Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-329/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4915/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli DCS00149546-04 saylı kredit müqaviləsi bağlanmışdır.
2. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 15.298 manat məbləğində illik 15 % faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verilmişdir.
3. Həmin kreditin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 qız arasında xx.xx.2021-ci il tarixli DGS**********94 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borclu "xxxx" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli DCS00149546-04 saylı kredit müqaviləsi üzrə 15.298 manat əsas borc, 3.501,01 manat faiz borcu, 1.524,91 manat cərimə borcu olmaqla, cəmi 20.323,92 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 148,85 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və xx.xx.2023-cü il tarixə müqavilə üzrə 15.298 manat əsas, 3.501,01 manat faiz, 1.524,91 manat cərimə borcu olmaqla, cəmi 20.323,92 manat məbləğində borcu yaranmışdır.
6. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4915/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli DCS00149546-04 saylı kredit müqaviləsi üzrə 15298 manat əsas borc, 3501,01 manat faiz borcu, 760 manat cərimə borcu olmaqla, cəmi 19559,01 manat, dövlət rüsumuna görə 143,25 manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəbbə puluna münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. Göründüyü kimi kredit müqaviləsi üzrə tətbiq edilən illik faiz dərəcəsi 15% müəyyən edildiyindən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcəsi də 15% nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00594-2023/2 saylı maliyyə arayışından müəyyən edilir ki, Borcalan tərəfindən kredit ödənişi üzrə gecikdirilmiş günlərin sayı xx.xx.2023-cü il tarixə 518 gün təşkil etmişdir. Bu baxımdan əsaslı olaraq kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 1.524,91 manat cərimə borcu hesablanmışdır. Odur ki, kredit müqaviləsi üzrə hesablanan dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Eyni zamanda cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəlili Vəkil apellyasiya şikayətini müdafiə etdi.
12. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
18. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, habelə müəyyən olunmuş cərimə məbləğinin əsas borcun 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələbin təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, həmin tələblə bağlı apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır.
19. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
20. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4915/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov