Məhkəmə qərarları › İş №2-2(103)-331/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-331/2020

04.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-331/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-438/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh İB-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC (VÖEN: **********) üçün 01/28360 ödəyici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış, ƏDV daxil 11298,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-438/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC-yə Cavabdeh tərəfindən İddiaçı MMC (VÖEN: **********) üçün 01/28360 ödəyici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış 10063,20 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx xxx 2018-ci il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxx 2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı yoxlanılması üçün çıxarılmışdır. xx xxxxx 2019-cu il tarixdə Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* saylı akt tərtib edilərək iddiaçıya 2019-cu ilin yanvar-aprel ayları üçün 56492 kub metr qaz sərfiyyatına görə 11298,40 manat məbləğində borc hesablanmışdır. Abonent kodu **********00150 olan İddiaçı MMC-nin abonent saldosunda 2018-ci ilin sonuna və 2019-cu ilin aprel ayınadək, yəni son 3 ay ərzində qalıq və aktlar üzrə heç bir borc qeydə alınmamışdır. İddiaçı bildirir ki, istehsalat qazdan asılı deyil, yalnız zərurət olarsa sifarişlərin yerinə yetirilməsi üçün qazdan istifadə olunur, yəni hər il qazdan istifadə həcmi eyni olmur, buna görə də sayğacın olmadığı 4 ay üçün keçən ildəki göstəricilərin əsas götürülməsi düzgün deyildir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cəmiyyətin sayğacının işlək vəziyyətdə olmadığı müddətdə, iddiaçıya hesablanmış borcun əsası kimi iddiaçının 2018-ci ildə yanvar-aprel aylarının qaz sərfiyyatının göstəriləciləri əsas götürülərək, borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 2019-cu ilin yanvar ayından aprel ayınadək, yəni 4 ay ərzində iddiaçının fəaliyyəti olduğu müddətdə, o qazdan istifadə etmiş, lakin sayğacı işlək vəziyyətdə olmadığı üçün qaz sərfiyyatı qeydə alınmamışdır. Belə olan halda isə istifadə olunmuş qazın dəyəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinə uyğun hesablanmalıdır. Belə ki, həmin bəndə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin bəndə əsasən hesablandıqda isə müəyyən olunur ki, 2019-cu ilin yanvaraprel ayları üçün hesablanmalı olan qazın dəyəri 1235,2 manat təşkil edir. Çünki abonent saldosundan müəyyən olunur ki, 2019-cu ilin yanvar-aprel aylarından əvvəlki, yəni 2018-ci ilin dekabr ayı üzrə olan qaz sərfiyyatı 1544 kub metr olmuşdur. Bu həcmdə qaz sərfiyyatı əsas götürüldükdə isə müəyyən olunur ki, həmin ayın orta gündəlik sərfi 51,46 kub metr və 4 ay üzrə ödənilməli olan məbləğ 1235,2 manat təşkil edir (51,46 kub metr x 120 gün = 1235,2). Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən həmin məbləğdə borcun hesablanması əsaslı, qalan məbləğin, yəni 10063,2 manat borcun (11298,4 – 1235,2 = 10063,2) hesablanması isə əsassızdır. Ona görə də, iddia qismən təmin edilməli və cavabdeh tərəfindən əsassız hesablanmış 10063,2 manat məbləğində borc silinməlidir. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə olmadığı dövr üçün qaz sərfiyyatı və ona görə ödənilməli olan məbləğ əvvəlki ilin müvafiq aylarının göstəricilərinə əsasən deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinə uyğun olaraq sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-438/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar