Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-338/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “ödənilmiş pulun qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 112/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadəyə görə əsassız və yanlış hesablanmış, iddiaçı tərəfindən məcburi (elektrik enerjisinin verilməsinin bərpa edilməsi üçün) cavabdehə ödənilmiş 6400 manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında elektrik enerjisindən istifadəyə görə müqavilə bağlanmış və iddiaçı hər ay aylıq ödənişi cavabdehin təqdim etdiyi elektron vergi-hesab fakturaya əsasən 01 dekabr 2015-ci ildən həyata keçirir. İddiaçının maliyyə sənədlərinə əsasən müqavilə bağlandıqdan sonra borcu yoxdur. Lakin cavabdeh tərəfindən təqdim olunan 13 fevral 2019-cu il tarixli üzləşmə aktına əsasən MMC-nin 01 dekabr 2015-ci il tarixə qədər 1637,66 manat, həmin tarixdən 13 fevral 2019-cu ilə qədər isə 4383,71 manat borcu vardır. Halbuki, müqavilə 01 dekbar 2015-ci ildən sonra bağlanmışdır. Belə olan halda həmin tarixə qədər iddiaçının 1637,66 manat borcun olması mümkünsüzdür. Bununla bağlı iddiaçının regional satış idarəsinin əməkdaşları bildirmişdir ki, qeyd olunan qalıq borc daha əvvəlki abonentə məxsusdur. Əvvəlki abonentin borcunun iddiaçının şəxsi hesab vərəqəsində saxlanılması iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Cavabdehin Cənub Regional Enerji Təchizatı və Satış İdarəsi tərəfindən vəkil sorğuya verilən 21 fevral 2019-cu il tarixli cavab məktubunda yuxarıda qeyd edilən üzləşmə aktından fərli olaraq iddiaçının 01 dekabr 2015-ci il tarixə qədər hər hansı borcunun olmaması, hətta, 1100 manat artıq ödənişinin olması, bugünə qədər elektrik enerjisindən istifadəyə görə hesablanmış və ödənilməyən 1424 manat və yeni tipli elektron sayğacın bədəli olan 418 manat borcunun olması, ümumilikdə abonentin 1821 manat borcunun olması qeyd edilmiş, bu borcun nəyə əsasən yaranması barədə məlumat verilə bilməmişdir. 01 dekabr 2015-ci il tarixdən bugünə qədər hesablanmış elektrik enerjisindən istifadə haqları cavabdehin təqdim etdiyi elektron vergi hesab fakturalara əsasən ödənilmişdir, iddiaçının maliyyə-mühasibatlıq sənədlərində hər hansı ödənilməyən elektron vergi-hesab faktura aşkar edilməmişdir. Pretenziya qaydasında cavabdehə 05 aprel 2019-cu il tarixdə müraciət edilmiş, cavab vermək əvəzinə, qərəzli olaraq iddiaçının elektrik enerjisini kəsmiş və dolayısı ilə pulun ödənilməsinə iddiaçını məcbur etmişdir. Cavabdehin bildi rdiyinə görə iddiaçının ümumilikdə 6400 manat borcu olmuşdur. 13 aprel 2019-cu il tarixdə iddiaçı işin dayanmaması üçün cavabdeh tərəfindən təqdim edilən və əsassız hesablanmış borc məbləğinə dair hesab-faktura əsasında 6400 manat ödəniş etmişdir, yalnız bundan sonra elektrik enerjisinin verilməsi bərpa edilmişdir. 06 may 2019-cu il tarixdə cavabdehə müraciət edilmiş lakin cavabdeh bugünə qədər həmin müraciətə cavab verməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-112/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5125,64 manat məbləğində pul “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 40,04 manatının “xxxx” ASC-dən, 9,96 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni qismən, iddia tələblərinin təmin olunan hissədə ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə həmin hissədə işin hallaına uyğun deyil, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı Lənkəran rayonu, Təngivan kəndi ərazisində yerləşən qum-çınqıl karxanasında 2015-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab-fakturalarla və abunə haqqında invoysla müəyyən olunur ki: - 30.09.2015-ci il tarixdən 11.04.2019-cu il tarixədək olan dövrdə iddiaçının isfadə etdiyi elektrik enerjisi sərfiyyanın dəyəri sayğac göstəriciləri əsasında cəmi 37.647,36 manat, metodik hesablama əsasında isə (418 manat sayğac quraşdırma haqqı da daxil olmaqla) cəmi 3.980,56 manat, ümumilikdə 41.627,92 manat təşkil etmiş (ekspertin rəyində isə səhvən 39.087,36 + 3.825,72 = 42.913,08 manat kimi göstərilir): -iddiaçı bu məbləğdən 24.02.2016-cı il tarixdən 12.04.2019-ci il tarixədək olan dövrdə 36.508,69 manat ödəmiş (ekspertin rəyində isə səhvən 35.509,00 manat kimi göstərilir); - 13.04.2019-cu il tarixə qalıq borc 6.404,39 manat olmuş; - iddiaçı cavabdehin hesabına 13.04.2019-cu il tarixdə 6.400 manat ödəniş etmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunan olunur ki, iddiaçının mübahisələndirdiyi 6.400 manat pulun 1.080 manat 23.01.2018-ci il tarixdən 28.04.2018ci il tarixədək olan dövr üçün metodik hesabat əsasında, 5.400 manatı isə yeni sayğacın quraşdırıldığı 28.04.2018-ci il tarixdən 03.05.2018-ci il tarixədək olan dövr üçün sayğac göstəricisi əsasında hesablanmış məbləğdir (baxın, abunə haqqında invoysun müvafiq olaraq “bağlanan aktlar” və “sayğac göstəriciləri” bölmələrinə). Ekspert isə öz rəyində guya cavabdehin iddiaçıya yuxarıda göstərilənlərdən başqa 6.129,72 manat əlavə vəsait hesabladığını qeyd edərək, 13.04.2019-cu il tarixə olan qalıq borcun müəyyən olunması zamanı əsassız olaraq bu məbləği də nəzərə almışdır, baxmayaraq ki, əslində həmin məbləğ sözügedən dövrdə sayğac göstəriciləri və metodik hesablama əsasında hesablanmış borc məbləğləri ilə əhatə olunmuşdur. Belə olan halda, məhkəmənin əsassız ekspert rəyinə isnadən sırf sayğac göstəricisi əsasında hesablanmış 5.125,64 manat məbləğində pulu guya artıq ödəmə kimi qiymətləndirərək cavabdehdən iddiaçının xeyrinə tutması qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini dəlillərini müdfaiə edərək göstərmişdir ki, iddiaçıya hər hansı əsassız borc hesablanmamışdır. Mübahisələndiriən məbləğ metodik hesablama ilə hesablanan və sayğac göstəricilərinə əsasən hesablanmış borclarıdır. Ekspert rəyi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, əsassız olaraq cavabdehdən 5125,64 manat məbləğində pulun tutulması qət olunmuşdur. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 146 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirən hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilməklə, həmin hissədə qətnamənin ləğv olunaraq iddianın rədd olunması xahiş olunmuşdur. Bu baxımdan, MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin şikayəti həddində baxılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində işin araşıdırlması zamanı müəyyən edilmişdir ki, - İddiaçı MMC sözügedən obyekti (karxana-karyeri) 09.12.2015-ci il tarixdə təhvil alarkən, onun 01.12.2015-ci il tarixinədək heç bir borcu olmamış, hətta tərəflərindən 1100 manat artıq ödəniş (avans) edilmişdir, lakin, 07.02.2019-cu il tarixli və 13.02.2019-cu il tarixli üzləşmə aktlarına əsasən 01.12.2015-ci il tarixə İddiaçı MMC-nin qalıq borcu 1637,66 manat göstərilmiş, müvafiq olaraq 07.02.2019-cu il tarixə qalıq borcu 2117,71 (1637,66+480,05=2117,71) manat və 13.02.2019-cu il tarixə qalıq borcu 4383,71 (1637,66+2746,05=4383,71) manat təşkil etmişdir. Halbuki “xxxx” ASC tərəfindən təqdim edilmiş hesab ödəniş vərəqələrindən görünür ki, İddiaçı MMC-nin 21.09.2105-ci il tarixə borcu olmamış, 09.02.2019-cu il tarixə İddiaçı MMC-nin qalıq borcu 4737,95 manat olmuş, həmçinin İddiaçı MMC-nin elektrik enerjisindən istifadə borcu haqqında məlumatda MMC-nin 09.02.2019-cu il tarixə qalıq borcu 2793,14 manat təşkil etmişdir. Daha sonra, məhkəmə iş üzrə təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, İddiaçı MMCnin 13.04.2019-cu il tarixinə (yəni 6400 manat vəsait ödənilənə qədər) xxxx ASC-yə olan borcu 1274,36 (42913,08-35509-6129,72=1274,36) manat təşkil etmiş və iddiaçı 13.04.2019-cu il tarixdə 6400 manat ödəniş etdiyi üçün həmin dövrdə xxxx ASC-yə borclu olduğu 1274,36 manat vəsait artıq ödənilən 6400 manatdan çıxılmalı və 5125,64 (6400- 1274,36) manat hissədə iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iddiaçının işə əlavə olunmuş “Abunə haqqında” hesab vərəqinə əsasən müəyyən olunur ki, onun tərəfindən elektrik enerjisindən istifadəyə görə mübahisələndirilən 6400 manat məbləğində ödəniş 13.04.2019-cu il tarixində olunmuşdur. “Abunə haqqında” hesab vərəqinə əsasən həmçinin, müəyyən olunur ki, 24.02.2016-cı il tarixindən başalayaraq, 6400 manat məbləğində ödəniş olunan 13.04.2019-cu il tarixinə qədər olan dövrdə elektrik enerjisindən istifadəyə görə iddiaçı tərəfindən cavabdehə cəmi, 36.508,69 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda, “Abunə haqqında” vərəqədən görünür ki, 30.09.2015-ci il tarixdən 11.04.2019-cu il tarixədək cavabdeh tərəfindən iddiaçıya hesablanmış borclar aşağıdakı kimi olmuşdur: -sayğac göstəricilərinə görə elektrik enerjisi sərfiyyatı cəmi 39088,48 manat; -metodik hesablama üzrə sərfiyyəat, cəmi - 3.562,56 manat; -sayğac quraşdırma haqqı (sayğac bədəli) - 418 manat. Beləliklə də 30.09.2015-ci il tarixindən 11.04.2019-cu il tarixinə kimi olan dövr üzrə iddiaçının cavabdehə ümumilikdə olan borcu 43.069,04 manat təşkil edir. Həmin ümumi borc məbləğindən də 11.04.2019-cu il tarixinə qədər ödənilən 36.508,69 manat məbləğində ödəniş çıxıldıqda, iddiaçının cavabdehə 6560.35 manat məbləğində borcu qalır. Göründüyü kimi, onun 11.04.2019-cu il tarixində cavabdehə ödədiyi 6400 manat ödəniş məbəlği həmin tarixə qədər yaranmış 6560.35 manat məbəlğində borcuna mütənasiblik təşkil edir (Hətta 160,35 manat məbləğində borcu ödənilməmiş qalır). “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndi isə nəzərdə tutur ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.14-ci bəndinin tələbindən isə görünür ki, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş materiallarından da görünür ki, iddiaçının adına 21.09.2015-ci il tarixindən **********2039 saylı “Abuna” kod hesabı açılmış və həmin aydan da etibarən, həmin abunə kodu 01.10.2014-cü il tarixində quraşdırılmış, daha sonra isə 28.04.2018-ci il tarixdən quraşdırılmış yeni sayğacın göstəricilərinə görə elektrik enerjisindən istfadəyə görə üzrə sərfiyyat hesablanmağa başlanmış və abonent tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Lakin iş üzrə təyin edilmiş ekspertiza üzrə verilmiş ekspert rəyindən görünür ki, iddiaçının 13.04.2019-cu il tarixinədək istehlak etdiyi enerjinin dəyəri, ödənişlərin miqdarı düzgün hesablanmamış, ekspert iddiaçı tərəfindən etiraz olunmamış və məhkəmə qaydasında mübahisələndirilməyən, qüvvədə olan metodik hesablamalar üzrə müəyyən olunan enerji sərfiyyatını da öz mülahizələrinə görə nəzərə almamış, iddiaçının, cəmi 1274,36 manat məbləğində iddiaçıya borcu olması barədə iş materiallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyaı ekspert rəyinin göstəriclilərini sübut əhmiyyətli məlumatlar kimi qəbul etmir. Əslində, istehlak olunan və metodik hesablama ilə hesablanmış enerjinin dəyərini adi riyazi üsulla da hesablanması mümkün olduğu halda, bunun üçün ekspertiza təyin olunmasına heç bir zərurəti də qalmır. Birinci instansiya məhkməsinin qətnaməsindən isə görünür ki, məhkəmə tərəfindən ekspert rəyində göstərilən məlumatlar işdə olan sübutlarla əlaqəli şəkildə təhlil olunmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, həmin rəy əsas götürlməklə iddia tələbi 5125,64 manat məbləğində hissəsində təmin olunmaqla, əsassız olan bir nəticəyə gəlinmişdir. Halbuki, MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də cavabdehin apellyasiya şikayətinin qətnamənin iddianın təmin edilən hissəsinin işin hallaına uyğun olmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-112/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5125,64 manat məbləğində pul “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-112/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən – “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5125,64 manat məbləğində pulun “xxxx” ASC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə İddiaçı MMC-nin iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-338/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-338/2021
29.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver