Məhkəmə qərarları › İş №2-2(103)-325/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-325/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-325/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1067/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı2 Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin 1 saylı Əlavəsinə əsasən 1.230.000 manat məbləğində razılaşdırılmış borc məbləğinin ödənilməsinə dair bağlanmış xx xxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1067/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “AZERİ Trade Holding” GmbH, Cavabdeh1 və İddiaçı1 arasında xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “AZERİ Trade Holding” GmbH və Cavabdeh1 ******* (bir milyon beş yüz min) manat məbləğində razılaşdırılmış borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq xx xxxxxx 2020-ci ilə qədər İddiaçı1-yə ödəməlidirlər. Həmin tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqaviləyə xx xxxxx 2019-cu il tarixli 2 saylı əlavə bağlanmış və əlavəyə əsasən borcun 100000 manat məbləğində olan hissəsi Cavabdeh1 tərəfindən xx xxxxx 2019-cu il tarixinədək, ******* məbləğində olan hissəsi isə cədvəl üzrə xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh1 tərəfindən ödəniləcəkdir. xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqavilə və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh3 ASC ilə İddiaçı2 və Cavabdeh1 arasında xx xxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin İddiaçı2 borclu Cavabdeh1-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, o, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh4 MMC-yə direktor təyin olunan zaman təsisçi tərəfindən onu əmin etmişlər ki, bir təsisçi kimi yaxın günlərdə daxili imkanlar hesabına və eyni zamanda şirkətin balansında olan əmlakların satılması hesabına borcun bağlanması təmin ediləcəkdir. Danışıqlar nəticəsində Cavabdeh4 MMCnin direktoru olaraq, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin imzalanmasına razılaşmışdır. Lakin son araşdırma zamanı həmin müqavilə üzrə borcun ödənilməsi üçün hər hansı vəsaitin və ya əmlakın olmadığı qənaətinə gəldikdə həmin zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə açmağı zəruri hesab etmişdir. Cavabdeh1-nin direktoru vəzifəsindən azad olunmağı haqqında rəsmi olaraq təsisçiyə müraciət etmişdir. Qeyd olunan borc müqaviləsi onun Cavabdeh1-yə səlahiyyətli şəxs olaraq təyin olunduğu vaxtdan xeyli əvvəl yarandığından belə bir zaminlik müqaviləsi heç bir əsas olmadan onu ağır və çıxılmaz vəziyyətə salır. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. Lakin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi dəlilləri qeyd olunan şərtlərə və əsaslara aid etmək olmur. Çünki iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız iki hala, yəni borc müqaviləsinin onun Cavabdeh1-yə səlahiyyətli şəxs olaraq təyin olunduğu vaxtdan xeyli əvvəl bağlandığına və maliyyə çətinlikləri üzündən həmin müqavilə üzrə öhdəliklərin icra edə bilməyəcəyinə istinad etmişdir. Hər iki dəlilə dair kollegiya qeyd edir ki, həmin hallar ümumiyyətlə müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yaratmır. Eyni zamanda iddia ərizəsində Mülki Məcəllənin 339.1 və 347.1-ci maddələrinə istinad olunmuşdur. Həmin maddələrin tələblərinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1). Lakin iddiaçı həmin maddələrdə göstərilən halların təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə hazırki iddianı müqavilənin bağlandığını xx xxxxx 2019-cu il tarixdən etibarən 1 il müddətində deyil, 2020-ci ilin may ayında irəli sürmüşdür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1067/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar