Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-326/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı (X1, X2, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “torpaq sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5451/2022 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" MMC-yə qarşı (X1, X2, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, X1, X4, X5 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, habelə mediasiya sessiyası ilə bağlı mediasiya təşkilatına ödənilmiş 20 manatın Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, X1, X4, X5 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi də daxil olmaqla Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsi ünvanında yerləşən ərazidə tikinti işlərinin aparılması müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 5 saylı təmir-tikinti sahəsinin əmlakı özəlləşdirilsə də, həmin qeyri-yaşayış obyektinin yerləşdiyi 2112,9 kv.m torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. "xxxx" MMC tərəfindən qanunsuz olaraq həmin tikili sökülməklə tikilinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla həmin ərazidə tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Beləliklə, qanunvericiliyə əsasən özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi torpaq sahələri barəsində sərəncamvermə səlahiyyəti yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Xidmət tərəfindən ünvan 1 ünvanında yerləşən, X1, X4, X5 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi "xxxx" MMC-yə nə satılmamış, nə də icarəyə verilməmişdir. Bu səbəbdən "xxxx" MMC tərəfindən qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə istifadə edilməsi qanunsuzdur.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "xxxx" MMC tərəfindən torpaq sahəsi üzərində tikinti işlərinin aparılması Bakı şəhəri Nərimanov Rayon İcra Başçısının sərəncamı əsasında aparılmışdır. Qeyd olunan sərəncam da Nazirlər Kabinetinin qərarına uyğun olaraq verilmişdir. Tikinti işləri aparılan ərazidə olan daşınmaz əmlak sahiblərinə kompensasiya məbləği tam olaraq ödənilmişdir. Qarşı tərəf isə həmin ərazidə vətəndaşlar yaşayan zaman bununla bağlı iddia qaldırmamış, lakin "xxxx" MMC tərəfindən tikinti işləri başlayan zaman maneçilik törətmişdir. Əlavə olaraq "xxxx" MMC-yə həmin sahədə tikinti işləri aparılması üçün ayrıc aktı da verilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5451/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində xx.xx.2022-ci il tarixdə "xxxx" MMC yaranmışdır və onun hüquqi varisidir.
9. Eyni zamanda "xxxx" MMC-nin bölünmə balansına əsasən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamına əsasən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, Bakı şəhəri, Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş 3,82 ha torpaq sahəsi cəmiyyətin istifadəsindən çıxarılaraq yeni yaradılan hüquqi şəxs "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir.
10. Qeyd olunanlara əsasən apellyasiya icraatında cavabdeh "xxxx" MMC onun prosessual hüquq varisi "xxxx" MMC ilə əvəz edilmişdir.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
12. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir.
14. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
19. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
21. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur.
22. Belə ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli (hazırda qüvvədən düşmüş) qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinə və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır.
23. Göründüyü kimi, 86 nömrəli həmin Qərar 25 fevral 2016-cı il tarixdə qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir.
24. Sonradan həmin qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarı ilə ləğv edilmiş olsa da, qüvvədə olduğu zaman icra olunmuş və buna uyğun olaraq da Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir.
25. Eyni zamanda, bununla bağlı "xxxx" MMC-yə ayrıc aktı da verilmişdir.
26. Göründüyü kimi "xxxx" MMC, hazırda isə "xxxx" MMC mübahisələndirilən torpaq sahəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş Bakı şəhəri, 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına uyğun olaraq qəbul edilmiş və hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında fəaliyyət göstərir və qeyd olunan sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
27. Eyni zamanda kollegiya qeyd edir ki, tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qüvvədən düşmüş 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında öz əksini tapmışdır.
28. Həmin qərar isə məhz pilot layihə çərçivəsində yaşayış evlərinin sökülməsi və onların yerində yeni yaşayış binalarının inşası məqsədi ilə qəbul edilmişdir.
29. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirməyin xidmətin fəaliyyət istiqamətinə aid edilməsi isə özündən əvvəlki hüquq münasibətlərini, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrasını istisna edə bilməz.
30. Göründüyü kimi cavabdehin özbaşına olaraq mübahisəli torpaq sahəsini zəbt etməsi və həmin torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olması müəyyən edilmir. Əksinə yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, həmin sahiblik qanuni əsaslarla həyata keçirilir.
31. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğundan sübutlar araşdırılmadan rədd edilməlidir.
32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5451/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn