindən iddiaçının orta aylıq sərfiyyatı təxmini 2000 manat müəyyən edilməli, həmin məbləğ 2020-ci ilin fevral ayı üçün istehlakçı tərəfindən ödənilməli borc məbləği kimi müəyyən edilməklə iddia həmin ay üçün hesablanmış 25891,40 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və əsaslı hesab edir. Cavabdeh2 İB-nin nümayəndələri sonuncu məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək göstərmişlər ki, iddiaçının qaz xəttinin zədələnməsinə görə Cavabdeh2 İB məsuliyyət daşımadığından, o cümlədən həmin qaz xətləri iddiaçının özünün balansında olduğundan qaz sızması ilə əlaqədar sərfiyyat artımındakı fərqin silinməsi barədə iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh2 İB tərəfindən məhkəməyə qaz sızıntısı baş vermiş qaz xətlərinin iddiaçının balansında olması barədə hər hansı sübut (balans mənsubiyyət sərhədi aktı və s) təqdim edilmədiyindən apelyasiya şikayətini dəlillərinin əsaslı olduğu təsdiq olunmur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 6cı hissəsinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydalarının” 2.12-ci bəndində istehlakçıların yalnız qaz qurğularının istismarı və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyəti müəyyən edilmişdir. Qaydalara əsasən qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksidir. Göründüyü kimi, qazpaylayıcı şəbəkədə baş vermiş qəzalara və qaz borularında qəza nəticəsində baş vermiş qaz sızmalarına görə nə qanunda, nə də Qaydalarda istehlakçının məsuliyyəti müəyyən edilməmişdir. Qaydaların 5-ci bəndinə əsasən istehlakçı yalnız istifadə etdiyi qazın dəyərini ödəmək öhdəliyi daşıyır. İstehlakçının üzərinə istehlak etmədiyi qazın dəyərini ödəmək öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərinə əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı 2020-ci ilin fevral ayı üzrə iddiaçının qaz sərfiyyatının artmasında qazpaylayıcı şəbəkədə baş vermiş qəzanın səbəb olduğu təsdiq olunduundan istehlak edilməmiş qaza görə hesablanmış borcun silinməsi hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-1471/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Azəriqaz" İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-1471/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar