Məhkəmə qərarları › İş №2-2(103)-339/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-339/2023

28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-339/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-171/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3390892,57 manat və 2486 manat ödənilmiş dövlət rüsumu, cəmi 3393378,57 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh "xxxx" QSC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehdən 2.911.207,50 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-171/2023 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Cavabdeh MMC-yə geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 155.1-ci və 156.1ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış vəsaitin tutulması tələbi olduğu halda, qarşılıqlı iddia ərizəsində isə tələb kimi “vaqonların əvəzli istifadəsinə görə hesablanmış borcun tutulması” göstərilir. Məhkəmə hesab etmişdir ki, bu iki iddia tələbləri arasında qarşılıqlı əlaqə olmadığından, tələblərdən birinin təmin edilməsi digər tələbin təmin edilməsini aradan qaldırmadığından və qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməli, cavabdehə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsində təsbit olunmuşdur ki, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə (156.1.1); qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa (156.1.2); qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə (156.1.3). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, “Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz”. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan və Konstitusiya Məhkəməsinin Qərarındakı mövqedən aydın olur ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Hazırki işdə də əsaslar ayrı-ayrı hallardan irəli gəlsə də, həm ilk iddianın, həm də qarşılıqlı iddianın predmeti pul öhdəliyi ilə bağlıdır. Göründüyü kimi qarşılıqlı iddia ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslarla geri qaytarıla bilməz. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-171/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar