Məhkəmə qərarları › İş №2-2(103)-330/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-330/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-330/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Açar söz: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh2 MMC-nin vəkili, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə (borclu), Cavabdeh1, və Cavabdeh3 (ipotekaqoyanlar) qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-2204/2022 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı hazırda ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə 100.L.N.2004.230413.00001 saylı 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi əsasında 84 ay müddətinə illik 6 faizlə 1.200.000 manat məbləğində kredit verilmişdir. .2. Kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəmə qrafikindən görünür ki, borcalan xx.xx.2016-cı il tarixədək hər ay yalnız faiz ödəməli, əsas borcun ödənilməsi həmin tarixdən başlayaraq xx.xx.2000-ci ildə başa çatmalı idi.

3. Öhdəliyin təminatı olaraq “ipotekaqoyan”lar Cavabdeh1 və "xxxx" MMC ilə imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/30 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası, xx.xx.2009-cu il tarixli İSKMF/130/b saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza), xx.xx.2009- cu il tarixli İ-SKMF/130/c saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran), 10 oktyabr 2013-cü il tarixli 100.CL.230413.00001/k saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir.

4. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 15/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran) bazar qiyməti 5.800.000 manat, likvid dəyəri 4.800.000 manat, 17/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) bazar dəyəri 780.000 manat, likvid dəyəri 690.000 manat, 16/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının bazar dəyəri 530.000 manat, likvid dəyəri 480.000 manat, 18/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinin bazar dəyəri 1.050.000 manat, likvid dəyəri 930.000 manat qeyd olumuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.804.615,34 manat – 763200 manat əsas, 33869,70 manat faiz, 973837,64 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 manat faiz borcunun və ödənilmiş 1292,70 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına (mağaza) yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına (mehmanxana-restoran) yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklıar satıldıqdan sonra boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 100.LN.2004.230413.00001 saylı kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən Cavabdeh2 MMC-yə 84 ay müddətinə illik 6 faiz ödənilmək şərti ilə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC ilə 100.LN.2004.230413.00001 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh1 ilə bank arasında xx.xx.2013-cü il tarixli, 100.CL.230413.00001/f saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli İ- SKMF/30 saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2013- cü il tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/130/b saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza) ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/130/c saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran) ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 100.CL.230413.00001/k saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi ipotekaya qoyulmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2204/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən LPO "xxxx" ASC-nin xeyrinə 763.200 manat əsas, 33869,70 manat faiz, 80.000 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 manat faiz borcu və ödənilmiş 1292,70 manat dövlət rüsumu tutulması, "xxxx" MMC-yə ödənilməli olan cəmi 1.000 manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutma Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməsi, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılması, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxanarestoran) ilkin satış qiyməti 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyriyaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində üzərində olan 434b saylı bağ evinin ilkin satış qiymətinin 930.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında 100.L.N.2004.230413.00001 saylı 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqavilə əsasında 1.200.000 manat məbləğində kreditin ayrılması tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsi öhdəliyi olsa da müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır.

9. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, cavabdehlərin nümayəndəsinin həmin məbləğləri mübahisələndirmədiyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 MMC-dən 763.200 manat əsas borc, 33.869,7 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 80.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflər arasında cərimə məbləğinin tutulması barədə yazılı razılığın olmamasına dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən qeyd edilənlərə münasibətdə bildirmişdir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 2.5-ci bəndində kreditin cədvəl üzrə ödənilməsi razılaşdırılmadığı halda cərimə məbləğinin tutulması razılaşdırılmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 23 aprel 2013-cü il tarixli 100.LN.2004.230413.00001 nömrəli kredit müqaviləsinin 5.1-ci maddəsində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilən cədvələ uyğun olaraq ödəməyə borcludur. Ödəniş cədvəlinə əsasən birinci ödəniş 23 aprel 2013-cü il, sonuncu ödəniş isə 23 aprel 2020-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 23 aprel 2020-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. 23 aprel 2013-cü il tarixli 100.LN.2004.230413.00001 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2204/2022 saylı qətnaməsinin qismən – "mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində üzərində olan 434b saylı bağ evinin ilkin satış qiyməti 930.000 manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edərək iş üzrə əmlakların likvid dəyərlərinin yenidən müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və həmin rəyə əsasən əmlakın ilkin satış qiymətlərinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2204/2022 saylı qətnaməsinin qismən, yəni cavabdehdən 80.000 manat cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş üzrə mövcud olan qiymətləndirmə rəylərini təhlil etmədən qətnamə çıxarması iddiaçı Bankın hüquqlarının kobud şəkildə pozulmasına dəlalət edən hallardır. Qiymətləndirici ekspert tərəfindən ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi zamanı prosessual qaydaya riayət edilməmişdir. Belə ki, daşınmaz əmlakların real likvid dəyərinin müəyyən edilməsi üçün sözügedən ipoteka predmetlərinə baxış keçirilməmiş və əmlakların hazırki təmir vəziyyəti tam olaraq müəyyən edilmədənb yalnız işdə olan fotoşəkillərə əsasən qiymətləndirilərək rəylər təqdim edilmişdir.Əmlaklara belə yüksək məbləğdə şişirdilmiş qiymətlərin qoyulması əmlakların yerləşdiyi rayondakı daşınmaz əmlakların qiymətləri ilə müqayisədə real bazar qiymətindən qat-qat artıq olduğu üçün qiymətləndirmənin nəticələri ilə iddiaçı tərəf razı deyildir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmənin nəticələri ləğv olunmalıdır.

17. Cavabdeh2 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini dəbbə pulu hissəsində təmin edərkən həmin tələbin müqavilə əsasının mövcud olub-olmamasını aydınlaşdırmamışdır. Kredit müqaviləsinin müddətinin başa çatmasından sonrakı dövr üzrə 5% həddində maliyyə sanksiyası hesablanarkən və bu barədə iddia tələbi təmin edilərkən məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009- cu il tarixli Qərarının istinad olunan müddəalarına zidd olaraq kredit öhdəliklərinin məhz borclunun təqsiri üzündən icra olunmaması halı sübuta yetirilməmiş, məhkəmə iddiaçının iddia tələbinin əsasını təşkil edən mülki təqsir məsələsini ümumiyyətlə araşdırmamışdır. İddiaçı tərəfindən icra olunmadığı və maliyyə sanksiyası tətbiq edilməsi tələb olunan öhdəliklərin icrasının məhz borclunun risk dairəsinə daxil olan hərəkətlər və hərəkətsizliklər nəticəsində mümkün olmaması işin halları ilə sübuta yetirilmir. Tərəflər arasında öhdəliklərin icra təminatı kimi dəbbə pulunun (cərimənin) tutulmasına dair hər hansı razılaşmanın və müqavilə şərtlərinin mövcud olması sübut edilmədiyi halda bankın bununla bağlı iddia tələbi əsassız olaraq təmin edilmiş, bu zaman tərəflər arasındakı müqavilənin əlavə faizlərlə bağlı şərti səhv təfsir edilərək məhkəmə tərəfindən dəbbə pulu kimi səciyyələndirilmişdir. Halbuki, müqavilənin 2-ci bəndi məhz faizlərin tutulması rejimini müəyyən edir və burada dəbbə pulu, cərimə və ya peniya barədə hər hansı müddəa mövcud deyil.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh2 MMC-nin vəkili, Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 466.1-ci maddə-əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 33-cü maddə- borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddə- ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddə- ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddə- ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3.3-cü maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddə- bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddə- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddə- bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə iddiaçı tərəfindən tutma yönəldilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə, Cavabdeh2 MMC tərəfindən isə cərimə və öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faizlə faiz tutulması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2204/2022 saylı qətnaməsi cavabdehdən cərimə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh2 MMC-dən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 22896 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İddiaçının apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, ipoteka predmeti olan əmlakların likvid dəyəri düzgün müəyyən edilmədiyindən məhkəmə tərəfindən əmlakların yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə "xxxx" MMC-nin qiymətləndirmə rəyindəki qiymətlərin reallığa uyğun olmadığını təsdiq etmək üçün məhkəməyə sübut ( qiymətləndirmə hesabatının) təqdim edilməsi təklif edilmiş, bununla əlaqədar məhkəmə iclası təxirə salınmış, iddiaçı tərəfindən isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilməsi üçün MPM-nin 102.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından iddiaçının bu barədə vəsatəti və apellyasiya şikayəti əsassızdır.

24. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçı tərəfindən icra olunmadığı və maliyyə sanksiyası tətbiq edilməsi tələb olunan öhdəliklərin icrasının məhz borclunun risk dairəsinə daxil olan hərəkətlər və hərəkətsizliklər nəticəsində mümkün olmaması işin halları ilə sübuta yetirilmədiyindən cavabdehdən illik 5%-lə faiz tutulması hissəsində əsassızdır. Cavabdeh bu mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009- cu il tarixli Qərarına istiand etmişdir.

25. Məhkəmə kollegiyası qeyd edilən mülahizə ilə bağlı qeyd edir ki, illik 5%-lə pul məbləği MM-nin 449-cu maddəsinə əsasən deyil, 445-ci maddəsinə əsasən tutulduğundan, həmin normada isə kreditora pul pul məbləğinin ödənilməsini gecikdirmiş borcludan illik beş faiz ödənilməsi tələb etmək hüququ verildiyindən, o cümlədən kredit öhdəliyinin icrasının onun təqsirindən asılı olmayaq təmin edilmədiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu barədə hər hansı sübut təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həm illik 5%-lə əldən çıxmış fayda, həm də cərimə tutulması hissəsində əsaslıdır.

26. Cavabdeh tərəfindən eyni zamanda qətnamə cavabdehdən 80.000 manat cərimə tutulması hissəsində mübahisələndirilir. Cavabdehin dəlili bundan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə tutulması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası bu mülahizəni əsassız hesab edir. Belə xx.xx.2013-cü il tarixli müqavilənin 2.5-ci bəndində qeyd edilmişdir ki, kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarixə də daxil edilməklə) olan dövr ərzində illik 50 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bəndə “artrılmış faizlər” dedikdə öhdəliyin vaxtında icra edilməməsinə görə dəbbə pulu nəzərdə tutulur. Belə ki, dəbbə pulu onun tərəflər arasında bağlanmış müqavilədə hansı adla (cərimə, peniya, faiz) göstərilməsindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə borclunun ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, müqavilənin 2.5-ci bəndində eyni zamanda dəbbə pulunun hesablanma qaydası da müəyyən edildiyindən (kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarixə də daxil edilməklə) olan dövr ərzində illik 50 faiz) cavabdehin dəbbə pulunun hesablanma qaydası barədə yazılı razılaşma olmadığına dair mülahizəsi əsassızdır.

27. Məhkəmə cavabdehdən tutulmuş əsas borc məbləğinin 763.200 manat olduğunu, cavabdehdən cərimə ilə yanaşı eyni zamanda illik 5 faizlə əldən çıxmış fayda tutulduğunu, MPM-nin 466.1-ci və 467-ci maddələrini və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmuş cərimə məbləği azaldılaraq 22896 manat (əsas borcun 3 faizi) məbləğində müəyyən edilməlidir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2204/2022 saylı qətnaməsi cavabdehdən cərimə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh2 MMC-dən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 22896 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2204/2022 saylı qətnaməsi cərimə ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh2 MMC-dən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22896 manat cərimə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar