Məhkəmə qərarları › İş №2-2(103)-340/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-340/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-340/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxxxxxxxx" ASC-nin cavabdeh "Cavabdeh" MMC-nə qarşı “pul tələbi"nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı "xxxxxxxxxx" ASC cavabdeh "Cavabdeh" MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 3.114,49 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 3 144.40 manat pul vəsaitinin cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "xxxxxxxxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” ASC ilə "Cavabdeh” MMC arasında xx.xx.2015-ci il tarixdə sığorta haqqı 67 721,39 manat məbləğində müəyyən edilməklə CMED0037/15 saylı və xx.xx.2016-cı il tarixdə sığorta haqqı 61 296,03 manat məbləğində müəyyən edilməklə CMFED-0019/16 saylı könüllü tibbi sığorta müqavilələri bağlanaraq könüllü tibbi sığorta növü üzrə sığorta təminatı almışdır. "Cavabdeh" MMC-nin işçilərinin müraciətləri əsasında işçilər müxtəlif klinikaların xidmətlərindən istifadə etdiklərinə görə cəmiyyət tərəfindən CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi üzrə 3.114,49 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Həmin sığorta müqaviləsi təsdiq edilməsi üçün qarşı tərəfə göndərilsə də təsdiq edilməmişdir. Cəmiyyət öhdəlikdənkənar ödədiyi 3.114,49 manat pul vəsaitini "Cavabdeh" MMC-dən tələb etmək hüququna malikdir. Öhdəlikdən kənar ödənilmiş 3.114.49 (üç min bir yüz on dörd manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitinin Cəmiyyətə geri ödənilməsi ilə bağlı "Cavabdeh" MMC-nə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, AS-19/1668 saylı məktubla müraciət edilsə də, cavabdeh tərəfindən bu günədək Cəmiyyətə heç bir ödəniş edilməmişdir. İddiaçı MM-nin 439.4, 1091.1, 1092-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə tərəflər arasında münasibətlərin müqavilə münasibətlərindən irəli gəlməsinə əsasən iddiaçının müqavilədənkənar öhdəlik əsasında xidmət göstərməsinin cavabdehin yox, məhz özünün risk dairəsinə aid edilməli olduğu qeyd edilmişdir. “xxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında xx.xx.2015-ci il tarixdə sığorta haqqı 67721.39 manat məbləğində müəyyən edilməklə CMED-0037/15 saylı və xx.xx.2016-cı il tarixdə sığorta haqqı 61 296.03 manat məbləğində müəyyən edilməklə CMED-0019/16 saylı könüllü tibbi sığorta müqavilələri bağlanaraq könüllü tibbi sığorta növü üzrə sığorta təminatı almışdır. Cavabdeh MMC-nin hər bir əməkdaşı üçün şəkilli kart (həmin kartda sığorta təminatının müddəti, sığorta proqramlarının növü və s. məlumatlar qeyd olunur) hazırlanaraq Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin əməkdaşı X1 qeydiyyatı kitabına imza edərək 3 saylı əlavəni və sığortalılar üçün hazırlanmış 146 ədəd kart təhvil almışdır. İddiaçı tərəfindən CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi üzrə 3.114,49 manat məbləğində sığorta ödənişləri həyata keçirilməsi barədə işdə sübutlar olduğundan, eyni zamanda bu işdəki məhkəmə aktları ilə müəyyən edildiyindən məhkəmə iddia tələbini əsassız rədd etmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. İşə apellyasiya qaydasında sonuncu dəfə baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmış, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkiliVəkil apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, “xxxxxxxxxx” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməyə müraciət edərək 73.473,19 manat məbləğində sığorta haqqının və pul məbləğinin gecikdirildiyi müddət üçün qətnamə qəbul edilən tarixə hesablanmış müvafiq faizlərin (ədən çıxmış faydanın) cavabdehdən tutulub "xxxxxxxxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2-2(81)-450/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Həmin işə baxılarkən məhkəmə tərədindən müəyyən olunmuşdur ki, CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi iddiaçı tərəfindən təsdiq edilsə də, Cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir. Buna görə də CMED-0019/16 saylı tibbi sığorta müqaviləsi bağlanmamış müqavilə hesab edilərək həmin müqavilə üzrə iddiaçının cavabdehdən sığorta haqqı tələbi rədd edilmişdir. İddiaçı tərəflər arasında CMED-0019/16 saylı tibbi sığorta müqaviləsinin bağlanmaması faktının qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq edildiyini göstərərək həmin müqavilə üzrə iddiaçı tərəfindən həyata keçirilmiş 3.114,49 manat məbləğində sığorta ödənişlərini öhdəlikdən kənar və əsassız varlanma qaydasında əldə edilməsi əsası ilə cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddiaçının tələb etdiyi pul məbləğinin cavabdeh "Cavabdeh" MMC-yə qarşı əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İddiaçının iddianın hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən normaların tələblərinə əsasən öhdəlikdən kənar ödənilmiş pul vəsaiti onu əldə etmiş şəxsdən əsassız varlanması əsası ilə geri tələb edilə bilər. Hazırkı halda "xxxxxxxxxx" ASC tərəfindən Cavabdeh MMC-yə hər hansı vəsait ödənilmədiyindən Cavabdeh MMC əsassız varlanmış hesab edilmir. İddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, birtərəfli qaydada təsdiq edilmiş CMED-0019/16 saylı tibbi sığorta müqaviləsi üzrə sığorta ödənişləri Cavabdeh MMC-nin işçilərinə göstərilmiş tibbi xidmətlərə görə ayrı-ayrı klinikalara ödənilmişdir. Yəni, iddiaçı Cavabdeh MMC-nin işçilərinin özləri tərəfindən ödənilməli olan tibbi xidmətlərin dəyərini ödəmişdir. Belə olan halda iddiaçı tərəfindən sığorta müqaviləsi olmadığı halda Cavabdeh MMC-nin işçilərinin əldə etdiyi tibbi xidmətlərə görə ödənilmiş vəsaitə görə cavabdeh əsassız varlanmış hesab edilmir və hüquqi məsuliyyəti müəyyən olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxxxxxxxx" ASC-nin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxxxxxxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar