Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-342/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Ersin Atillaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə banka 138168,35 ABŞ dolları əsas borc, 7324,34 ABŞ dolları faiz borcu, 5341,21 ABŞ dolları ikiqat faiz borcu, 47778,53 ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə olmaqla və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli kredit müqaviləsi üzrə banka 95865,22 ABŞ dolları əsas borc, 5443,84 ABŞ dolları faiz borcu, 3249,68 ABŞ dolları ikiqat faiz borcu, 36232,71 ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla, cəmi 339403,88 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada tutulması, xx.xx.2019-cu il tarixindən başlayaraq, iddia tələblərinin təminat predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması və əsas borc məbləğinə gündəlik 1 faiz məbləğində cərimə faizlərinin tutulması, tutmanın X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından və Ersin Atilladan müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-486/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə 138168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı ASCnin xeyrinə tutulması, cavabdehlər X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə 4777,85 (dörd min yeddi yüz yetmiş yeddi ABŞ dolları səksən beş sent) ABŞ dolları və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli kredit müqaviləsi üzrə 3623,27 (üç min altı yüz iyirmi üç ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları cərimə borcunun manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli girov və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi və əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi və iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilərək, həmin hissələrdə iddianın tam təmin olunması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ikiqat faiz borcunun tutulması tərəflər arasında bağlanılan xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli Kredit xətti müqavilələrinə xx.xx.2018-ci il tarixli Əlavə Sazişlərlə müəyyən olunmuşdur. Həmçinin məhkəməsi cərimə məbləğini tənasübsüz surətdə azaldarkən kreditorun pozulmuş əmlak mənafelərini nəzərə almamışdır. Bundan başqa, kredit müqavilələrinə görə faiz borcu kredit üzrə ödəmələrdə gecikmələrə görə yaranmışdır. Belə ki, cavabdehlər illik 7% faiz dərəcəsi ilə götürülmüş kredit məbləğini tam və kredit müqavilələrinə uyğun ödəməmişdir. Halbuki, həmin kredit müqavilələri üzrə götürmüş olduğu öhdəliyi tam həcmdə icra etməli idi. Həmçinin məhkəmə iddiaçının “hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbini əsassız olaraq təmin edilməmişdir. Belə ki, Mülki Məcəllənin 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Hətta məhkəmə qətnaməsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa bu halla bağlı istinad edilməsi əsaslandırılmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsi ümumiyyətlə məcburi icra tədbirləri çərçivəsində tələbin əmlaka yönəldilməsi ilə bağlı olub və iddiaçının tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2017-ci il tarixli, 020CRLN17000017 nömrəli Baş kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla ******* ABŞ dolları (AZN və ya Avro ekvivalenti) məbləğində kredit, kredit xətti, akkreditiv və qarantiya limiti ayrılmışdır. Baş kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ASC ilə Ersin Atilla arasında xx xxxx 2017-ci il tarixli, 002GRNT17000054 nömrəli zaminlik müqaviləsi bağlanmış müqaviləyə əsasən zamin Ersin Atilla borclu X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Baş kredit müqaviləsi çərçivəsində İddiaçı ASC ilə X4 X2 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli kredit xətti müqaviləsi üzrə illik 7% dərəcəsi ilə, 12 ay müddətinə, 145000 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit xətti müqaviləsi üzrə illik 7 % dərəcəsi ilə, 12 ay müddətinə, 145000 ABŞ dolları məbləğində kredit xətti limiti ayrılmışdır. xx.xx.2017-ci il tarixli 020CRLN17000021 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixdə 2 nömrəli əlavə saziş bağlanaraq saziş əsasında müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunması və qəbul edilməsi, müqaviləyə əsasən kreditorun borcalana açdığı kredit xətti üzrə 112194,85 ABŞ dolları məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə məbləği toplanaraq (kapitallaşdırılaraq) 113983,73 ABŞ dolları məbləğində kreditə çevrilməsi razılaşdırılmışdır. xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanaraq Saziş əsasında Müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunması və qəbul edilməsi, müqaviləyə əsasən kreditorun borcalana açdığı kredit xətti üzrə 145000 ABŞ dolları məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə məbləği toplanaraq (kapitallaşdırılaraq) 150305,35 ABŞ dolları məbləğində kreditə çevrilməsi razılaşdırılmışdır. Kredit müqavilələrinin təminatı olaraq, həmin tərəflər arasında xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 nömrəli sonrakı girov müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar bankın xeyrinə girovla yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə banka 138168,35 ABŞ dolları əsas borc, 7324,34 ABŞ dolları faiz borcu, 5341,21 ABŞ dolları ikiqat faiz borcu, 47778,53 ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə olmaqla və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli kredit müqaviləsi üzrə banka 95865,22 ABŞ dolları əsas borc, 5443,84 ABŞ dolları faiz borcu, 3249,68 ABŞ dolları ikiqat faiz borcu, 36232,71 ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla, cəmi 339 403,88 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi ikiqat faiz borcunun tutulması hissəsində iddianı rədd təmin etmiş, dəbbə pulunu isə tələb olunan məbləğin 10 %-i məbləğinə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə və bitmə tarixlərini, müqavilə üzrə aparılan ödənişlərin və iddianın qaldırıldığı tarixləri müqayisə edərək, həmçinin kredit borcunun ABŞ dolları ilə verildiyini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 47778,53 ABŞ dolları və 36232,71 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğlər kimi qiymətləndirilməli və həmin məbləğlər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 4777,85 ABŞ dolları və 3623,27 ABŞ dolları məbləğində deyil, əsas borcun 10%-i məbləğində, yəni 13800 ABŞ dolları və 9500 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, ikiqat faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə düzgündür. Belə ki, iddiaçı həmin tələbi tərəflər arasında bağlanmış kredit xətti müqavilələrinə xx.xx.2018-ci il tarixli Əlavə Sazişlərin 2.5-ci bəndinə istinad etməklə irəli sürmüşdür. Həmin bəndin tələblərinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1 faiz məbləğində cərimə hesablanır. Kollegiya qeyd edir ki, müqavilədə nəzərdə tutulan ikiqat faiz mahiyyət etibarı ilə dəbbə puludur. Çünki ikiqat faiz müqavilə üzrə əsas borca hesablanan illik 7 %-dən əlavə olaraq məhz əsas məbləğ gecikdirildiyi halda hesablanması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsində də təsbit olunmuşdur ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi qanunverici əsas borcun gecikdirilməsinə görə məhz dəbbə pulunun hesablanması imkanını nəzərdə tutmuşdur. Hazırki işdə də iddiaçı ikiqat faizdən əlavə cərimənin də tutulması tələbini irəli sürmüş və həmin tələb yuxarıda qeyd olunanlara əsasən qismən təmin edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, xx.xx.2019-cu il tarixindən başlayaraq, iddia tələblərinin təminat predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması və əsas borc məbləğinə gündəlik 1 faiz məbləğində cərimə faizlərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsinin tələblərinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddiaçı isə qətnamə icra olunacaq günədək borc məbləğinə hesablanmış faiz və cərimə məbləğinin tutulması barədə qeyri-dəqiq tələb irəli sürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Eyni zamanda kollegiya hesab edir ki, girov predmetlərinin açıq hərracdan satılmamışdan əvvəl İddiaçı ASC-nin sahibliyinə verilməsi barədə tələblərin rədd edilməsi nəticəsi də düzgündür. Belə ki, Mülki Məcəllənin 297-ci maddəsindən göründüyü kimi girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi zamanı onun girov saxlayanın sahibliyinə verilməsi deyil, satılması nəzərdə tutulmuşdur. Girov predmetinin satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması məsələsi isə qətnamənin icrası mərhələsinə aid məsələlərə aiddir. Belə ki, qətnamə ilə ilk olaraq cavabdehlərdən borcun tutulması qət edilmişdir. Ona görə də, qətnamə həmin hissədə tam icra olunana qədər icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün zəruri tədbirlər, o cümlədən həmin Qanunun 43.1-ci maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin keçirilməsi mübahisəsizdir. Əlavə olaraq kollegiya qeyd edir ki, göstərilən məsələ ilə bağlı girov saxlayanın hüququ Mülki Məcəllənin 298.3-cü maddəsində göstərilsə də, bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Ona görə də, iddia ərizəsində “qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” ilə bağlı ayrıca tələb irəli sürülməsi mahiyyət etibarı ilə qətnamənin icrası qaydasının müəyyən edilməsi anlamına gəlir. Yuxarıda qeyd olunanlara əsasən isə hazırki işdə bununla bağlı zərurət mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilsin və xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu 13800 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu 9500 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-342/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-342/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver