Məhkəmə qərarları › İş №2-2(103)-326/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-326/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-326/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh BOKT MMC-yə qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh BOKT MMC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, “X4 İnkişafı” layihəsinin revolver fondunda cəmləşən vəsait hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.01-ci bəndinə əsasən konteksin tələb etiyi başqa halları çıxmaqla, bu müqavilədə istifadə edilən terminlər aşağıdakı müvafiq mənaları bildirəcəkdir. H) Benefisiar-BOKT-dan subkrediti alan AFT-dir. J) Kredit- bu müqavilə ilə müəyyənləşdirilmiş məqsəd və şərtlərlə BOK-a veriləcək vəsaitləri bildirir. K) Subkredit- bu müqavilə ilə müəyyənləşdirilmiş məqsəd və şərtlərlə BOKT-un benefisiarlara verdiyi girovsuz kreditlər nəzərdə tutulur.

2. Müqavilənin 2.01-ci bəndinə əsasən KTKDA layihə ərazisində südlük ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün müqaviləyə uyğun olaraq təqdim olunan sifarişlər əsasında BOKT-u kredit xətti şəklində tranşlarla vəsaitlə təmin edəcəkdir. BOKT öz növbəsində bu müqavilənin şərtlərinə müvafiq qaydada AFT-lərə kredit xətti açaraq vəsaiti tranşlarla ayıracaq.

3. Müqavilənin 2.01-ci bəndinin İİİ alt bəndi olan faiz dərəcəsi: BOKT tərəfindən Dövlət BÜdcəsinə ödəniləcək faiz dərəcəsi illik 2 faiz, BOKT-un AFT-lərə verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil omlaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında KTKDA tərəfindən azaldıla bilər.

4. Müqavilənin 2.01-ci bəndinin İV alt bəndi olan faizlərin hesablanması: vəsait BOKT-un hesabına daxil olduqdan sonra növbəti bank günündən başlayaraq hesablanacaqdır.

5. Müqavilənin 2.01-ci bəndinin V alt bəndi olan geri ödəmə: BOKT benefisiar tərəfindən ödənilən faiz məbləğlərini rübdə bir dəfə dövlət nüdcəsinə, əsas borc üzrə olan ödənişləri isə növbəti ayın ilk 5 iş günü ərzində KTKDA tərəfindən açılan “Revolver Fond” hesabına köçürməlidir.

6. Müqavilənin 2.02-ci bəndinə əsasən BOKT aldığı borc vəsaitini əks etdirmək üçün özünün balans hesabında ayrıca passiv hesab açmalıdır. Müqavilənin 2.03-cü bəndinə əsasən BOKT tərəfindən Ağcabədi, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən benefisiarlara kreditlər bu müqavilənin və KTKDA, Aqrolizinq və BOKT arasında bağlanılmış 3 tərəfli memorandumun şərtlərinə uyğun veriləcəkdir.

7. Müqavilənin 2.04-cü bəndinə əsasən BOKT hər bir subborcalan AFT-nin uçotunu aparmalı və müvafiq məlumatları KTKDA-y təqdim etməlidir.

8. Müqavilənin 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir.

9. Müqavilənin 5.01-ci bəndinə əsasən BOKT qarşı tərəfin yazılı qaydada razılığı olmadan bu Müqavilə ilə bağlı hər hansı bir hüququ və öhdəliyi başqasına tapşıra bilməz.

10. Müqavilənin 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. BOKT öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəkdir.

11. Müqavilənin 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməlidir.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı Layihələri və Kreditlərin idarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" BOK MMC arasında “X4 İnkişafı Layihəsi”nin kənd yerlərində maliyyə xidmətlərinin göstərilməsi komponentinin icrası üzrə 08 iyul 2015-ci il tarixdə bağlanan əlavə kredit müqaviləsinə xx.xx.2016-cı il tarixində edilən dəyişikliklərə əsasən əlavə kredit müqaviləsinin 2-ci maddəsinin 2.01-ci Vİ bəndi üzrə: Subkreditlərin müddəti və məbləği: BOKT tərəfindən bu müqaviləyə uyğun olaraq hədəf benefisiarlara sub-kreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40.000 manatadək olacaqdır. Əlavə kredit müqaviləsinin X maddəsinin 10.01-ci bəndi yeni redaksiyada: Bənd 10.01.-ci bəndə əsasən bu müqavilə 5 il müddətinə bağlanılır və tərəflərin imzaladığı gündən qüvvəyə minir.

13. xx.xx.2015-ci il tarixli 870 nömrəli ödəniş tapşırığına əsasən AK KTN yanında KT üzrə DX tərəfindən Mədət Kredit MMC-nin hesabına 92000 manat məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2015-ci il tarixli 939 nömrəli ödəniş tapşırığına əsasən AK KTN yanında KT üzrə DX tərəfindən Mədət Kredit MMC-nin hesabına 51100 manat məbləğində ödəniş edilmişdir.

15. 25 iyul 2023-cü il tarixli ödəniş tapşırığına əsasən AKİA tərəfindən Mərkəz Vəkil Bürosunun hesabına 500 manat ödəniş edilmişdir.

16. İşin mübahisəsiz halıdır ki, "xxxx" BOKT MMC-yə X4 inkişafı layihəsindən ayrılan vəsaitin məbləği 336659,6 manat, qaytarılan vəsait 66303,32 manat və qalıq borc 270356,2 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 270300 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 271200 manat pul vəsaitinin cavabeh Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (indiki Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC (BOKT) arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 270300 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Bu məbləğ məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilmiş, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 270300 (iki yüz yetmiş min üç yüz) manat borc məbləği, mediasiya xərcinin əvəzi olaraq 400 manat və hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 350 manat pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

20. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (indiki Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC (BOKT) arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 270300 manat əsas məbləğ üzrə borc yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilə üzrə cəmi 270300 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

21. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi etirazla bağlı qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçirilməsi və həmin Fərmanın 3.1-ci bəndinə əsasən bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Qeyd olunanlardan da göründüyü kimi, "xxxx" ASCnin hüquq və öhdəlikləri hazırkı iddiaçı hüquqi şəxsə keçmiş və hal-hazırda müqavilə üzrə də hüquq və öhdəliklərdə hazırkı hüquqi şəxsdə olduğundan və hüquqları ötürülmüş ASCnin hazırkı iş üzrə cavabdeh qismində qoyulması qanunauyğun hesab edilə bilməz.

22. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən etirazın digər dəlili ilə bağlı qeyd etmişdir ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən BOKT-nun təminatlı və təminatsız kreditlər verə biləcəyi nəzərdə tutulmuşdur. Bundan əlavə müqavilə üzrə borcluların iddiaçı tərəfindən seçilməsi barədə cavabdehin irəli sürmüş olduğu faktı da əsassızdır. Həmin faktın əsaslarını təsdiq edən cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, BOKT-un öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəyi barədə razılığa gəlinmişdir. Göründüyü kimi müqavilənin bəndlərində də cavabdehin kreditin ayrılmasına yekün qərarın verilməsi hüququna malik olması qeyd olunmuşdur. Bundan əlavə kreditlər BOK-un təqdim etmiş olduğu siyahılar əsasında subkredit götürülən şəxslərə ayrılmışdır.

23. Cavabdehin digər dəlilləri isə tərəflər arasında imzalanmış müqavilənin bəndində BOKT-in əsas vəzifəsi benefisiarlar( borclular) tərəfindən ödənilən əsas və faiz borclarını müqaviləyə uyğun olaraq dövlət büdcəsinə və “Revolver Fond”un hesabına köçürülməsini təmin etmək olduğunu və borclu şəxslərə verilmiş kreditlərin vaxtında qaytarılmaması cavabdeh olaraq Cavabdeh BOKT MMC-nin risk dairəsindən kənara çıxmasıyla bağlı olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.01-ci bəndinin İİİ alt bəndi olan faiz dərəcəsi: BOKT tərəfindən Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi illik 2 faiz, BOKT-un AFT-lərə verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil omlaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında KTKDA tərəfindən azaldıla biləcəyi, müqavilənin 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməli olduğu vurğulanmışdır. Qeyd olunan müqavilənin şərtlərindən də göründüyü kimi cavabdeh ona ayrılmış kredit məbləğini benefisiar şəxslərə subkredit verilməsi hüququnu əldə etmiş, həmçinin həmin kreditlərdən gəlir əldə edilməsi də nəzərdə tutulmuş və ona ayrılmış əsas və faiz borcunun büdcəyə verilməsi öhdəliyini həvalə edilmişdir. Yəni cavabdeh əlavə kredit müqaviləsi üzrə kreditin qaytarılması öhdəliyi barədə iddiaçı qurumla razılığa gəlmişdir.

24. Məhkəmə cavabdehin subkredit götürülən şəxslər tərəfindən borcların qaytarılmaması onu risk dairəsindən kənara çıxması ilə bağlı qeyd etmişdir ki, tərəf arasıdna imzalanmış müqavilənin 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun alınmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməli olduğu nəzərdə tutulmuşdur. Buna görə də cavabdehin müqavilə üzrə subkreditorların borclarını qaytarılmaması onun öhdəliklərinin icrasından azad edilməsi mənasına gəlməməlidir. Çünki həmin borcların yığımına məsul şəxs kimi cavabdeh üzərinə öhdəlik götürmüşdür.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və və iddiaçının iddiasının təmin edilməməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin iddia ərizəsinə qarşı verdiyi etirazla bağlı iddiaçı tərəfindən münasibət bildirilməmişdir. İddiaçı ən azı "xxxx" ASC ilə bağlı qaldırılmış məsələyə münasibət bildirməli olduğu halda, bunu etməmişdir. Əlavə kredit müqaviləsi “X4 İnkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsaitlər hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədilə bağlanmışdır. Bu layihə Pilot layihəsi, yəni sınaq xarakterli olduğuna görə, müqavilənin bütün şərtləri də layihənin məqsədinə uyğun olaraq hazırlanmış və subkreditlər də Agentliyin diktə etdiyi şərtlərə uyğun olaraq BOKT tərəfindən benefisiarlara verilmişdir. BOKT-un əsas funksiyası həmin kreditləri müvafiq tranşlarla benefisiarlara vermək olmuşdur. Cavabdeh BOKT MMC-nin müqavilə üzrə öhdəsinə düşən həmin öhdəliyi yerinə yetirmiş, benefisiarlar tərəfindən qaytarılan borcları vaxtında müqavilə üzrə göstərilın hesablara köçürmüşdür. Verilmiş kreditlərin qaytarılmaması halları müəyyən edildiyi vaxtdan "xxxx" BOKT MMC öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirərək borclulara verilmiş kreditlərin qaytarılması istiqamətində özündən asılı olan bütün hüquqi tədbirləri görmüşdür. Kredit müqaviləsinin heç bir maddəsində yoxdur ki, benefisiarlar tərəfindən kredit qaytarılmadığı təqdirdə, həmin vəsaitləri BOKT öz vəsaiti hesabına geri qaytaracaqdır. Qeyd edilməlidir ki, kredit müqavilələri bağlandığı ilk vaxtlarda borclular müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan onlar bu öhdəliklərini yerinə yetirmək iqtidarında olmamışlar. Cavabdeh BOKT MMC-ın əməkdaşları dəfələrlə müştərilərin yaşadığı ünvanlarda yaranmış problemlərin həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparmaqla monitorinqlər keçirmişlər. Borclularla kredit borclarının qalan hissəsinin qaytarılması üçün görülmüş tədbirlər çərçivəsində danışıqlar aparılmış və onlara bildirişlər göndərilmiş, lakin borclular pilot layihəsini təşkil etmiş müvafiq orqanların yarımaz fəaliyyəti, əməkdaşlarının iş bilməməsi səbəbindən özlərini aldanmış hesab edərək pilot layihənin uğursuz olması səbəbi ilə, həm də maddi imkansızlıqlarını əsas gətirərək kredit borclarının qaytarılmasına imkanlarının olmadıqlarını bildirmişlər. Yaranmış problemin həlli üçün bir neçə dəfə iddiaçıya, Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verilmiş, məsələnin həll olunmasına dair təkliflərin müzakirə olunduğu bildirilsə də, lakin məsələnin həlli yolu ilə bağlı konkret təklif verilməmişdir. Halbuki Əlavə kredit müqaviləsinin 3.01-ci maddəsinin tələbinə görə iddiaçı iş planı və Büdcəyə uyğun olaraq BOKT-a maliyyə və texniki yardım dəstəyi göstərməli olduğu halda bu vəzifəni yerinə yetirməmişdir. Müqavilənin yerinə yetirilməsində bütün məsuliyyət birtərəfli olaraq BOKT-un üzərinə qoyulmuşdur ki, bu da yolverilməzdir. Əlavə Kredit müqaviləsində nəzərdə tutulmamışdır ki, subkredit müqavilələri Cavabdeh BOKT MMC-nin təqsiri olmadan icra olunmadığı halda BOKT məsuliyyət daşıyacaqdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

28. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

29. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddə-müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-cu maddəsi (hüquq münasibəti yaranan vaxt qüvvədə olan redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikasının Qanunu 15.1-ci maddə-BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. 17.2-ci maddə- BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

30. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə “X4 İnkişafı” layihəsi fondunda cəmləşən vəsait hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədi ilə 336659,6 manat vəsait ayrılmış, həmin vəsait hesabına cavabdeh tərəfindən ailə fermer təsərrüfatlarına subkreditlər verilmiş, bu vəsaitin 66303,32 manatı qaytarılmış və 270356,2 manat qalıq borc qalmışdır.

33. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, bu vəsait “X4 İnkişafı” layihəsi üzrə ailə fermer təsərrüfatlarına təminatsız olaraq verildiyindən və iddiaçının tələb etdiyi vəsait fermer təsərrüfatları tərəfindən cavabdehə qaytarılmadığından cavabdehin hazırda bu vəsaiti iddiaçıya ödəmək öhdəliyi yaranmadığı üçün iddia rədd edilməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətini aşağıdakılara əsasən əsassız hesab edir. İlk öncə qeyd edilməlidir ki, mübahisə üzrə tərəflərin hüquq və vəzifələrinin nədən ibarət olduğunu müəyyənləşdirmək üçün tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Mülki Məcəllədə hansı müqavilə növünə uyğun olduğu araşdırılmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə istifadə məqsədi kredit verən tərəfindən müəyyən edilməklə və müəyyən müddətdən sonra qaytarılması şərti ilə faizlə pul vəsaiti verilmiş, cavabdeh həmin vəsait hesabına subkreditlər verərək gəlir əldə etmişdir. Müqavilənin 10.1-ci bəndində müqavilənin müddəti 5 il müəyyən edilmiş, 4.0.1-ci bənddə qeyd edilmişdir ki, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir.

35. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli müqavilədə cavabdehin əsas kredit borcunu hansı tarixdə qaytarmalı olduğu konkret qeyd edilməsə də, müqavilənin şərtləri bir-biri ilə əlaqəli şəkildə təfsir edilərək müqavilə müddətinin 5 il müəyyən edildiyi, müqavilənin 4.0.1-ci bəndində “əsas borcun geri qaytarılma müddətinin sonu”na kimi faizlərin ödənilməli olduğunun nəzərdə tutulduğu nəzərə alınarsa müəyyən olunur ki, verilmiş əsas kredit vəsaitinin qaytarılması cavabdeh tərəfindən müqavilə müddətinin sonunda icra edilməli idi. Müqavilədə əsas borcun subkreditlər qaytarıldıqdan sonra iddiaçıya qaytarılmalı olduğuna dair şərt nəzərdə tutulmamışdır.

36. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında xx.xx.2021-ci il tarixdə imzalanmış “Anlaşma memorandum”u təqdim edilmiş, həmin memorandumda da cavabdehi kreditin qaytarılması ilə bağlı öhdəliyin icrasından azad edəcək hər hansı bənd nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilədə bu vəsait hesabına subkreditlər verilməli olan şəxslərin dairəsinin əvvəlcədən müəyyən edilməsi (ailə fermer təsərrüfatları) və subkreditlərin təminatsız verilməsi də cavabdehi öhdəliyin icrasından azad etmir. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən müqavilə müddətinin sonunadək sub-kreditlərin qaytarılmama riski olduğunu əvvəlcədən gördüyü və ya görməli olduğu halda müqaviləyə qaytarılmamış sub-kreditlərə görə onu məsuliyyətdən azad edən şərtin əlavə edilməsini tələb etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, MM-nin 739.1-ci maddəsinə əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra edərək qalıq kredit vəsaitini iddiaçıya qaytarmağa borcludur.

37. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh BOKT MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar