Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-341/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 xx.xx.2021-ci il tarixində apellyasiya şikayəti vermiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə apellyasiya şikayəti iş baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin MPM-in 363.1.3-cü maddəsinin tələbinə görə müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından (elektron məhkəmə-informasiya sisteminə daxil edilmiş sənədlərdən) görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli əsaslandırılmış qətnaməsi xx.xx.2020-ci il tarixində imzalanaraq elektron məhkəməinformasiya sistmində yerləşdirilmiş və elə həmin gün də, yəni, xx.xx.2020-ci il tarixində işdə iştirak edən şəxslərin, o cümlədən, iddiaçının adından nümayəndəsi Vəkil1 tərəfindən yarıdılmış elektron kabinetinə istiqamətlənməklə həmin kabinetdə yerləşdirilmişdir. Məhz, iş materiallarından da görünür ki, iddiaçının iddia ərizəsi nümayəndəsi Vəkil1 tərəfindən imzalanmış və onun tərəfindən də yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“ MPM”) 135.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 135.8-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinin imperativ tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in qeyd olunan 135.5-ci maddəsindən göründüyü kimi, bu Məcəllənin 135.8ci maddəsində nəzərdə tutulan qaydada göndərilən məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilənlər onu deməyə əsas verir ki, məhkəmənin qətnaməsi xx.xx.2020-ci il tarixindən iddiaçıya rəsmi qaydada verilmiş sayılır. Həmin günün sonrakı günündən başlayan, MPM-in 360-cı maddəsində nəzərdə tutulan bir aylıq şikayət vermə müddəti isə, növbəti ayın, yəni xx.xx.2021-ci il tarixində tamamlansa da, bayramlarla əlaqədar həmin gün qeyri-iş gününə təsadüf edir, belə olan halda MPM-in 129.2-ci maddəsinin tələbi baxımından apellyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2021-ci il tarixinə düşür. İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən isə apelyasiya şikayəti məhkəməyə elektron kabineti vasitəsilə xx.xx.2021-ci il tarixində, yəni, apellyasiya şikayəti vermə müddəti 20 gün ötürməklə verilmişdir. MPM-in 130.3-cü maddəsində nəzərdə tutulur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. Göründüyü kimi, prosessual müddətin keçdiyi və həmin müddətin bərpa olunmasına dair məhkəmə aktı mövcud olmadığı halda, apellyasiya icraatının mümkünlüyü istisna edilir. MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2030/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-341/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-341/2021
15.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver