Məhkəmə qərarları › İş №2-2(103)-330/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-330/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-330/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi , cavabdehin nümayəndəsi Nümayəndə3, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, iddiaçı “İddiaçı" MMC-nin Cavabdeh MMC-yə qarşı maddi və işgüzar nüfuza vurulmuş zərərin, əldən çıxmış faydanın tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1475/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı" MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Cavabdeh" MMC-nın əməlləri nəticəsində təşkilatlarına dəymiş maddi və işgüzar nüfuzun itirilməsi zərərinə görə, habelə əldən çıxmış gəlirə görə 500.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini və cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri olduğuna görə bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, rabitə xidmətləri göstərən bir təşkilat kimi uzun illərdir ki, ölkənin mobil operatorları ilə əməkdaşlıq edərək nailiyyət göstərməkdədirlər. Bu əməkdaşlığı qurmaq, xidmət göstərmək, habelə xidmətdən gəlir əldə etmək təşkilatlarına heç də ucuz başa gəlməmişdir. Külli miqdarda sərmayə cəlb olunaraq maddi texniki baza yaradılmş, xarici ölkələrdən texniki avadanlıqlar alınaraq gətirilmiş, quraşdırılmış, peşəkar mütəxəssislər işə cəlb olunmuş, müxtəlif reklam, marketinq xidmətlərinə vəsait xərclənərək müştəri bazası formalaşdırılmışdır. Bunun nəticəsi kimi özünü doğrultmuş bir rabitə təşkilatı olaraq uzunillik əziyyətlərinin nəticəsində 28000 müştəri bazasına malik olmuşlar. Təbii ki, bu müştəri bazasını əldə etmək üçün külli miqdarda görünməyən xərcləri də olmuşdur. Əfsuslar olsun ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti bir neçə saatın içərisində qanunvericiliyin bir çox normalarmı kobudcasına pozaraq, heç bir biznes etikasına və hüquqi mədəniyyətə sığmayan qaydada çoxillik əziyyətlərini məhv etmiş, qanunsuz olaraq bütün texniki avadanlıqlarını mobil operatordan ayıraraq dayandırılmış vəziyyətə gətirmiş, bununla kifayətlənməyərək illərlə yığdıqları müştəri bazasını çox rahat şəkildə əldə etmiş və bununla da təşkilatlarına nəinki maddi ziyan vurmuş, habelə 3-cü şəxslər qarşısında borclanması, işgüzar nüfuzlarına xələl gətirən addımlar atmışdır. Bununla kifayətlənməyərək 28000 müştəri bazasını əldə etdikdən sonra məhz onlara məxsus olan, aidiyyəti dövlət orqanlarından adlarına rəsmiləşdirilmiş 7787# gizli nömrələrindən (onlardan heç bir icazə almadan) istifadə edərək onların müştərilərinə xidmət göstərərək gəlirlərini əldə etməyə davam etmişlər. Həm bu müştərilərdən gəlir əldə etmiş, həm də bu müştərilər qarşısında yaranmış öhdəlikləri təşkilatlarının üzərində qoymuşlar. Bu qanunsuzluqlar nəticəsində mətbuatda dərc olunan nəşrlər işgüzar nüfuzlarının xələl görməsinə bir sübutdur. Məktubda göstərdikləri faktları təsdiq edəcək kifayət qədər sübutları vardır. Qeyd olunan əməllər nəticəsində onlara dəymiş maddi ziyan, işgüzar nüfuza dəymiş ziyan, habelə əldən çıxan gəlir 500000 manatdır. Göstərilənlərlə bağlı maddi ziyanin ödənilməsinə görə cavabdeh şirkətə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərilmiş, hazırkı vaxtadək də heç bir rəsmi cavab alınmamışdır. Eyni zamanda cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271-ci maddəsinin (kompyuter sisteminə qanunsuz daxil olma), 272-ci maddəsinin (Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə), 273-cü maddəsinin (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) və digər maddələrində nəzərdə tutulan cinayət əməllərininin olduğunu düşünərək aidiyyatı hüquq mühafizə orqanlarına müraciət edilsə də, heç bir rəsmi cavab alınmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1475/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1475/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçının verdiyi izahatlar təhrif olunmuş, zəruri prosessual hərəkətlər yerinə yetirilməmişdir. Məhkəmə qətnamədə maddi hüquq normalarına deyil, iddiaçının “xxxx” MMC-yə qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbinə xitam verilməsini əsas götürmüşdür. Bu isə qanunvericiliyə ziddir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlə nə iddiaçı, nə də 3-cü şəxsin hər hansı xidmət müqaviləsi yoxdur. Cavabdeh qanunsuz olaraq iddiaçının informasiya sisteminə daxil olaraq, kommersiya məlumatlarını əldə edərək ondan istifadə etmişdir. Belə olan halda məhkəmənin müqavilə ilə bağlı normalara istinad etməsi düzgün deyil. Məhkəmə iş üzrə zəruri texniki ekspertizalar keçirməmiş, sadəcə “xxxx” MMC-nin nümayəndəsinin izahatına istinad etmişdir ki, cavabdehin 7787 saylı qısa nömrə ilə bağlı iddiaçının abunəçi bazasına daxil olması mümkün deyil. Əldən çıxmiş fayda ilə bağlı təqdim etdikləri sübutlar nəzərə alınmamış, iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatəti təmin etməmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1475/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında müqavilə münasibəti yoxdur. İddiaçı iddia edir ki, cavabdeh onun informasiya bazasına qanunsuz daxil olaraq onun müştəri bazasını əldə etmiş, 7787# qısa nömrəsindən istifadə edərək onların müştərilərinə xidmət göstərmiş və gəlir əldə etmişdir. İddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən 500.000 manat məbləğin hansı hissəsinin maddi, hansı hissədə mənəvi ziyan və əldən çıxmış fayda olduğu qeyd edilməmiş, real ziyan məbləğinin hansı sənədlər əsasında hesablandığı əsaslandırılmamışdır. İddianın hüquqi əsas kimi, Mülki Məcəllənin 1097.1, 1099, 21.2-ci maddələrinə istinad edilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir. Hazırkı halda iddiaçı tərəfindən məhkəməyə irəli sürülmüş iddia tələbinin əsasları ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək 7787# qısa nömrəsinin onların istifadəsində olmadığını, iddiaçının kompyuter sisteminə qanunsuz daxil olma faktı ilə bağlı iddiaçının hüquq mühafizə orqanlarına müraciət etdiyini, lakin bu faktın təsdiq olunmadığını göstərmişdir. Cavabdeh iddianı qəbul etmədiyi halda prosessual qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı öz tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271-ci, 272-ci, 273-cü maddələrinin əlamətlərinin olması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin rəsmi cavab alınmamışdır. İşdəki xx.xx.2017-ci il tarixli, AZF-VAS-LLE-/xx-xx-2017/ saylı əlavə dəyər xidmətlərinə dair müqavilə və həmin müqaviləyə 1 və 2 saylı qoşmadan görünür ki, operator - “xxxx” MMC ilə provayder – “xxxx” MMC-yə VÖEN ********** (direktor Nümayəndə1) müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 və 2 saylı qoşmada verilmiş texniki şərtlərə uyğun olaraq operatorun mobil telefon şəbəkəsinin istifadəçilərinə (abunəçilərə) mobil məzmunlu xidmətlər və provayderin məlumat-əyləncə mənbələrindən istifadə imkanı verəcək, operator isə hazırki müqavilə əsasında göstərilən xidmətlərin haqqını müqavilənin 6-cı maddəsinə əsasən ödəyəcəyi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən operator provayderin təqdim etdiyi xidmət sifarişi formasına əsasən provayderə qısa nömrə və SMS trafikini ayıra bilər. İddiaçının qanuni təmsilçisi Nümayəndə1 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə bağlanmış qeyd edilən müqavilə əsasında təqdim edilmiş 7787# qısa nömrəsi vasitəsi ilə müxtəlif oyunlar təşkil etməklə 28.000 müştəri bazası yığmışdır. Həmin müqaviləyə 2019-cu ilin may ayında “xxxx” MMC tərəfindən xitam verilmişdir. Bundan sonra cavabdeh iddiaçının 28.000 abunəçi bazasından istifadə etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında göstərmişdir ki, “xxxx” MMC tərəfindən müqaviləyə xitam verilməsi nəticəsində abunəçilərə yığdıqları bonuslara görə pul mükafatlarının təqdim edilməsi mümkün olmamış, iddiaçının üzərində xeyli maddi öhdəlik qalmışdır. İddiaçının 7787# qısa nömrəsi vasitəsi ilə fəaliyyətini davam etdirməsinin yalnız cavabdehlə yeni şərtlərlə müqavilə bağlanacağı halda mümkün olacağı bildirilmiş, lakin iddiaçı şərtlərlə razı olmadığına görə yeni müqavilə bağlanmamışdır. İşə apelyasiya qaydasında baxan məhkəmə tərəfindən internet vergi idarəsində olan məlumatlar araşdırılaraq müəyyən edilmişdir ki, qanuni təmsilçiləri eyni şəxs olsa da “xxxx” MMC və “İddiaçı" MMC ayrı-ayrı hüquqi şəxslərdir. “İddiaçı" MMC xx.xx.2018-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alındığından onun “xxxx” MMC-yə xx.xx.2017-ci il tarixli, AZF-VAS-LLE-/xx-xx-2017/ saylı müqavilə əsasında təqdim edilmiş 7787# qısa nömrəsi və “xxxx” MMC-nin abunəçi bazasından istifadə ilə bağlı vurulmuş ziyanı cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçının belə bir hüququ olsaydı belə 7787# qısa nömrəsindən cavabdeh tərəfindən istifadə edildiyi və iddiaçının kompyuter sisteminə müdaxilə edildiyi işdəki hər hansı sübutla təsdiq olunmadığından iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1475/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “İddiaçı" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1475/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar