Məhkəmə qərarları › İş №2-2(103)-326/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-326/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-326/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 02.12.2021ci il tarixli 2-2(113)-2512/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh “Xətai Avtonəqliyyat“ASC-dən 16.11.2021-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 16797 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin X1 İdarəsindəki bank hesabına köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 20.06.2012-ci il tarixli, 1910/1456 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15-ci məhəllə ünvanında yerləşən, dövlət mülkiyyətində olan 9836,5 m2 torpaq sahəsi Cavabdeh ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli 2-2(113)-2512/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 16.11.2021-ci il tarixinə yaranmış 7649,04 manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli 2-2(113)-2512/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Nazirler Kabinetinının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin siyahısı müəyyən edilərək hemin Qərarın icrasının təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Qeyd edilən Qərarın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlet Xidmətinin 25 avqust 2020-ci il tarixli 70 nömrəli əmri ile 1 aprel 2020-ci il tarixindən 31.12.2020-ci il tarixinədək torpaq sahəsinin icarə haqqı hesablanmayan hüquqi şəxslərin ve fərdi sahibkarların siyahısı təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 30 dekabr 2020-ci tarixli 144 nömrəli əmri və 17.02.2021-ci il tarixli 33 nömrəli əmri ilə yuxarıda qeyd olunan icarə haqqı ödənişlərindən azad olunan hüquqi şəxslərin və fərdi sahibkarların siyahısı yeni redaksiyada verilmişdir. "xxxx" ASC Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarının təsir dairəsinə düşmədiyindən, həmin səhmdar cəmiyyetin adı siyahıya daxil edilməmişdir. Dövlət Vergi Xidmətinin məktubuna məhkəmə düzgün qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 20.04.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-2512/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh "xxxx" ASC-dən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 9147.96 manat icarə borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı madəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qətnamə iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayır. İş materiallarında olan “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 20 iyun 2012-ci il tarixli 1910/1456 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi dövlətə məxsus 9836.5 kv.m torpaq sahəsi icarəyə verilmiş, aylıq icarə haqqı 1016,44 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, 09.03.2020—ci il tarixdən 16.11.2021-ci il tarixədək olan dövr üzrə mövcud olan icarə haqqı borcu 16797 manatdır. 08.09.2020-ci il tarixdə cavabdehə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmiş, borc ödənilmədiyindən iddiaçı 07.05.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın qanuni əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Birinci instansiya məhkəməsi iddianı 9147.96 manat icarə haqqının tutulması hissəsində rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 2020-ci il tarixli qərarına əsasən “Covid-19” pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə 2020-ci il 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək icarə haqları hesablanmadığından, Cavabdeh Açıq Səhmdar Cəmiyyətini fəaliyyəti isə pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə aid edildiyindən 16.11.2021-ci il tarixədək tələb edilən icarə haqqının 9 ay üçün hesablanmış 9147,96 manatı cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini əsaslı hesab edərək birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2000-ci il tarixli 226 saylı Qərarına 05 avqust 2020-ci il tarixli qərarla edilmiş dəyişikliyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin torpaq vergisinin 2 misli miqdarında“(paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır)“müəyyən edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehə Covid-19 pandemiyasından zərərçəkmiş hüquqi şəxs kimi maliyyə dəstəyi göstərilib-göstərilmədiyi, göstərilməmişsə bunun səbəbi barədə məlumat verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə sorğu vermiş, İdarənin 07 sentyabr 2021-ci il tarixli sorğuya cavab məktubunda vergi orqanında olan məlumatlara əsasən cavabdehin əsas fəaliyyət sahəsi 6820002-digər daşınmaz əmlakın (ev kirayəsi istisna omaqla) icarəyə verilməsi üzrə fəaliyyət, əlavə fəaliyyət növü isə 4520006təkərlərin təmiri xidmətlərinin göstərilməsi kimi qeyd edilmişdir. Hüquqi şəxslərin maliyyə dəstəyindən yararlanması proqram üzrə nəzərdə tutulmadığı, əmək ödənişləri üzrə isə elektron formada müraciət olunmadığı üçün cəmiyyətə koronavirus pandemiyasından zərər çəkmiş şəxs kimi maliyyə dəstəyi göstərilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə3 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında izahat verərkən təsdiq etmişdir ki, daşınmaz əmlakın subicarə müqavilələri əsasında başqa şəxslərə icarəyə verilməsi ilə məşğul olurlar. Məhkəmə kollegiyası hesab edir ki, “Təkərlərin təmiri xidməti” pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə aid edilsə də, bu sahə cavabdehin əsas fəaliyyət sahəsi olmadığından və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti əsas gəlirini daşınmaz əmlakın icarəyə verilməsindən əldə edildiyindən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 2020-ci il tarixli qərarının cavabdehə münasibətdə tətbiq edilməli olduğuna dair düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək icarə haqqını tələb etməkdə haqlı olduğundan qətnamə iddianın rədd edildiyi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 9147,96 manat icarə haqqı borcu tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-2512/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh "xxxx" ASC-dən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 9147,96 manat icarə borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-2512/2021 saylı qətnaməsi qismən-iddianın rədd edildiyi hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilərək cavabdeh "xxxx" ASC-dən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 9147,96 manat icarə borcu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində qanunla nəzərdə tutulmuş halda elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar