Məhkəmə qərarları › İş №2-2(103)-341/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-341/2020

05.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-341/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı Bahadur oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Bahadur oğlunın Cavabdeh ASC-yə qarşı “borcun silinməsi”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1298/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Bahadur oğlu Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsində yerləşən 1 saylı hamama görə hesablanmış 27.456,43 manat əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsində yerləşən 1 saylı hamamı işlətməklə fəaliyyət göstərir və vergi ödəyicisisidir. Onunla Cavabdeh ASC arasında 19304085 saylı suyun təchiz edilməsinə dair müqavilə imzalanmış və iddiaçıya “SMART” kart verilmişdir. Hər ay Cavabdeh ASCnin və Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşları su sayğaclarına baxış keçirmiş, plombun yerində olub olmadığını yoxlamışlar. Yoxlanılan müddət ərzində bir dəfə olsun belə su sayğacında plombun qırılması halı aşkar olunmamışdır. Lakin sonuncu dəfə, yəni may ayında su sayğacının istismar müddəti başa çatdığından onu yenisi ilə əvəzləşdirmək üçün Cavabdeh ASC-nin Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşları su sayğacını laboratoriyaya təqdim etmək üçün iddiaçıya vermiş və iddiaçı su sayğacını laboratoriyaya aparıb təqdim etmişdir. İddiaçıya bildirmişlər ki, yeni su sayğacı quraşdırılacaq. Yeni su sayğacı quraşdırılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Bu ilin avqust ayında iddiaçıya Cavabdeh ASC-nin Qaradağ rayon Sukanal İdarəsi tərəfindən hesab-faktura göndərilmiş və həmin hesab fakturada 27.456,43 (iyirmi yeddi min dörd yüz əlli altı manat qırx üç qəpik) manat borc vəsaitin olduğu qeyd edilmişdir. Borcun yaranma əsası kimi sayğaca müdaxilə göstərilmişdir. Su sayğacın plombu qırılmadığından onun daxilinə müdaxilə edilməsi də fiziki cəhətdən mümkün deyil. Qeyd olunanlara əsasən Cavabdeh ASC tərəfindən əsassız hesablanmış borcun silinməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1298/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1298/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdeh X6 əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə İddiaçı Bahadur oğluna məxsus qeyri-yaşayış sahəsinin Alfasu-50 markalı, 50130589 nömrəli sayğacına baxış keçirilərkən dövlət plombunun qırıldığı aşkar edilmişdir. Suölçən cihaza müdaxilə olub-olmamasının müəyyən edilməsi üçün sayğac Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olması barədə xx xxx 2019-cu il tarixli, 30589/0044472 saylı rəy tərtib edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014- cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Qaydaların 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Məhkəmənin iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Bahadur oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X7 və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001908 qeydiyyat nömrəli xx xxx 2004-cü il tarixli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lök-Batan qəsəbəsi, 28 May küçəsində yerləşən ümumi sahəsi 495,9 kv.mertr 1 saylı Hamam Bülbül prospekti, ev 10, mənzil 5 ünvanda yerləşən mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı Bahadur oğlunun xüsusi mülkiyyət hüququ ilə adına rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Bahadur oğlu fərdi sahibkardır, vergi uçotu orqanının adı Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 Departamenti, -VÖEN **********. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə f/ş İddiaçı Bahadur oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il taixli, 110520 saylı müqavilənin surətindən görünür ki, bu Müqavilə Müəssisənin su təchizatı sistemindən Abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X2”-nın 47076/0044555 saylı xx xxx 2019-cu il taixli rəyində Alfasu WS-50 markalı 50047076 nömrəli smart kart tipli su sayğacının ASC MXD MİS bazası üzrə abonent haqqında məlumat kartının göstəriciləri ilə sayğacın elektron hesablama mexanizm göstəricilərinin uyğunsuzluq təşkil etdiyi, sayğacın elektron hissəsinin laboratoriyadan kənar şəraitdə xüsusi proqram vasitəsilə format olunduğu, sayğacda müdaxilə aşkar olunduğu, sayğacın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsinin xx xxx 2009-cu il tarixli İnventarizasiya Aktına əsasən su xəttinə baxış keçirilərkən sayğac aşkar olunmamış Alfasu 50 markalı smart tipli sayğac quraşdırılaraq plomblanmış, sayğacın kartı abonentə təhvil verilimişdir. “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” 002401 saylı xx xxx 2019-cu il tarixli Aktın surətindən görünür ki, "Cavabdeh” ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsində yerləşən 1 saylı hamamda Alfasu-50 markalı 50047231 nömrəli sayğacı quraşdırılaraq istismara təhvil verilmişdir. 2019-cu ilin sentyabr ayına olan məlumatları əks etdirən “Abonent haqqında” məlumata əsasən cavabdeh iddiaçıya 2019-cu ilin avqust ayı daxil olmaqla iddiaçıya hər ay müxtəlif məbləğlərdə su sərfiyyatı və çirkab suya görə borc hesablanmışdır. Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X2”-nın 30589/0044472 saylı xx xxx 2019-cu il taixli rəyində WT-50 markalı 50130589 nömrəli smart kart tipli su sayğacın hesablama mexanizmində sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunduğu, təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. 13 Smart-Kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsinə dair xx xxx 2019-cu il tarixli Aktda qeyd olunmuşdur ki, xx xxx 2019-cu il tarixində sayğac normal işləmədiyi üçün "Cavabdeh” ASC-nin əməkdaşları tərəfindən sökülərək laboratoriyaya göndərilmiş, su xətti birbaşa birləşdirilmiş, xx xxx 2019-cu il tarixdə yeni su sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Bahadur oğluna təqdim edilmiş ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli hesab-fakturanın surətindən görünür ki, 2019-cu ilin avqust ayında su və kanalizasiya xidməti haqqı olaraq ümumilikdə 27.480,14 manat borc müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 2019-cu ilin sentyabr ayına olan məlumatları əks etdirən “Abonent haqqında” məlumata əsasən cavabdeh iddiaçıya 2019-cu ilin avqust ayı daxil olmaqla iddiaçıya hər ay müxtəlif məbləğlərdə su sərfiyyatı və çirkab suya görə borc hesablanmışdır. "Su təchizatı və tullantı suları haqqında" qanunun 68.4-cü maddəsinin d) bəndinə əsasən suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 6.15-ci bəndinə görə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Cavabdeh tərəfindən məhkəməyə sayğac çıxarılarkən sayğaca müdaxilə edildiyi və bu müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə iddiaçının öz laboratoriyasının rəyindən başqa məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İşin araşdırılan halları ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən obyektə baxış keçirilərkən sayğaca vizual baxış keçirilən zaman sayğacın üzərində hər hansı müdaxilənin aşkar edilməsi barədə akt tərtib edilməmiş, sadəcə sayğacın təmirə yararsız olması səbəbi ilə sayğac yenisi ilə dəyişdirilmişdir. Sonrakı mərhələdə sayğac laboratoriyaya təhvil verildikdən sonra cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Halbuki, Qaydaların tələblərinə əsasən, suölçən cihaza müdaxilənin istehlakçı tərəfindən olması sübut edilməli, yalnız bu zaman sərf edilmiş suyun həcmi Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanmalıdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən abonent haqqında məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddiaçıya məxsus obyektə yeni sayğac quraşdırıldıqdan sonra abonentin sərfiyyatının artması istiqamətində dəyişiklik baş verməmiş, əksinə orta aylıq sərfiyyat azalmışdır. Halbuki əgər müdaxilə nəticəsində əvvəlki sayğac su sərfiyyatını aşağı qeyd etmiş olsaydı yeni sayğac quraşdırıldıqdan sonra sərfiyyatda əhəmiyyətli dərəcədə artım olmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1298/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1298/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar